Məhkəmə qərarları › İş №2(103)-828/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-828/2022

26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-828/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh2 1470 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) pulun tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-838/2020) iddia təmin edilərək, Cavabdeh1 6555 (altı min beş yüz əlli beş) ABŞ dolları, Cavabdeh3 4170 (dörd min yüz yetmiş) ABŞ dolları, Cavabdeh2 1470 (min dörd yüz yetmiş) ABŞ dollar, Cavabdeh4 6245 (altı min iki yüz qırx beş) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq İddiaçı-yə ödənilməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev, iş № 2(103)-5035/2020 ) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 6555 (altı min beş yüz əlli beş) ABŞ dolları, Cavabdeh3 4170 (dörd min yüz yetmiş) ABŞ dolları, Cavabdeh4 6245 (altı min iki yüz qırx beş) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutulub İddiaçı-yə ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd olunmuş, qətnamə qalan hissədə - Cavabdeh2 1470 (min dörd yüz yetmiş) ABŞ dollar məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, İddiaçı-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov, iş № (2(102)-5171/20) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - iddianın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 aid hissədə və münasibətdə rədd olunması hissəsində ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-2928/21) apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, iddiaçıya ödənilməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər-A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov, Z.Əliyev, iş № 2(102)-4552/21) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin halları: İddia belə əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən şirkətdən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə aviabiletlər, eyni zamanda, xarici ölkələrə səfər etmək üçün vizaların alınması və gecələmək üçün otel otaqları sifariş verilmişdir. Şirkət sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerlərini vaxtında təqdim etmişdir. Şirkət cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, sonuncular bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İcra olunmuş sifarişlərə görə şirkət tərəfindən ödənilmiş pul vəsaitləri cavabdehlər tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq, şirkət həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər hansı çətinlik yaratmamışdır. Lakin cavabdehlər tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına və bununla da şirkətə maddi ziyan dəyməsinə səbəb olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi iddianı qəbul etməyərək, etiraz ərizəsi və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etmiş və izahatında bildirmişdir ki, iddia tələbləri əsassızdır və hər hansı faktla təsdiq olunmur. Belə ki, iddiaçı ilə cavabdehlər arasında sonradan haqqını ödəmək şərti ilə hər hansı nisyə aviabiletlər almaq, xarici ölkələrə səfər etmək üçün vizalar təşkil etmək və gecələmək üçün otellərdə yerlər kirayələmək barədə müqavilələr yoxdur. İddiaçı tərəfindən belə bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər şirkətin xidmətlərindən istifadə etmişlər, lakin qabaqcadan bütün sifarişlərin dəyəri tərəflərindən ödənilmişdir. Şirkətin guya cavabdehlərə nisyə xidmət göstərməsi və bu barədə aralarında müqavilə olması barədə dəlilləri əsassızdır. Cavabdehlər heç vaxt İddiaçı-dən aviabilet almamışlar, belə bir şirkət tanımamışlar, onlar yalnız Fərhad Tahirovu tanımışlar (onun soyadını da bilməmişlər, iddia ərizəsindən öyrənmişlər). Tərəflərindən iddiaçıya hər hansı zərər vurulmamış, göstərilən bütün xidmətlərin haqqı qabaqcadan ödənilmiş, ona görə də iddia tələbi əsassız və qanunsuzdur. Bundan başqa iddia ərizəsində qeyd olunan turist səfərləri 2019-cu ilin birinci yarısında təşkil edilmişdir. İddiaçı tələbində qeyd etdiyi halların baş verdiyini bilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada hər hansı tələb irəli sürməmiş və bununla da iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən İddiaçı-dən müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədilə aviabiletlər sifariş verilmişdir. Eyni zamanda, xarici ölkələrə səfər etmək üçün vizaların alınması və gecələmək üçün otel otaqları sifariş verilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerləri vaxtında təqdim etmişdir. Lakin, İddiaçı cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İcra olunmuş sifarişlərə görə İddiaçı tərəfindən ödənilmiş pul vəsaitləri cavabdehlər tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər hansısa çətinlik yaratmamışdır. Lakin, cavabdehlər tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlər tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi onların qanunla qorunan hüquqlarının pozulmasına və bununla da, maddi ziyanın dəyməsinə səbəb olur. Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi F.Tahirov apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Cavabdeh1 görə ödənilmiş 6555 ABŞ dollarının 390 ABŞ dolları və Cavabdeh3 görə ödənilmiş 4170 ABŞ dollarının 690 ABŞ dolları otel sifarişi ilə bağlıdır. Otel sifarişi ilə bağlı ödənişlər İddiaçı adından deyil, fiziki şəxs kimi onun adından aparılmışdır. Lakin qalan məbləğlər İddiaçı-nin adından ödənilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh4 şikayəti təmin edilməməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi onlara aid hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı-nin tələbi turist xidmətlərinin (aviabiletlərin alınması, otel kirayələmə və s.) göstərilməsinə görə Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh2 1470 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) pulun tutularaq İddiaçı-yə ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmuşdur. Hazırkı apellyasiya baxışının predmeti Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları və Cavabdeh4 6245 ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) pulun tutulması hissəsidir. Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 1470 ABŞ dolları pul tutulması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, sonradan qətnamə həmin hissədə kassasiya qaydasında mübahisələndirilməmiş və qətnamənin həmin hissəsi qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə mövqeyini əsaslandırarkən göstərmişdir ki, İddiaçı cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərlərinə düşən vəzifələri yerinə yetirməmiş, icra olunmuş sifarişlərə görə heç bir ödəniş həyata keçirməmişlər. Cavabdehlərin istinad etdiyi hallar isə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1, 324.6, 329.3, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 445.2-ci və s. maddələri, eləcə də Mülki Prosessual Məcəllənin 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Əvvəlki apellyasiya baxışları zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib iddia rədd olunsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq həmin qətnamələri ləğv etmiş və işi müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə sonuncu – 11.10.2021-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı işə yenidən baxmış məhkəmə kollegiyası MPM-nin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişini yerinə yetirməmiş və ya həmin hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Əvvəlki kassasiya icraatı üzrə qəbul edilmiş məhkəmə qərarında da qeyd edildiyi kimi işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdehlərdən ikisi verdikləri yazılı etirazda, habelə cavabdehlərdən üçünün də apellyasiya şikayətində iddiaçının xidmətlərindən istifadə etdiklərini, lakin qabaqcadan bütün sifarişlərin dəyərini ödədiklərini bildirmişlər. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-nin 106.3-cü maddəsinə əsasən iddiaçının tələbini əsaslandırdığı faktları cavabdehin yazılı etiraf etməsi iddiaçını bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan əgər iddiaçı cavabdehə göstərdiyi xidmətlərin dəyərinin ödənilməsini tələb edirsə və cavabdeh həmin xidmətlərin keyfiyyətinə irad bildirmədən ondan istifadə etdiyini yazılı etiraf edirsə, iddiaçı artıq həmin xidmətlərin göstərildiyini sübut etmək yükündən azad olur və MPM-nin 77.1-ci maddəsinə əsasən xidmətin dəyərinin ödənildiyini (etirazı) sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehlərin apellyasiya şikayəti həmçinin onunla əsaslandırılmışdır ki, onlar iddiaçı ilə deyil, Fərhad Tahirovla danışıqlar aparmış, ödənişləri ona ödəmişlər və hesab edirlər ki, sonuncu aldığı pulları cəmiyyətin hesabına keçirməyib və uzun müddətdən sonra direktoru olduğu cəmiyyətin adından pul tələbinə dair əsassız iddia qaldırıb. Qeyd olunmalıdır ki, baxılan iş üzrə Fərhad Tahirovun iddiaçı hüquqi şəxsin təsisçilərindən biri və qanuni təmsilçisi (direktoru) olduğu mübahisəsiz haldır. İddia ərizəsini də iddiaçının adından qanuni təmsilçi qismində həmin şəxs imzalamışdır. Mülki Məcəllənin 49-cu maddəsinə əsasən hüquqi şəxslər digər mülki dövriyyə iştirakçıları ilə hüquq münasibətlərinə öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə daxil olur, mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Bu zaman hüquqi şəxsin adından hüquq münasibətlərinə daxil olan təmsilçi öz vəzifələrinin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Eyni zamanda Mülki Məcəllənin 433-cü maddəsinə əsasən borclunun öz öhdəliyini qanunla icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödənilməsi öhdəliyin icrası sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Beləliklə, əgər hazırkı iş üzrə cavabdehlər göstərilmiş xidmətin dəyərini iddiaçıya deyil, onun direktoruna ödədiklərini, lakin sonuncunun həmin vəsaiti hüquqi şəxsə ödəmədiyini hesab edirlərsə, həqiqətən də ödənişin hüquqi şəxsin adından ixtiyarlı şəxs kimi çıxış etmiş şəxsə ödədiklərini sübut etməlidirlər. Qanuna əsasən belə ödəniş zamanı ödənişi qəbul edən şəxsdən sübutların tələb edilməməsinin riskini də ödəyən şəxs daşıyır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1lə bağlı 390 ABŞ dolları məbləğində otel xərci iddiaçı "xxxx" MMC tərəfindən deyil, fiziki şəxsin adından ödənilmişdir. Həmçinin Cavabdeh3 adına ödənilmiş 690 ABŞ dolları otel xərci də iddiaçı "xxxx" MMC deyil, fiziki şəxs tərəfindən ödənilmişdir. Bu hallar məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi F.Tahirov tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsaəsn tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göstərilənlərə əsasən tutulmuş məbləğdən sözügedən pul vəsaitləri çıxarılmaqla qətnamə dəyişdirilməlidir. Beləliklə, Cavabdeh3 tutulacaq məbləğ (4170 ABŞ dolları-690 ABŞ dolları) 3480 ABŞ dolları, Cavabdeh1 tutulacaq məbləğ (6555 ABŞ dolları-390 ABŞ dolları) 6165 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya şikayətləri üzrə mübahisələndirilən digər hissələrdə düzgün həll etmiş, qətnamə həmin hissələrdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin həmin hissələrdə ləğvi, yaxud dəyişdirilməsi üçün üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 6555 ABŞ dolları və Cavabdeh3 4170 ABŞ dolları məbləğində pulun məzənnə üzrə manatla tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 tutulacaq məbləğ 6165 (altı min yüz altmış beş) ABŞ dolları (6555 ABŞ dolları-390 ABŞ dolları) və Cavabdeh3 tutulacaq məbləğ 3480 (üç min dörd yüz səksən) ABŞ dolları (4170 ABŞ dolları-690 ABŞ dolları) ödəniş gününə olan məzənnəyə uyğun manatla müəyyən edilsin. Qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən qətnamənin surəti onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar