Məhkəmə qərarları › İş №2(103)-8280/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8280/2020

11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8280/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-3464/20 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı həmçinin ərizə verərək işə mahiyyəti üzrə baxılıb nəticə verilənədək iddianın təmini tədbiri kimi, Cavabdeh məxsus (şəhadətnamə № AB786338) Opel Vectra minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim T.Xəlilova, iş № 2(004)-3464/20) iddianı təmin etmə tədbirinə dair ərizə qismən təmin edilərək mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə rədd edilmişdir. Cavabdeh Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun yeganə yaşayış yeri olan və vərəsəliklə onun mülkiyyətinə keçmiş mənzilin üzərinə həbs qoymuşdur. Qəbul edilmiş qərardad gələcəkdə qətnamənin icrasına xidmət etmir, bu qərardad məhkəmənin fərziyyələri ilə qəbul edilmiş qərardır. Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsi Nümayəndə1 izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinin tətbiq edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, göstərilən mənzilin özgəninkiləşdirilməsi hazırda işə baxılması və sonrakı mərhələlərdə işin hallarının mürəkkəbləşməsinə səbəb ola bilər. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar