Məhkəmə qərarları › İş №2(103)-8283/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8283/2020

12.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8283/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması və əqdin etibarsız sayılması"tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Ali Mustafayev küçəsi, 3014-cü məhəllə, 22C ünvanında yerləşən ümumi sahəsi 511.6 kv m olan əmlak kompleksini Cavabdeh2 bağışlaması haqqında müqavilənin və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 35 000 (otuz beş min) ABŞ dolları borcun, 11 319 (on bir min üç yüz on doqquz) ABŞ dolları borcun vaxtında qaytarılmamasına görə faizlərin, 3000 (üç min manat) hüquqi yardıma görə, 5000 (beş min) manat mənəvi ziyana görə və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi qismən təmin edilərək Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllə, 22C ünvanında yerləşən ümumi sahəsi 511,6 kv.m olan əmlak kompleksi kimi müəssisənin və ümumi sahəsi 0,1511 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur Sonradan iddiaçı təkrarən ərizə ilə müraciət edərək, Cavabdeh2 həyat yoldaşı X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 1, 4 saylı mənzilin üzərinə həbs qoyulmasını, işə mahiyyəti üzrə baxılıb qurtaranadək həmin əmlakın özgəninkiləşdirilməsinin, ipotekaya qoyulmasının, yaxud başqa formada yüklü edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizədə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 1, 4 saylı mənzilin Cavabdeh2 arvadı X1 mülkiyyətində olması göstərilsə də, həmin əmlkaın tərəflərin birgə vəsaiti hesabına əldə edilməsi, X1 mülkiyyətinə vərəsəlik, bağışlama və ya digər əvəzsiz əqd hesabına keşməməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllə, 22C ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin və ümumi sahəsi, 0,1511 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması iddia tələbinin təmin edilməsi üçün kifayət edir. Həmin qərardaddan şikayət verən İddiaçı məhkəmənin qanunverciliyi düzgün tətbiq etmədiyini, məhkəmənin qərardadında qeyd olunan halın Daşınmaz Əmlakın Reyestr Xidmətinə sorğu vermək yolu ilə aydınlaşdırıla bilinəcəyini, Cavabdeh2la həyat yoldaşının sözügedən mənzildən birgə istifadə etmələrinin mənzilin onların birgə mülkiyyətində olduğuna dəlalət etdiyini irəli sürmüşdür. Şikayət məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh1 nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci, 158.1.2 və 158.1.3-cü maddələrinə görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya qeyd edir ki, əmlak üzərinə həbs qoyulması növündə iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilmədiyi kimi, mübahisənin maddi obyekti, üzərinə həbs qoyulması xahiş edilən mənzil də deyildir. İddianın predmeti müqavilənin etibarsız hesab olunması və pulun ödənilməsi tələbindən ibarətdir ki, həmin predmet üzrə qorunmalı olan obyektin üzərinə də artıq digər qərardadla həbs qoyulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddianın mümkün təmin edilməsi halında cavabdehlər arasında bağlanmış müqavilə etibarsız hesab ediləcək və Cavabdeh1 iddiaçıya pul ödəməli olacaqdır. Gələcəkdə cavabdehin ondan pul tutulmasına dair məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması halında isə iddianı təmin etmə tədbiri qismində deyil, məcburi icra tədbiri kimi onun, yaxud onun həyat yoldaşı ilə birgə mülkiyyətində olan əmlakı üzərinə həbs qoyulması mümkündür - bu cür tədbirin tətbiqi əsası da icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün, onun kreditoru həmin payın ayrılmasını tələb etməlidir (Mülki Məcəllənin 224.1-ci maddəsi). Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur və şikayətdə irəli sürülənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3366/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar