Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8287/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının mənzilinin zədələnməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2.400 manat, mənəvi zərərin əvəzi kimi 2.400 manat cavabehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, maddi zərərin əvəzi kimi 2.034 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, habelə ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən ekspertiza mərkəzinin nəfinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə daha ədalətli yeni qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, vurulan zərərin məbləği ekspert rəyində düzgün müəyyən edilməyib, ona görə də təkrar ekspertiza keçirilməklə iş üzrə ədalətli qərar qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur, qətnamə əsaslıdır, ona görə də dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər qonşudur, onların mənzilləri çoxmənzilli binada yanaşı yerləşir. Belə ki, iddiaçı Yasamal rayonu, Mətbuat pr., 539-cu məhəllə, ev № 18/7-də yerləşən 1 №-li mənzildə, cavabdeh isə 2 №-li mənzildə yaşayır. İddiaçının yaşadığı mənzilin onun özünə məxsus olduğunu təsdiq edən reyestr çıxarışı iş materiallarına əlavə edilib. Cavabdeh yaşadığı mənzildə təmir işləri apararkən iddiaçının mənzilini zədələyib: divar deşilib, suvaq tökülüb və s. Bu səbəbdən mübahisə yaranıb. Zərər vurulması faktı mübahisə doğurmur, mübahisə zərərin məbləği barədədir. Mülki Məcəllənin 1097.1-ci maddəsindən görünür ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə mübahisələrdə zərərin əvəzi ekspert rəyi ilə müəyyən oluna bilər, çünki xüsusi bilik tələb edən məsələdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş tikinti-texniki ekspertizanın xx.xx.2020ci il tarixli rəyi ilə müəyyən olunub ki, iddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2.034 manat təşkil edir. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, şübhə doğurmur. Ona görə də təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi maddi zərərin əvəzi kimi 2.034 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddianın rədd edilməsinə aid olan hissədə qətnamə mübahisələndirilməyib, ona görə də qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8287/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8287/2020
27.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver