Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-829/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İqbal Hümbətovun və Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “zəbt olunmuş qeyri-yaşayış sahəsinin qaytarılması, zərərin əvəzinin ödənilməsi və qanunsuz çıxarılmış sayğacın yerinə quraşdırılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı İqbal Hümbətov tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə qeyri-yaşayış sahəsi ilə bağlıdır. Həmin sahə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5 “v” ünvanında yerləşir, ümumi sahəsi 17,2 kv.m təşkil edir (bundan sonra – sahə). Sahə iddiaçının mülkiyyətindədir, onun mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınıb. Sahəyə faktiki olaraq cavabdeh sahiblik edib, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra - xx.xx.2020-ci il tarixdə cavabdeh sahəni iddiaçıya təhvil verib. Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub: 1) sahə cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin; 2) maddi zərərin əvəzi kimi 7.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin; 3) mənəvi zərərin əvəzi kimi 3.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin; 4) elektrik təchizatının bərpası üçün AMPY (5235A) tipli, A180844461M187428 nömrəli sayğac sahəyə quraşdırılsın. İddiaçı həmçinin göstərilən məhkəmə xərclərinin ödənilməsini tələb edib: 1) ekspertiza xidmətinə görə ödənilmiş 150 manat; 2) iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, sahə cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd olunsun. Qətnamədə həmçinin məhkəmə xərcinə dair məsələ həll olunub, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçının özünə aid edilib, 15 manatın isə cavabdehdən tutularaq iddiaçıya verilməsi qət olunub. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsaslı olduğunu, cavabeh isə apelyasiya şikayətinin əssasız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddianın təmin edilməsinə aid hissədə (sahənin boşaldılmasına aid hissədə) qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apelyasiya qaydasında yoxlanılmadı. Maddi və mənəvi zərərə aid hissədə, o cümlədən məhkəmə xərclərinə aid hissədə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul olunmalı, sayğaca aid hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Maddi zərərlə bağlı: İddiaçı maddi zərərin əvəzi kimi əldən çıxmış faydanın ödənilməsini tələb edir. Tələb ona əsaslanır ki, sahə cavabdehin sahibliyində olduğu müddətdə iddiaçı sahədən istifadə edə bilməyib. Bu tələbi birinci instansiya məhkəməsi ona görə rədd edib ki, sahə cavabdehdə olsa da sahədən istifadə edilməmiş, hər hansı gəlir əldə olunmamışdır. Bu, düzgün əsaslandırma deyil. Əldən çıxmış fayda hüquq pozan şəxsin (sahəyə qanunsuz sahiblik edənin) əmlakdan gəlir əldə edib-etməməsi ilə deyil, hüququ pozulan şəxsin əgər hüququ pozulmasayıdı (sahə onun sahibliyində olsayıdı) adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlə müəyyən olunur. Əldən çıxmış fayda kimi 6.400 manat tutulmalıdır. Belə ki, sahə 32 ay cavabdehin qanunsuz sahibliyində olub. Bu dövr xx.xx.2017-ci il tarixdən (iddiaçının sahə üzərində mülkiyyət hüququnun qeydə alındığı tarixdən) başlayır və xx.xx.2020-ci il tarixdə (iddianın dəyişdirilməsi barədə ərizədə göstərilən tarxdə) bitir. Bu tarixdən 1 ay sonra xx.xx.2020-ci il tarixdə sahə cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilib. Bunu apelyasiya şikayətində iddiaçının özü etiraf edib. Sahənin orta aylıq icarə haqqı 200 manat təşkil edir. Bu, qiymətləndirici tərəfindən iddiaçıya verilmiş arayışla müəyyən olunur (iş v. 86). Cavabdeh bu məlumatın həqiqiliyini təkzib edən heç bir sübut təqdim etməyib. Sahənin qanunsuz sahiblikdə olduğu müddəti (32 ayı) sahənin bir aylıq orta icarə haqqına (200 manata) vurduqda 6.400 manat əmələ gəlir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, əldə çıxmış fayda kimi 6.400 manat məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Mənəvi zərərlə bağlı: Cavabdehin sahəni 32 ay müddətində qaytarmaqdan boyun qaçırması iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən izahlara əsalanaraq hesab edir ki, mənəvi zərərin əvəzi ödnilməlidir. Mənəvi zərərin əvəzinin 500 manat müəyyən edilməsi ağlabatandır. Sayğacla bağlı: İddiaçı bu tələbi belə əsaslandırıb ki, sahə ona satılmamışdan əvvəl ora elektrik enerjisi ilə təchiz edilmiş və enerji sərfiyyatının ölçülməsi üçün AMPY (5235A) tipli, A180844461M187428 nömrəli sayğac quraşdırılmışdır. Lakin sayğac onun razılığı olmadan təxminən 2019-2020-ci illərdə naməlum şəxs (və ya şəxslər) tərəfindən olduğu yerdən çıxarılaraq cavabdehə verilmiş və 2020-ci ildə həmin sayğac başqa daşınmaz əmlakın elektrik təchizatının ölçülməsi üçün quraşdırılmışdır. AMPY (5235A) tipli, A180844461M187428 nömrəli sayğacın olduğu yerdən çıxarılmasına cavabdehin aidiyyətinin olduğunu və ya sayğacın cavabdehin sahibliyində olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməyib. Ona görə də həmin sayğacın əvvəlki yerinə quraşdırılması (yəni iddiaçının sahibliyinə qaytarılması) barədə tələb Mülki Məcəllənin 164.2-ci maddəsinin göstərişinə görə təmin edilə bilməz. Məhkəmə xərcləri ilə bağlı: İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat¸ apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat, qiymətləndirmə xidmətinə göröə ödənilmiş haqqın əvəzi kimi 150 manat, cəmi 195 manat Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinin göstərişinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində və məhkəmə xərclərinə aid hissədə ləğv edilsin. Zərərin əvəzinin ödənilməsi barədə tələb qismən təmin edilsin. Maddi zərərin əvəzi kimi 6.400 manat, mənəvi zərərin əvəzi kimi 500 manat, cəmi 6.900 (altı min doqquz yüz) manat Cavabdeh alınaraq iddiaçı X2 verilsin. Zərərin əvəzinin ödənilməsi barədə tələbin qalan hissəsi rədd olunsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat¸ apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat, qiymətləndirmə xidmətinə görə ödənilmiş haqqın əvəzi kimi 150 manat, cəmi 195 (yüz doxsan beş) manat Cavabdeh alınaraq iddiaçı X2 verilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-829/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-829/2021
19.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver