Məhkəmə qərarları › İş №2(103)-8295/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8295/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8295/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Alakhverdiyev Arazın iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-208/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Optima” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 2593 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi bağlı 30.40 manat dövlət rüsumu, cəmi 2623,40 manat cavabdehlər Cavabdeh1 (hadisə tarixində qanuni sahiblik edən-hərəkətsizliyi ilə zərər vuran), X3 (hadisə tarixində qanunsuz sahiblik edən- hərəkəti ilə zərər vuran), X10 (hadisə tarixində qanunsuz sahiblik edən- hərəkəti ilə zərərin vurulmasına şərait yaratmışdır) və Cavabdeh2 (hadisə tarixində qanunsuz sahiblik edən- hərəkəti ilə zəzərvuran) müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-208/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, sığorta ödənişi məbləğinin əvəzi olaraq 2593 (iki min beş yüz doxsan üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik pul Cavabdeh2 alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı və digər cavabdehlər qətnaməni mübahisləndirməmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, inzibati xəta ilə bağlı 800 manat miqdarında cəriməni ödəyib. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin “rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Allakhverdiyev apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, apellyator və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 013883 saylı sığorta aktının surətindən görünür ki, 15.12.2014-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı “Kia Optima” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə həyata keçiriləcək sığorta ödənişinin məbləği 19380 manat, azadolma məbləği 400 manat müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən texniki baxışdan keçirilmiş “Kia Optima” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı zərər 2993 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi dəymiş zərərdən sığorta müqaviləsində nəzərdə tutulmuş 400 manat məbləği çıxılmaqla 2593 manat təşkil edir ki, bu məbləğin də sığortalıya nağd yolu ilə ödənilməsi müəyyən edilmişdir. CYP seriyalı 878475 saylı inzibati xəta haqqında protokolun və inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh2 15.12.2014-cü il tarixdə saat 22:00-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ bəndini pozaraq Keşlə qəsəbəsi, Yenikənd küçəsi ilə hərəkət edərkən hərəkət sürətini nəzərə almamış, düzgün sürət seçməmiş yolun sağında dayanan “Kia Optima” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, o da zərbədən özündən qarşıda dayanan “Vaz-21063” markalı,**-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində bədən xəsarəti alan olmasa da avtomobillər əzilmişdir. Zərərin qiymətləndirilməsi barədə 26.01.2015-ci il tarixli hesabat aktından görünür ki, “Kia Optima” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2993 manat ziyan dəymişdir İddiaçı Sığorta Şirkətinin 210 saylı, 02.02.2015-ci il tarixli məxaric orderinin surətindən görünür ki, X5 013883 saylı akta əsasən 2593 manat sığorta haqqı ödənilmişdir. “Qaz-52” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, həmin nəqliyyat vasitəsinin sahibi X1r. Mülki işdə olan 14.02.2020-ci il tarixli P0822/20 saylı Pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-yə olan 2593 manat sığorta ödənişini 10 iş günü ərzində ödəməli olduğu İddiaçı Sığorta Şirkəti ASC tərəfindən bildirilmişdir. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında elektron arayışdan görünür ki, avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22.12.2014-cü il tarixli 3(007)-677/2014 saylı qərarın surətindən görünür ki, xx.xx.1979-cu ildə Ağdam şəhərində anadan olan, Ağdam şəhəri. ünvan 1 ünvanında qeydiyyatda olan və Bərdə rayonu, Alaçadırlı kəndində məskunlaşan Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 800 manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Mülki işdə olan 9/21-304 saylı, 09.01.2015 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayışdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində X2 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən **-VX-*** dövlət qeydiyyat nişanlı, “QAZ-5204” markalı avtomobillə X8 məxsus X9 tərəfindən idarə edilən “Kia Optima” markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinə əsasən iddia tələbinin Cavabdeh2 aid hissəsində yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.12.2014-cü il tarixli 3(007)- 677/2014 saylı qərarın surətindən görünür ki, xx.xx.1979-cu ildə Ağdam şəhərində anadan olan, Ağdam şəhəri. ünvan 1 ünvanında qeydiyyatda olan və Bərdə rayonu, Alaçadırlı kəndində məskunlaşan Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 800 manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Kollegiyanın araşdırmaları ilə müəyyən olundur ki, “Kia Optima” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil X8, “Qaz52” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili isə X2 məxsusdur, “Kia Optima” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil MİP-121283-B22 saylı müqavilə əsasında sığota olunmuşdur, 15.12.2014-cü il tarixdə Cavabdeh2 “Qaz-52” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xəta nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı X4 idarə etdiyi “Kia Optima” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş, “Kia Optima” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə iddiaçı tərəfindən 400 manat məbləğində azadolma məbləği çıxılmaqla 2593 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir, həmin vəsait cavabdeh tərəfindən geri ödənilməmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsinə əsasən, cavabdeh X6, ziyan vuran nəqliyyat vasitəsini idarə etməklə hüquqazidd əməli nəticəsində yol-nəqliyyat hadisəsi törətməklə sığortaolunan avtomobilə ziyan vurduğundan dəymiş zərər də ondan tutulmalıdır. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -səkkiz yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə təmin edərək düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı Cavabdeh2 münasibətdə təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-208/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar