Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8296/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən yüngül konstruksiyalı köşkün yerinin dəyişdirilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-2830/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya qaydasında şikayət verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin onun yaşadığı binada qeydiyyatı yoxdur. O, həmin ünvanda erməni X1 ilə yaşayır. Cavabdeh binanın qarşısında bir köşk qoyaraq avtomobillərə gözətçillik edir. Cavabdeh həyətdə söyüş söyür, uşaqlara oynamağa şərait yaratmır. O, birinci mərtəbədə yaşayır və pəncərəni aça bilmir, cünki cavabdehin səsi aləmi götürür. Cavabdeh həmin köşkə qanunsuz işıq da çəkdirib. Cavabdehin 80 yaşı var, dəfələrlə məhkum olunub. Cavabdehin qanunsuz hərəkətləri haqqında dəfələrlə Vergilər İdarəsinə, Xətai rayon İcra Hakimiyyətinə, polisə müraciət etsə də, indiyə kimi heç kim tədbir görülməyib. Cavabdeh iddianı qəbul etməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, 19 aprel 2021-ci ildə hakim qanunsuz yüngül konstruksiyalı köşkə yerində baxış keçirmək üçün binanın həyətinə gəlmişdir. Hakimin gözü önündə cavabdeh onu və mərhum anasını təhqir etmişdir. O, bunların hamısını videoya çəkmişdir. Hakim isə buna sadəcə baxmış, hətta ona kameranı söndürməsi üçün irad bildirmişdir. 22 aprel 2021-ci il saat 16:00-a proses təyin edilmişdir. Cavabdeh prosesə gəlməmişdir. Hakim yüngül konstruksiyalı köşkün sökülməsinə imtina qərarı qəbul etmişdir. 25 may 2021-ci il tarixdə hazırkı qətnaməni almış, yalnız onda oxumuşdur ki, köşk üçüncü blokun deyil, dördüncü blokun yaxınlığında yerləşir və bu da o demək olar ki, ona münasibətdə heç bir aidiyyəti yoxdur. Cavabdeh məhlədə duraraq onunla dalaşır, köşklə onun eyvanının arasında isə 42 addım var. Bunun necə ona aidiyyəti olmaya bilər? Cavabdeh mənzildə milliyyətcə erməni Tavenosyan İrina ilə birlikdə yaşayır və bu iddiadan sonra həmin erməni əsilli qadın Rusiyadan öz oğlunu çağırmış və onlar mənzili satmaq qərarına gəlmişlər. Bundan əlavə ona protokolla tanış olmağa imkan verməmişlər, o isə məhkəmənin qərarından dərhal sonra ərizə ilə müraciət etmişdir ki, məhkəmə iclas protokolu ilə tanış olsun. O, qanunsuz konstruksiyanın yerdəyişməsi ilə bağlı iddia qaldırmışdır, bunun ona aidiyyəti olub-olmamasının əhəmiyyəti yoxdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən yüngül konstruksiyalı gözətçi kabinəsinin (köşkün) yerinin dəyişdirilməsi barədədir. İddiaçı hesab edir ki, həmin kabinənin (köşkün) mövcudluğu onun hüquqlarını pozur. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qeyd etmişdir ki, iddiaçı hüququnun pozulmasını cavabdehin istifadə etdiyi gözətçi kabinəsinin onun yaşadığı evin yaxınlığında olması ilə əsaslandırsa da, həmin gözətçi kabinəsinin iddiaçının evinin yaxınlığında yerləşməsinin onun hər hansı hüququnun pozulmasına səbəb olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Habelə, məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən gözətçi kabinəsi ünvan 1 ünvanında yerləşən binanın qarşı tərəfində, binadan təxminən 30 metr aralıda yerləşir və binanın həyətində dayanmış avtomobillərin qorunması məqsədilə cavabdeh tərəfindən istifadə edilir. Gözətçi kabinəsi iddiaçının yaşadığı mənzildən təxminən 35-40 metr aralıda yerləşir və iddiaçının mənzilinə, habelə binanın iddiaçının mənzili yerləşən girişinin giriş-çıxışına heç bir maneəsi yoxdur. İşin şərh edilən hallarından da göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən və iddia ərizəsində göstərilən əsaslarla iddiaçının hər hansı hüququnun pozulması iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə iddia tələbinin əsası kimi istinad olunan hallar eyni məzmunludur və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətinin dövlət rüsumunun qaytarılması ilə bağlı hissəsinə gəldikdə isə məhkəmə kollegiyası iddia tələbinin rədd olunduğunu nəzərə alaraq şikayəti həmin hissədə də əsaslı saymır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri barədə rayon icra hakimiyyətinə, polis idarəsinə müraciət etdiyini göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8296/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8296/2021
27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver