Məhkəmə qərarları › İş №2(103)-83/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-83/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-83/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X15 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, tərcüməçi X14, İddiaçı nümayəndəsi Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı direktor müavini X17, İddiaçı mühasibi X10, həmin sexdə işləyən dərzi X8 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə müvəkkili, polis kapitanı X13 tərəfindən tərtib edilmiş 29 oktyabr 2019-cu il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh təqsiri üzündən İddiaçınə məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu müəyyən edilmişdir.

2. 01 noyabr 2019-cu il tarixli alınan sifariş qəbzinin məzmunundan görünür ki, İddiaçı tərəfindən Rayure Verticale 40 metr - 3.400 (üç min dörd yüz) manat; Bringhton-280 decor (5170-247) 32 metr - 2.496 (iki min dörd yüz doxsan altı) manat; Bellagio Verte 23 metr - 1.955 (bir min doqquz yüz əlli beş) manat; Silk Shantung 21 metr - 4.410 (dörd min dörd yüz on) manat olmaqla, cəmi 12.261 (on iki min iki yüz altmış bir) manat məbləğində hazırlanaraq satılacaq pərdələrdən gəlir əldə edilməsi nəzərdə tutulmuşdur.

3. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən və məzmunundan görünür ki, 08 noyabr 2019- cu il tarixli poçt qəbzi ilə göndərilmiş müvafiq məktubla “Casamia"' Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş maddi ziyanın 3 (üç) gün müddətində ödənilməsi və bir daha bu cür halların baş verməsinin qarşısının alınması xahiş edilmiş, əks təqdirdə, Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı barədə xəbərdarlıq edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 yanvar 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, ünvan 2, 49 nömrəli mənzil Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 380 nömrəli, 05 may 2020-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli aktın məlumatlarına əsasən, ünvan 1 ünvanda yerləşən İddiaçı pərdə sexinə suyun üst mərtəbədə yerləşən 49 nömrəli mənzildən sızması, suyun sızmasının isə 49 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi müəyyən edilmiş, su sızma nəticəsində, ünvan 1 ünvanda yerləşən İddiaçı pərdə sexində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətinə uyğun olaraq 3.027 (üç min iyirmi yeddi) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evin 1-ci mərtəbəsində ümumi sahəsi 41,3 kv.metr olan qeyriyaşayış sahəsi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1817 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. X17-icarəyə verən ilə İddiaçı-icarəçi arasında bağlanmış 22 iyul 2019-cu il tarixli qeydi-yaşayış sahəsinin icarə müqaviləsinin surətindən və məzmunundan görünür ki, icarəyə verən icarə predmeti olan ünvan 2 ünvanında yerləşən evin 1-ci mərtəbəsində ümumi sahəsi 41,3 kv.metr olan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair öhdəlik götürürlər (1.1-ci bənd). İcarənin müddəti 22 iyul 2019-cu il tarixdən 22 may 2020-ci il tarixədək, 11 (on bir) ay müddətinə müəyyən olunur (1.8-ci bənd). İcarə haqqı hər bir təqvim ayı üçün 500 (beş yüz) manat məbləğində müəyyən edilir (2.1-ci bənd).

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı əmlakına vurduğu 21.861 (iyirmi bir min səkkiz yüz altmış bir) manat məbləğində maddi zərərin, 5.000 (beş min) manat məbləğində mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 26.891 (iyirmi altı min səkkiz yüz doxsan bir) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə və Cavabdeh mənzilindən İddiaçınə məxsus olan pərdə sexinə su axımının qarşısının alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh faktiki olaraq yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilindən bir mərtəbə aşağıda olan İddiaçınə məxsus pərdə sexinə uzun müddət su axmış, nəticədə pərdə sexinin təmirinə, orada olan pərdə stoluna, həmçinin müştərilərin sifarişi ilə hazırlanan pərdələrə ciddi zərər dəymişdir. Göründüyü kimi, Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində İddiaçınə məxsus sexdə olan əmlak, vətəndaşların sifarişi ilə tikilən pərdələrin, İtaliya Respublikasından gələn parçaların yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Cavabdeh təqsiri üzündən İddiaçınə məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu müəyyən edilmişdir. Bu barədə İddiaçı direktor müavini X12, İddiaçı mühasibi X6, həmin sexdə işləyən dərzi X9 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə müvəkkili, polis kapitanı X11 iştirakı ilə pərdə sexinə baxış keçirilmiş və 29 oktyabr 2019-cu il tarixdə akt tərtib edilmişdir. Eyni zamanda, pərdə sexinə baxış keçirilən zaman tərtib edilmiş aktdan əlavə olaraq pərdə sexinin mövcud vəziyyətini əks etdirən fotoşəkillər və video görüntülər çəkilmişdir. Belə ki, İddiaçınə məxsus olan pərdə sexinə Cavabdeh mənzilindən su axması nəticəsində, sexdə yararsız vəziyyətə düşən əmlakların siyahısı təqdim edilir: Rayure Verticale 40 metr - 3.400 (üç min dörd yüz) manat, Bringhton-280 decor (5170-247) 32 metr - 2.496 (iki min dörd yüz doxsan altı) manat, Bellagio Verte 23 metr - 1.955 (bir min doqquz yüz əlli beş) manat, Silk Shantung 21 metr - 4.410 (dörd min dörd yüz on) manat; Bringhton-280 decor (5170-249) 80 metr - 6.800 (altı min səkkiz yüz) manat, parçaların kəsilməsi və tikilməsi üçün masa 1 ədəd - 300 (üç yüz) manat, təmirə dəymiş ümumi zərər - 2.500 (iki min beş yüz) manat. İddiaçı Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılmasına çalışsa da, bu mümkün olmamışdır. Həmçinin, İddiaçı tərəfindən poçt vasitəsilə Cavabdeh ünvanı xəbərdarlıq göndərilmiş və iddiaçı “Casamia"' Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş maddi ziyanın 3 (üç) gün müddətində ödənilməsi və bir daha bu cür halların baş verməsinin qarşısının alınması xahiş edilmişdir. Əks təqdirdə, ona qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları barədə xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh bu xəbərdarlığa da əhəmiyyət verməyərək, hadisəyə laqeyd yanaşaraq, dəymiş ziyanın aradan qaldırılmasına heç bir səy göstərməmişdir. Cavabdeh bu qanunsuz və saymazyana hərəkəti nəticəsində vətəndaşlar tərəfindən verilmiş sifarişlərin məhv olmasına və nəticədə İddiaçı işgüzar nüfuzuna zərər dəyməsinə səbəb olmuşdur. Ona görə də İddiaçı hesab edir ki, Cavabdeh 21.861 (iyirmi bir min səkkiz yüz altmış bir) manat məbləğində maddi və 5.000 (beş min) manat məbləğində mənəvi ziyan tutularaq İddiaçınə ödənilməlidir. Eyni zamanda, Cavabdeh İddiaçınə vurduğu maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsinin hazırlanması (tərtib edilməsi), sənədlərin toplanması və sair hərəkətlərin həyata keçirilməsi üçün Vəkil1ilə 200 (iki yüz) manat məbləğində müqavilə bağlanmış, iddia tələbinin məhkəmədə qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

10. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh İddiaçı əmlakına vurduğu 18.288 (on səkkiz min iki yüz səksən səkkiz) manat məbləğində maddi zərərin, 5.000 (beş min) manat məbləğində mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat da daxil olmaqla, cəmi 23.318 (iyirmi üç min üç yüz on səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsinə, Cavabdeh mənzilindən İddiaçınə məxsus olan pərdə sexinə su axımının qarşısının alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddia tələbinə dəqiqləşdirmə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində təmirə dəymiş ümumi zərər kimi 2.500 (iki min beş yüz) manat tələb etmişdir. Hazırkı ekspert rəyinə əsasən İddiaçı təmir xərci kimi 3.027 (üç min iyirmi yeddi) manat məbləğində pul vəsaiti tələb etməkdə haqlıdır. Bundan əlavə, 1 noyabr 2019-cu il tarixli alınan sifariş qəbzinə əsasən İddiaçı tərəfindən hazırlanaraq satılacaq pərdələrdən aşağıdakı məbləğlərdə gəlir əldə ediləcəkdir: Rayure Verticale 40 metr - 3.400 (üç min dörd yüz) manat; Bringhton - 280 decor (5170-247) 32 metr - 2.496 (iki min dörd yüz doxsan altı) manat; Bellagio Verte 23 metr - 1.955 (bir min doqquz yüz əlli beş) manat; Silk Shantung 21 metr - 4.410 (dörd min dörd yüz on) manat. Lakin su sızması nəticəsində parçalara zərər dəymiş, İddiaçı bu səbəbdən satışını həyata keçirdə bilməmişdir və bununla da real qazancını əldə edə bilməmişdir. Həmçinin, su sızması nəticəsində parçaların kəsilməsi və tikilməsi üçün 1 ədəd 3.000 (üç min) manat dəyərində olan masa yararsız hala düşmüşdür.

12. Birinci instansiya baxışı dövründə əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 380 nömrəli, 5 may 2020-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli aktın məlumatlarına əsasən, ünvan 1 ünvanda yerləşən İddiaçı pərdə sexinə suyun üst mərtəbədə yerləşən 49 nömrəli mənzildən sızması, suyun sızmasının isə 49 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi müəyyən edilmiş, su sızma nəticəsində, ünvan 1 ünvanda yerləşən İddiaçı pərdə sexində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətinə uyğun olaraq 3.027 (üç min iyirmi yeddi) manat müəyyən edilmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3.027 (üç min iyirmi yeddi) manat və yararsız vəziyyətə düşən əmlakların dəyərinin əvəzi kimi 12.261 (on iki min iki yüz altmış bir) manat olmaqla, cəmi 15.288 (on beş min iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub İddiaçınə ödənilməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəaların dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia qismən, yəni İddiaçı icarə əsasında fəaliyyət göstərdiyi ünvanda cavabdeh şəxsin təqsiri nəticəsində iddiaçıya yetirilmiş zərər olaraq 1 noyabr 2019-cu il tarixli alınan sifariş qəbzi əsas götürülməli və ümumilikdə 12.261 (on iki min iki yüz altmış bir) manat məbləğində hazırlanaraq satılacaq pərdələrdən gəlir əldə edilməsi nəzərdə tutulduğundan, lakin cavabdehin mülki hüquq pozuntusu nəticəsində həmin gəlir əldə edilmədiyindən qeyd edilən məbləğdə vəsait, yəni 12.261 (on iki min iki yüz altmış bir) manat məbləğində olan hissədə təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddiaçı şəxsin maddi zərər olaraq tələb etdiyi digər vəsait ilə bağlı əsaslı sübut məhkəməyə təqdim edilmədiyindən, maddi zərərlə bağlı qalan hissə təmin edilməməlidir.

15. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh təqsirli hərəkətlərinin təsirindən onun mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 226.1, 226.2, 1096, 1097.1, 1111.2, 1115-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı 11 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 1111-ci maddəsi ilə əsaslandırarkən nəzərə almalı idi ki, maddənin ruhu özü özlüyündə təqsirkarı müəyyən etməli və vurulmuş ziyan ona yönəldilməli idi. Məhkəmənin istinad etdiyi maddələr özü özlüyündə qətnamənin ləğv edilməsi üçün yetərli olmuşdur. Belə ki, hazırkı iddianın qaldırılmasına və dəymiş ziyanın yönəldilməsi qnuna müvafiq olaraq hərəkəti törədən şəxs yəni suyun axımına səbəb olan mənzilin mülkiyyətçisinə yönəldilməli idi. O, bu barədə məlumat aldığında binanın 3-cü mərtəbəsində yaşayan yaşlı qadın hərəkətə görə üzr istədiyini lazım olduğu təqdirdə dəymiş ziyanın bir hissəsinin hissə-hissə ödəyə biləcəyini desə də o, ehtiyac olmadığını bildirib. O, həmin mənzildə yaşamadığı üçün hadisənin fəsadları indiyə qədər aradan qaldırmamışdır. Yəni mənzilin tavanını təmir etdirməmişdir. İş materialları tam şəkildə araşdırılmamışdır məhkəmə cavabdehin məhkəmə prosessində iştirak etməməsi göndərilmiş məhkəmə bildirişlərinin alınmaması, cavabdehin həmin ünvanda yaşamadığının bariz nümunəsindir. Belə olan halda Məhkəmə Ekpertiza Mərkəzinin eksperti hansı sübutlarla sızdırılmış suyun cavabdehə məxsus mənzildən olmasını deyə bilərdi. Həmin dönəmdə cavabdeh həmin mənzildə yaşamamışdır. Məhkəməyə verilməyi barədə ümumiyyətlə heç bir məlumatı olmamışdır. Lakin bildirmişdir ki, sonradan evə gəldiyi zaman yuxarı qonşunun hərəkət və ya hərəkətsizliyi nəticəsində onun mülkiyyətində olan mənzilə su sızdırılmış və oradan da iddiaçının obyektinə keçmişdir. Lakin bu faktlar məhkəmə tərəfindən araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildimişdir ki, elektron kabinet vasitəsilə daxil edilmiş sənədlər suyun sızdığı dövrdə onların həmin mənzillə bağlı su sərfiyyatı olmamışdır. Arayışlar həmin halları sübut etmək üçün idi. Həmin sənədlərə nəzər yetirdikdə açıq-aydın görünür ki, 2015-ci ildən 31 yanvar 2022-ci il tarixinə qədər olan dövrdə hüquqlarını müdafiə etdiyi şəxsə məxsus mənzilə dair su sərfiyyatı yoxdur. Bütün toplanmış sübutları nəzərə alınsa açıq-aydın görsənir ki, onlar həmin evdə yaşamamışdır. Bundan başqa birinci instansiya məhkəməsində keçirilmiş ekspert rəyində görsənir ki, ekspert rəyi ehtimallar üzərində yazılmışdır. Suyun haradan gəlmə mexanizmi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilə bilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil3 qeyd etmişdir ki, cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Qarşı tərəf iddia edir ki, həmin dövrdə ünvanda yaşamamışlar və bunu da "xxxx" ASC-dən əldə edilmiş saldo ilə sübut edir. Həmin sənəd mötəbər hesab edilə bilməz. Hələ qarşı tərəfin sayğacının hansı tərəfdə yerləşdiyi müəyyən edilməmişdir. Bundan başqa həmin sayğac yoxlanılmalı idi ki, həqiqətən sağlamdırmı. O, iddiaçının işçisi ilə həmin üçüncü mərtəbədə yerləşən mənzilə baxış keçirən zaman həmin mənzilin sahibinin qızı bildirmişdir ki, ikinci mərtəbəki həmin evdə davamlı yaşamır, lakin gəlib evə nəzarət edir, hətta 2-3 gün həmin evdə yaşayır. Şəkillərdəki boyanın qaysaqlanması ilə bağlı bildirmişdir ki, emulsiyanın boyadan fərqi onun yağlı olmasıdır. Nəmişlik olanda və hava isti olanda bir yay fəsli bəs edir ki, 3-4 aya buxarlanma gedəcək və aşılanma baş verəcəkdir, bu suyun gur şəkildə axması ilə bağlı deyildir. "xxxx" ASC tərəfindən verilmiş arayış sübut kimi qəbul oluna bilməz. Bundan başqa istənilən halda mənzilin baxımsızlığı nəticəsində onlara ziyan dəymişdir. Qarşı tərəf istənilən halda nəzarət edərək suyun onlara ziyan vurmasının qarşısını almalı idi. Bundan başqa aktı polis kapitanının, sahə müvəkkilinin iştirakı ilə olmuşdur, o dövlət işçisidir, məsuliyyət daşıyır. Hesab edir ki, iddia əsaslıdır. Formal əsaslarla qətnamənin ləğv olunması qanunda nəzərdə tutulmamışdır.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 bildirmişdir ki, hadisə 2019-cu ildə olmuşdur, onlarda isə sızma problemi, balaca nəmlik 2021-ci ildə olmuşdur. Düşüb gediblər baxmağa, orda nəmlik var idi. 2022-ci il də ekspert evə baxış keçirməmişdir, 2024-cü ildə də baxış keçirməmişdir Evə ümumiyyətlə heç kim gəlməmişdir. Ola bilsin ki, eskpert gəlib o, evdə olmayanda, qızı ilə danışıb. Onlar hətta gediblər aşağıya baxmağa, nəmlik (sızma) çox az idi, damcı qədər. Deyir ki, bunlara görə nə qədər xərcləri çıxdı. 2019-cu ildə heçnə eşitməmişdir, heçnə olmamışdır. O, həmin şəxsi heç üzdən qonşu kimi çox tanımır.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

26. Mübahisə predmetinin bölünməzliyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28.1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 29.1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 30.1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəməzərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

31.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesabolunurlar. 33.54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiayacavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 34.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda hazırki apelyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 38.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 39.Hazırki mübahisənin ibarət olduğu faktiki hallardan göründüyü kimi, tərəflər arasında hər hansı formada müqavilə münasibətləri yaranmamış, iddiaçıya ziyan vurulmuşdur və o da ona vurulmuş zərərin ödənilməsini tələb edir.

40. Belə ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə suyun axıdılması nəticəsində zərərə uğraması işin mübahisəsiz halıdır. Mübahisə iddiaçıya məxsus mənzilə suyun axıdılması nəticəsində dəymiş zərərin kimdən tutulmalı olması ilə bağlıdır. 41.Mübahisəyə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək maddi hüquq norması kimi Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə istinad olunmuş, suyun axıdılmasına görə məsuliyyəti, barəsində 29 oktyabr 2019-cu il tarixli akt tərtib edilmiş, üst mərtəbədə yaşayan cavabdehin daşıdığı qənaətinə gəlinmişdir. 42.Məhkəmə kollegiyası hesab edir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi, cavabdehin məhkəmə araşdırmasında iştirakını lazımi formada təmin etməmiş, bununla da həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, mübahisənin Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən düzgün həlli üçün işin bütün faktiki hallarını, istinad etdiyi qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmamasını yoxlamamışdır. 43.Bununla əlaqədar da ilk öncə qeyd edilməlidir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 44.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 45.Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq (1108, 1101, 1128 və s.) maddi məsuliyyət (təqsirsiz məsuliyyət) daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsi də təqsirsiz olaraq mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü barədə bəhs edir. Belə ki, bu məsuliyyət şəxsin nəzarəti altında olan otağı lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə saxlamamasından irəli gəlir. Məqsəd - otağı tutan şəxsi, ehtiyatlı davranmadığı təqdirdə yaranmış zərərləri aradan qaldırmağa, yaxud da yarana biləcək arzuolunmaz nəticələr üzrə önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri qorumaqdır. Beləliklə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Məsuliyyətdən azad olunmaq üçün isə otağı tutan şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etməlidir. 47.Apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin - 3-16-16/2-10/8035 nömrəli, 26 aprel 2024cü il tarixli rəyində, 49 saylı mənzilin su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq və su sızma hallarının, həmin mənzilin də dəhlizinin və sanitariya qovşağının konstruktiv elementləri üzərində su sızma əlamətlərinin olduğu, mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu nəzərə alınmış, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə su sızmasının texniki səbəbinin və bunun 49 nömrəli mənzilindən baş verib-verməməsinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. 48.Məhkəmə araşdırmasını daha dolğun aparmaq məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 55 nömrəli mənzil sakini - X3 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmişdir. 49.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/5235 nömrəli, 20 dekabr 2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, mənzillərdə su və kanalizasiya xətləri təmir edildiyindən İddiaçı istifadəsində olan qeyriyaşayış sahəsinə, o cümlədən 49 saylı mənzilə axıdılmış susızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır; Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 49 nömrəli mənzildə də susızma əlamətləri olduğundan, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 49 nömrəli mənzilə su sızması (axıdılması) Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 55 nömrəli mənzilindən baş verdiyi müəyyən edilmişdir; X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 55 nömrəli mənzil, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 49 nömrəli mənzil və İddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinin binadakı konstruktiv yerləşməsi baxımından 55 nömrəli mənzildən 49 nömrəli mənzilə, 49 nömrəli mənzildən isə İddiaçı MMC-nin istifadəsində olan qeyriyaşayış sahəsinə su sızmasının baş verməsi mümkün olduğu qeyd edilmişdir. Zərər dəymiş otaqların bir-birinin altında yerləşməsi müəyyən edilmişdir. 50.Sonuncu ekspert rəyindən görünüdüyü kimi mənzillərdə su və kanalizasiya xətləri təmir edildiyindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə, o cümlədən 49 saylı mənzilə susızmanın texniki səbəbini müəyyən etmək mümkün olmasa da, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 49 nömrəli mənzilə su sızmasının (axıdılmasının) Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 55 nömrəli mənzilindən baş verdiyi; X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 55 nömrəli mənzil, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 49 nömrəli mənzil və İddiaçı MMC-nin istifadəsində olan qeyriyaşayış sahəsinin binadakı konstruktiv yerləşməsi baxımından 55 nömrəli mənzildən 49 nömrəli mənzilə, 49 nömrəli mənzildən isə İddiaçı MMC-nin istifadəsində olan qeyriyaşayış sahəsinə su sızmasının baş verməsinin, zərər dəymiş otaqlar bir-birinin altında yerləşdiyindən, mümkün olduğu müəyyən edilmişdir. 51.İş materiallarına əlavə edilmiş foto şəkillərindən də müəyyən edilir ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 49 nömrəli mənzilin dəhlizinin və sanitariya qovşağının konstruktiv elementlərinin üzərində su sızma əlamətləri mövcuddur, divarlarda (yuxarıdan aşağıya doğru) divar kağızının, kafel və metlaxın şişməsi və qopması müşahidə edilir. 52.İş materiallarına əlavə edilmiş “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ tərəfindən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 42, 49 nömrəli mənzilə dair tərtib edilmiş ətraflı abonent kartından müəyyən edilir ki, müvafiq mənzildə su sərfiyyatının olmadığı öz təsdiqini tapmışdır. 53.Yuxarıda qeyd edildiyi kimi, iddia tələblərinə uyğun gələn qanuni əsasının, Mülki Məcəllənin 1096, 1097.3 və 1111.2-ci maddələrinin dispozisiya şərtlərinə görə müvafiq otaqdan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulan zərərə görə məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. 54.Göstərilənlərdən isə müəyyən edilir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasına səbəb olan otağı tutan, bu otağı (mənzili) öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edən şəxs - hazırkı cavabdeh deyildir. Müəyyən edilən bu hal da baş vermiş hadisəyə görə cavabdeh üçün müvafiq vəzifələrin yaranmasını istisna edir. Belə ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən, müvafiq otaqdan suyun axıdılması nəticəsində vurulan zərərə görə üçüncü şəxslər qarşısında dayanan məsuliyyət məhz zərərin vurulmasına səbəb olan əmlaka faktiki sahiblikdən irəli gəlir.

55. İddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə suyun birbaşa cavabdehin sahibliyində olan mənzildən axıdılmasına dair iddiaçının istinadı ilə əlaqədar isə qeyd edilməlidir ki, iş üzrə müəyyən edilmiş hallara uyğun gələn şəraitdə, yaranmış zərər üçün cavabdehin mülki hüquq məsuliyyət daşıması yenə də istisna olunur. Belə ki, həmin zərərin yaranmasının cavabdeh tərəfindən proqnozlaşdırılması, ya da hər hansı vasitə ilə qarşısının alınması onun iradəsindən və şüurundan asılı olmayan səbəblərdən mümkünlüyü müəyyən edilmir. 56.Yuxarıda qeyd edilənlərə əsasən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətləri tənzimlənərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Müəyyən edilənlər isə məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir. 57.Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 58.Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 59.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi, qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün tamailə ləğv edilməli, iddia rədd edilməlidir. 60.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 61.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 62.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində pul İddiaçındən tutularaq Cavabdeh ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 200 (100+50+50) manat məbləğində pul İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar