Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8309/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2105/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi və ərizənin geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh4 qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytararkən ilk növbədə həmin ərizənin MPM-in 156-cı maddəsinin tələblərinə cavab vermədiyi, yəni qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyinə istinad etmişdir. Həmin maddəyə görə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Hazırkı icraatda olan iddianın predmetinə nəzərən izah edilməlidir ki, X2 iddia tələbinin əsası “daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair sənədlərin qismən etibarsız hesab olunması və bununla bağlı aparılan bütün hərəkətlərin və əməliyyatların qanunsuz hesab edilməsi, qeyidiyyatın və çıxarışın ləğv olunması, maddi və mənəvi ziyanın ödənilməsi, cavabdehlərin hərəkətlərində cinayət əlamətlərinin olmasına əsaslı şübhələr olduqda xüsusi qərardadın çıxarılması” ilə bağlıdır. Cavabdeh4 Oqtay oğlunun iddia tələbinin əsasını isə “sənədlərin saxtalaşdırılması faktı üzrə xüsusi qərardad cıxarılması və şərəf və ləyaqətə, işgüzar nüfuza vurulmuş zərər” təşkil edir. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Eyni zamanda qarşılıqlı iddianın məzmunundan görünür ki, qarşılıqlı iddiada qeyd olunan hallar mülki qaydada baxılmalı deyil, hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı olan hallardır. Bundan əlavə Kollegiya onu da nəzərə alır ki, qarşılıqlı iddia vaxtında verilməmişdir. MPM-in 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1, 155.2-ci maddələrinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Baxılan iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, məhkəmənin ilkin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, hazırlıq iclası 3 dəfə (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022) təxirə salınmış, qarşılıqlı iddia ərizəsi sonuncu hazırlıq iclası zamanı verilmişdir. Halbuki, MPM-in 154.1-ci maddəsinin tələbinə əsasən qarşılıqlı iddia iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Buna baxmayaraq qarşılıqlı iddia iddia ərizəsinin surəti alındıqdan 4 ay sonra verilmiş, cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Bundan əlavə, qanun müddətin keçməsindən sonra qarşılıqlı iddianın verilməsinin mümkünlüyünü xüsusi hallarla şərtləndirmişdir. Qarşılıqlı iddia tələbindən də görünür ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsaslarla ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8309/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8309/2022
29.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver