Məhkəmə qərarları › İş №2(103)-831/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-831/2022

27.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-831/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)-3676/2021 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat və 35.669,38 ABŞ dolları məbləğində vəsaitin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, o, 2012-ci ildə qardaşı Cavabdeh adına rəsmiləşdirməklə “Chevrolet Captiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymaqla kredit yolu ilə almışdır. Avtomobili qardaşının adına rəsmiləşdirməkdə məqsədi ailəsində olan probləmlərlə əlaqədar olmuşdur. Onun qardaşı Cavabdeh avtomobil idarə etməyə sürücülük hüququ yoxdur və o, ümumiyyətlə avtomobil idarə edə bilmir. Onlar arasında münasibətlər normal olmuş və avtomobilin cavabdehin adında olması onlara heç bir maneə törətməmişdir. O, cavabdehin adından avtomobili idarə etmək üçün uzun illərdir ki, etibarnamə əsasında faktiki sahiblik və istifadə etmişdir. Lakin son dövrdə onların münasibətləri pisləşmiş və cavabdeh də bundan istifadə edərək, onun adına olan etibarnaməni ləğv etdirmiş və onun xəbəri olmadan polisə şikayət edərək avtomobili yolda saxlatmış və polis vasitəsilə iddiaçının əlindən aldırmışdır. Avtomobil onun əlindən alınaraq yol polisinin müvəqqəti saxlama dayanacağına aparılmışdır. Qeyd etdiyi kimi, avtomobil "xxxx" ASC-də iddiaçının qardaşı Cavabdeh adına ipotekada olmuş və bu illər ərzində o, banka avtomobilin borcuna görə kreditlər ödəmişdir. Həmçinin, avtomobilin ilkin ödənişi 10.000 manat onun tərəfindən ödənilib, buna da onun ailə üzvləri anası Əkbərova Zəminə vəbacısı Qurbanova Könül də şahiddirlər. Bununla əlaqədar qeyd edir ki, o, avtomobili ABŞ dolları ilə kreditə almışdır və dollar qalxan zaman, yəni 1 ABŞ dolları = 1.05 manat olan zaman, o, Beynəlxalq Bankdan 10.000 manat pul krediti götürərək üstünə də əlavə pul düzəldərək həmin avtomobilə olan 13.790 ABŞ dollar olan qalıq borcunu "xxxx"-yə ödəmişdir. Həmin kredit məbləği onun qardaşının adına olduğuna görə banka bir yerdə gedərək ödəmişlər. Bununla da avtomobilə görə banka olan borcunu tamamilə ödəmiş olmuşdur. Hazırda cavabdeh onunla münasibətlərinin korlanmasından istifadə edərək, cavabdehin adına aldığı avtomobili onun əlindən almış və əsassız varlanmağa cəhd etmişdir. Bu səbəbdən o, avtomobilə görə ödədiyi pulları tələb etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Bank VTB (Azərbaycan) ASC-yə verilmiş sorğuya Bank tərəfindən göndərilmiş cavab məktubuna əlavə edilmiş kredit ödənişlərinə dair 31 (otuz bir) ədəd kassa mədaxil orderinə nəzər saldıqda aşağıda tərtib edilmiş cədvəldə qeyd olunanlar müəyyən edilmişdir. Mülki iş materiallarda olan “Avtomobil Krediti Müqaviləsi”nin surətindən də göründüyü kimi, sözügedən müqavilə 17 sentyabr 2012-ci il tarixində rəsmiləşdirilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə göndərilmiş kredit ödənişlərini təsdiq edən kassa mədaxil orderlərinin surətlərindən də göründüyü kimi avtomobil krediti müqaviləsi üzrə ödənişlər müntəzəm və ardıcıl olaraq İddiaçı tərəfindən şəxsən, bəzi hallarda isə onun vəsaiti hesabına cavabdeh tərəfindən həyata keçirilmişdir. 31 ədəd kassa mədaxil orderinin vizual analizi nəticəsində müəyyən edilmişdir ki, bu orderlərin 25 ədədində ödəyicinin imzası qrafasındakı imzalar İddiaçı məxsusdur (iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsindəki imza ilə kassa mədaxil orderlərindəki imzalara vizual baxış zamanı bunu müəyyən etmək çox asandır). Məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərindən 4 ədədindəki imzalar isə cavabdehə məxsusdur (iş materiallarında olan kredit müqaviləsində, ipoteka müqaviləsində və ödəniş cədvəlindəki imzalara və Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsindəki imzalara baxdıqda bu imzalar aydın görünür). Yerdə qalan 2 ədəd kassa mədaxil orderindəki imzaları isə oxumaq mümkün olmamışdır. Mülki iş materiallarında olan sübutların kompleks təhlili göstərir ki, kredit müqaviləsi formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Faktiki olaraq kredit müqaviləsi üzrə bütün ödənişlər – 35.669,38 ABŞ dolları vəsait İddiaçı tərəfindən şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, avtomobilin alınması üçün ilkin ödəniş olaraq tələb edilən 10.000 manat məbləğindəki vəsait də İddiaçı tərəfindən həyata keçirilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Chevrolet Captiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismarı nəticəsində onun bazar qiymətində yaranan fərq 13.000 manat və onun mülkiyyətçi hüquqularının kobud şəkildə pozulması nəticəsində ona vurulmuş zərərin əvəzi 116.800 manat pulun İddiaçı alınaraq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, o, 2012-ci il tarixdə “Chevrolet Captiva” markalı, **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymaqla kredit yolu ilə alaraq adına rəsmiləşdirmişdir. İlkin ödənişi şəxsən o, öz pulu ilə ödəmiş və illər ərzində banka olan kredit borcunu mütəmadi olaraq öz hesabına ödəmişdir. O, mübahisəli avtomobili alandan sonra qardaşı İddiaçı belində problemlər olduğunu bildirərək, işə gedib-gəlmək üçün müvəqqəti olaraq özünə avtomobil alanadək ona məxsus avtomobili iddiaçıya idarə etmək üçün etibarnamə verməyi xahiş etmişdir. Bir müddət sonra o, avtomobili ona qaytarılmasını iddiaçıdan tələb etmiş, lakin o, özünə avtomobil axtardığını, tez zamanda onun avtomobilini qaytaracağını vəd vermişdir. Vəd verməyinə baxmayaraq nə qədər tələb etsə də, müxtəlif bəhanələr ilə avtomobili ona qaytarmamışdır. 13 mart 2021-ci il tarixdə o, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməni ləğv etdirərək polis tərəfindən həmin avtomobili saxlatdırılıb ona verilməsinə nail olmuşdur. Hesab edir ki, İddiaçı onun mülkiyyət hüququnu pozan hüquqazidd hərəkətləri ilə ona zərər vurmuşdur. İddiaçının ona məxsus olan olan avtomobildən əvəzsiz istifadə etmək üçün onların aralarında nə şifahi, nə də yazılı müqavilə olmuşdur. O, dəfələrlə müraciət etsə də iddiaçı avtomobili qaytarmamışdır. Hesab edir ki, iddiaçı illərlə ona məxsus olan avtomobili öz şəxsi məqsədləri üçün heç bir hüquqi əsası olmayaraq istifadə etmiş, bununla ona zərər vurmuşdur. Əlavə olaraq qeyd edir ki, mübahisəli avtomobil cavabdehə 33.000 manata başa gəlsə də həmin avtomobilin qiyməti onun uzun müddət istismarı nəticəsində 20.000 manatdan aşağı qiymətə enmişdir. Buna səbəb intensiv istismar nəticəsində nəqliyyat vasitəsinin köhnəlməsi, nəqliyyat vasitəsinin zavod ehtiyyat hissələri sonradan başqa ehtiyyat hissələrinə dəyişdirilməsi, nəqliyyat vasitəsinin yürüşü 90.000 kilometri keçməsidir. O, şəxsi mülkiyyətində olan avtomobili 2012-ci ildən bəri günü 40-50 manat məbləğində kirayə versə idi, 8 illik müddətində 116.800-146.000 manat dəyərində əmlakından istifadə üçün qazanc əldə edərdi. Qeyd etdiyi məbləği müəyyən etmək üçün istənilən “Rent a car” şirkətinin ofertasında görmək mümkündür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)-3676/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 13.750 (on üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)-3676/2021 saylı qətnaməsinin qismən - iddianın təmin olunması hissəsində və qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissələr üzrə iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdehin sürücülük vəsiqəsinin olmaması onun avtonəqliyyət vasitəsinin mülkiyyətçisi ola bilməməsi, avtonəqliyyat vasitəsinə sahib ola bilməməsi kimi qiymətləndirilməsi yolverilməsdir. Qeyd etmək istəyirik ki, qanunverici şəxsin avtonəqliyyat vasitəsinə mülkiyyət və ya sahiblik hüququnun əldə edilməsini sürücülük vəsiqəsinin olub olmaması ilə şərtləndirməmişdir. Mübahisəli avtomobilin kredit məbləğlərinin mütəmadi olaraq iddiaçı tərəfindən ödənilməsini qeyd edən məhkəmə həmin məbləğlərin iddiaçı yoxsa cavabdehin hesabına həyata keçirilməsi məsələsinə aydınlıq gətirməyərək, işdə olan sübutları, əsasən də şahid qismində dindirilmiş cavabdehin arvadı X6 tərəfindən verilmiş ifadələrə deyil, həm iddiaçının həm də cavabdehin anası X1 və bacıları X2 ziddiyyətli ifadələrini əsas götürmüşdür. Qeyd etmək istəyirik ki, mübahisələndirilən maşına dair ilkin ödəniş “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə edilmişdir, lakin “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkil sorğusuna ünvanlandığı 04 may 2021-ci il tarixli məktubdan görünür ki, vaxtı keçmiş sənədlərin məhvi ilə əlaqədar olaraq sorğuda qeyd edilmiş nəqliyyat vasitəsi ilə tələb edilən sənədlərin təqdim edilməsi mümkün olmamışdır, bu məsələ öz əksini məhkəmənin qətnaməsində də tapmışdır. Lakin ilkin ödənişin cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən olunmasına dair sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşməyi, iddiaçının həmin ödənişin məhz onun tərəfindən həyata keçirilməsinə dair heç bir sübut təqdim etməməyi birinci instansiya məhkəməsinin nəzərindən qaçmışdır. “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2012-ci il tarixli kredit və ipoteka müqaviləsinin və ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, 16 qəbz İddiaçı tərəfindən ödənilib, 13 qəbz Cavabdeh tərəfindən ödənilmiş, 1 qəbzdə Elman yazıldığından ümumiyyətlə nəzərə alınmamalıdır. Birinci İnstansiya Məhkəməsinin 17 qəbzi əsas götürərək, nəzərə alsaq ki, 13-ü cavabdeh tərəfindən ödənilib, nəzərə alsaq ki ilkin ödəniş cavabdeh tərəfindən olub (bunun əksi məhkəmə iclasında sübuta yetirilməmişdir) məhkəmənin avtonəqliyyat vasitəsinin iddiaçıya məxsus olması, lakin formal olaraq cavabdehin adına rəsmiləşdirilməsi qənaətinə gəlməsini əsassız hesab edirik. Qeyd etmək istəyirik ki, ilk növbədə banka 9523, 809 ABŞ dolları deyil, 13.790 ABŞ dolları məbləğində son ödəniş edilmişdir. Həmin ödənişin məhz iddiaçı tərəfindən olunması məhkəmə iclasında öz əksini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, son ödənişin edilməsi günü İddiaçı tərəfindən bankdan kredit götürdüyü günlə üst-üstə düşməsi son ödənişin iddiaçı tərəfindən həyata keçirilməsinə dəlalət edir. Avtonəqliyyat vasitəsinə mülkiyyət hüquqi mübahisələndirilirsə, buna aid olmayan əsassız varlanma instututunun tətbiq edilməsi mülki qanunvericiliyə ziddir. Əksinə mülkiyyət hüququ mübahisələndirilmirsə, hansı əsasla iddiaçının xeyrinə 13.750 ABŞ dolların cavabdehdən alınıb verilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdilər, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbinin məzmununa uyğun izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, ekspert tərəfindən düzgün olaraq müəyyən olundu ki, 4 ədəd qəbz üzrə ödəniş cavabdeh tərəfindən, 26 qəbz üzrə ödəniş isə iddiaçı tərəfindən həyata keçirilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilk iddianın qismən təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni qeyd olunan hissələrdə mübahisələndirmiş, iddiaçı ilk iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, tərəflərin anasıdır. Mübahisəli avtomobili iddiaçı ailəsində problemlər olduğu üçün məcbur qalıb cavabdehin adına almışdır. Həmin avtomobilin bütün ödənişlərini, o cümlədən ilkin ödənişi iddiaçının özü ödəmişdir, o da bir ana olaraq bəzən ödənişlərə köməklik edirdi. Həmin avtomobili iddiaçı atası vəfat etdikdən sonra, yəni 2010-cu ildən sonra almışdır. Hazırda cavabdeh həyat yoldaşının sözlərinə qulaq asmaqla öz qardaşı ilə arasında bu cür mübahisələr yaratmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının ailədaxili problemləri 2012-ci ildən 2018-ci ilə qədər davam etmişdir. Belə ki, iddiaçı və həyat yoldaşı həmin ərəfələrdə tez-tez küsüb-barışırdılar. Həmin vaxt iddiaçının arvadının avtomobilin ödənişlərinin məhz Elmar tərəfindən edildiyindən xəbəri olub-olmadığını bilmir. Emilin arvadı ona qulluq etməyib, aralarındakı münasibətlər yaxşı deyil. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, tərəflərin bacısıdır. Mübahisəli avtomobili iddiaçı ailəsində problemlər olduğu üçün məcbur qalıb cavabdehin adına almışdır. Həmin avtomobilin bütün ödənişlərini, o cümlədən ilkin ödənişi iddiaçının özü ödəmişdir. Bəzən olurdu ki, iddiaçı ödənişləri anasına verirdi ki, onun yerinə digər qardaşı Emil ödəsin. Cavabdeh ümumiyyətlə heç vaxt işləməmiş və qazancı olmamışdır. Onun özünə və ailəsinə həmişə onlar maddi köməklik göstərmişlər. Onlar bilsə idilər ki, Emil belə hərəkətlər edəcək, onlar ona heç bir əmlak verməzdilər. Emilin pula tamahı olduğunu bu hadisələrdən sonra bilmişlər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdehlə aralarında olan münasibətlərdə son 2-3 il olar ki, gərginlik yaranmışdr. Belə ki, o, cavabdehin evinə ümumiyyətlə gedib-gəlmir. Emilin arvadı elə münasibət göstərir ki, həmin evə adam getmək istəmir. Ona görə də yalnız anasını müayinəyə aparmaq lazım olanda gedib anasını götürürür. Elmar Emilə dəfələrlə demişdir ki, avtomobili onun adına keçirtsin. Emil pula tamahına görə bu cür hərəkət etmişdir. Elmar 2005-ci ildə, Emil isə 2011-ci ildə ailə qurmuşdur. Mübahisəli avtomobil ona görə Emilin adına alınmışdır ki, Emilin arvadı onların qohumudur. Gələcəkdə problem çıxarmaz deyə fikirləşmişdilər. Bilsə idilər ki, Emil və arvadı belə hərəkətlər edəcək, avtomobili Elmarın adına alınardı, nikah pozulanda da avtomobil bölünərdi, yarısı Elmarın uşaqlarına çatardı. Əvvəllər Emilin arvadı ilə araları yaxşı idi, sonradan ayrı evə çıxmaq istədi, anasına qulluq etmək istəmədi deyə münasibətlər pisləşdi. Emilgil 6 aydır ki, evdən çıxıb gediblər. Hazırda anası onlarla birlikdə yaşamır. Birinci instansiya məhkəməsində cavabdehin tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, cavabdehin həyat yoldaşıdır. Avtomobili onun əri 2012-ci il tarixdə almışdır. İlkin ödəniş kimi 10.000 manat məbləğində pul vermişdir. 10.000 manatın 6.000 manatı toydan, qalan 4.000 manat məbləği isə ona məxsus olan qızılları satmaqla əldə etmişdir. Avtomobilin ümumi dəyəri 32.000 manat olmuşdur. Qalan məbləği kredit müqaviləsi üzrə aylıq ödənişlər şəklində edilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdeh hər ay 750 manat məbləğində kredit ödəmişdir. İddiaçı banka ödədiyi pulları onun əri Cavabdeh verirdi, belə ki, əri kredit üzrə ödənişləri ödəmək üçün pulu ona verirdi, həmin pulu isə İddiaçı gəlib ondan evdən götürürdü. İddiaçı 300 manat əmək haqqı alırdı, bu barədə məlumatı qaynanasından eşitmişdir. Qaynanası ilə əvvəllər münasibəti yaxşı olsa da, sonradan pisləşmişdir. O, ali təhsillidir, ərinin avtomobil aldığı və kredit ödədiyi müddətdə dövrdə işləmirdi. Onun himayəsində azyaşlı övladı olduğu üçün ərinin krediti üçün ona verdiyi pulları şəxsən banka gedib ödəməmişdir, həmçinin ödənişləri ödəməyi əri qardaşına İddiaçı etibar etmişdir. Ərinin sürücülük vəsiqəsi yoxdur. Ərinin vaxtı olmadığı üçün sürücülük vəsiqəsi almaq üçün kursa getməmişdir. Ərinin aylıq əmək haqqı 750 manat olub, lakin o, bundan başqa əlavə haqq da alırdı, bununla onun aylıq gəliri 1.000 manatdan çox olurdu. Əri 2011-ci il tarixdən “X12”-də işə başlamış, 2014-cü il tarixdən işdən çıxmışdır. 2014-cü ilin iyun ayından 2015-ci ilin mayına kimi aylıq ödənişləri ödənilməsi üçün əri qardaşına verirdi. Avtomobil 5 il müddətinə kreditdə olmuşdur. Əri avtomobil üçün aylıq 700-750 manat kredit ödəyirdi. Neçə il ödədiyini və axırıncı səfər nə vaxt ödəniş etdiyini bilmir. Əri avtomobili almaq üçün hər hansı şəxsdən borc almamışdır. Əri avtomobilin qaytarması barədə müraciət etməsinə baxmayaraq qaynanası avtomobili İddiaçı verirdi. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər doğma qardaşdırlar, 17 sentyabr 2012-ci il tarixdə cavabdehin adına “Bank VTB (Azərbaycan)” ASC-dən “Chevrolet Captiva” markalı avtomobilin alınması məqsədi ilə 26.207 ABŞ Dolları məbləğində kredit rəsmiləşdirilmiş, ödəniş qəbzlərinə əsasən həmin kredit məbləğinin bir qismi iddiaçı tərəfindən, bir qismi isə cavabdeh tərəfindən ödənilmişdir. Həmçinin, sözügedən avtomobil cavabdehin adına qeydiyyata alınsada, lakin avtomobil alındığı gündən etibarnamə əsasında iddiaçı tərəfindən idarə olunmuşdur. Daha sonra tərəflər arasında münasibətlər korlanmış, cavabdeh avtomobilin idarə edilməsi barədə iddiaçının adına verdiyi etibarnaməni ləğv etmiş və avtomobili iddiaçıdan almışdır. İddiaçı qeyd olunan avtomobilin formal olaraq cavabdehin adına alındığını, qəbzlərdə ödənişlərin bir qismində cavabdehin adının qeyd olunmasına baxmayaraq avtomobilin ödənişlərini hamsının onun tərəfindən ödənildiyini və avtomobilin alındığı ilk gündən onun tərəfindən idarə edildiyini bildirərək, cavabdehdən 10.000 manat və 35.669,38 ABŞ dolları məbləğində vəsaitin ödənilməsini tələb etmiş, cavabdeh isə iddianın əsassız olduğunu, avtomobilin mülkiyyətçisinin onun olduğunu, kredit məbləğinində onun tərəfindən ödənildiyini, habelə həmin avtomobil iddiaçının səhhətində olan problemlərə görə verdiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh, qarşılıqlı iddia verərək avtomobilin iddiaçı tərəfindən istifadə edilməsi nəticəsində avtomobilin bazar qiymətində yaranan fərqin 13.000 manatın və onun mülkiyyətçi hüquqularının kobud şəkildə pozulması nəticəsində ona vurulmuş zərərin əvəzi 116.800 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının pul tələbinə münasibətdə hesab etmişdir ki, mübahisəli avtomobilin kredit məbləğlərinin mütəmadi olaraq iddiaçı tərəfindən ödənilməsi, avtomobilin alındığı vaxtdan iddiaçı tərəfindən idarə edilməsi, cavabdehin sürücülük vəsiqəsinin olmaması, tərəflər arasında ailə münasibətləri korlandıqdan sonra cavabdeh tərəfindən iddiaçının adına verilmiş etibarnamənin ləğv etdirilməsi, bundan əlavə iddiaçı tərəfindən "xxxx" ASC-dən 07 aprel 2015-ci il tarixdə 10.000 manat məbləğində kreditin götürülməsi, həmin tarixdə də mübahisəli avtomobilin 13.790 ABŞ dolları məbləğində son ödənişinin edilməsi ilə kreditin bağlanması halları sözügedən avtomobilin dəyərinin həqiqətən də iddiaçı tərəfindən ödənildiyinə, lakin formal olaraq cavabdehin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. Apellyasiya mərhələsində kesirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 07 iyun 2022-ci il tarixli, 4/578 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 30 ədəd kassa mədaxil orderlərinin 26 ədədində “ödəyicinin imzası” qrafasındakı imzalar İddiaçı tərəfindən, 4 ədəd kassa mədaxil orderlərinin “ödəyicinin imzası” qrafasındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaya etiraz edərək, “Bank VTB (Azərbaycan)” ASC-dən götürülmüş kredit məbləğinin hamısının onun tərəfindən ödənildiyini, bəzi ödənişləri qardaşının vasitəsilə ödədiyi üçün mədaxil qəbzlərinin bir qismində iddiaçının adının qeyd edilməsini bildirsə də, məhkəmə hesab etmişdir ki, cavabdehin qeyd etdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və hər iki tərəfin ailə üzvləri olan şahid ifadələri ilə təkzib olunmuşdur. Belə ki, iddiaçı tərəf cavabdehin etirazına cavab olaraq bildirmişdir ki, kredit məbləğinin bir qisminin cavabdeh tərəfindən ödənilməsinin səbəbi məhz iddiaçının həmin vaxtlarda xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdə olduğu səbəbindən baş vermişdir. Eyni zamanda, iddiaçı tərəf irəli sürdüyü dəlilin sübutu kimi Dövlət Mülki Aviasiya Agentliyindən arayış təqdim etmiş və həmin arayışda məhz iddiaçının 2012-2015-ci illərdə xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdə olduğu qeyd edilmişdir. Bundan əlavə, iddiaçının ezamiyyətdə olduğu vaxtlarda banka ödənilmiş vəsaitlərin cavabdehin vasitəsilə ödədiyi isə hər iki tərəfin ailə üzvləri olan şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, iş materialları ilə həmçinin təsdiq olunur ki, iddiaçının arvadı ilə münasibətləri yaxşı olmamış və sonradan onların nikahı məhkəmə qaydasında pozulmuşdur. Eyni zamanda, cavabdeh iddiaçının "xxxx" ASC-dən kredit götürməsi ilə avtomobilin ödənişlərinin tamamilə bağlanması arasında hər hansı səbəbli əlaqə olmadığını, məhz Tariyel adlı qohumundan aldığı borcla avtomobilin kreditini bağladığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh sözügedən avtomobili iddiaçının belində olan problemə görə ona verdiyini, dəfələrlə iddiaçıdan avtomobilin qaytarılmasını tələb etdiyini qeyd etsə də, lakin bu halı da təsdiq edə bilən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə, məhz iddiaçı tərəfin irəli sürdüyü dəlillərin təqdim edilmiş sübutlarla dəstəkləndiyini nəzərə alaraq, həmin dəlillərin inandırıcı və ağlabatan olduğu qənaətinə gələrək, həmin avtomobilin hazırda cavabdehin mülkiyyətində qalması nəticəsində onun əsassız varlandığını nəzərə alaraq, iddia qismən təmin edilərək, Cavabdeh 13.750 (on üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı xeyrinə tutulması qənaətinə gəlmişdir. Kollegiya məhkəmənin iddianın qismən təmin edilən hissəsində gəldiyi nəticə ilə razılaşaraq, onu da qeyd edir ki, hətta iddiaçı tərəfindən 13750 ABŞ dollarından artıq ödənişin edilməsi tam olaraq sübuta yetirildiyi halda, məhkəmə iddianı 13750 ABŞ dolları hissədə təmin etmiş, iddiaçı bundan apellyasiya şikayəti verməmişdir. Kollegiya apellyatorun anasının və bacısının ifadələrinin, sonuncuların ona qarşı qərəzli olması səbəbindən mötəbər sübut kimi qəbul edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, onların ifadəsində verilən məlumatlarda heç bir ziddiyyətli məqamlar və qərəz müəyyən olunmamışdır. Əksinə cavabdeh tərəfindən şahid qismində dindirilən həyat yoldaşı ifadəsində cavabdehin heç kimdən borc almadığını qeyd etdiyi halda, cavabdeh özü Tariyel adlı qohumundan aldığı borcla avtomobilin kreditini bağladığını bildirmişdir. Bu halda şahidin ifadəsi ilə cavabdehin izahatı arasında ziddiyyət yaranmış, cavabdeh bu ziddiyyəti aradan qaldırmaq üçün mötəbər sübut təqdim etməmişdir. Məhkəmə, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı isə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli avtomobilin dəyərinin ödənilməsi öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbi, yəni avtomobilin istismarı nəticəsində onun bazar qiymətində yaranan fərqin və onun mülkiyyətçi hüquqularının kobud şəkildə pozulması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi təmin edilə bilməz. Kollegiya qarşılıqlı iddianın rədd olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 125 manatın 42 manatı cavabdehdən, 83 manatı iddiaçıdan tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(001)- 3676/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 125 (yüz iyirmi beş) manatın- 42 (qırx iki) manatı Cavabdeh, 83 (səksən üç) manatı İddiaçı alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar