Məhkəmə qərarları › İş №2(103)-8311/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8311/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8311/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, X1 iştirakları ilə İddiaçı - Cavabdeh qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılmış maneənin aradan qaldırılması və s.” barədə qarşılıqlı iddia ərizəsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-29/2021 saylı, 14 iyun 2021ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı - Cavabdeh qarşı dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 20 və 20B nömrəli daşınmaz əmlaklardan İddiaçı Anatoliyevna ilə onun arasında payların bölünməsi, kompensasiyanın verilməsi, göstərilənlər mümkün olmadıqda evin hərraca çıxarılması və əldə olunmuş vəsaitin paylara uyğun bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 10 saylı evin 20 nömrəli mənzilin 11/12 hissəsi ona, 1/12 hissəsi isə Cavabdeh mülkiyyətindədir. Həmçinin elə həmin ünvanda yerləşən 10 saylı evin 20 nömrəli mənzilin (yeni qaydalarda Bakı şəhəri, Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi ev 20 mənzil 1, mənzil 3) 5/6 hissəsi ona, 1/6 hissəsi isə Cavabdeh mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmkakın Dövlət Reyestri Xidməti tərəfindən 08.09.2017-ci il tarixdə ******* nömrəli və 09.09.2017-ci il tarixdə isə ******* nömrəli çıxarış verilmişdir. Mübahisəli mülkdə yerləşən otaqlar biri-bir ilə sıx əlaqəli və iç-içə olduğundan İddiaçı cavabdeh arasında tez-tez mübahisə yaranır və ona məxsus olmayan sahə və otaqları zəbt edərək arada yaşamır və onun üçün dözülməz vəziyyət yaradır. Qeyd etmək lazımdır ki, mübahisəli paylı mənzilin tərəflərin payına düşən hissəsini müəyyən etmək və bölmək mümkün olmadığından İddiaçı onun payına düşən hissəyə pul kompensasiya verilməsi təklif edilmiş, lakin cavabdeh ona təklif edilmiş kompensasiyadan imtina etmişdir. Sonradan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X5 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 20 və 20 b saylı mənzillərdə Cavabdeh payının cüzi olmasını (1/6; 1/12) nəzərə alıb paylarının dəyəri kimi 25.000 manat kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində, o cümlədən «əmlakların tərəflər arasında paylara bölünməsi» tələbi də göstərilmişdir. Qeyd edir ki, İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsində eyni cavabdehə qarşı «həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrı-ayrılıqda qiymətləndirilməsi və həmin əmlakların satışa çıxarılması» tələbi olmuş və Məhkəmənin 15.10.2018-ci il tarixli, 2(009)-721/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə əldə edilmiş 23.07.2018-ci il tarixli, 8135 saylı ekspert rəyindən görünür ki, mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhz bu səbəbdən məhkəmə mənzillərin naturada bölünməsi tələbini təmin etməmiş və iddia tələbinin sonrakı hissəsi, yəni «bölünmüş payların satışa çıxarılması» hissəsini də təmin etməmişdir. Mənzillərin tərəflər arasında naturada bölünməsinin mümkün olmaması barədə qətnamə olduğu eyni tərəfə qarşı eyni əsasla eyni tələbi sürmək əhəmiyyətsiz olduğundan hazırda iddia tələbini dəqiqləşdirir. Tərəflər arasında mübahisə predmeti olan T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 42,5 kv/m olan 20 b saylı mənzildə cavabdehin payı 1/12 hissədir ki, bu da cəmi 3,5 kv/m təşkil edir. Eləcə də T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 21,3 kv/m olan 20 saylı mənzildə cavabdehin payı 1/6 hissədir ki, bu da cəmi 3,55 kv/m təşkil edir. Əlbəttə ki, bu hesablamadan da görünür ki, cavabdehin ümumi əmlakda pay cüzidir. Cavabdehin payı inkar edilməsə də 3,5 kv/m sahədən mənzil kimi istifadə etmək, yaşamaq mümkün deyildir. Adambaşına düşən mənzil sahəsi normasından dəfələrlə azdır. Əgər mənzillərin ekspert tərəfindən müəyyən edilmiş bazar qiymətlərinə uyğun cavabdehin payını pulla ifadə etsək belə nəticəyə gələrik ki, T.Əliyarbəyov küçəsindəki 20b saylı mənzilin bazar qiyməti 115.000 manatdırsa, cavabdehin 1/12 hissədə payının dəyəri 9.583 manat təşkil edir. T.Əliyarbəyov küçəsindəki digər 20 saylı mənzilin qiyməti 88.000 manat müəyyən edilmişdir ki, burada da cavabdehin payının 1/6 hissədə olmasını nəzərə alsaq, payın qiyməti 14.666 manat təşkil edir. Beləliklə mübahisə edilən mənzillərdə cavabdehin payı 3,5+3,55 kv/m sahə, pula ifadə edildikdə isə 9.583+14.666 manat təşkil edir. Onu da qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli qətnaməsi ilə mənzillərin bazar qiyməti müvafiq olaraq 100.000 (20b) və 80.000 (20) manat həddində qiymətləndirilmişdir. Sonrakı pandemiya dövründə və hazırda əksinə daşınmaz əmlak, o cümlədən mənzillər dəyər itirmişdir. Mübahisə edilən mənzillərin hazırkı qiymətləndirilməsinə tənqidi yanaşılmalıdır, qiymətlər real deyil, artırılmışdır. Odur ki, kompensasiyanın məbləği müəyyən edilərkən mənzillərin qimytlərinin real bazar qiymətlərindən artıq göstərilməsi nəzər alınmalıdır. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Anatolevnanın Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20 və 20B saylı mənzillərindən onun istfadəsinə yaratdığı maneələrin qanunsuz hesab edilməsi və onun qeyd olunan mənzillərə köçürülməklə oradan maneəsiz istifadə etməsi, paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzilinin cavabdeh İddiaçı Anatolevna tərəfindən icarəyə verildiyinə görə kompensasiya məbləğini müəyyən edərək payına uyğun ona ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20 və 20B saylı mənzillərindən maneəsiz istifadə etməyi üçün mənzillərin giriş (blok və həyət) qapılarının açarlarının verilməsi (və ya sürət çıxarılması üçün təqdim etməsi) cavabdeh İddiaçı Anatolevnaya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsində paylı mülkiyyətdə olan mənzillərin otaqlarının biri-biri ilə sıx əlaqəli olmaqla iç-içə olduğunu, guya buna görə aralarında tez-tez mübahisələr yarandığını, ona məxsus olmayan sahələrin və otaqların onun tərəfindən zəbt edilməklə orada yaşamadığını və “bunların” onun üçün dözülməz vəziyyət yaratmasını qeyd etmişdir. İddiaçı onun ögey anasıdır. O, görmə qabiliyyəti məhdud olmaqla 2-ci qrup əlildir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10/20 və 10/20B ünvanlarında yerləşən mənzillərdə texniki pasportdakı kimi qonşu (bitişik) otaqlar mövcud deyildir. Mənzildən tam olaraq iddiaçı istifadə etdiyindən, ora daxil olmağı mümkün olmadığından faktiki olaraq müvəqqəti qohumları ilə yaşayır. O, İddiaçı qeyd etdiyi kimi həmin ünvandakı mənzilin hər hansı otağını zəbt etməyi və vaxtaşırı mənzildə olmağı qeyri-mümkündür. Onun mülkiyyətində olan, ona aid ərazini ələ keçirmək, İddiaçı ilə mübahisə və münaqişə yaratmaq və onun vəziyyətini dözülməz hala gətirmək üçün heç bir imkanı və ya niyyəti belə olmamış və hazırda da yoxdur. Onun qeyd etdiyi halları təsdiq edən hər hansı sübutu yoxdur. İddiaçı ilə paylı mülkiyyətlərindəki mənzillər bu günədək tam olaraq istifadəsindədir. O, həmin sahələrdən ürəyi istədiyi kimi, maneəsiz istifadə edir. Onun tərəfindən ümumiyyətlə hər hansı otaq zəbt olunmamış, mənzildə istifadə ilə aralarında heç bir mübahisə və ya münaqişə yaranmamışdır. Mənzilin otaqları biri-birindən ayrı, iç-içə olmayan, biri digəri ilə əlaqəsi olmayan və iki giriş qapısından ibarətdirlər. Mənzil iddiaçının tam istifadəsi və sərəncamındadır. İddiaçı həmin mənzillərdən qeyri-yaşayış sahəsi kimi istifadə edir və onun razılığı olmadığı halda otaqları kommersiya fəaliyyəti göstərən şəxslərə yüksək qiymətlərlə icarəyə vermiş və həmin icarə haqlarını da özü alır və paylı mülkiyyətdən əldə etdiyi gəlirlərdən ona bir manat da olsun ödənişlər etmir. Bunlar azmış kimi onu mülkiyyətində olan mənzillərə daxil olmağına maneələr yaradaraq mənzildən istifadə etməyinə də imkan vermir. Cavabdeh İddiaçı Anatolevnanın qeyd olunan qanunsuz hərəkətləri haqqında aidiyyəti dövlət orqanlarına müraciətlər etmiş, müraciətlərini araşdırılaraq zəruri tədbirlər görülmüşdür. Lakin bütün bunlara baxmayaraq cavabdeh İddiaçı Anatolevna onun mülkiyyətində olan mənzillərdən istifadəyə yaratdığı maneələrin aradan qaldırılmasını təmin etmir, ona maddi və mənəvi zərərlər vurmaqla onu öz mənzilinə buraxmır. Onu da bildirir ki, cavabdeh İddiaçı Anatolevnanın mülkiyyətində olan mənzilləri razılığı olmadan icarəyə verərək gəlir əldə etdiyinə görə aralarında 2007-ci ildə məhkəmə mübahisələri olmuş, icarə haqqından əldə edilmiş gəlirlərin öz paylarına uyğun aralarında bölünməsi haqqında Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20-ci mənzilinə dair cavabdehlə aralarında “qarşılıqlı razılaşma müqaviləsi” bağlanılmışdır. İlkin olaraq o həmin mənzil üzrə icarə haqqından ona ödənişlər etsə də, sonradan qəsdən ödənişlər etməmiş, bu səfər aralarında müqavilə bağlanmış 20 saylı mənzili deyil, Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzili icarəyə verərək gəlirlər əldə etməyə başlamış və həmingəlirlərdən ona ödənişlər etməmişdir. Halhazırda isə cavabdeh onu mənzilə buraxmır, həmin mənzillərdən gəlir əldə etməyinə də imkan vermir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-29/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı - Cavabdeh “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasının qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20 b saylı mənzillərinə köçürülməsi və İddiaçı tərəfindən həmin mənzillərdən Cavabdeh istifadəsinə yaradılmış maneələrin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20 b saylı mənzillərinin açarlarının (surəti) İddiaçı tərəfindən Cavabdeh təqdim edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manatın 350 (üç yüz əlli) manat hissəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 150 (bir yüz əlli) manat hissəsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, "xxxx" ASC Abşeron filialı VÖEN: **********, M/h:AZ03NABZ******************** Kodu:805539 S.W.İ.F.T. BİC: 1BAZAZ2X H/h:AZ52İBAZ********************) köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslanırılmışdır ki, tərəflər arasında mübahisə predmeti olan T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 42,5 kv/m olan 20 b saylı mənzildə cavabdehin payı 1/12 hissədir ki, bu da yardımçı və köməkçi sahələrlə birlikdə cəmi 3,5 kv/m təşkil edir. Eləcə də T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 21,3 kv/m olan 20 saylı mənzildə cavabdehin payı 1/6 hissədir ki, bu da cəmi, eyniylə yardımçı və köməkçi sahələrlə birlikdə 3,55 kv\m təşkil edir. Əlbətdə ki, bu hesablamadan da görünür ki, cavabdehin ümumi əmlakda payı açıq-aşkar cüzidir. Cavabdehin payı inkar edilməsə də 3,5 kv/m sahədən mənzil kimi istifadə etmək, yaşamaq mümkün deyil. Adambaşına düşən mənzil sahəsi normasından dəfələrlə azdır. Əgər mənzillərin məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi ekspert rəyinə görə müəyyən edilmiş bazar qiymətlərinə uyğun cavabdehin payını pula ifadə edilsə belə nəticəyə gəlinir ki, T.Əliyarbəyov küçəsindəki 20b saylı mənzilin bazar qiyməti 115.000 manatdırsa, cavabdehin 1/12 hissədə payının eləyəri 9.583 manat təşkil edir. T.Əliyarbəyov küçəsindəki digər 20 saylı mənzilin qiyməti 88.000 manat müəyyən edilmişdir ki, burada da cavabdehin payının 1/6 hissədə olmasını nəzərə alsaq, payın qiyməti 14.666 manat təşkil edir. Beləliklə mübahisə edilən mənzillərdə cavabdehin payı 3,5+3,55 kv/m sahə, pula ifadə edildikdə isə 9.583+14.666 manat təşkil edir. Naturada ayrılması mümkün olmadıqda - İddiaçı Səbail rayon Məhkəməsində eyni cavabdehə qarşı «həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrı-ayrılıqda qiymətləndirilməsi və həmin əmlakların satışa çıxarılması» tələbi olmuş və qətnnam ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə əldə edilmiş 23.07.2018-ci il tarixli, 8135 saylı ekspert rəyindən görünür ki, mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Məhz bu səbəbədən məhkəmə mənzillərin naturada bölünməsi tələbini təmin etməmiş və iddia tələbinin sonrakı hissəsi, yəni «bölünmüş payların satışa çıxarılması» hissəsini də təmin etməmişdir. Həmçinin qətnamə ilə mənzillərin bazar qiyməti müvafiq olaraq 100.000 (20b) və 80.000 (20) manat həddində qiymətləndirilmişdir. Məhkəməyə rəsmi ərizə verməklə təklif edilən 25.000 manat kompensasiyanı götürməkdən imtina edərkən məhkəmə iclasında verdiyi izahatında ilk iddia üzrə cavabdeh etirazını onunla əsaslandırmışdır ki, ilk iddiaçının oğlu olan - ögey qardaşı Heydərə sonsuz nifrəti vardır. Payı olduğu əmlakın hərracda satılacağı təqdirdə hazırkı real bazar qiymətindən əhəmiyyətli fərqlə ucuz satılacağını və daha az məbləğ əldə edəcəyini bilir. Əmlak hərracda satılarkən payının əvəzində ona hazırkı təklif olunan kompensasiya məbləğindən daha az məbləğdə pul düşsə də, ilk iddiaçının daha çox itirəcəyi ona zövq verəcəkdir. Belə olduqda mübahisəli əmlakda cüzi payı olan cavabdehin ümumi paylı əmlakdan istifadədə hər hansı bir mühüm mənafeyindən söhbət gedə bilməz. Bundan başqa cavabdeh artıq uzun müddətdir ki, cüzi payı olan mənzillərdə yaşamır, çünki 3,5 kv/m sahədə yaşamaq mümkün də deyil. Qarşılıqlı iddia ərizəsini təmin etməklə məhkəmə qətnamədə istinad etdiyi AR Konstitusiya Məhkəməsinin 14.04.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə əməl etməmişdir. Həmin qərarda göstərilir «...paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir. Bü mümkün olmadıqda isə onun payına əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.» Ona görə də məhkəmə cavabdehi mübahisə edilən T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20 və 20b saylı mənzillərinə köçürməklə və həmin mənzillərdən tam istifadəyə hüquq tanımaqla açıq-aşkar səhvə yol vermiş, onun mülkiyyət hüququnu pozmuş və istinad etdiyi Konstitiusiya Məhkəməsinin 14.04.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə əməl etməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdehin payı mənzillərdə müvafiq olaraq 3,5 və 3,55 kv/m təşkil edir. Hələ bu kv/m mənzilin ümumi sahəsindən cavabdehə düşən payıdır. Bu kv/m-dən mənzilin yardımçı və köməkçi sahələrinin kv/m çıxılarsa cavabdehin payı hər mənzildə təxminən 2 kv/m təşkil edəcəkdir ki, bu halda cavabdehin ümumi əmlakdan öz payına düşən hissəsindən mənzil kimi istifadə etməsi mənzil qanunvericiliyinə, tikinti-inşaat normalarına əsasən mümkün deyil. Qanunverici bu halda cavabdehə ümumi əmlakdakı payından istifadə edən mülkiyyətçidən müvafiq əvəz ödəməyi tələb etmək hüququ vermişdir. Məhkəmə isə 1/12 və 1/6 hissələrdə cüzi payı olan mülkiyyətçini mənzillərə köçürərək, 11/12 və 5/6 hissədə mənim payım olan mənzillərdən istifadəyə cavabdehə əsassız hüququ tanımışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 10 saylı evin 20 b saylı mənzili 1/12 hissədə Cavabdeh, 11/12 hissədə İddiaçı adına 08.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 10, mənzil 20 (yeni qaydalarla - Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 20, M1, m3) 1/6 hissədə Cavabdeh, 5/6 hissədə İddiaçı adına 09.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2018-ci il tarixli, 8135 nömrəli rəyinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20B saylı mənzillər üzrə tikililərin hazırki vəziyyətdə planlı yerləşməsinin, ölçülərinin, ümumi sahəsinin texniki pasport göstəricilərinə uyğun olduğu, lakin 20 saylı mənzildə 1 saylı tikilinin həyətə tərəf divarında pəncərə boşluğu açıldığı və 3 saylı tikilidən küçə tərəfə olan pəncərənin yerində giriş-çıxış qapısı açıldığı, eyni zamanda 20B saylı mənzilin 5 saylı tikilisinə 4 saylı tikilidə açılan qapının faktiki olaraq bağlandığı və həmin tikiliyə küçə tərəfdən qapı açıldığı müəyyən olunmuşdur. Tədqiq olunan mənzillər üzrə Cavabdeh payı 1/6 və hissə təşkil etdiyini və bu paylara düşən sahənin (yəni hər iki mənzillər üzrə ümumi sahəsi ayrıayrılıqda 3,55 kv.metr, yaşayış sahəsi 2,45 və 1,55 kv.metr) “X7”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olmadığını nəzərə alaraq, həmin mənzillərin tərəflərin paylarına uyğun naturada bölünməsi real cəhətdən mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-721/2018 saylı, 15.10.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakdan tərəflərin payına düşən hissəni müəyyən etməklə qiymətləndirilməsi və həmin əmlakın satışa çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli, 2(103)-314/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(009)-721/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.07.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 314/2019 nömrəli iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, İddiaçı (VÖEN **********) məxsus olduğu müəyyən edilmişdir. Bununla bağlı İddiaçı (VÖEN **********) ünvanlı xidmət göstərilərək qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırma və maarifləndirmə işləri aparılmış, qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr və məsuliyyət tədbirləri barədə ona geniş izahat verilmiş, nəticəsi “ünvanlı xidmətin göstərilməsi barədə” 05.12.2017-ci il tarixli, ********* nömrəli protokolla rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna verilmiş 17.10.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 10, 20b saylı mənzil Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-26 saylı, 12.02.2001-ci il tarixli qətnaməsinə və 2 saylı Bakı “Asan xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26.08.2017-ci il tarixli, 4Ə1727 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh (1/12 hissə) və İddiaçı (11/12 hissə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 10, 20 saylı mənzil Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-26 saylı 12.02.2001-ci il tarixli qətnaməsinə və 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26.08.2017-ci il tarixli 4Ə-1726 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh (1/6 hissə) və İddiaçı (5/6 hissə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan X2 03.12.2019-cu il tarixli, 77 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 10 saylı evin birinci mərtəbəsindəki ümumi sahəsi 42,5 m2 olan mənzilin 1 kv.m-nin orta bazar qiyməti ilə təqribi dəyəri 4143,0 manat, ümumi təqribi dəyəri işə 176078 manat məbləğində müəyyən edilir. İş materiallarında olan X2 03.12.2019-cu il tarixli, 78 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 10 saylı evin birinci mərtəbəsində ümumi sahəsi 21,3 kv.m olan mənzilin (qeyri-yaşayış sahəsi) 1 kv.m-nin orta bazar qiyməti ilə təqribi dəyəri 4566 manat, ümumi təqribi dəyəri isə 97256 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(009)-85/2020 saylı qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC-nin ünvan 3 ünvanında 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqlı, 20 nömrəli mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə 125/Mİ/21 saylı, 12.04.2021-ci il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 88.000 (səksən səkkiz min) manat, likvid dəyəri 83.000 (səksən üç min) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(009)-85/2020 saylı qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC-nin ünvan 3 ünvanında 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 20 b nömrəli mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə 126/Mİ/21 saylı, 12.04.2021-ci il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 115.000 (yüz on beş min) manat, likvid dəyəri 109.000 (yüz doqquz min) manat məbləğində müəyyən olunmuşdur. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd, qarşılıqlı iddia tələbini isə təmin etməkdə haqlı olmuşdur. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 10 saylı evin 20 b saylı mənzili 1/12 hissədə Cavabdeh, 11/12 hissədə İddiaçı adına, həmin evin 20 saylı mənzilində (yeni qaydalarla - Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 20, M1, m3) 1/6 hissədə Cavabdeh, 5/6 hissədə İddiaçı adına müvafiq olaraq 08.09.2017 və 09.09.2017-ci il tarixlərdə qeydiyyata alınmışdır. Hazırda tərəflər ilk iddiaçı cavabdehin ögey anası olmaqla qohumluq münasibətlərindədirlər və mübahisəli mənzillərdə paylı mülkiyyətçilərdirlər. 2018-ci ildə İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsində eyni cavabdehə qarşı «həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrıayrılıqda qiymətləndirilməsi və həmin əmlakların satışa çıxarılması» tələbi üzrə Səbail Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(009)- 721/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilərək keçirilmiş 23.07.2018-ci il tarixli, 8135 saylı ekspert rəyinə əsasən mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə görə tərəflərin paylı mülkiyyətində olan mənzillərin naturada bölgüsünün aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən isə mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyldirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04.04.2014-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3 və 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqa tətbiq edilməsinin vacibliyi vurğulanmışdır. Konstitusiya Məhkəməsinin Qərarında daha sonra göstərilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. İşin materiallarından görünür ki, ilk iddia üzrə cavabdeh onun mübahisəli mənzillərdə olan mülkiyyət payına görə təklif edilən kompensasiya məbləği ilə razılaşmamışdır. Razılığın verilməməsi əsası kimi, onun mülkiyyət paylarının heç də cüzi olmamasına, qaldırılan iddianın onun mülkiyyət hüquqlarına xələl gətirməsinə, mübahisəli vəziyyəti nəzərə aldıqda isə təklif edilən məbləğin başqa yaşayış sahəsi alması üçün çox az olmasına istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf Cavabdeh mübahisəli mənzillərdə istifadəsində mühüm mənafeyinin olmaması ilə bağlı hər hansı sübut təqdim etməmiş, həmçinin iş materialları ilə həmin hal öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hər iki mübahisəli mənzildə ümumilikdə 7,05 kv/m sahəyə malik olan cavabdehin payının cüzi hesab olunmadığına, ilk iddiaçı cavabdehin ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmamasına dair məhkəməyə tutarlı və mötəbər sübutlar təqdim edə bilmədiyinə, eləcə də ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinə münasibətdə də düzgün nəticəyə gəlmişdir. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında paylı mülkiyyətçiləri olduqları mübahisəli mənzillə bağlı uzun sürən mübahisələri mövcuddur və İddiaçı Mülki Məcəlləsinin 220-ci maddəsinin müddəalarına əsasən dəfələrlə Cavabdeh mülkiyyət payı ilə bağlı müxtəlif iddialar qaldıraraq ondan mülkiyyət payını ayırmağa, hazırda isə ümumiyyətlə onun həmin mülkiyyət hüququna xitam verilməsini istəmişdir. İşin bu halları İddiaçı Cavabdeh mülkiyyət paylarından istifadəsinə yaradılmış maneələrin olmasına dəlalət edir ki, bu hallar da qanunsuz olmuşdur. İşin faktiki hallarından göründüyü kimi qarşılıqlı iddiaçı mübahisəli mənzillərin paylı mülkiyyətçisi olduğundan və mülkiyyət hüququnun tərkibinə əşyadan istifadə hüququnun da daxil olmasını (Mülki Məcəlləsinin 152.1-ci maddəsi) nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20 b saylı mənzillərinə köçürülməli və İddiaçı tərəfindən həmin mənzillərdən Cavabdeh istifadəsinə yaradılmış maneələr qanunsuz hesab edilməli, həmin mənzillərin (blok və həyət) açarları (və ya surətləri) İddiaçı tərəfindən Cavabdeh təqdim edilməklə qarşılıqlı iddia qismən təmin edilməlidir. Bundan başqa qarşılıqlı iddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzilinin cavabdeh İddiaçı Anatolevna tərəfindən icarəyə verilməsi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli mənzilin pay hüququ üzrə həmçinin Cavabdeh məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçı Tamara Rabəyova qanunu tələbləri baxımından Cavabdeh mübahisəli mənzilə dair mühüm mənafeyinin olmamasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd, qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-29/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar