Məhkəmə qərarları › İş №2(103)-8319/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8319/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8319/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(001)-2765/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci tarixli 2(001)- 2765/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" ASC şikayət vermiş, şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə, habelə dövlət rüsumu ödənilmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(001)- 2765/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsinə X1 şəxs olmasını təsdiq etmək üçün "xxxx" ASC-nin idarə heyətinin sədri N.M.Namazov tərəfindən imzalanmış 12.02.2020-ci il tarixli, S01/20 saylı sərəncam əlavə edilmiş və həmin sərəncamda Şəfahət Xudiyevə iddia ərizələri, etiraz, vəsatət, pretenziya qaydasında məktubların, dövlət orqanlarına və məhkəmələrə sorğuların, sorğuların cavablandırılması üzrə məktubların və İcbari Sığorta Bürosuna sorğuların imzalanması səlahiyyəti verilsə də, şikayətlərin imzalanması səlahiyyəti verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərdən görünür ki, şikayət Şəfahət Xudiyev tərəfindən imzalanmış, lakin onun həmin şikayəti imzalamağa səlahiyyətli olmasını təsdiq edə biləcək hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eyni zamanda şikayətə dövlət rüsumunun ödənilməsinə dair qəbz də əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.2-ci maddəsinə əsasən, iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ var. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(001)- 2765/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar