Məhkəmə qərarları › İş №2(103)-832/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-832/2024

12.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-832/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qonşuluq hüququ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, iddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızının iştirakı ilə, iddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızının Cavabdeh qarşı "maddia ziyanının ödənilməsi və s." dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1010/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin üzərində tikilmiş özbaşına tikililərin istifadəçiləridir. Bu tikililərə dair onların hər hansı hüquqmüəyyənedici sənədləri (dövlət reyestrindən çıxarış, order, texniki pasport, kirayə müqaviləsi, alqı-satqı, bağışlama və s.) mövcud deyildir.

2. Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 354 nömrəli, xx.xx.2024cü arayışdan görünür ki, X1, dalan 8, 27B nömrəli evdə qeydiyyatsız X8 ilə yaşayır.

3. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis mayoru Rza Nəzərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, materiallar hadisəni törətmiş şəxsin AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü sahə inspektoruna həvalə edilmişdir.

4. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin MN seriyalı ******* saylı qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən təqsirli bilinərək, 22 manat məbləğində cərimə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulan 20 manat maddi ziyanın cavabdehdən tutulmasına, ondan gizlin, icazə alınmadan mülkünə daxil olaraq çardağını əzərək ərazisinə quraşdırdığı sputnik antenasının, onun öz sütununu beş daş, cavabdehin sütununa bərabər hüdürlükdə artıra bilməsi üçün çıxarılmasına, dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə qonşusu Cavabdeh anası Ülkər adlı şəxs onun iki daşdan hörülmüş hasarını bir aydan sonra çəkiclə vurub sökdüyündən iddiaçı DİN-nin 102 xidmətinə məlumat vermiş və onun barəsində cərimə tətbiq olunmuşdur. Cavabdeh tərəf hasarı dağıtmasının səbəbi kimi ürəyinin belə istəməsini, iki daşla onların havasının kəsilməsini, həyətin qaranlıq olmasını demişdir. Lakin, o, onların yarım qoyduqları işi tamamlamışdır. Aparılmış video çəkilişdən də görünür ki, dörd daş onlar tərəfindən yarımçıq hörülmüşdür. O, kərpiclə tikilini tamamlayıb həyətinə çox hündür olmayan çardaq tikmək istəmişdir. Tikinti işləri zamanı cavabdeh etirazını bildirmiş, daha sonra tikilən iki daşı onların evi tərəfdən təmir olunmasını tələb etmiş, o, bu işləri öz vəsaiti hesabına aparmışdır ki, problem olmasın. xx.xx.2022-ci il tarixdə cavabdeh çardaqdan üzü hasara istiqamətə 1,5 metr ölçüdə şiferlə açıq sahəni bağlamış, halbuki iki daşa görə evi qaranlıq olur, havası kəsilirdi deyirdi. Yəni, o, evi təmir edərkən qonşusu onu səbəbsiz incitmiş, həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Sökülmüş hasarın yenidən bərpasının xərcini özü çəkmiş, cavabdeh sadəcə cəriməni dövlətə ödəmişdir. Hasar tək daşla onun sütunu ilə davam etməsinə baxmayaraq cavabdeh hasarı mənimsəmiş, çardağın dəmirlərinin 1 sm belə həyətinə keçməsinə icazə verməyəcəyini demişdir. İcra, bələdiyyə nümayəndəliyi baxaraq ona heç bir qeyri-qanuni tikinti olmadığını demişlər. xx.xx.2022-ci il tarixdə qonşusu 10 ildir onun həyətində olan sputnik antenasının xarab olduğunu və onu düzəltmək üçün həyətə ustanın girməsinin vacib olduğunu bildirmişdir. Videodan da görünür ki, antena cavabdehin evinə bitişik, lakin onun həyətinə düşür. O, antenaya görə öz çardağını çox qısa tikdirməli olmuşdur. O, ustanın həyətə girməsinə bir şərtlə razılaşmışdır ki, cavabdeh antenanın yerini dəyişdirsin, çünki onlar artıq münaqişəli qonşu olmuşlar. Lakin usta antenanı çıxarıb ondan icazəsiz onu çardağına çıxaraq bayırdan cavabdehin sütunlarına birləşdirmiş, o isə etirazını bildirmişdir. Onun ərazisinə icazəsiz daxil olan usta onun çardağını əzib ona maddi ziyan vura bilərdi. İcazəsi olmadığı üçün 102 xidmətinin sayəsində antena onun ərazisinə vurulmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə onun işdə olmasından istifadə edərək cavabdeh qanunsuz onun ərazisinə daxil olmuş, sputnik antenanı ora yerləşdirmişdir. Onun 2 azyaşlı uşaqları axşam saat 18-00-19-00 radələrində çardaqda gəzən adam görüb qorxaraq ona zəng vurmuş, o, iş saatını bitirərək 102-yə müraciət etmişdir. Polis işçiləri qanunsuz vurulan antenanı çıxartmaq üçün icazələrinin olmadığını bildirib məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Şəkildə göründüyü kimi boz sütun onun, sarı sütun isə qonşunundur. Lakin iki sütununda ona aid olduğu bildirlir. O, öz sütununu hörərək artırıb ora öz sputnik antenasını və kamera yerləşdirmək istəyir. Onun üçündə qonşunun antenası həyətindən, çardağının üstündən məhkəmənin verdiyi qərarla götürülməli, o, öz antenasını istənilən istiqamətdə öz binasının sol və sağ tərəfinə yerləşdirə bilər, yetərincə əlverişli şəraiti vardır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2354 saylı xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, baxış zamanı Cavabdeh tərəfindən ünvan 1 ünvanında antena quraşdırdığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında quraşdırılmış antenanın İddiaçı maneə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid deyildir. Cavabdeh tərəfindən quraşdırılmış antenanın cavabdehin faktiki istifadəsində olan divara bərkidildiyi müəyyən olunsa da, antenanın çıxıntısının fəzadan iddiaçının faktiki istifadəsində olan sahəyə tərəf keçdiyi müəyyən olunmuşdur.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(00)-1010/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 20 manat maddi ziyan vurulmasını, cavabdehin quraşdırdığı antenanın ona maneələr yaratmasını iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, yaşadığı evə dair hüquq müəyyənedici sənədi olmayan iddiaçı vurulmuş maddi ziyanla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə cavabdeh tərəfindən quraşdırılmış antenanın cavabdehin faktiki istifadəsində olan öz divarına bərkidildiyi, antenının çıxıntısının fəzadan iddiaçının faktiki istifadəsində olan sahəyə tərəf keçdiyi müəyyən olunmuşdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 171.1, 171.2, 171.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(00)-1010/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsindən narazı qalan iddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı olaraq onun pozulmuş hüququnu və qanuni mənafeyini müdafiə etmək əvəzinə, nədənsə məhkəmə iclasına gəlməyi belə özünə rəva görməyən cavabdehin mənafeyini müdafiə etmişdir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə əslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi gösətilrə bilər. Bu iş üzrə məhkəmənin çıxardığı qətnamədə hər hansı əsaslandırma yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızı apellyasiya şikayətini müafiə etdiyini bildirərək, təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, həmin evdə cavabdeh anası ilə birgə yaşayır. O, bir il ərzində torpaq vergisi ödəmişdir. Cavabdeh yoldaşından ayrıldıqdan sonra anasının yanına gəlmişdir. 15.İştirak etdiyi məhkəmə iclasında iddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızının nümayəndəsi vəkili Vəkil həmçinin bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə cavabdeh tərəfindən quraşdırılmış antenanın cavabdehin faktiki istifadəsində olan öz divarına bərkidildiyini və antenanın çıxıntısının fəzadan iddiaçının faktiki istifadəsində olan sahəyə tərəf keçdiyinin müəyyən olunduğunu göstərmişdir. Halbuki, iş materiallarından görünür ki, cavabdehin anası Hümbətova Ülkər tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçının hasarının çəkiclə vurulub söküldüyünə görə DİN-nin 102 xidmətinə məlumat verilmiş və həmin faktla bağlı müvafiq araşdırma aparılmış və nəticədə Ülkər Hümbətova inzibati cəza tədbirinə məruz qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə ilə işin bütün faktiki halları araşdırılmamışdır. Onlar antenanın çıxarılmasını xahiş edir. İddiaçı divarının hündürlüyünü artıraraq üstünü bağlamaq istəyir, hazırda bu mümkün deyildir, çünki həmin antena buna maneə törədir. Cavabdehin öz divarının hər üç tərəfi boşdur, antena çıxarılaraq digər hissələrə quraşdırıla bilər. 20 manat məbləğində zərərin vurulması cinayət işi başlama barədə rədd qərarında qeyd edilmişdir. Həmin qərar qüvvədədir. Protokol İXMnin 232-1-ci maddəsi ilə tərtib olunmuşdur. Kommunal ödənişlər hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən ödənilir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində həmin evin və antenanın onlara məxsus olmadığını mübahisələndirməmişdir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızı tərəfindən qətnamədən apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 23.157.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 24.157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 25.180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 26.180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 27.170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 28.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin

29.3.0.33-cü maddəsinə əsasən yaxın qonşular – tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləridir. 30.71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 31.72-ci maddəsinə əsasən, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir.

32. 73.3-ci maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

33.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən təmin edilməlidir. 36.Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. 37.İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 38.İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin üzərində tikilmiş özbaşına tikililərin istifadəçiləridir. Bu tikililərə dair onların hər hansı hüquqmüəyyənedici sənədləri (dövlət reyestrindən çıxarış, order, texniki pasport, kirayə müqaviləsi, alqı-satqı, bağışlama və s.) mövcud deyildir. Tikililərin hüquqi rejiminə görə özbaşına tikinti olmasına baxmayaraq, hər iki tərəf mülkiyyətçi olmasa da, oların əşya üzərində iradəvi şəkildə hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlaması mümkündür. 39.Belə olan halda, mübahisə predmeti olan qurğunun (antenanın) sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır. 40.Beləliklə, məhkəməyə iddia ərizəsi ilə müraciət edən şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır. Beləliklə iddiaçının “maraqlı şəxs” sayılması üçün mübahisələndirilən qurğunun yaşadığı həyətə quraşdırılmasının onun hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması ilə nəticələnib-nəticələnmədiyi müəyyən edilməlidir. 41.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşadığı evin divarına bərkidildiyi, antenının çıxıntısının fəzadan iddiaçının faktiki istifadəsində olan sahəyə tərəf keçdiyi işin müəyyən edilmiş halıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2354 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında antena quraşdırılmışdır. Quraşdırılmış antenanın İddiaçı maneə yaradıb-yaratmamasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Cavabdeh tərəfindən quraşdırılmış antenanın cavabdehin faktiki istifadəsində olan divara bərkidildiyi müəyyən olunsa da, antenanın çıxıntısının fəzadan iddiaçının faktiki istifadəsində olan sahəyə tərəf keçdiyi müəyyən olunmuşdur.

42. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə cavabdeh tərəfindən quraşdırılmış antenanın cavabdehin faktiki istifadəsində olan məhz öz divarına bərkidildiyi, antenının çıxıntısının yalnız fəzadan iddiaçının faktiki istifadəsində olan sahəyə tərəf keçdiyi müəyyən olunmuşdur. Kollegiya məhkəmənin istinad olunan rəyin iddianın rədd edilməsi üçün kifayətedici əsas olması barədə mövqeyi ilə razılaşmır.

43. Belə ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sahibliyin mahiyyəti və müdafiəsinə dair mülki hüquq qaydaları ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

44. Hər hansı hüququn məhdudlaşdırılması isə qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir. Məhdudlaşdırma üçün əsaslardan biri də qonşuluq hüququ çərçivəsində başqa şəxslərə (o cümlədən onların əmlak hüquqlarına) maneçilik və qeyri-hüquqi hərəkətlərlə təhlükənin yaradılmasıdır. Başqa sözlə, bu hallarda şəxsin hüququ məhdudlaşdırıla, ona müvafiq hərəkətlərin edilməsi qadağan oluna bilər.

45. Hazırkı işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddiaçının tələblərin söykəndiyi faktiki hallarla yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri arasında uyğunluğu (uyğunsuzluğu) lazımi şəkildə yoxlamamış, bu istiqamətdə bir hüquqi dəyərləndirmə aparmamışdır.

46. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2354 saylı rəyində Cavabdeh tərəfindən ünvan 2 ünvanında quraşdırılmış antenanın İddiaçı maneə yaradıb-yaratmamsının müəyyən olunması mümkün olmaması qeyd olunsa da iş materiallarında olan Binəqədi RPİ-nin 43cü PB-nin təhqiqatçısı polis mayoru Rza Nəzərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdehin anası iddiaçıya aid hasarın iki sıra yarımlıq hissəsini kərpic vasitəsilə sökmüşdür. Bununla bağlı, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə təqsirli bilinmiş, barəsində müvafiq qaydada protokol tərtib edilmişdir. Daha sonra divarın yenidən tikintisinin qarşısını almaq məqsədilə cavabdeh mübahisəli divara antena quraşdırmışdır. Bununla da, divarın yenidən tikintisinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada deyil, qanunsuz şəkildə maneçilik törətmişdir. İş materiallarında olan şəkillərə əsasən həmçinin qeyd edilməlidir ki, cavabdehin antenanın quraşdırılması üçün başqa əlverişli həll yolları mövcuddur (damın üstü, evin digər divarları və s.), o, çıxıntısının qonşunun-iddiaçının faktiki istifadəsində olan sahəyə tərəf fəzadan keçməsi üçün sonuncudan icazə almamışdır. Halbuki, divarın həmin hissəsi ortaq divar sayılır.

47. Belə ki, divar sərhəddə (iki qonşunun) inşa edilirsə və eyni zamanda onun üzərində tikinti işləri aparılırsa, deməli həmin divar qonşular arasındakı divar yanaşı olmaqla həm də ortaq divardır. Yanaşı divar o, halda ola bilərdi ki, cavabdeh qonşunun sərhəddindəki divardan qanunla müəyyən edilmiş məsafəni saxlamaqla başqa divar inşa etmiş olardı. Hətta, yanaşı divar olsaydı belə, həmin yanaşı divarlar arasında tikinti işləri aparılsaydı yuxarıda qeyd edilmiş maddənin dispozisiya şərtinə uyğun olaraq divarın həmin hissəsinin ortaq divar sayılardı.

48. Nəzərə almaq lazımdır ki, ortaq divarın hüquqi rejimi yanaşı divarın hüquqi rejimindən daha ciddi hüquqi nəticəyə səbəb olur. Çünki bu divar yanaşı divar kimi qonşu divarından kənarda yerləşmir, qonşu torpaqları ayırdığı üçün qonşuluq hüququnun tətbiqinə əsas verir. Tərəflər arasında yanaşı divar olmadığından və mübahisəsi gedən divar ortaq divar sayıldığından mübahisəyə qonşuluq hüququnu nizama salan maddi hüquq normaları tətbiq edilməlidir.

49. Qonşuluq hüququ da ortaq divarda istənilən dəyişikliyin icazəsiz aparılmasını heç bir halda qəbul etmir. Qonşuluq hüququ daşınmaz əmlakın sahibinin (faktiki) öz sahəsindən istifadə etməsində ona maneçilik yaratmayan, hüququnu əhəmiyyətsiz dərəcədə pozan, hədsiz olmayan təsirlərdən dözülməsini özündə ehtiva edir. Bu halda da əmlakdan istifadəyə maneə olmamalıdır. Çünki ortaq divarın zəbt edilməsi divarın digər sahibinin ondan istifadə etməsinə maneçilik törədir, dözümlülük anlayışından kənara çıxaraq hüquqlarını məhdudlaşdırır. Belə maneçiliyin əhəmiyyətli olması aşkardır.

50. Nəzərə almaq lazımdır ki, mövcud qanunvericilik (mülki qanunvericilik, şəhərsalma və tikinti qanunvericiliyi) qonşuluq hüququnun qorunması mövqeyindən və eləcə də şəhərsalma mövqeyindən çıxış edərək yanaşı divar üzərində tikinti aparılmasını verilməli olan icazə ilə məhdudlaşdırır. Çünki belə tikililər birbaşa qonşunun hüquqlarını pozmaqla şəhərsalma qaydalarına ziddir. Təsadüfi deyil ki, qanunvericilik qonşu tikililər arasında ara məsafəsinin qoyulmasını birmənalı olaraq tənzimləyir. Belə ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Hazırkı halda da iki divar arasında ara məsafəsinin saxlanması aşkar edilməmişdir.

51. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

52. Sui-istifadə edilən hüquqa söykənən tələblər və ya etirazlar isə müdafiə oluna bilməz. Belə ki, Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Cavabdehin qeyd edilən bu hərəkəti iddiaçının müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyəni sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

53. Qeyd edilməlidir ki, məhkəmə müdafiəsinin məqsədi pozulmuş və ya mübahisəli hüquqların bərpasından ibarətdir, halbuki məhkəmədə belə bir hüququn müdafiəsi həm pozulmuş hüququn mütənasibliyini, həm də onun müdafiəsi metodunu, habelə bütün tərəflərin maraqlarının balansını təmin etməlidir.

54. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən antena quraşdırıldığı yerdən sökülməlidir.

55. İddianın “maddi zərərin ödənilməsi”nə dair hissəsinin hüquqi əsasını isə Mülki Məcəllənin 21.1, 1096.1 və 1097.1-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.

56. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olmasının araşdırılmasından ibarətdir.

57. Belə ki, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün əməlin təqsirli olaraq törədilməsi halının müəyyən edilməsi vacibdir. Belə ki, təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir.

58. İşdə olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis mayoru Rza Nəzərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, materiallar, hadisəni törətmiş X5 AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü sahə inspektoruna göndərilmişdir. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin MN seriyalı ******* saylı qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən təqsirli bilinərək, 22 manat məbləğində cərimə edilmişdir.

59. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, barəsində protokol tərtib edilmiş X8 iddiaçıya dəymiş zərər üzrə qeyri-qanuni hərəkətləri şəxsi xarakter daşıyır, bununla da onun təqsirli qeyri-qanuni hərəkətlərə yol verməsi nəticəsində dəymiş zərər üzrə yaranmış mülki hüquq məsuliyyətinə cavabdehin cəlb edilməsi qanuna ziddir.

60. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1010/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsi qismən (sputnik antenasının çıxarılması hissəsində) ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh faktiki istifadəsində olan divara bərkidilmiş və çıxıntısı fəzadan Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızının faktiki istifadəsində olan sahəyə keçmiş antena çıxarılsın. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manatın 50 manatı məbləğində pul Cavabdeh alınaraq iddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 50 manatın 25 manatı Cavabdeh qızından, 25 manatı cavabdeh Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızına qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar