Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8329/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (“DMV Traders LLC” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(009)-546/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (“DMV Traders LLC” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 1748 ABŞ dolları pul, 1000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(009)-546/2021 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) cavabdehdən iddiaçının xeyrinə 1748 ABŞ dolları pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumunun əvəzi kimi 20 manatın tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, məhkəmə iclasında verdiyi izahatında, iddiaçı isə məhkəməyə ünvanladığı ərizədə mübahisənin həlli ilə bağlı aralarında razılıq əldə olunduğunu bildirərək, barışıq sazişinin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını, iddiaçının 12.10.2021-ci il tarixli ərizəsini və barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 12 oktyabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;
1. İddiaçı ilə Cavabdeh ASC aralarında aparılmış danışıqlardan sonra xoş məram və niyyətlərini ifadə edərək razılaşırlar ki, maddi zərərə görə ödənilməli olan məbləğ 800 (səkkiz yüz) ABŞ dolları məbləğində müəyyən edilir.
2. Bu Razılaşmanın 1-ci bəndində qeyd edilən məbləğ ödənildikdən sonra hər hansı mübahisələr üçün heç bir tərəf digərinə qarşı hər hansı bir iddia və tələb irəli sürməyəcək.
3. Bu Razılaşmanın şərtlərinin pozulması, icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı mübahisələr qarşılıqlı danışıqlar yolu ilə həll edilir.
4. Bu Razılaşmanın icrasında yaranan mübahisələr tərəflər arasında qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilə bilmədikdə və bu baş tutmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir.
5. Bu Razılaşma hər iki tərəfdən imzalandığı gündən qüvvəyə minir və razılaşma üzrə öhdəliklər tam həyata keçirilənə qədər qüvvədə qalır.
6. Cavabdeh bu razılaşma məhkəmə qərardadı ilə təsdiq edildiyi andan 1 (bir) ay ərzində 800 (səkkiz yüz) ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi ilə bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesinin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən, Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh ASC-yə qarşı (“DMV Traders LLC” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:
1. İddiaçı ilə Cavabdeh ASC aralarında aparılmış danışıqlardan sonra xoş məram və niyyətlərini ifadə edərək razılaşırlar ki, maddi zərərə görə ödənilməli olan məbləğ 800 (səkkiz yüz) ABŞ dolları məbləğində müəyyən edilir.
2. Bu Razılaşmanın 1-ci bəndində qeyd edilən məbləğ ödənildikdən sonra hər hansı mübahisələr üçün heç bir tərəf digərinə qarşı hər hansı bir iddia və tələb irəli sürməyəcək.
3. Bu Razılaşmanın şərtlərinin pozulması, icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı mübahisələr qarşılıqlı danışıqlar yolu ilə həll edilir.
4. Bu Razılaşmanın icrasında yaranan mübahisələr tərəflər arasında qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilə bilmədikdə və bu baş tutmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcəkdir.
5. Bu Razılaşma hər iki tərəfdən imzalandığı gündən qüvvəyə minir və razılaşma üzrə öhdəliklər tam həyata keçirilənə qədər qüvvədə qalır.
6. Cavabdeh bu razılaşma məhkəmə qərardadı ilə təsdiq edildiyi andan 1 (bir) ay ərzində 800 (səkkiz yüz) ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(009)-546/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.