Məhkəmə qərarları › İş №2(103)-8331/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8331/2020

26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8331/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 4640/2019 nömrəli qətnaməsindən Cavabdeh2 MMC-nin direktoru X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC-dən və X1 müştərək qaydada onun avtomobilinə dəymiş ziyana görə 7.708 manat pulun, “xxxx” MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə saat 15.10 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan, hüquqi şəxs “xxxx” MMC-yə məxsus olan “Daewoo 090” markalı, **-JR-*** dövlət nömrə nişanlı 108 A marşurut xəttində işləyən avtobusla Binəqədi rayonu, Binəqədi yolundan Mehdiabad istiqamətində işıqforun dayandur işarəsinə məhəl qoymayaraq hərəkət edərkən “Yol hərəkəti haqqında” qanunun 36.1.3 və həmin qanunun 50.2.1-ci maddəsinin tələblərini pozmuşdur. Beləki, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu qaydalara əməl etməyərək, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olsada ala bilməmiş, onunidarə etdiyi “Toyota Prado” markalı, **-TL- ***qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşmuşdur. Ehtiyatsızlıqdan baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona 7.708 manat məbləğində zərər vurulmuşdur.Baş vermiş yol nəqliyyat hadisəsi faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Cavabdeh1 barəsində inzibati iş başlanmış və o, iş üzrə zərəçəkmiş şəxs kimi tanınmışdır. Cavabdeh hüquqi şəxs “xxxx” MMC öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən açıq-aşkar boyun qaçıraraq sığortası və pulu olmadığını, bir manat da ödəməyəcəyini bildirmişdir. Nəticədə avtomobil qəzası nəticəsində ona dəymiş maddi zərər ödənilməməklə ona maddi zərər vurulmasına səbəb olmuşdur. Onun avtomobilinə dəymiş zərərlə bağlı “xxxx MMC” (VÖEN **********) xidmət mərkəzindən verilmiş xx.xx.2019-cu il tarixli Qüsur aktına əsasən avtomobilə 7.708 manat məbləğində zərərin vurulduğu müəyyən edilmişdir.Bundan başqa “xxxx MMC”-dən qiymət aktını almaq üçün 100 manat əlavə pul ödəmişdir. Bundan sonra, İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, mülki iş üzrə məhkəmə araşdırması aparılarkən Cavabdeh1 “xxxx” MMC-də deyil, Cavabdeh2 MMC-də işlədiyi müəyyən olmuşdur. Bu səbəbdən cavabdeh “xxxx” MMC-nin əsl Cavabdeh2 MMC ilə əvəz olunmasını, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada avtomobilinə dəymiş ziyana görə 7.708 manat pulun və “xxxx” MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, onun razılığı ilə cavabdeh “xxxx” MMC-ni əsl Cavabdeh2 MMC ilə əvəz etmiş, eyni zamanda öz təşəbbüsü ilə “xxxx” MMC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 4640/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi 5.492 (beş min dörd yüz doxsan iki) manat, ödənilmiş xidmət haqqı qismində 70 (yetmiş) manat, cəmi 5.562 (beş min beş yüz altmış iki) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh ”xxxx” MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manat hissəsi İddiaçı, 100 (bir yüz) manat hissəsi cavabdeh “xxxx” MMC-dən tutularaq dövlət gəlirlərinə alınması qət olunmuşdur. Qətnamədən Cavabdeh2 MMC-nin direktoru X3 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4640/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnaməsində göstərmişdir ki, güya tərəflərin iddia tələblərinə qarşı münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki işin materiallarından göründüyü kimi iş baxan məhkəmə iş üzrə səhv nəticəyə gələrək, qanunun tətbiqində səhv buraxmış, əsassız olaraq düzgün olmayan nəticəyə gəlmişdir (qanunu səhv təfsir etmiş, düzgün olmayan qətnamə qəbul etməsinə səbəb olmuşdur). İşə baxan məhkəmə heç bir əsas olmadan qətnaməsində göstərmişdir ki, cavabdehlərə (Cavabdeh2 MMC-yə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər kimi göstərərək mülki işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı qeyd edir ki, məhkəmənin mübahisə edilən qətnaməsindən görünür ki, işə baxan məhkəmə Cavabdeh2 MMC-nin iş üzrə cavabdeh olmasına baxmayaraq Cavabdeh2 MMC-nin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişlərini poçt vasitəsi ilə ünvanına göndərməmiş, məhkəmədə nümayəndəsinin iştirakını təmiş etməmişdir. Bununlada işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-nin 134, 135-ci maddəsinin tələblərin kobud şəkildə pozmaqla məhkəmədə ”Cavabdeh2” MMC-nin nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh2 MMC-ni sübutları təqdim etmək hüququndan məhrum etmişdir. Mülki işdə məhkəmə bildirişinin Cavabdeh2 MMC-yə təqdim edilməsi barədə heç bir sübut yoxdur. Bundan başqa onu da qeyd edir ki, işə baxan məhkəmə qətnaməsinin əsaslandırma hissəsində göstərmişdir ki, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində yol vərəqəsi əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı istifadə və sahibliyində olan nəqliyyat vasitəsinə zərər vurmuşdur. Bunun nəticəsində iddiaçının avtomobili zədələnmişdir. Bununla belə, Cavabdeh1 “Cavabdeh2" MMC-nin işçisi olduğundan və onun tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməklə iddiaçının əmlakına öz əmək vəzifələrinin icrası zamanı zərər vurduğundan, onun tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məhz onun işə götürəni ”xxxx” MMC mülki hüquq məsuliyyəti daşımalı və işçisi Cavabdeh1 tərəfindən iddiaçının əmlakına dəymiş maddi ziyanın əvəzini tam həcmdə ödəməlidir. Bu da öz növbəsində zərər məbləğinin Cavabdeh1 tutulmasını qeyri-mümkün (hansı səbəbdən) edir kimi göstərərək, lakin eyni zamanda, “xxxx” MMC-nin zərər məbləği qismində iddiaçıya ödədiyi pulun əvəzini sonradan ondan tələb etmək hüququnu yaratmış olur. Məhkəmə, bununla bağlı vurğulayır ki, “xxxx” MMC ilə işçisi Cavabdeh1 arasında bağlanmış tam məsuliyyət haqqında müqavilədə “təqsiri üzündən üçüncü şəxslərə dəymiş ziyana görə işçinin tam maddi məsuliyyət daşıması” işçinin vəzifəsi kimi qeyd olunmuşdur. Lakin müqavilədə qeyd olunan bu bənd işəgötürənin məsuliyyətini aradan qaldıran hal kimi qiymətləndirilməməlidir. Belə ki, Mülki Məcəllədə birmənalı olaraq əmək vəzifəsinin icrası zamanı işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyət daşıdığı göstərilir. İşəgötürən isə işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə ödədiyi zərərin əvəzini sonradan işçidən tələb edə bilər. Müqavilədə olan bu müddəa da məhz bu mənanı daşıyır kimi iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, tədqiq olunmuş sübutlardanda görünür ki, dəymiş zərər birbaşa Cavabdeh1 təqsirindən olması sübuta yetdiyindən, sonuncu Cavabdeh2 MMC-nin işçisi olduğundan, əmək vəzifələrinin icrası zamanı inzibati xəta törətdiyindən iddia tələbi (Cavabdeh1 deyil) Cavabdeh2 MMC-yə aid olan hissədə əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməklə vurulmuş zərərin Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə (Cavabdeh1 münasibətdə) təmin edilməməlidir kimi səhv nəticəyə gəlməsinin səbəblərini qətnamədə göstərməmişdir. Hətta mülki işin materiallarında Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olması barədə heç bir sübut yoxdur. İşə baxan məhkəmə hadisəni törətmiş və hər iki tərəfə (iddiaçıya və digər cavabdehə yəni Cavabdeh2 MMC-yə) ziyan vurmuş, iş üzrə əsl təqsirli olan Cavabdeh1 hansı səbəbdən ona qarşı iddianı əsassız saydığını və hansı səbəbdən ona münasibətdə iddianı təmin etmədiyini düzgün əsaslandırmamış, qətnaməsində göstərməmişdir. Heç bir əsas olmadan Cavabdeh1 münasibətdə təmin etməmiş və bu nəticəsini düzgün əsaslandırmamışdır ki, bu da kobud maddi və prosesual hüquq pozuntusudur. Mülki işə birinci instansiya məhkəməsində baxılan zaman, vurulmuş zərəri iddia ərizəsində cavabdeh kimi göstərilməyən, sonradan əsl cavabdeh kimi əvəz edilmiş eyni zamanda “Daewoo BS 090" markalı, ** JR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmayan Cavabdeh2 MMC-dən tutulmasını qət etmişdir. Lakin iddiaçı Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında tələb etmək hüququ verilməsinin əsaslarını (iddia ərizəsində) göstərilməmiş və heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə qanunun tələblərini nəzərə alaraq cavabdeh “Cavabdeh2" MMC-nin iş üzrə mülki hüquqi məsuliyyəti sübut olunmadığından tələbin ona yönəldiyi hissəsində iddia təmin etməməli olduğu halda iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusuna görə Cavabdeh2 MMC cavabdeh ola bilməzdi. İşə baxan məhkəmə əsassız olaraq hesab etmişdir ki, Cavabdeh1 vurduğu zərərə görə bütün məsuliyyətin ”Cavabdeh2" MMC-nin üzərinə qoyması ilə ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, apelyasiya şikayətinə dair ünvanladığı etirazını nəzərə alaraq, mülki işə iştirakı olmadan baxılmasını, apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.Belə ki, məhkəmə iclası barədə bildiriş “Cavabdeh2" MMC-nin (“xxxx” MMC) ünvanı olan Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi ev-108 ünvana göndərilmiş və (“xxxx” MMC) tərəfindən təhvil alınmışdır.İş materiallarında 82-ci səhifədə olan “Cavabdeh2" MMC-nin Etibarnaməsindən görünür ki, “Cavabdeh2" MMC-nin ünvanı Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi ev-108 ünvandır. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydalarının pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən AP ******* nömrəli protokolun və inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Aslanov X2 şossesindən Mehdiabad istiqamətinə işıqforun əlavə bölməsində “ox” işarəsi ilə istiqamətində hərəkət edərkən “Toyota Prado” markalı, **-TL-*** dövlət nömrə nişanlı maşınla toqquşmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktına əsasən “Toyota Prado” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7.708 manat məbləğində müəyyən edilmiş. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən “xxxx” MMC-yə 100 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx xxxx 2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən Cavabdeh1 sərnişindaşıma xidmətini həyata keçirmək üçün Cavabdeh2 MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmişdir. Onun aylıq əmək haqqısı 125 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17396 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən nəzəri hesablama yolu ilə işin materiallarında olan məlumatlara əsasən 2014-cü il buraxılışlı “Toyota Prado” minik markalı, **-TL-***dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5.492,0 manat müəyyən edilir. Ekspetiza tədqiqatın dəyəri 120 manat təşkil edir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 MMC ilə əmək münasibətlərində olmaqla, cəmiyyətin sürücüsü vəzifəsində işləyən Cavabdeh1 xx xxxxx 2019-cu il tarixdə saat 15.10 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Daewoo 090” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi “Daewoo 090” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu hərəkətdə olan “Toyota Prado” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Toyota Prado” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Həmin hadisənin “Daewoo 090” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü Cavabdeh1 tərəfindən törədildiyi sübuta yetmiş və bununla bağlı onun barəsində inzibati protokol tərtib edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “Toyota Prado” minik markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilə 7.708 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17396 saylı ekspert rəyinə əsasən “Toyota Prado” minik markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən günə təxminən 5.492,0 manat müəyyən edilmişdir. Ekspetiza tədqiqatın dəyəri 120 manat təşkil edir. Cavabdeh1 hadisənin onun tərəfindən törədildiyini etiraf edir, lakin tələb edilən məbləği şişirdilmiş hesab edir və reallıqda iddiaçının avtomobilinə bu məbləğdə ziyanın vurulmadığını bildirərək, iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində yol vərəqəsi əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı istifadə və sahibliyində olan nəqliyyat vasitəsinə zərər vurmuşdur. Bunun nəticəsində iddiaçının avtomobili zədələnmişdir. Bununla belə, Cavabdeh1 “xxxx” MMC-nin işçisi olduğundan və onun tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməklə iddiaçının əmlakına öz əmək vəzifələrinin icrası zamanı zərər vurduğundan, onun tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məhz onun işəgötürəni ”xxxx” MMC mülki hüquq məsuliyyəti daşımalı və işçisi Cavabdeh1 tərəfindən iddiaçının əmlakına dəymiş maddi ziyanın əvəzini tam həcmdə ödəməlidir. Bu da öz növbəsində zərər məbləğinin Cavabdeh1 tutulmasını qeyri-mümkün edir, lakin eyni zamanda, “xxxx” MMC-nin zərər məbləği qismində iddiaçıya ödədiyi pulun əvəzini sonradan ondan tələb etmək hüququnu yaratmış olur. Məhkəmə kollegiyası Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə əsaslanaraq qeyd edir ki, müqavilə öhdəliyinin lazımınca icra edilməsi üçün müqavilənin məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin və müqavilənin bütün şərtlərinin düzgün anlaşmasının böyük əhəmiyyəti var. Müqavilənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası, bununla bağlı vurğulayır ki, “xxxx” MMC ilə işçisi Cavabdeh1 arasında bağlanmış tam məsuliyyət haqqında müqavilədə “təqsiri üzündən üçüncü şəxslərə dəymiş ziyana görə işçinin tam maddi məsuliyyət daşıması” işçinin vəzifəsi kimi qeyd olunmuşdur. Lakin müqavilədə qeyd olunan bu bənd işəgötürənin məsuliyyətini aradan qaldıran hal kimi qiymətləndirilməməlidir. Belə ki, Mülki Məcəllədə birmənalı olaraq əmək vəzifəsinin icrası zamanı işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyət daşıdığı göstərilir. İşəgötürən isə işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə ödədiyi zərərin əvəzini sonradan işçidən tələb edə bilər. Müqavilədə olan bu müddəa da məhz bu mənanı daşıyır. Məhkəmə kollegiyası nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsaslanaraq “Toyota Prado” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanı 7.708 manat məbləğində qiymətləndirir və bu məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmə kollegiyası avtomobilə vurulmuş zərər qismində iddiaçı tərəfindən tələb edilən bu məbləğlə razılaşmır və Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarda) və avtoservis müəssisələrində mövcud olan qiymətlərdən, məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə etməklə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17396 saylı saylı rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, “Toyota Prado” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən məhz həmin rəydə göstərilmiş 5.492 manat məbləği əsas götürülməli və məhz bu məbləğ iddiaçının avtomobilinə vurulmuş maddi zərər qismində cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17396 saylı ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirildiyini, bu rəyin tərtib edilməsi zamanı “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktında olan məlumatların istifadə edildiyini, o cümlədən avtomobilin zədələnmiş hissələrinin məhz bu aktda əks olunduğunu nəzərə alıb, belə qənaətə gəlir ki, iddia tələbinin “xxxx” MMC-yə ödənilmiş 100 manat pulun tutulması” hissəsində qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə 70 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 4640/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar