Məhkəmə qərarları › İş №2(103)-8338/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8338/2021

27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8338/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-985/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 saylı notariat ofisinin 03 noyabr 2020-ci il tarixli, 8İ-7710 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-985/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 03.11.2020-ci il tarixli, 8İ-7710 saylı icra qeydi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirləri haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanının və həmin Fərmanın icrası məqsədilə hazırlanmış "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasına dair müvafiq tələblərini təmin etmək məqsədi ilə "xxxx" ASC ilə İddiaçı arasında 12.10.2019-cu il tarixində BF/79376/71 saylı "Güzəştli Kredit Müqaviləsi" (əsas kredit borcunun restrukturizasiyası üzrə) bağlanmışdır. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, Müqavilə 1 (bir) il güzəşt müddəti olmaqla, 5 (beş) il müddətinə bağlanmışdır. 12.10.2019-cu il tarixli BF/79376/71 saylı "Güzəştli Kredit Müqaviləsi" (əsas kredit borcunun restrukturizasiyası üzrə) üzrə öhdəliklər 5 (beş) il müddəti ərzində icra olunmalıdır. Həmin Müqavilə üzrə öhdəliklərin icra müddəti 12.10.2024-cü il tarixdə bitməcəyi halda, Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən icra qeydinin qəbul edilməsi əsassız hesab edir. Bu səbəbdən, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi V.Həsənova apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, müqavilə restrukturizasiya olunub, iddiaçı ilə beş il müddətinə müqavilə bağlanıb, lakin iddiaçı heç bir ödəniş etməyib, hesab edir ki, şikayət əsassızdır və təmin edilə bilməz. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız Bakı şəhəri 30 saylı notariat ofisi yazılı müraciət edərək, hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda hazırkı məsələnin həlini kollegiyanın mülahizəsinə buraxdığını qeyd etmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Əsas kredit borcunun restrukturizasiyası üzrə 12 oktyabr 2019-cu il tarixli, BF/79376/71 saylı güzəştli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən borclu İddiaçı restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1 (bir) % dərəcəsi ilə, 4934.11 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən borc alan krediti 12 oktyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. “İcra qeydinin aparılacağı barədə tələbkar "xxxx" ASC tərəfindən borclu İddiaçı göndərilmiş 12 oktyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borcluya 12 oktyabr 2019-cu il tarixli müqavilə ilə müəyyən edilmiş öhdəliyin 12 iyun 2020-ci il tarixdən etibarən lazımınca icra edilməməsi nəticəsində 12 oktyabr 2020-ci il tarixə 4927.29 manat əsas, 20.12 manat faiz borcunun ödənilməli olması bildirilmiş, borc 20 gün müddətinə ödənilmədiyi halda isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin qeyd olunan bildiriş SMS vasitəsilə də borcluya göndərilmişdir. Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən 03 noyabr 2020-ci il tarixdə verilmiş icra qeydindən görünür ki, Bakı şəhəri 30 saylı notariat kontoru "xxxx" ASC-nin xeyrinə İddiaçı BF/79376/71 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4950.14 manat tutulması təklif edilmişdir. Bundan əlavə,borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4970.14 manat pulun tutulması təklif edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Həmzəyevin 04 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 30 saylı notariat kontorunun 03 noyabr 2020-ci il tarixli icra qeydinə əsasən iş üzrə icraata başlanmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı mülki iş materiallarında olan əsas kredit borcunun restrukturizasiyası üzrə 12 oktyabr 2019-cu il tarixli, BF/79376/71 saylı güzəştli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən borclu İddiaçı restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1 (bir) % dərəcəsi ilə, 4934.11 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən borc alan krediti 12 oktyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi kredit müqaviləsi 12.10.2024-cü il tarixə qədər olan müddətə bağlanmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirləri haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanından sonra tərəflər arasında əsas kredit borcunun restrukturizasiyası üzrə 12 oktyabr 2019-cu il tarixli, BF/79376/71 saylı güzəştli kredit müqaviləsi bağlanıb ki, bunun da məqsədi problemli kreditlərlə bağlı maddi vəziyyəti çətin olan vədəndaşlara əlavə güzəştlərin edilməsi ilə bağlı olmuşdur. Hazırkı iddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, Məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat kontoru qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Məhkəmə Kollegiyası rayon məhkəməsinin həmin möqeyi ilə razılaşmır və bununla bağlı bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən borc alan krediti 12 oktyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, icra qeydi borcun mübahisəsiz olduğu halda mümkündür. Hazırkı müqavilə kredit müqaviləsi olduğundan, əsas borc və faizlərin hesablanması ilə bağlı borc məbləğinin mübahisəsiz olması təsdiq edilmir. Rayon məhkəməsi Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən fərmanı ilə güdülən məqsədləri də nəzərə almamışdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla da kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən borc alan krediti 12 oktyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürdüyündən, eyni zamanda borc məbləğinin mübahisəsiz olması təsdiq edilmədiyindən, həmin müqaviləyə əsasən verilmiş icra qeydi ləğv olunmalı və həmin müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ üçüncü şəxs "xxxx" ASC-yə izah olunmalıdır. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq nomaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-985/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Bakı şəhəri 30 saylı notariat ofisinin 03 noyabr 2020-ci il tarixli, 8İ-7710 saylı icra qeydi ləğv edilsin. Üçüncü şəxs "xxxx" ASC-yə tərəflər arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli, BF/79376/71 saylı güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar