Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8341/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5008/2022 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “fərdi yaşayış evinin elektriklə təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Suraxanı rayon, Hövsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin elektriklə təmin edilməsini "xxxx" ASC üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5008/2022 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbulundan imtina edilmiş, iddiaçıya izah edilmişdir ki, o, müvafiq tələblə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. İddiaçı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5008/2022 saylı iş üzrə 17 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin əsassız olduğundan təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, İddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavədə göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilən prosessual normaların dispozisiya şərtlərindən göründüyü kimi, məhkəmə aidiyyəti haqqında qərardaddan verilmiş şikayət baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytararkən iddiaçı tərəfindən məhkəmə aidiyyatı qaydalarının pozulmasına istinad etmiş, qərardadın nəticə hissəsində iddiaçıya izah edilmişdir ki, müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Nəticə etibarilə qərardad iddia ərizəsinin geri qaytarılması barədə tərtib olunsa da, mahiyyət etibarilə məhkəmə aidiyyətinin pozulmasına istinad edilmişdir. Bu səbəbdən həmin qərardaddan verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yox, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5008/2022 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5008/2022 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8341/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8341/2022
13.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver