Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8345/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X18 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5, Cavabdehin nümayəndəsi (vəkili) X4, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, e-2(003)-438/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 60000 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Sahil-D Kompani’ MMC və cavabdeh arasında bağlanmış 08.09.2012-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 73-cü mənzilinin ona təhvil verilməsi razılaşdırılmış və bunun qarşılığında tərəfindən cavabdehə 81200 manat ödənilmişdir. Bundan sonra, MMC və X6 ilə arasında bağlanmış 06.09.2013-cü il tarixli müqaviləyə əsasən, mənzilə dair pay hüququnu sonuncuya satmış, lakin MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, mənzili təhvil vermədiyindən, Leyla Tağıyeva MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin təhvil verilməsini xahiş etmiş, iddiası təmin edilməmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mənzil MMC tərəfindən hələ 01.09.2011-ci il tarixdə başqa bir müqavilənin icra edilməsi üçün "xxxx" KM-in direktoru olan M.Məmmədov adlı bir şəxsə verilmiş, lakin M.Məmmədov həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, mənzilə görə hər hansı ödəniş etməmiş, sonradan isə mənzili Elnur Yusifov adlı şəxsə, həmin şəxs cavabdehə, cavabdeh ona, o isə Leyla Tağıyevaya satmışdır. Yəni alıcılar tərəfindən ödənişlər MMC-yə deyil, əvvəlki alıcılara ödənilmişdir. Əslində isə, mənzil MMC tərəfindən 15.01.2007-ci il tarixdə Kemal Denizlili adlı şəxsə satılmış və hazırda da mənzildə o yaşayır. Buna görə də, məhkəmə tərəfindən 06.09.2013-cü il tarixli müqavilə formal olaraq, M.Məmmədov ilə MMC arasında bağlanmış əqdi pərdələmək niyyətilə, görünüş üçün bağlandığından etibarsız hesab edilmiş və həmin müqavilə əsasında Leyla Tağıyevanın MMC-yə qarşı irəli sürdüyü iddia təmin edilməmişdir. Bundan sonra, Leyla Tağıyeva ona qarşı iddia qaldıraraq, mənzil üçün ödədiyi məbləğin qaytarılmasını xahiş etmiş və iddiası təmin edilmiş və məhkəmə hesab etmişdir ki, 06.09.2013-cü il tarixli müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında Leyla Tağıyeva tərəfindən ona ödənilmiş məbləğ qaytarılmalıdır. Odur ki, məhkəmələrin yuxarıda qeyd olunan mövqeyi hazırkı münasibətlərə də tətbiq edilməli, yəni mənzilə görə MMC-yə hər hansı ödənişin edilmiş olmaması, M.Məmmədov ilə MMC arasında bağlanmış əqdi pərdələmək niyyəti ilə bağlanmış olması, onun tərəfindən cavabdehə mənzilin dəyəri ödənilsə də, qarşılığında mənzilə dair hər hansı hüquq əldə etməməsi nəzərə alınaraq, müqavilə etibarsız hesab edilməli və buna görə də, cavabdeh əsassız varlanmış şəxs hesab edilərək, müqaviləyə əsasən tərəfindən ona ödənilmiş məbləğ qaytarılmalıdır. Bakı şəhəri şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, e-2(003)- 438/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, iddiaçının ona qarşı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması, istinad etdiyi 08.09.2012-ci il tarixli müqavilənin MMC ilə onun arasında bağlanmaqla cavabdehin həmin müqavilənin iştirakçısı olmaması, təqdim etdiyi məhkəmə aktlarında isə mübahisəli mənzilin onun tərəfindən Leyla Tağıyevaya satılması və sonuncunun ona 60000 manat verməsi sübuta yetirilsə də, iddiaçının bu işdə sözügedən mənzilə dair müqavilənin faktiki olaraq cavabdehlə onun arasında bağlanmasını sübut edə bilməməsi, cavabdehin pay hüququndan imtina edərək, mənzili iddiaçıya yox, MMC-yə qaytarması və əvəzində 60000 manat deyil, 40000 manat alması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh mənzili aldıqdan sonra mənzilin yerləşdiyi bina problemli olduğuna və mənzilin tikintisi çox gec getdiyinə görə mənzili satmaq qərarına gəlmiş və bu niyyəti barədə MTK-ya bildirmişdir. Bundan sonra MTK-nın direktoru mənzilə müştəri tapdığını bildirərək, mənzildən imtina etməsini təklif etmiş, o da razılaşaraq imtina ərizəsi yazmış və əvəzində MTK-dan 40000 manat almışdır. İddiaçı ilə heç bir əlaqəsi olmamış, onlar bir-birini tanımamış (indiyə kimi də tanımırlar), mənzilə baxış keçirilməsində və onlar arasında müqavilənin bağlanması prosesində iştirak etməmişdir. Həmin vaxt mənzil tam təmirli olmadığından, qapısı olmamış, buna görə də MTK istədiyi şəxsə mənzili göstərə bilmişdir. Cavabdehin sonradan eşitdiyinə görə iddiaçı ilə MTK arasında mənzilin alqısatqısına dair vasitəçi olmuş və iddiaçı tərəfindən mənzilə görə MTK-ya 45000 manat ödənilmiş, həmin məbləğin 5000 manatı vasitəçiyə verilmiş, ona görə də cavabdehə 40.000 manat çatmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı mənzil almaq niyyəti barədə bu sahədə tanıdığı vasitəçiyə müraciət etmiş və bir müddət sonra həmin şəxs ona sözügedən mənzili təklif etmiş, o da əri, oğlu, daha bir qohumu və vasitəçi ilə birlikdə binaya getmiş, MTK-nın nümayəndəsinin və cavabdehin iştirakı ilə mənzilə baxış keçirmişdir. Həmin vaxt mənzilin qapısı olmuşdur. Qoşqarla mənzilin alqı-satqısına dair 60000 manata razılaşmışlar. Müqavilədə mənzilin qiyməti 81200 manat qeyd olunsa da, əslində onun satılmasına dair bütün müqavilələrdə faktiki qiymət 60000 manat olmuşdur. Məhz bu hal, yəni şəhərin mərkəzində bu qiymətə (dəyərindən xeyli aşağı) mənzilin satılması alıcıların marağını cəlb etmişdir. Müqavilə MTK-nın ofisində MTK-nın direktorunun, iddiaçının və cavabdehin iştirakı ilə bağlanmış və pul iddiaçı tərəfindən şəxsən cavabdehə ödənilmişdir. Pulun cavabdehə ödənilməsini təsdiq edən hər hansı sübutları yoxdur. Odur ki, göstərilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən üçüncü şəxsin nümayəndəsi də, apellyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, mənzilin alqı-satqısına dair razılaşma iddiaçı ilə cavabdeh arasında olmuş, MTK bu prosesdə iştirak etməmiş, sadəcə müqavilənin rəsmiləşməsində iştirak edərək, müqaviləni tərtib etmişdir. Yəni, iddiaçı tərəfindən mənzilin dəyəri MTK-ya deyil, birbaşa cavabdehə ödənilmiş və müqavilədə də bununla bağlı qeyd olunmuşdur. Cavabdeh də, MTK-nın direktoruna ünvanladığı imtina ərizəsində bu halı təsdiq etmişdir. Suala cavab olaraq bildirmişdir ki, tərəflərin mənzil barədə hansı qiymətə razılaşmaları barədə MTK-da hər hansı məlumat yoxdur, müqavilədəki qiymət isə şərtidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, MPM-in 385.1.2-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi isə iddianı təmin edərkən bu barədə çıxardığı qətnamədə yalnız işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, iddia tələbinin hüquqi və faktiki (mübahisəli mənzillə bağlı tərəflər arasında qarşılıqlı münasibətlər, mənzilə görə pulun kimə, hansı məbləğdə ödənilməsi və s.) əsasları ilə bağlı hər hansı araşdırma aparmamışdır. Ona görə də, Kollegiya hesab edir ki, rayon məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia tələbinin aşağıdakı qeyd olunan əsaslarla qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, “Sahil-D Kompani’ MMC-nin direktoru X7 (satıcı) ilə (X3 ilə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə ləğv edilərək) X10 (alıcı) arasında bağlanmış 15.08.2011-ci il tarixli, 194 saylı müqaviləyə əsasən, ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasınını 15-ci mərtəbəsində tikinti sahəsi 101,5 m2-dən ibarət 2 otaqlı 73 nömrəli mənzil alıcıya təhvil verilir, mənzilin ümumi dəyəri 81200 manat təşkil edir və yeni payçı Cavabdeh tərəfindən əvvəlki payçı M.Məmmədova ödənilib. Müqavilə MMC-nin direktoru və yeni payçı tərəfindən imzalanmışdır. MMC tərəfindən verilmiş həmin tarixli maliyyə arayışına əsasən, mənzilin pay dəyəri yeni payçı tərəfindən tam ödənilmişdir, onun MMC-yə borcu yoxdur. “Sahil-D Kompani’ MMC-nin direktoru X7 (satıcı) ilə (Cavabdeh Rafik oğlu ilə 15.08.2011ci il tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə ləğv edilərək) İddiaçı (alıcı) arasında bağlanmış 08.09.2012-ci il tarixli, 194 saylı müqaviləyə əsasən, qeyd olunan mənzil alıcıya təhvil verilir, mənzilin ümumi dəyəri 81200 manat təşkil edir və yeni payçı İddiaçı tərəfindən əvvəlki payçı Cavabdeh ödənilib. Müqavilə MMC-nin direktoru və yeni payçı tərəfindən imzalanmışdır. MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, mənzilin pay dəyəri yeni payçı tərəfindən tam ödənilmişdir, onun MMC-yə borcu yoxdur. “Sahil-D Kompani’ MMC-nin direktoru X7 (satıcı) ilə (İddiaçı ilə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə ləğv edilərək) X6 (alıcı) arasında bağlanmış 06.09.2013-ci il tarixli, 233 saylı müqaviləyə əsasən, sözügedən mənzil alıcıya təhvil verilir, mənzilin ümumi dəyəri 81200 manat təşkil edir və yeni payçı L.Tağıyeva tərəfindən əvvəlki payçı İddiaçı ödənilib. Müqavilə MMC-nin direktoru və yeni payçı tərəfindən imzalanmışdır. MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, mənzilin pay dəyəri yeni payçı tərəfindən tam ödənilmişdir, onun MMC-yə borcu yoxdur. Bundan sonra, Leyla Tağıyeva MMC-yə qarşı iddia qaldıraraq, mənzilin ona təhvil verilməsini, eyni zamanda MMC də ona qarşı iddia verərək aralarında bağlanmış 06.09.2013-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.01.2016-cı il tarixli qətnaməsi ilə L.Tağıyevanın iddiası təmin, MMC-nin iddiası isə rədd olunmuşdur. MMC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.08.2016-cı il tarixli, 2(103)-4075/2016 saylı qətanaməsi ilə təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, L.Tağıyevanın iddiası rədd olunmuş, MMC-nin iddiası isə təmin edilərək, onunla L.Tağıyeva arasında bağlanmış 06.09.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.02.2017-ci il tarixli, 2(102)-676/2017 saylı qərarı ilə L.Tağıyevanın kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərarda göstərilmişdir ki, mübahisəli mənzil 01.09.2011-ci il tarixli müqavilənin icra edilməsi üçün "xxxx" KM-in direktoru M.Məmmədova verilmiş, lakin sonuncu həmin müqavilə ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, torpaq sahəsini MMC-yə təhvil verməmişdir. M.Məmmədov mənzilə görə hər hansı ödəniş etməmiş, sonradan mənzili Elnur Yusifov adlı şəxsə, Elnur Cavabdeh adlı şəxsə, Qoşqar İddiaçı, sonuncu da Leyla Tağıyevaya satmışdır. Yəni mənzilin pulu alıcılar tərəfindən satıcılara ödənilmiş, MMC-yə ödənilməmişdir. Bu faktı L.Tağıyeva öz izahatında və onun vəsatəti əsasında rayon məhkəməsi tərəfindən dindirilmiş şahidlər də ifadələrində təsdiq etmişlər. Bundan əlavə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.08.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh MMC-nin keçmiş direktoru Cəfərov Məzahir binadakı bəzi mənzilləri pul almadan ayrı-ayrı şəxslərin adına rəsmiləşdirməklə saxtakarlıq və dələduzluq etmişdir. Bundan başqa, mübahisəli mənzil MMC tərəfindən ilk olaraq 15.01.2007-ci il tarixdə Kemal Denizli adlı şəxsə satılmış və sonuncu mənzilin dəyərini tam ödəmiş, həmin vaxtdan mənzil ona təhvil verilmiş, hazırda da o yaşayır. Bu baxımdan, L.Tağıyeva ilə MMC arasında bağlanmış 06.09.2013-cü il tarixli müqavilə formal olaraq, yəni "xxxx" KM-in direktoru ilə MMC arasında bağlanmış 01.09.2011-ci il tarixli əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmışdır. Leyla Tağıyeva bu qərarın qəbulundan sonra mübahisəli mənzilə görə ödədiyi pulun (60000 manat) qaytarılması barədə əvvəlki alıcı İddiaçı qarşı iddia qaldırmış və iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təmin olunmuş, sonradan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayləri isə təmin olunmamışdır. Həmin iş üzrə Ali Məhkəmə 06.09.2018-ci il tarixli, 2(102)-5451/2018 saylı qərarında yuxarıda sadalanan məhkəmə aktlarına istinad etməklə vurğulamışdır ki, MMC ilə mübahisəli mənzilin L.Tağıyevaya satılması barədə 06.09.2013-cü il tarixli müqavilə etibarsız hesab edildiyindən və həmin müqavilə üzrə mənzilin dəyəri İddiaçı ödənildiyindən iddia əsaslıdır. Hazırda İddiaçı onunla adıçəkilən MMC arasında mübahisəli mənzilə dair bağlanmış 08.09.2012-ci il tarixli müqavilənin etibarsız olmasına istinad edərək, həmin mənzilə görə Cavabdeh ödədiyi məbləğin (60000 manat) qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, payçı kimi payından imtina etməklə MMC-dən əvəzində 40000 manat aldığını, sonradan həmin mənzilə dair iddiaçı ilə MMC arasında bağlanmış sözügedən müqavilənin iştirakçısı olmadığını, mənzilə görə pulun iddiaçı tərəfindən ona yox, MMC-yə ödənildiyini bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı ilk öncə vurğulayır ki, iddiaçının hazırda mübahisəli mənzilə dair onunla MMC arasında bağlanmış 08.09.2012-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı istinad etdiyi əsaslar həmin mənzilə dair ondan sonrakı payçı Leyla Tağıyeva ilə MMC arasında bağlanmış 06.09.2013-cü il tarixli müqavilənin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə etibarsız hesab edildiyi əsaslarla eynilik təşkil edir. Belə ki, mübahisəli mənzilin 01.09.2011-ci il tarixli müqavilənin icra edilməsi üçün "xxxx" KM-in direktoru Mübariz Məmmədova verilməsi, lakin sonuncunun həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, torpaq sahəsini MMC-yə təhvil verməməsi, sonradan mənzili Elnur Yusifova, X12 Yusifova, Cavabdeh İddiaçı, sonuncun da Leyla Tağıyevaya satması, MMC-nin bu müqavilələri imzalayan keçmiş direktoru Məzahir Cəfərovun binadakı bəzi mənzilləri pul almadan ayrı-ayrı şəxslərin adına rəsmiləşdirməklə saxtakarlıq və dələduzluq etməsi faktının müəyyən olunması, bundan başqa, mübahisəli mənzilin MMC tərəfindən ilk olaraq 15.01.2007-ci il tarixdə Kemal Denizli adlı şəxsə satılması və bu şəxsin də mənzilin dəyərini tam ödəyərək, həmin vaxtdan orada yaşaması faktları qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə öz təsdiqini tapmış və iddiaçıdan sonrakı payçının mübahisəli mənzilə dair müqaviləsi bu əsaslarla etibarsız hesab olunmuşdur. Həmin hallar hazırkı iş üzrə tərəflər arasındakı münasibətlər baxımından preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göstərilənlərə əsasən, Kollegiya bu qənaətə gəlir ki, iddiaçı ilə "xxxx" MMC arasında sözügedən mənzilə dair bağlanmış 08.09.2012-ci il tarixli müqavilə əhəmiyyətsizlik səbəbilə etibarsızdır. Mülki Məcəllənin (bundan sonra, MM) 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Belə olan halda, iddiaçı həmin əqdin etibarsızlığı ilə bağlı nəticələrin tətbiq olunmasını tələb etməkdə haqlıdır. MM-in 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, əqdin etibarsızlığı ilə bağlı nəticələrin tətbiqi onun tərəflərdən biri və ya hər ikisi tərəfindən tam və ya qismən icra edilməsi hallarında mümkün olur ki, bu da hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Baxılan işin müəyyən edilmiş hallarından belə aydın olur ki, mübahisəli mənzilə dair 08.09.2012-ci il tarixli müqavilə "xxxx" MMC ilə İddiaçı arasında ikitərəfli qaydada tərtib edilməklə, sadəcə onların imzaları ilə təsdiq olunsa da, faktiki olaraq İddiaçı ilə Cavabdeh arasında da razılaşma olmuş, razılaşmaya əsasən, əvvəlki payçı kimi cavabdeh mübahisəli mənzildən iddiaçının xeyrinə imtina etmiş, iddiaçı həmin mənzilin dəyəri kimi razılaşdıqları məbləği cavabdehə vermiş, MMC isə mənzili yeni payçıya, yəni iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu halları təkzib etsə də, işin aşağıda sadalanan faktiki halları etirazının əsaslı olması qənaətinə gəlməyə imkan vermir. Belə ki, üçüncü şəxs ("xxxx" MMC) tərəfindən təqdim olunmuş, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-4075/2016 saylı işə baxış keçirilərkən aşkar olunmuş 10.09.2012-cı il tarixli ərizədən görünür ki, cavabdeh, MMC-nin direktoruna müraciət edərək, mübahisəli mənzilin məhz İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş və mənzilin pay dəyərinin iddiaçı tərəfindən ona ödənildiyini xüsusi olaraq qeyd etmişdir. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu və ağlabatan əsaslandırmanı təqdim edə bilməmişdir. Bununla yanaşı işdən görünür ki, mübahisəli mənzilə dair bağlanmış bütün müqavilələr adıçəkilən MMC tərəfindən eyni formada (standart) tərtib olunmaqla rəsmiləşdirilmiş və müqavilələrin məzmununda mənzilin dəyərinin MMC-yə deyil, yeni payçı tərəfindən əvvəlki payçıya ödənildiyi göstərilmişdir. Bununla MMC yalnız mənzilin təhvil verilməsi öhdəliyini öz üzərinə götürərək, əks halda mənzilə görə ödənilmiş pulun qaytarılması riskindən özünü sığortalamışdır. Müqavilənin ikitərəfli bağlandığı qəbul olunduğu halda isə, alıcının bu şərtlə razılaşması adi mülki dövriyyə şəraitində qeyrimümkündür. Başqa sözlə, alıcının əldə etmək niyyətində olduğu mənzilin pulunu həqiqətən də MMC-yə ödədiyi, sonuncunun isə mənzili təhvil verə bilmədiyi halda, pulunu da qaytarmaqdan azad olacağı barədə müqavilə şərtini qəbul etməsi absurddur. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, mübahisəli mənzilin alqı-satqısına dair yaranmış praktikaya əsasən, alıcılar (konret halda iddiaçı) mənzilin pulunu MMC-yə deyil, əvvəlki payçıya ödəmişlər. Bu xüsusat yuxarıda istinad olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktlarında (Bakı Apellyasiya Məhkəməsinin 05.08.2016-cı il tarixli, 2(103)-4075/2016 saylı qətnaməsi və Ali Məhkəmənin 14.02.2017-ci il tarixli, 2(102)-676/2017 saylı qərarı) da müəyyən olunaraq mübahisəli mənzilin dəyərinin alıcılar tərəfindən əvvəlki payçılara ödənildiyi qeyd olunmuşdur (cavabdeh də həmin iş üzrə şahid qismində ifadə vermişdir). Nəzərə alınmalıdır ki, MM-in 324.1-ci və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Eyni zamanda, MM-in 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin dəyərini cavabdehə ödəmiş, lakin mənzil ona təhvil verilməmişdir. Belə olan halda, mənzilin dəyəri kimi ödədiyi məbləğin qaytarılması vəzifəsini də icranı qəbul etmiş cavabdeh daşıyır. İddiaçı hazırda sözügedən mənzilin dəyəri kimi cavabdehə 60000 manat ödədiyini, cavabdeh isə etirazının əsası kimi ona iddiaçı tərəfindən deyil, MMC tərəfindən 40000 manat ödənildiyini bildirir. Kollegiya, bu hissədə mübahisənin həllinə sübutetmə yükü baxımdan yanaşaraq bildirir ki, mənzilə görə cavabdehin etiraf etdiyi məbləğdən artıq ödəniş etdiyini sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçı cavabdehə 60000 manat ödədiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut (ödəniş qəbzi, hər hansı sadə yazılı sənəd və s.) təqdim edə bilməmiş, mövqeyini mənzili Leyla Tağıyevaya 60000 manata satması və məhkəmə tərəfindən də sonuncunun xeyrinə ondan həmin məbləğdə pul tutulması ilə əsaslandırmışdır. Lakin bu hal hazırkı iş üzrə mənzilin satış qiymətinin müəyyən edilməsi baxımından yetərli hesab oluna bilməz, ona görə ki, həmin məhkəmə işində iddiaçı ilə alıcı L.Tağıyeva arasında bağlanmış beh müqaviləsi olmuş və həmin müqavilədə mənzilin satış qiyməti kimi 60000 manat göstərilmişdir. Bu işdə isə iddiaçı və cavabdeh arasında eyni və ya oxşar məzmunda bağlanmış belə bir əqd yoxdur. Eyni zamanda, nəzərə alınmalıdır ki, eyni əşya ilə bağlı ayrı-ayrı şəxslər arasında müqavilənin bağlandığı zaman, şərait və digər şərtlər əsas götürülməklə tərəflərin iradə sərbəstliyi çərçivəsində fərqli qiymətlərlə razılıq əldə olunması istisna olunmur. Mübahisəli mənzilin alqı-satqısına dair başdan bəri müəyyən olunmuş hallardan görünür ki, mənzil hər dəfə yerləşdiyi yer və ümumi sahəsinə görə adi mülki dövriyyə şəraitində satılacağı qiymətdən xeyli aşağı qiymətə təklif edilmiş və məhz buna görə alıcıların marağını cəlb etmiş, onlar mənzili dəyərindən aşağı qiymətə almaqla və ya sonradan daha baha qiymətə satmaqla aktiv əldə etməyə çalışmışlar (bu iş üzrə tərəflər də izahatlarında mənzili dəyərindən aşağı qiymətə satıldığı üçün əldə etdiklərini bildirmişlər). Belə olan halda, Kollegiya hesab edir ki, tərəflər arasındakı münasibətlərin xarakteri də nəzərə alındıqda cavabdehin mənzilə görə ona ödənildiyini etiraf etdiyi məbləğ mənzilin satış qiymətinin müəyyən edilməsi baxımından ağlabatandır. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilmədiyindən, məhkəmə kollegiyası mübahisəli mənzilin satış qiyməti kimi 40000 manat pulu qəbul edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunaraq, cavabdehdən 40000 manat alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, e-2(003)-438/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, e-2(003)- 438/2021 saylı qətnaməsi ləğv edilsin, iddia qismən təmin olunsun. Cavabdeh 40000 (qırx min) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8345/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8345/2021
27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver