Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-835/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili X3, Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il il tarixli 2(009)-1847/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.195 manat məbləğində maddi zərər, 50.000 manat mənəvi zərər, 1.250 manat hüquqi yardım üçün ödənilmiş pul və 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 18.09.2017-ci il tarixdə, saat 19:23 radələrində, Cavabdeh2 məxsus olan və sonuncunun da həmin günü salonda arxa oturacaqda olduğu, 2007-ci il istehsalı olan «LEXUS GS 350» minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi etibarnamə olmadan, Səbail rayonu, Salyan yolu ilə Bakı istiqamətində özünün göstərdiyi kimi saatda 60-70 km surətlə hərəkət etdirərkən ondan 40-50 metr irəlidə «Wolkswagen Tiquan» markalı (həmin avtomobil onun mülkiyyətində olmuş və həmin an tərəfindən idarə edilən «Wolkswagen Tiquan» markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur) avtomaşının həmin yolu kəsib keçdiyini gördüyünü və «X8» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, avtomobilin surətini azaltmamış, avtomobili dayandırmamış və idarə etdiyi avtomaşınla saat 19:23:49-da, onun idarə etdiyi avtomobilin sağ arxa tərəfindən avtomobilinin ön tərəfi ilə vurub onun mülkiyyətində olan avtomobilinə cəmi isə 12095 manat dəyərində hissələrin yarasız hala gətirilməklə onların da quraşdırılması üçün 2100 manat işçi haqqı ilə birlikdə cəmisi 14195 manat məbləğində maddi zərər yetirmişdir. Bu yol nəqliyyat hadisəsi Səbail RPİ-ndə araşdırılarkən hadisə yerində quraşdırılmış «Təhlükəsizlik şəhər Xidməti»nin TŞ 1-220 nömrəli video müşahidə qurğusunun, 3-cü kamerasının 18.09.2017-ci il tarixdə saat 19:00:23-dan 19:25:00-dək olan görüntüsünə baxış keçirilərkən onun idarə etdiyi ağ rəngli “Wolkswagen Tiquan’’ markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda yerləşən «Su İdmanı» kompleksinin qarşısında mövcud olan dairəyə daxil olub üzü idman kompleksi istiqamətində dayanıb sağdan gələn avtomobillərə yol verdiyi, 20 saniyə dayanıb sağdan gələn maşınları buraxdıqdan sonra saat 19:23:46-da üzü «Su İdmanı» kompleksi istiqamətində hərəkətə başladığı, saat 19:23:49-da, «Su İdmanı» kopleksi istiqamətində hərəkətdə olduğu vaxt sağ tərəfdən gələn qara rəngli «LEXUS GS 350» minik markalı avtomaşının gəldiyi sürətlə də avtomaşınını vurması müşahidə edilir (bax: cinayət işi başlanmasının rədd edilməsi haqqındakı 18.07.2018-ci il tarixli Qərar). 18.09.2017-ci il tarixli «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə olan Protokol»u, hadisə yerinə olmuş TŞ 1-220 nömrəli video müşahidə qurğusunun 3-cü kamerasının 18.09.2017-ci il tarixdə saat 19:23:00-dan etibarən 19:25:00-dək qeydə alınmış görüntüləri və Cavabdeh2 xüsusi mülkiyyətində olan 2007-ci il buraxılışlı, «LEXUS GS 350» minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyətinin yoxlanılmasına dair «Protokol»un da surətini istintaq orqanından almışdır. Həmin videogörüntüdə görünür ki, Cavabdeh2 məxsus qeyd edilən avtomaşını həmin günü qardaşı Cavabdeh1 idarə etmişdir. Hadisə anına gəldikdə isə videogörüntüdən görünür ki, cavabdehin hadisənin qarşısını almağa tam texniki imkanı olmuş və hadisə baş verən zaman onun sağ və sol yanında heç bir nəqliyyat vasitəsi olmamış, yol tamamilə boş olmuş və o, onun avtomobilini vurduqdan bir neçə saniyə sonra həmin istiqamətdən başqa avtomobillərin gəlməsi müşahidə olunur. Qeyd edilən avtonəqliyyat hadisəsi üzrə Səbail RPİ-nin İŞ-də toplanmış materiallar əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqındakı 18 iyul 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, «iş üzrə təyin edilmiş avtotexniki ekspertizasının 16.07.2018-ci il tarixli rəyinə görə “Wolkswagen Tiquan" markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Digər sürücü Cavabdeh1 da hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur». Avtomobilin sahibi, Cavabdeh2 da özünün hadisə vaxtı avtomobildə olmasını göstərdiyindən o, avtomobilini idarə etməyi şifahi etibar etdiyi Cavabdeh1 həmin avtomobili yol hərəkəti qaydalarını kobud surətdə pozmaqla idarə etdiyini görsə də, onun bu hərəkətlərinin qarşısını almamış, əksinə sürücü Cavabdeh1 hadisə törətdiyini gördükdən sonra, özünü hadisə yerində olan tibb işçilərinə və polis əməkdaşlarına özünü təqdim etməyərək, hadisə yerini xəlvəti tərk etmişdir. Cavabdeh2 hadisə yerini xəlvəti tərk etməklə ona məxsus avtomobillə onun avtomobilinə yetirilmiş maddi zərərə görə məsuliyyətdən yayınmağa çalışmışdır. Cavabdeh1 Cavabdeh2 mülkiyyətindəki 2007-ci il buraxılışı olan «LEXUS GS 350» minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili digər Cavabdeh2 şifahi razılığı əsasında idarə etmişdir və bu da Cavabdeh2 avtomobilinin onun sahibliyindən iradəsinə zidd çıxmadığını sübut edir. Təhqiqat zamanı Cavabdeh2 Cavabdeh1 avtomobili ilə bağlı notarial qaydada yazılı etibarnamə verməsi müəyyən edilməmişdir. Hazırda həmin avtomobil onun istifadəsindədir. Bundan başqa, o təqaüdçü olmaqla, ahıl insandır və ətrafda baş verən qorxulu hadisələrə verdiyi reaksiya, gənc nəslə nisbətən onda daha pis nəticə yaradır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri nəticəsində o qəza zamanı bərk qorxub mənəvi iztirablar çəkmişdir, hətta hadisənin videogörüntüsündə də onun uzun müddət avtomobildən düşə bilməməyi də bunu sübut edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il il tarixli 2(009)- 1847/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumu və 1250 manat hüquqi yardım göstərilməsi ilə bağlı rüsum iddiaçının özünə aid edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Yol-nəqliyyat hadisəsi qətnamədə göstərildiyi kimi saat 20:50 radələrində deyil, saat 19:23:49 radələrində baş vermiş, iş materialları ilə bu hal sübuta yetirilmişdir. Cavabdeh1 başqasının, yəni Cavabdeh2 avtomobilini onun şifahi razılığına əsasən və onun iştirakı ilə idarə edərkən delikt, yəni inzibati xəta törədərək onun mülkiyyətinə xəsarət yetirməklə maddi ziyan vurmuş, özünə mənəvi zərər yetirmiş, hadisə zamanı avtomobildə olmuş mülkiyyətçi Cavabdeh2 bu hərəkətlərin qarşısını almaq üçün tədbir görməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən Cavabdeh1 idarə etdiyi və digər cavabdeh Aytən Ağazadəyə məxsus olan avtomobil iddiaçının idarə etdiyi avtomobillə toqquşaraq nəticədə hər iki avtomobil xəsarət almışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hadisənin baş verməsində hər iki avtomobilin təqsiri olmuşdur. Mülki Məcəllənin 1108.1-ci maddəsinin məzmunundan görünür ki, avtomobil sahibi o halda zərərin əvəzini ödəmək məsuliyyəti daşıyır ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsin. Lakin hazırki işdə göründüyü kimi yol-nəqliyyat hadisəsinin baş verməsində iddiaçının da təqsiri olmuş və iddiaçı da öz növbəsində 200 manat məbləğində cərimə edilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş olan ziyanın əsasında delikt dayanmadığından iddia tələbi təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi istinad etdiyi normanı düzgün təfsir etməmişdir. Belə ki, Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Göründüyü kimi, qarşılıqlı təsir nəticəsində dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir, yəni, hazırki iş üzrə cavabdehlərin təqsiri də müəyyən edilərsə, iddiaçıya vurulmuş zərər ödənilməlidir. Kollegiya qeyd edir ki, iddia tələbi aşağıdakılara əsasən əsassız olmaqla rədd edilməlidir. Belə ki, iş materiallarından və təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.11.2017-ci il tarixli 3(009)-687/2017 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli 3(009)-586/2017 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.01.2018-ci il tarixli, 337 saylı ekspert rəyinə əsasən, “Wolksvagen Tiquan” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanın) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin, həmin rəydə qeyd olunmuşdur ki, “Lexus GS 350” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli, 3(103)-383/2019 saylı qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli 3(009)-586/2017 saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmışdır. Səbail RPİ-nin TŞ-nin baş təhqiqatçısı Cavid Hüseynovun 16.10.2017-ci il tairxli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə 18.09.2017-ci il tarixdə Səbail rayonu, Salyan yolunda baş vermiş YNH-si əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2, 86.1 və 212.1-ci maddələrinə əsasən, cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş İddiaçı və Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələrindən ötrü toplanmış material Səbail RPİnin DYPŞ-nin vasitəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Habelə həmin qərardan görünür ki, aparılmış təhqiqat araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 13.10.2017-ci il tarixdə Səbail RPİ-nə daxil olmuş, 12.10.2017-ci il tarixli, 24087 saylı məhkəmə ekspertizasının rəyinin tədqiqatın nəticəsi hissəsində “Volkswagen Tiquan” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-cı hissəsinin 2.4 “Yol verin" üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, “Lexus” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olması və onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması, sürücü Cavabdeh1 “Lexus” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60km/saatdan atrıq, yəni 70 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluğun olması göstərilmişdir. 16.10.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Cavabdeh1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayət əsasında Səbail Rayon Məhkəməsinin 16.11.2017-ci il tarixli qərarı ilə ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Səbail RPİ-nə qaytarılmışdır. Səbail RPİ-nin TŞ-nin baş müstəntiqi X5 18.07.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 18.09.2017-ci tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda baş vermiş YNH-si əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş X1 və Cavabdeh1 Azərbaycan Repsublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələrindən ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi, vətəndaş X1 inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimə edilməsinin nəzərə alınması qərara alınmışdır. Habelə həmin qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol nəqliyyat hadisələrinin ekspertizasının 16.07.2018ci il tarixli 17493 saylı rəyində “Volksvagen Tiguan” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-cı hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, “Lexus GS 350” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olması və onun hərəkətlərində "X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması, sürücü Cavabdeh1 “Lexus GS 350” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan atrıq, yəni 70 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması göstərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli 6(009)-39/2021 saylı qərarı ilə Cavabdeh1 18.07.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət qismən təmin edilmiş, qərarın əsaslandırıcı hissəsinin sonuncu vərəqinin 1-ci abzasının 2-ci cümləsi və nəticə hissəsinin 2-ci bəndi Cavabdeh1 oğluna aid hissədə qanunsuz hesab edilərək ləğv olunmuş, qalan hissədə qərar qanuni hesab edilmişdir. Qərarda göstərilmişdir ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsinə dair ləğv edilməmiş məhkəmə qərarı olduğundan və həmin qərar hazırki məhkəmə işi üçün preyudisial əhəmiyyət kəsb etdiyindən Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı X5 18.07.2018-ci il tarixli HK-1- 315 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Cavabdeh1 aid hissədə qanunsuz hesab edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 18.03.2021-ci il tarixli 6(103)-72/2021 saylı qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 6(009)-39/2021 saylı qərarı ləğv olunmuş və material araşdırılma aparılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli 6(009)-39/2021 saylı qərarı ilə Cavabdeh1 18 iyul 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət qismən təmin edilmiş, qərarın əsaslandırıcı hissəsinin sonuncu vərəqinin 1-ci abzasının 2-ci cümləsi və nəticə hissəsinin 2-ci bəndi qanunsuz hesab edilərək ləğv olunmuş, qərar qalan hissədə qanuni hesab edilmişdir. Səbail Rayon Məhkəməsinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, məhkəmənin 6(009)-39/2021 saylı 17.05.2021-ci il tarixli qərarı 20.05.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin oluna bilər. Göründüyü kimi, Cavabdeh1 YNH-də təqsirli hesab olunması barədə 18 iyul 2018ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın müvafiq bəndləri qanunsuz hesab edilərək ləğv olunmuşdur. Belə olan halda, Cavabdeh1 təqsiri müəyyən edilmədiyindən vurulmuş ziyanın tələb edilməsi əsassızdır. Həmçinin Kollegiya qeyd edir ki, iddiaçının maddi zərər tələbi əsassız olduğundan, mənəvi zərər tələbi də əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiyanın 24.11.2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 18.01.2021-ci il tarixli 9/5766 nörməli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 120 manat təşkil etmişdir. Ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Həmçinin, digər məhkəmə məsrəfləri də (dövlət rüsumları, vəkil xərci) iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1847/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Digər məhkəmə məsrəfləri (iddianın qaldırılması və apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumları, vəkil xərci) iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-835/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-835/2021
21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver