Məhkəmə qərarları › İş №2(103)-8360/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8360/2022

26.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8360/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(009)-1859/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706e saylı bağ sahəsinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1859/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi xx.xx.2022-ci il tarixdə həmin qətnamədən apellyasiya protesti vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya protesti qanunla nəzərdə tutulmuş müddət çərçivəsində verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi yenidən məhkəməyə apellyasiya protesti təqdim etmiş və eyni zamanda apellyasiya protestinin verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli e-2(009)-1859/2022 saylı qətnamənin xx.xx.2022-ci il tarixdə Baş Prokurorluğa rəsmi qaydada çatdırılması görünsə də, faktiki olaraq sözügedən qətnamə Baş Prokurorluğa xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Eyni zamanda həmin cinayət işi üzrə çoxsaylı istintaq hərəkətlərinin yerinə yetirilməsi səbəbindən apellyasiya protesti son gün məhkəməyə təqdim olunmuşdur. Hazırki ərizəyə əlavə olunan dərkənar və daxil olmuş məktubun surətindən də görünür ki, 14 sentyabr 2022-ci il tarixli e-2(009)- 1859/2022 saylı qətnamə 22 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş, 22 və 23 oktyabr 2022-ci il tarixləri həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(009)- 1859/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya protestinin baxılması üçün 2(009)-1859/2022 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qəbul edilərkən hər hansı bir qanunvericiliyin tələblərinə və əsaslı üzürlü səbəbə istinad etmədən ərizəni təmin edərək qanunsuz qərardad qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsinin təqdim etdiyi ərizədə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin xx.xx.2022-ci il tarixdə Baş Prokurorluğa rəsmi qaydada çatdırılması görünsə də faktiki olaraq sözügedən qətnamə Baş Prokurorluğa xx.xx.2022-ci il tarixdə daxil olduğunu, qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin verilməsi ilə bağlı 1 ay müddətin nəzərdə tutulduğunu, 22 və 23 oktyabr tarixlərinin qeyri iş günü olduğunu və cinayət işi üzrə çoxsaylı istintaq hərəkətlərinin yerinə yetirilməsi səbəbindən apellyasiya şikayəti son gün məhkəməyə təqdim edildiyinə istinad edilmişdir ki, qeyd olunanları da üzürlü səbəb kimi qəbul edilə bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(009)-1859/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1859/2022 saylı qətnaməsinin surəti xx.xx.2022-ci il tarixdə qəbzə imza edilməklə alınmışdır. İş materiallarından həmçinin görünür ki, cavabdeh tərəfindən apelyasiya protesti xx.xx.2022-ci il tarixdə elektron sistem vasitəsilə məhkəməyə göndərilmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən verilmiş ərizədən də göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli e-2(009)-1859/2022 saylı qətnaməsi 22 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş, 22 və 23 oktyabr 2022-ci il tarixləri həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, apelyasiya protesti xx.xx.2022-ci il tarixdə elektron sistem vasitəsilə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab edilir. Kollegiya hesab edir ki, apellyasiya protesti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfindən üzrlü səbəblərdən ötürülmüşdür. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X3 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.» Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(009)-1859/2022 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(009)-1859/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar