Məhkəmə qərarları › İş №2(103)-8380/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8380/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8380/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi Vəkil ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(006)-269/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər X3 məsul şəxsləri və xəstəxananın həkimi Cavabdeh1 xəstəxanaya ödənilmiş 3800 manat, implant üçün ödənilmiş 2400 manat, cavabdeh həkimin əməliyyat səhvini aradan qaldırmaq üçün çəkilmiş xərclərə görə 2000 manat və mənəvi zərərin əvəzi olaraq 20000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 dekabr 2018-ci il tarixdə yaşadığı evdə yıxılaraq sağ bud nahiyəsindən sınıq xəsarəti almış, ayağında kəskin ağrılar olduğuna görə əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına müraciət etmiş, daha sonra təcili tibbi yardım maşını ilə Bakı şəhərinə gətirilmişdir. Bakı şəhərində X5 müraciət etmiş, müayinə nəticəsində ona "sağ bud sümüyünün burmalaraltı qəlpəli yerdəyişmiş qapalı sınığı" diaqnozu ilə cərrahiyyə əməliyyatı olunmağı məsləhət bilinmişdir. İddiaçı həmin xəstəxanada həkim travmatoloq-ortoped Cavabdeh1 tərəfindən əməliyyat olunmuşdur. İddiaçının qohumları əməliyyat xərci olaraq 26 dekabr 2018-ci il tarixli 6613 saylı tibbi xidmət müqaviləsinə əsasən xəstəxananın hesabına 3800 manat pul köçürmüşlər. Bundan əlavə, implant üçün 2400 manat nağd şəkildə pul ödənilmişdir. İddiaçının əməliyyatdan sonra ağrıları nəinki azalmamış, əksinə günü-gündən daha da artmağa başlamışdır. İddiaçı təxminən 10 ay sonra artıq ağrılara dözə bilmədiyini bildirmiş və onu həkimə aparmalarını istəmişdir. İddiaçı Bakı şəhərinə gedərək Elmi tədqiqat, travmatologiya və ortopediya institutuna müraciət etmiş, rentgen müayinəsi zamanı məlum olmuşdur ki, əməliyyat vaxtı ştiftin aşağı şrupları dəliklərdən keçirilsə də, yuxarı vintlər ştiftin dəliklərinə keçirilməyib. Bundan sonra İddiaçı Cavabdeh1 müraciət etmiş, Cavabdeh1 bildirmişdir ki, guya iddiaçının bud oynağı yeyilib və onu 4200 manat ödəsələr dəyişər. İddiaçı razılaşmamış və yenidən Travmatologiya institutuna müraciət etmişdir. Orada məlum olmuşdur ki, bud oynağında heç bir problem yoxdur. Travmatologiya institutunda yenidən əməliyyat olunmuş, cavabdehin səhv bağladığı vintlər çıxarılandan sonra ağrıları kəsmiş və yavaş-yavaş özünə gəlməyə başlamışdır. İddiaçının sağ ayağı səhv əməliyyat olunduğu üçün ağrılardan uzun müddət sol ayağının üstündə yataqda qalmış, onun sol ayağında parez yaranmış, həkimin səhvi nəticəsində əlil arabasına məhkum edilmişdir. Həkim səhvi nəticəsində iddiaçının səhhətinə ziyanla yanaşı, ona maddi və mənəvi ziyan da vurulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(006)-269/2021 saylı qətnaməsi ilə iddia qismən edilmiş, İddiaçı X5 və Cavabdeh1 əməliyyat üçün ödədiyi 3800 manat, implant üçün ödənilmiş 2400 manat, həmçinin mənəvi zərərin əvəzi kimi 5000 manat, cəmi 11200 manat məbləğində pul vəsaitinin cavabdehlər X2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əməliyyat olunduqdan sonra müşahidələrə gəlməmiş, ağırlaşma yarandıqdan sonra müraciət etmişdir. İddiaçı əməliyyatdan sonrakı rejimə əməl etməmiş, periodik yoxlamalara gəlməmişdir. Belə ki, həm faktiki olaraq, həm də bütün tibbi məlumatlara əsasən cavabdeh əməliyyatdan sonra kafi vəziyyətdə olmuş, hər hansı ağrıları da olmamışdır. Cavabdeh yalnız əməliyyatdan uzun müddət (10 ay) sonra yenidən həkimə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, o cümlədən iddiaçının məhz hansı səbəblərdən tibbi ağırlaşmalarla üzləşdiyini aydınlaşdırmamışdır. Zərərin vurulduğu fərz edilsə belə, məhkəmə mübahisəyə iddiaçı ilə tibb müəssisəsi arasındakı müqavilə münasibətləri prizmasından hüquqi qiymət verməli olduğu halda, birbaşa delikt institutuna istinad edərək pul vəsaitinin cavabdehlərdən birgə qaydada tutularaq ödənilməsini qət etmişdir. Belə qərara gəlməklə məhkəmə dəymiş zərərin sonradan reqres qaydasında ondan tutulmasını labüd etdiyi halda, məhkəmə hüquq normalarının tətbiqində etinasızlıq nümayiş etdirərək ciddi qanun pozuntusuna yol vermişdir. Bundan əlavə məhkəmə əsassız olaraq əlavə ekspertiza keçirilməsindən də imtina etmişdir. Ekspert rəyi isə zəruri tibbi məlumatlar, radioloji görüntülər və elmi nəticələr əsasında həyata keçirilməmişdir. Nəticədə, məhkəmə işi hərtərəfli araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Digər cavabdeh X6 isə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xəstəxananın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, X3 adı sonradan əlyazma ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş, həmin ərizə 26 fevral 2021-ci il tarixdə Xəstəxanaya daxil olmuş, bundan 7 gün sonra işə baxılaraq qətnamə çıxarılmışdır. İşə baxılarkən çəkişmə prinsipi pozulmuş, nəticədə X3 prosessual hüquqları pozulmaqla qətnamə çıxarılmışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iş üzrə əlavə məhkəmə tibbi ekspertiza keçirilməklə qanuni və əsaslı qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər cavabdeh X3 nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(006)-269/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin faktiki hallarından və iş materiallarından görünür ki, İddiaçı sağ bud sümüyü sındığına görə 26 dekabr 2018-ci il tarixdə X5 müraciət etmiş və həmin xəstəxanada onu xəstəxananın həkim travmatoloq-ortopedi Cavabdeh1 müayinə etmiş və ona əməliyyat edilməsini məsləhət bilmişdir. İddiaçının üzərində “sağ bud sümüyünün burmalaraltı parçalı sınığının qapalı reduksiyası, intramedulyar osteosintezi” cərrahiyyə əməliyyatı aparılmış, əməliyyatdan sonra xəstədə porez yaranmış, onda sağ bud sümüyü boynuna 2 ədəd vintlərin qeyri-qənaətbəxş fiksasiyada olduğu müəyyən edilmişdir. İddiaçı ayağında yaranan problemin səbəbi kimi yanlış aparılmış əməliyyatı əsas gətirərək, cavabdehlərdən vurduqları zərərin əvəzini tələb edir. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 17 noyabr 2020-ci il tarixli 444/KEŞ saylı rəyindən görünür ki, İddiaçı sağ bud sümüyü boynuna 2 ədəd vintlərin qeyri-qənaətbəxş fiksasiyada olduğu müəyyən edilmişdir. Aparılmış cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmiş və buna məsul şəxs müalicə həkimidir. Cərrahiyyə əməliyyatının texniki qüsurlu icrası ilə əlaqədar İddiaçı əməliyyat nahiyəsində ağrıların olması istisna edilmir. (i.v.109-114) İddiaçı sağ bud sümüyü boynuna 2 ədəd vintlərin qeyri-qənaətbəxş fiksasiyada olması Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 19 noyabr 2019-cu il tarixli 10405/3709 saylı arayışında da qeyd olunmuşdur. (i.v.10) İş materiallarında olan X3 20 noyabr 2019-cu il tarixli 475 saylı arayışından görünür ki, İddiaçı 26 dekabr 2018-ci il tarixdə “sağ bud sümüyünün burmalaraltı qəlpəli yerdəyişmiş qapalı sınığı” diaqnozu ilə cərrahiyyə şöbəsinə daxil olmuş, həkim travmatoloq-ortoped Cavabdeh1 tərəfindən əməliyyat olunmuş və xəstə tərəfindən əməliyyat üçün 3800 manat vəsait ödənilmişdir. Həkim travmatoloq-ortoped Cavabdeh1 31 may 2019-cu l tarixdən X4 çalışmır. (i.v.137) İş materiallarından görünür ki, İddiaçı ilə X6 arasında 26 dekabr 2018-ci il tarixdə tibbi xidmət müqaviləsi bağlanmışdır. (i.v.76-78) İş materiallarında olan 028469 saylı mədaxil qəbzinin əslindən görünür ki, İddiaçı müalicəsi üçün 26 dekabr 2018-ci il tarixdə İddiaçı adından X3 hesabına 2400 manat pul ödənilmişdir. (i.v.122-123, 132) İş materiallarında olan sübutlara əsasən İddiaçı müalicəsi üçün X3 hesabına 3800+2400=6200 manat məbləğində pul keçirilməsi təsdiq olunmuşdur. Beləliklə, İddiaçı X4 həmin xəstəxananın həkim travmatoloq-ortopedi Cavabdeh1 tərəfindən aparılmış cərrahiyyə əməliyyatı nəticəsində sağlamlığına zərər vurulması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2018-ci il tarixli Qərarında qeyd edilir ki, işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi ziyanın əvəzinin müştərək qaydada Cavabdeh1 və onun iş yeri olan cavabdeh X2 birgə qaydada alınmalı olduğu nəticəsinə gələrkən Mülki Məcəllənin müvafiq maddələrinə istinad etsə də, tələbin qanuni əsası kimi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 həkim travmatoloq-ortoped həkimi Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından digər cavabdeh olan X3 işçisidir. Burada Cavabdeh1 əmək müqaviləsi, yaxud mülki hüquqi müqavilə əsasında hansısa şəxsin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o müvafiq hüquqi, yaxud fiziki şəxsin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də Cavabdeh1 məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən hazırkı iddiaya cavab verməli olan şəxs deyil və bu iddia üzrə törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımır və etmiş olduğu əməliyyat nəticəsində iddiaçıya vurulan zərərin əvəzini işçisi olduğu X6 ödəməlidir. Əlbəttə ki, X6 da Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən Cavabdeh1 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququna malikdir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan normalarının, yəni maddi hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsi İddiaçı sağlamlığının pozulması nəticəsində fiziki ağrı və əzab çəkməsi və beləliklə də mənəvi zərərə məruz qalması barədə düzgün nəticəyə gəlsə də, təyin edilən mənəvi zərərin məbləği iddiaçıya vurulan mənəvi zərərin həcminə adekvat olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş mənəvi zərərin məbləği yüksək olduğuna görə ağlabatan həddə azaldılmalı, İddiaçı dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pul cavabdeh X2 alınaraq ona ödənilməlidir. Cavabdeh X3 apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayəti yalnız işə baxılarkən X3 iştirakının təmin edilməməsi və çəkişmə prinsipinin pozulması ilə bağlı olmuşdur. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, X6 12 fevral 2021-ci il tarixli məhkəmə iclasında cavabdeh qismində cəlb olunmuş, 15 fevral 2021-ci il tarixli poçt reyestrinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və bildiriş cavabdeh xəstəxanaya göndərilmiş, iş materiallarında məhkəmə sənədlərinin cavabdeh xəstəxanaya çatması barədə heç bir məlumat olmasa da, apellyasiya şikayətindən görünür ki, sənədlər 26 fevral 2021-ci il tarixdə Xəstəxanaya daxil olmuşdur. Beləliklə, məhkəmə iclasında cavabdeh X3 nümayəndəsinin iştirakı təmin olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 138.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Azərbaycan Respublikası MPM-in 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Əlavə məhkəmə-tibbi ekspertizasının keçirilməməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-tibbi ekspertizasının 17 noyabr 2020-ci il tarixli 444/KEŞ saylı rəyi kifayət qədər əsaslandırıldığından, əlavə ekspertizanın keçirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 və X3 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(006)-269/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh X2 maddi ziyanın əvəzi kimi 6.200 manat, mənəvi ziyanın əvəzi kimi 3.000 manat, cəmi 9.200 manat məbləğində pul tutulub İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı hissədə rədd edilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdeh X2 tutulub iddiaçıya ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar