Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8382/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4161/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2 ədəd sep – klon 13,7 qr çəkidə, 4 ədəd üzük 11,4 qr çəkidə, qolbaq 14,6 qr çəkidə, qolbaq 8 qr çəkidə, klon – 2 ədəd 1,4 qr çəkidə, 2 ədəd sep – 9,4 qr çəkidə, sırğa – 5,6 qr çəkidə, üzük 2 ədəd – 4,2 qr çəkidə, 1 ədəd üzük – 1,7 qr çəkidə, sep klon 5,6 qr çəkidə, sırğa 4,6 qr çəkidə olan qızıl əşyalarının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun pula ehtiyacı olduğu üçün cavabdehə məxsus lombarddan 10 yanvar 2020-ci il tarixdə 2 ədəd qolbaq, imperial, 2 ədəd sep – klon, 4 ədəd üzük, 2 ədəd klon ümumilikdə, 2.700 manat dəyərində qiymətləndirilən qızıl-zinət əşyalarını girov qoyaraq 2.700 manat məbləğində pul götürmüşdür. 2020-ci ilin fevral ayının 3də ona yenidən pul lazım olduğu üçün özünə məxsus 2 ədəd sep, 3 ədəd üzük və bir cüt sırğanı girov qoyaraq əlavə 875 manat pul götürmüşdür. 07 may 2020-ci il tarixdə yenidən qeyd etdiyi lombarddan özünə məxsus sep klon və sırğanı girov qoyaraq əlavə 500 manat da pul götürmüşdür. Cəm olaraq o, lombarddan 4.075 manat pul götürmüşdür. Götürdüyü pulların faizini ilk aylarda vaxtlı-vaxtında ödəmişdir. Sonradan ölkə ərazisində koronovirus pandemiyasının yayılması nəticəsində karantin elan edilməsi səbəbindən o, bir müddət işsiz qalmış və lombarda ödəniş edə bilməmişdir. 2020-ci ilin sentyabr ayında o, lombarda getmiş və götürdüyü pulu qaytararaq girov qoyduğu qızılları geri almaq istədiyini bildirmişdir. Lakin, lombarddan ona bildirmişlər ki, qızıllar satılmışdır. Bundan sonra o, Salyan Rayon Polis Şöbəsinə müraciət etmiş və müraciəti ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, qızıllar satılmamışdır. Hal-hazırda lombard ondan götürdüyü pula münasib olmayan bir məbləğdə əlavə pul tələb etmiş və əks təqdirdə qızıllarını qaytarmayacağını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli 2(001)-4161/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı göstərilmiş əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4161/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 isə apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4161/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddia ərizəsində irəli sürülmüş qızıl-zinət əşyalarının geri qaytarılması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırki işdə isə bu şərtlər mövcud deyildir. Belə ki, AR Mülki Məcəlləsinin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı cavabdehə məxsus lombarddan 10 yanvar 2020-ci il tarixdə 2 ədəd qolbaq, imperial, 2 ədəd sep – klon, 4 ədəd üzük, 2 ədəd klon ümumilikdə, 2.700 manat dəyərində qiymətləndirilən qızıl-zinət əşyalarını girov qoyaraq 2.700 manat məbləğində pul götürmüş, 2020-ci ilin fevral ayının 3-də ona yenidən pul lazım olduğu üçün özünə məxsus 2 ədəd sep, 3 ədəd üzük və bir cüt sırğanı girov qoyaraq əlavə 875 manat pul götürmüşdür. 07 may 2020-ci il tarixdə özünə məxsus sep klon və sırğanı girov qoyaraq əlavə 500 manat da pul götürmüşdür. Cəmi olaraq o, lombarddan 4.075 manat pul götürmüşdür. Göründüyü kimi tərəflər arasında girov müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı müqavilə üzrə kredit ödənişlərini vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bu halı iddiaçı öz iddia ərizəsində də təsdiq edir. Bundan sonra cavabdeh iddiaçı ilə bağladığı girov müqavilələrinə əsasən iddiaçının ödənilməmiş borcunu girov predmetlərinə yönəltmişdir. İddiaçının apellyasiya şikayətində dəlilləri isə əsassızdır. Belə ki, İddiaçı əsas dəlil kimi ona istinad edir ki, müqavilənin şərtlərinə görə kreditin ödənilmədiyi təqdirdə lambard girov qoyulmuş qızıl zinyət əşyalarının satılacağı barədə ona rəsmi qaydada verməli idi. Lakin lombardın ona xəbər vermədən qızılları satmasını göstərir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan 10 yanvar 2020-ci il tarixli, ƏİX 234374 nömrəli, 03 fevral 2020-ci il tarixli, ƏİX 234612 nömrəli və 07 mart 2020-ci il tarixli, ƏİX 233918 nömrəli girov müqavilələrinə 1 saylı Əlavələrdən görünür ki, İddiaçı lombarda girov qoyulmuş zinət əşyalarının şəxsən ona məxsus olduğuna və həmin əşyalara hər hansı digər şəxslərin aidiyyatı olmadığına zəmanət verir və öz imzası ilə təsdiq edir. Əlavənin 2-ci bəndinə əsasən faizlərin ödənilmədiyi halda faizlərin ödənişlərindən 10 gün sonra girov qoyulmuş zinət əşyalarının xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmir və öz imzası ilə təsdiq edir. Qeyd olunan Əlavələrdə İddiaçı imzası mövcuddur. Göründüyü kimi, lombardın müqavilələr üzrə xəbərdar etmə öhdəliyi yoxdur və bundan İddiaçı məlumatlı olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4161/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-8382/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8382/2021
27.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver