Məhkəmə qərarları › İş №2(103)-8387/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8387/2021

07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8387/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X8 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(010)-2097/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X8 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X8 Kompani S.A” Şirkətinin ona vurulmuş maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə 10000 manat, dövlət rüsumunun ödənilməsi üçün 30 manat, cəmi 15030 (on beş min otuz) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 09 mart 2016-cı ildə məşğulluq xidmətinin göndərişi ilə xidməti müqavilə əsasında "xxxx" Şirkətində yardımçı fəhlə vəzifəsində işə götürülmüş və təlimata görə əmək funksiyası nasos yığmaq, hazırlıq briqadasında işləmək və digər yüngül işləri görməkdən ibarət olubdur. Lakin cavadeh təşkilat ona təlimatdan kənar ağır işləri gördürmüşdür. Belə ki, 2020-ci ilin iyulunda mədən müdiri X2 göstərişi ilə 6 ədəd içi duzlu, üstü paslı, 4 düymlü, hər birinin çəkisi 350-400 kiloqram olan boruları maşından tək boşaltmışdır. Halbuki təlimata görə həmin işi bir neçə fəhlə birlikdə etməli idi. Həmin məqamda sex ustası Üzeyr Fərzəliyev ora gəlmiş və o, sonuncudan kömək üçün işçi qüvvəsi göndərilməsini xahiş etsə də, sonuncu bu xahişini yerinə yetirməmiş, hətta “1000 manatı belə qazanırlar” sözlərini demişdir. Qeyd olunan işləri tək gördüyünə görə iddiaçı böyrək, sidik kisəsi və prostat vəzinin hiperplaziyasının ağırlaşması ilə nəticələnən xəstəliyə tutulmuşdur. İddiaçı “X9”da müalicə olunmuş və təxminən 5000 manat məbləğində müailəcəsinə pul xərcləmişdir. Keçən ilin sentyabrında müalicədən qayıtdıqdan sonra cavabdehdən müalicə xərclərinin ödənilməsini xahiş etsə də, müraciəti təmin olunmamışdır. Cavabdehin müalicə xərclərini ödəməməsi nəticəsində ona mənəvi zərər dəymişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iş yerində tapdığı xəsətlikdən əməliyyat və müalicə olunmasına dair müvafiq tibbi sənədləri, o cümlədən əməliyyat olunduğu “X9” xəstəxanasının epikrizini əlavə etmişdir. İddiaçı cavabdeh tərəfindən mütəmadi ağır işlərdə işlədilməklə istismara məruz qalması nəticəsində sağlamlığını itirərək xəstəxanaya düşmüşdür. Məhkəmə baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 30 dekabr 2019-cu il tarixli Xidmət Müqaviləsinə əsasən İddiaçı “X8 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləmişdir. Şahid qismində dindirilən “X8 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 4 saylı neft-qaz çıxarma sexinin rəisi vəzifəsində işləyən X4 ifadəsində iddiaçının təlimata görə əmək funksiyasının nasos yığmaq, hazırlıq briqadasında işləmək və digər yüngül işləri görməkdən ibarət olduğunu, onun yalnız təlimata uyğun olaraq işlərini gördüyünü, əlavə, xüsusilə də ağır şəraitli işlərinə cəlb olunmadığını və tərəfindən iddiaçıya belə bir əmr və ya tapşırıq verilmədiyini, iddiaçının səhhətində olan problemləri ilə bağlı müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 eyni məzmunlu ifadə verərək, iddiaçıya işlədiyi dövr ərzində təlimatdan kənar hər hansı iş tapşırılmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin ç və ə bəndlərinə əsasən işçinin həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüququ vardır. Lakin iş materiallarında işçinin sadalanan hüquqlarından istifadə etməsini sübut edən hər hansı sübut mövcud deyildir. Beləliklə də iddiaçı qeyd olunan Xidmət Müqaviləsində nəzərdə tutulan üzərinə düşən vəzifələrindən kənar işlər görülməsinə cəlb edilməsini sübuta yetirə bilməmişdir. Digər tərəfdən iddiaçı məhz iş yerində icra etdiyi ağır işlərə görə xəstələndiyini, keçirdiyi əməliyyatla gördüyü işlərin səbəbli əlaqəsinin olduğunu təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki,mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçı həmçinin cavabdehin təqsirli hərəkəti nəticəsində maddi ziyana məruz qaldığına görə mənəvi zərərin ödənilməsi tələbini irəli sürmüş olsa da, cavabdehin iddiaçının sağlamlığına vurulmuş zərərə görə hər hansı bir təqsirli hərəkəti müəyyən edilməmişdir. Belə olan halda cavabdehin hərəkətinə görə iddiaçının mənəvi zərərə məruz qalması əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiyi məqamların əsaslı olmasına dair hər hansı sübutu təqdim etməmiş, tələbinin əsaslandırıması zamanı hər hansı mötəbər dəlilə istinad etməmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(010)- 2097/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar