Məhkəmə qərarları › İş №2(103)-8391/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8391/2020

30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8391/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidməti qeyd edilən) "maddi və mənəvi ziyanın ödənilməsi" tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1113/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidməti qeyd edilən) iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 14256 (on dörd min iki yüz əlli altı) manat maddi ziyan, 50000 (əlli min) manat mənəvi zərər, olmaqla ümumilikdə 64256 (altmış dörd min iki yüz əlli altı) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə Cavabdeh1ndə “4-cü dərəcəli yükləyici” vəzifəsi üzrə işə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixində səhər saat 05:00 radələrində iş vaxtı bədbəxt hadisə baş vermiş və o, sol ayağının diz nahiyəsindən xəsarət almışdır. O, həmin gün X2 müraciət etmişdir. Müayinə olunduqdan sonra ona sol diz qapağının yerdəyişmiş qapalı sınığı, medial, lateral retinakulumun zədələnməsi diaqnozu qoyulmuş və o, elə həmin gün xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olunmuşdur. İşə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, baş vermiş bədbəxt hadisə barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2n Xidmətinə məlumat verilməmişdir. Belə olduqda o, Əmək Müfəttişliyinə baş vermiş hadisəylə bağlı şikayət etmişdir. xx xxxxxx 2017-ci il tarixində Cavabdeh1 Əmək Müfəttişliyinə “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında Məlumat”ı təqdim etmişdir. Bununla da, Cavabdeh1 bədbəxt hadisənin mövcudluğunu, onun işlədiyi yerdə baş verdiyini və borunun sürüşərək onun dizinə dəyməsini təsdiq etmişdir. Bundan sonra Əmək Müfəttişliyi təhqiqat apararaq xx xxx 2019-cu il tarixdə “istehsalatda baş vermiş bədbəxt hadisə haqqında” akt tərtib etmişdir. Həmin aktın 14-cü bəndinə əsasən onun bədbəxt hadisə nəticəsində xəsarət aldığı təsdiq olunur. Həmçinin, barəsində MəhkəməTibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin də rəyi vardır. Həmin rəyə əsasən o, xx.xx.2016-cı il tarixində baş vermiş hadisə nəticəsində xəsarət almış və bu xəsarətlə onun sağlamlığına az ağır zərər dəymişdir. Qeyd edilən xəsarət həqiqiliyi məlumat, İZ formalı akt, ekspert rəyi və TSEK-in qərarı ilə təsdiqlənir. Cavabdehin təqsiri ondan ibarətdir ki, o qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi şərtlərini təmin etməmişdir. Həmçinin işəgötürən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsinə, eləcə də binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsinə görə cavabdehlik daşıyır. Səbəbli əlaqə ekspertizanın rəyində, o cümlədən hadisə baş verən vaxtı orda olan işçilərin verdikləri izahatlardan tam aydın müəyyən etmək olur. Onun orta aylıq əmək haqqının itirilmiş əmək qabiliyyətinə olan nisbəti 396 (üç yüz doxsan altı) manat məbləğindədir. Ona görə də qeyd edilən dövr üzrə (xx.xx.2016xx.xx.2019) sağlamlığa vurulmuş zərərə görə itirilmiş qazancın məbləği 16632 (on altı min altı yüz otuz iki) manat (42X396=16632) məbləğindədir. Cavabdeh xx xxxxxx 2016-cı il tarixində ona heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İşdə aldığı xəsarətə hüquqi qiymət verməməkləri, ona qarşı qanunsuz hərəkətləri və onu əsassız olaraq işdən çıxartmaqları ona çox pis təsir etmişdir. Belə vəziyyətə düşməyi, işdən çıxarılmağı və həmin vaxtdan bəri çəkdiyi xərclər, itirdiyi vaxt ucbatından ciddi mənəvi sarsıntılar keçirmiş, əsəb və yuxu sistemi də əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, onun həyat yoldaşı xəstədir, işləmir, əməliyyat keçirmiş və hazırda azyaşlı övladı olduğuna görə evdar qadındır. Anası və atası da onunla birlikdə qalırlar, ailəsində işləyən yeganə şəxs odur. O, iş üçün başqa müəssissələrə müraciət etmiş, lakin onlar ayağının axsadığını müşahidə etdikdən sonra iş üzrə təcrübəsi olsa da, axsamağını əsas gətirərək, onunla əmək müqaviləsi bağlamaqdan imtina etmişlər. Bu isə onda gələcək iş fəaliyyəti üçün bədbinlik və mənəvi sarsıntılara səbəb olur. Bununla yanaşı, o, nəinki, bədbəxt hadisə ilə bağlı yol və müalicə məsrəflərini, həmçinin ailəsinin dolanışıq üçün zəruri olan tələbatlarını da ödəyə bilmir. Bu hadisənin baş verməsi nəticəsində onun sağlamlığının uzun müddətə pozulmasına görə ailəsinin dolanışığı və övladlarının gələcəyi barədə olan düşüncələr onu ağır mənəvi sarsıntıya düçar etmişdir. Hesab edir ki, mənəvi zərər kimi ona 50.000 (əlli min) manat məbləğində ziyan dəymişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1113/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1ndən maddi zərərə görə 14256 (on dörd min iki yüz əlli altı) manatın, mənəvi zərərə görə 2000 (iki min) manatın və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Qətnamədən həmçinin cavabdeh təşkilatın nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onun əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixində baş vermiş hadisə nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidmətinin təhqiqat aktı ilə Cavabdeh1 5-ci dərəcəli yükləyicisi İddiaçı və Cavabdeh1 briqadiri Bülent Yurtlunun cavabdehliyi müəyyən edilmişdir. Buna görə də cavabdeh iddiaçının qarşısında tam məsuliyyət daşıya bilməz. Cavabdeh1 BM-nə qarşı mənəvi ziyan tələbi ilə bağlı isə bildirir ki, İddiaçı Cavabdeh1nə qarşı həm maddi, həm də mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3581/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3083/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3581/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. Odur ki, hazırda mənəvi ziyanın tələb edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili Vüqar Heydərov özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh müəssisəinin nümayəndəsi də özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddia tələbinin rədd edilməsi və iddia tələbinin mənəvi ziyana aid hissəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1113/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh1nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidməti qeyd edilən) "mənəvi ziyanın ödənilməsi" tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Buna görə də hazırki apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh1ndən maddi zərərə görə 14256 (on dörd min iki yüz əlli altı) manatın və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi” hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyər birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışında yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli 189/K saylı əmrdən çıxarışdan görünür ki, istehsalat zərurəti ilə əlaqədar olaraq, müddətli əmək müqaviləsinə əsasən üç ay müddətinə İddiaçı xx.xx.2015-ci il tarixindən Azf-087 layihəsinə 4-cü dərəcəli yükləyici peşəsinə işə qəbul edilmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2015-ci il tarixdə Cavabdeh1ndə 4-cü dərəcəli yükləyici vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2017-ci il tarixli, 4933 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı məhkəmə-tibbi ekspertizasında aşkar edilmiş xəsarətlər – sol diz ayağının yerdəyişmiş qapalı sınığı, medial, lateral bağların zədələnməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri tibbi sənəddə və qərarda göstərilən xx.xx.2016-cı il tarixdə və şəraitdə, yəni dəmir borunun sürüşərək diz nahiyyəsinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 7212 nömrəli epikrizindən görünür ki, İddiaçı sol diz qapağının yerdəyişmiş qapalı sınığı, medial, lateral etinakulumun zədələnməsi diaqnozu qoyulmuşdur. – İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidmətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 100 nömrəli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə X1 cərahiyyə və transplantasiya şöbəsinə daxil olmuş, sol diz qapağının yerdəyişmiş qapalı sınığı, medial, lateral etinakulumun zədələnməsi diaqnozu qoyulmuş, xx.xx.2016-cı il tarixdə sol diz qapağının açıq reduksiyası, veber üsulu ilə osteosintezi, medial, lateral retinakulumun təmiri əməliyyatı icra olunmuş, xx.xx.2016-cı il tarixdə xəstə yaxşılaşma ilə evə yazılmış və ambulator şəraitdə müalicəsi məsləhət görülmüşdür. Xəstənin deməsinə görə xəsarəti işdə yıxılaraq almışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidmətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumatdan görünür ki, xx.xx.2016-ci il tarixdə təxminən saat 05:06 radələrində AZF-087 sifrəli layihə, Sənqəcal qaz terminalı tikintisi ərazisində hadisə baş vermiş və qeyd edilən iş sahəsində istehsalat zərurəti ilə əlaqədar ağırlığı 25-30 kq olan boruların təyin olunmuş yerə yığılması zamanı boru sürüşərək işçi 4-cü dərəcəli yükləyici İddiaçı dizinə dəymişdir. Vizual baxış zamanı heç bir zədə izi görünmədiyindən və işçinin hər hansı bir ağrı hiss etmədiyindən bu barədə heç kimə məlumat verilməmişdir. Sonradan sıgorta xətti ilə şəhər klinikasına müraciət etmiş, ona sağ ayağının diz gapağında qapalı sınıq diaqnozu qoyulmuşdur. İş materiallarında olan Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidmətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı şikayət ərizəsində qaldırılan məsələ yerində ətraflı araşdırılmış və bildirilmişdir ki, İddiaçı xx xxx 2015-ci il tarixində AZF-087 layihəsinə 4-cü dərəcəli yükləyici kimi işə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixindən mövcud qaydalara uyğun olaraq, iş bitimi ilə əlaqədar ona 3(üç) aylıq kompensasiya ödənilməklə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verərkən layihənin kadrlar şöbəsində onunla söhbət zamanı layihəyə və müəssisəyə qarşı heç bir iradının olmadığını bildirmişdir. Buna baxmayaraq o, işdən azad olunduqdan təxminən 2 (iki) ay sonra layihədə çalışdığı müddət ərzində iş zamanı güya ağır istehsalat qəzası nəticəsində xəsarət alması və bunun müəssisə tərəfindən qeydiyyata alınmaması iddiası ilə şikayət ərizəsi yazmışdır. Onun ərizəsində qeyd edilən tarixdə, yəni xx xxx 2016-cı il tarixdə onunla birlikdə çalışmış işçilərdən yalnız 1 nəfər hal-hazırda həmin layihədə çalışır. Onunla ətraflı söhbət zamanı məlum oldu ki, həmin gün səhər saat 05:06 radələrində o, İddiaçıı yerdə oturaq vəziyyətdə görüb. Ona yaxınlaşaraq nə olduğu ilə maraqlanıb. O, da ciddi bir şey yoxdur, nədisə dizim ağrıyır deyib, işin sonu olduğu üçün bütün işçilər kimi o, da müəssisənin icarələdiyi vaxt avtobusu ilə evə getmişdir. Həmin gün evdən layihənin sahə klinikasına zəng edərək dizində ağrılar olduğu üçün həkimə müraciət etmək istədiyini bildirmiş, sahə həkimi də ona tibbi sığortası olduğu üçün sığorta şirkəti ilə əlaqə saxlayaraq müəssisənin müqaviləsi olan şəhər klinikalarından birinə müraciət etməyi məsləhət görmüşdür. Xəstəxanadan müayinənin nəticəsi ilə maraqlanan işçimizə, onun sol ayağının diz qapağında çat müəyyən edildiyini və səbəbinin İddiaçı dediyinə görə evdə yıxılması ilə izah etmişdir. Məhz buna görə də, xəsarətin istehsalat qəzası ilə əlaqədar olmadığı nəzərə alınaraq Mərkəzi Ofis və mövcud qaydalara uyğun olaraq Əmək Müfəttişliyi məlumatlandırılmamışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidmətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı xx xxx 2015-ci il tarixində Cavabdeh1 AZF-087 Şahdəniz-2 X6 Tikintisi layihəsində 4-cü dərəcəli yükləyici kimi işə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixindən mövcud qaydalara uyğun olaraq, iş bitimi ilə əlaqədar ona 03 aylıq kompensasiya ödənilməklə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verərkən layihənin kadrlar şöbəsində onunla söhbət zamanı layihəyə və müəssisəyə qarşı heç bir iradının olmadığını bildirmişdir. Buna baxmayaraq o, işdən azad olunduqdan sonra layihədə çalışdığı müddət ərzində iş zamanı sol ayağının diz qapağının zədələnməsi ilə nəticələnən istehsalat qəzasının baş verməsi və bu hadisənin müəssisə tərəfindən qeydiyyata alınmaması iddiası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bu şikayət ərizəsi 4 saylı region üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1nə xx.xx.2017-ci il tarixli məktub ilə ünvanlandırılmışdır. İddiaçı ərizəsində qeyd edilən məsələ 2017-ci ilin yanvar ayında 4 saylı region üzrə Cavabdeh2 nümayəndəsinin iştirakı ilə Şahdaniz-2 X6 Tikintisi layihəsində araşdırılmışdır. İş materiallarında olan “Mediland” Hospital tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı sümüklərdə diffuz osteoporoz əlamətləri nəzərə çarpır. Diz qapağı normal lokalizasiyalıdır. Rg-ji oynaq yanğı qismən daralıb. Oynaq səthlərinin subxondral sklerozu qeyd edilir və qamış sümüyünün kondiluslar arası çıxıntılarından, diz qapağının oynaq kənarlarından osteofitlər inkişaf etmişdir. Nəticə osteoartroz əlamətləri qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixli 655/K saylı əmrdən çıxarışdan görünür ki, Azf-087 layihəsinin 5-ci dərəcəli yükləyicisi İddiaçı əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) son haqqhesab ödənilməklə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3581/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı - Cavabdeh1nə qarşı onun Cavabdeh1 öz işinə bərpa edilməyi, xəsarət aldığı vaxtdan bəri çəkdiyi maddi xərclərə görə 180.10 AZN və keçirdiyi mənəvi sarsıntılara görə mənəvi zərər qismində 50.000 (əlli min) AZN məbləğində birdəfəlik ödənişin, azyaşlı övladlarının 18 yaşına çatanadək aylıq 200 (iki yüz) AZN məbləğində ödənişin, məhkəmə rüsumu olaraq ödənilmiş 30 (otuz) AZN və hüquqi yardım xidməti üçün ödədiyi 300 (üç yüz) AZN məbləğində ödənişin cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbləri əsassız olduğu üçün və həmin tələblər üzrə iddia müddəti keçdiyi üçün təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3083/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3581/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidmətinin xx xxxxx 2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1ndə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Xidmətinin təhqiqat aktı ilə Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən Cavabdeh1 5-ci dərəcəli yükləyicisi İddiaçı, 4.2-ci bəndinə əsasən Cavabdeh1 briqadiri Bülent Yurtlunun cavabdehliyi müəyyən edilmiş, İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları»na müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı AKT-ın (İZ formalı akt) surətindən görünür ki, bədbəxt hadisənin səbəbləri kimi Cavabdeh1 AZF087 lahiyəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “yükləyici peşəsinin vəzifə təlimatı”nın 2.10-cu bəndinin (iş sahəsində alətlərdən, ləvazimatlardan, yükləmə-boşaltma, yükqaldırma vasitələrindən müvafiq prosedur və təhlükəsizlik qaydalarına əməl etməklə düzgün istifadə etmək) tələblərinin pozulması, Cavabdeh1ndə “əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair sənədlər toplusu”nun “briqadirin, manqa rəhbərinin təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsində vəzifə borcu”nun 1-ci bəndinin (briqada və manqa üzvlərinin əmək və istehsalat intizamına, texniki təhlükəsizlik təlimatlarına riayət etmələrinə nəzarət edir) tələblərinin pozulması müəyyən edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən (əmək qabiliyyətini 40 faiz itirməklə) üçüncü dərəcəli əlillik təyin edilmişdir. - «xxxx» ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, müvafiq ödəniş tapşırıqlarına əsasən İddiaçı plastik kart hesabına xx.xx.2020-ci il tarixdən (yanvar ayında iki dəfə olmaqla həmçinin 2019-cu ilin dekabr ayı üçün də köçürülməklə) xx.xx.2020-ci il tarixə kimi hər ay 396.39 manat olmaqla ümumilikdə 3171,12 manat məbləğində icbari sığorta ödənişi köçürülmüşdür. Əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu prinsipə müvafiq olaraq qanunverici əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını sadalayarkən, onun həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını (Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndi) və əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini (Əmək Məcəlləsinin 9-maddəsinin “i” bəndi) tələb etmək hüquqlarını göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin a və b bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxil edilmişdir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin və onun təhqiqatının aparılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqatı barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin təhqiqatının aparılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-4-cü bəndlərinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında xx xxx 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun 18.1-cü maddəsinə əsasən, icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması” qaydalarının 2.1-ci bəndinə əsasən, sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra - TSEK) tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq, bu Qaydaların 2.1.3-cü bəndi nəzərə alınmaqla, sığortaçının müvafiq qərarı ilə təyin edilir və müvafiq olaraq aşağıdakı müddətlərdə ödənilməlidir. Aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırki mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalı olması və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdən (əmək qabiliyyətini 40 faiz itirməklə) üçüncü dərəcəli əlillik təyin edildikdən sonra ona xx.xx.2019-cu il tarixdən hesablanmaqla müvafiq ödəniş tapşırıqlarına əsasən xx.xx.2020-ci il tarixdən (yanvar ayında iki dəfə olmaqla həmçinin 2019-cu ilin dekabr ayı üçün də köçürülməklə) hər ay 396.39 manat olmaqla icbari sığorta ödənişi ödənilməsi işin mübahisəsiz halıdır. Kollegiya qeyd edir ki, istehsalatda bədbəxt hadisənin xx.xx.2016-cı il tarixdə baş verməsinə baxmayaraq iddiaçı qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini 2019-cu ilin dekabr ayından hesablanmaqla 2020-ci ilin yanvar ayından almağa başlamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 2016-cı ilin dekabr ayından sığorta ödənişi almağa başladığı xx.xx.2019-cu il tarixədək hesablanmalı olduğunu nəticəsinə gəlmişdir. Belə ki, cavabdeh əmək qanunvericiliyinin tələblərinə riayət etməklə istehsalatda baş vermiş bədbəxt hadisə barədə müvafiq icra hakimiyyəti orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada məlumat vermiş olsaydı, həmin hadisə “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması” Qaydalarına müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilə və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlillik dərəcəsi müəyyən edilməklə o, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalı olduğundan onun qanunla müəyyən edilmiş qaydada icbari sığorta ödənişi almaq hüququ xeyli müddət əvvəl yarana bilərdi. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətləriinin dəlilləri qətnamənin hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan hissəsində ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1113/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan, yəni “Cavabdeh1ndən maddi zərərə görə 14256 (on dörd min iki yüz əlli altı) manatın və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği apellyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar