Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-84/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(008)-471/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarında olan hüquq müəyyənedici sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev (əvvəlki İ.Məmmədov) küçəsində yerləşən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuş və hasarlanmışdır. İddiaçı məhkəməyə “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Cavabdeh məhkəmənin mövqeyi ilə razılaşmayaraq, qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməmişdir. Cavabdeh apellyasiya instniyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək, mülki işi yenidən baxılması üçün geri qaytarmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması və cavabdehdən onun xeyrinə 2610 manat məbləğində maddi 5000 manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və eyni zamanda o, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 196 saylı sərəncamı ilə torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. Qeyd edilən tarixdən daşınmaz əmlakı mülkiyyətinə qəbul edərək, fasiləsiz sahiblik etmişdir. Lakin iddiaçı yaxın qohumunun dəfni ilə bağlı Gürcüstan Respublikasından qayıdan zaman ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsində mişar daşı ilə hörülmüş hasar cavabdeh və qonşusu Cavabdeh tərəfindən sökülüb. Eyni zamanda həyətin giriş hissəsinin sağ tərəfindəki daş hasarın daşları daşınaraq, istifadə edilib. Cavabdehin öz həyətinə girişi üçün nəzərdə tutulmuş girişin eni 2.80 metr olsa da, sonradan onun giriş üçün zəbt etdiyi torpağın eni 4.10 metrə çatdırılmışdır. İddiaçı ona məxsus olan mişar daşlarının geri qaytarılmasını tələb etdikdə isə cavabdeh buna aqressiv cavab vermiş, daşların pulunu verməkdən imtina etmişdir. Nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilərək, iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş, icraat dayandırılmış, ekspert rəyi alındıqdan sonra isə icraat təzələnmişdir.
5. xx.xx.2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsi faktiki olaraq 406.0 kvadrat metr təşkil edir (hüquqmüəyyənedici sənədlərdə 550 kvadrat metr), Cavabdeh istifadəsində olan torpaq sahəsi faktiki olaraq 316.0 kvadrat metr təşkil edir (hüquqmüəyyənedici sənədlərdə 300.0 kvadrat metr). Hər iki torpaq sahələri dörd tərəfdən mişar daşla hasarlanmışdır. Torpaq sahələrinin üzərində fərdi yaşayış evləri mövcuddur. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin təyin etdiyi koordinatlar verilmiş ərazidən ********** iş nömrəsi ilə 300.0 kvadrat metr torpaq sahəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Artıq 16.0 kvadrat metr torpaq sahəsi yol kimi istifadə edilir, yola tək çıxışdır. Hasarlanma sənəd üzrə ölçülərə uyğun aparılmamışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 mart 2020-ci il tarixli, 2(008)-471/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki bağ sahəsinin boşaldılması, torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabehdən tutularaq, İddiaçı ödənilməsi, qalan 15 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının adına reyestr nömrəsi **********02, səhəsi 0.055 hektar olan, cavabdehin adına isə reyestr nömrəsi **********89, sahəsi 0.03 hektar olan çıxarış və plan ölçü sənədləri verilmişdir. İddiaçıya məxsus olan 0.055 hektarlıq ərazinin 16 kvadrat metri cavabdeh tərəfindən istifadə edilir. Odur ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki bağ sahəsi boşaldılmalı, torpaq sərhədləri əvvəlki vəziyyətinə qaytarılmalıdır. İddiaçı ona vurulan zərəri sübut edəcək heç bir tutarlı sübut təqdim etmədiyindən, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh, həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktili hallarını və sübütları tam araşdırmamış, daha dəqiq və düzgün təkrar ekspertiza tədqiqatının keçirilməsini təmin etməmişdir. 10.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 8417/2020 nömrəli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, cavabdeh ekspert rəyi ilə razı olmadığını və təkrar ekspertizanın keçirilməli olduğunu qeyd etsə də, iş üzrə keçirilmiş ekspert rəyini şübhə altına alacaq hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası öz mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi norma və qərarlara, əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 119, 384 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamə ilə razılaşmayaraq, kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, cavabdehə məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərini lazımi qaydada təhlil etməmiş və ekspertə təqdim etməmiş, ekspertlər qarşısında düzgün suallar qoyulmamışdır. Buna görə də, ekspertlər tərəfindən hazırkı vəziyyət tam araşdırılmamışdır. Daha dəqiq və düzgün təkrar ekspertiza tədqiqatının keçirilməsi məhkəmə tərəfindən təmin edilməmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası xx.xx.2021-ci il tarixli, 2(102)-3987/2021 nömrəli qərar qəbul edərək, kassasiya şikayətini təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2020-ci il tarixli qətnaməsini ləğv etmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almışdır.
15. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, Baxılan iş üzrə birinci instansiya məhkəməsi iş üzrə verilmiş rəydə olan natamamlığı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən rəy vermək üçün müvafiq dövlət orqanlarına ünvanladığı suallar üzrə yekun qənaətə gəlmişdir. Məhkəmə iddianı qismən təmin edərək cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki bağ sahəsinin boşaldılması, torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılmasını qət etsə də, iş üzrə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin hansı hissədə zəbt olunduğu, hansı hissənin boşaldılmalı olduğu, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasının nəyi ehtiva etdiyi barədə məsələlər həll edilmədən saxlanılmış və ekspert rəyi ilə müəyyən edilən – artıq 16,0 kvadrat metr torpaq sahəsinin yol kimi istifadə edildiyi və yola tək çıxış olduğu barədə hala ümumiyyətlə qiymət verilməmişdir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnaməni qüvvədə saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş səhvləri təkrarlamış, apellyasiya şikayətinin ekspert rəyinin natamamlığı və yeni ekspertiza keçirilməsinin zəruriliyi barədə dəlilərini formal hesab edərək onlara qiymət verməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktili hallarını və sübütları tam araşdırmamış, cavabdehə məxsus torpaq sahəsinin hüquq müəyyənedici sənədlərini lazımi qaydada təhlil etməmiş və ekspertə təqdim etməmiş, ekspertlər qarşısında düzgün suallar qoymamışdır. Buna görə də, ekspertlər tərəfindən hazırkı vəziyyət tam araşdırılmamışdır. Daha dəqiq və düzgün təkrar ekspertiza tədqiqatının keçirilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. Cavabdeh hasarı sökərək, yolu genişləndirməmiş, ona məxsus ev və torpaq sahəsinə yol kimi istifadə edilən ərazinin eni elə əvvəldən 4 metr olmuşdur. Əksinə iddiaçı yolu zəbt edərək, yolun enini 4 metrdən 2.80 metrə çatdırmış, oradan hasar çəkmişdir və yeni hasarla yolu və cavabdehə məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
21. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29 (İİ hissə). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
23. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
27. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
28. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddia tələbinin həmin hissəsi üzrə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən, bütün zəruri məsələlərə aydınlıq gətirməmiş, nəticədə mülki iş üzrə anlaşılmayan məqamlar yaranmışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
38. İlk növbədə məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə görə apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
39. Ona görə də, hazırki qətnamənin hüquqi cəhətdən aydınlığının təmin edilməsi üçün kollegiyanın qətnaməsinin çıxarılmasına əsas olmuş hallar iki hissəyə bölünərək ifadə olunur. İlk hissə birinci instansiya məhkəməsinin tələbi qismən təmin edərkən əsaslandığı hallara kollegiya tərəfindən verilən hüquqi qiymətdən ibarətdir.
40. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırki mübahisənin predmeti isə zəbt olunmuş torpaq sahəsi ilə bağlı oluduğundan ilk növbədə araşdırlmalı olan məqam mübahisəli toraq sahəsi üzərindəki mülkiyyət hüququdur.
41. Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin mülkiyyət hüququnun olması və həmin hüququn, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Məhkəmənin qərarı olmadan isə heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Əsas konstitusyon hüquqlardan biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsində isə mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
43. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir.
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin hüquqular Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır və həmin reystr Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur.
45. İş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli, 196 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov (indiki S.Əliyev) küçəsində yerləşən 59 nömrəli yaşayış evinin mülkiyyətçisi müəyyən edilmiş, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
47. Göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya məxsusdur və bu hüquq Dövlət tərəfindən tanınaraq, təsdiq edilmişdir.
48. Növbəti hüquqi qiymət verilməli məsələ isə cavabdeh tərəfindən iddiaçının torpağının zəbt olunmasına dair sübutların mötəbərliyindən ibarətdir. Bu barədə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yanında yerləşir və xx.xx.2013-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdehin adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
49. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpağın sahəsi hüquq müəyyənedici sənədlərdə 550.0 kvadrat metr olsa da, faktiki sahibliyində olan torpağın sahəsi 406.0 kvadrat metr təşkil edir. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi isə hüquq müəyyənedici sənədlərdə 300.0 kvadrat metr olsa da, faktiki sahibliyində olan torpağın sahəsi 16.0 kvadrat metr çox, yəni 316.0 kvadrat metridir. Həmin 16.0 kvadrat metr torpaq sahəsi cavabdeh tərəfindən yol kimi istifadə edilir və yola tək çıxışdır. Ekspert rəyindən əlavə olaraq müəyyən edilir ki, tərəflərin torpaq sahələri dört tərəfdən hasarlanmış, lakin hasarlanma hüquq müəyyənedici sənədlər üzrə ölçülərə uyğun aparılmamışdır.
50. Göründüyü kimi cavabdeh tərəfindən 16.0 kvadrat metr torpaq sahəsinin zəbt olunduğu ekspert rəyi ilə sübut olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə məhkəmə araşıdrması zamanı tədqiq olunan sübutlara həmçinin ekspertlərin rəyləri də daxildir.
51. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasını və iş üzrə alınmış ekspert rəyini əsas götürərək iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Lakin məhkəmə iddianı qismən təmin edərkən qətnaməsində qeyri-müəyyən ifadələrə yol vermiş, habelə iddia tələbinin həllində mühim əhəmiyyət kəsb edən halları dəqiqləşdirməmişdir.
52. Birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual nöqsanların aradan qaldırılması üçün məhkəmə kollegiyası araşdırma aparmışdır. Həmin araşdırmalar qətnamənin çıxarılmasına əsas olmuş halların növbəti hissəsində, yəni Ali Məhkəmənin qərarında ifadə olunmuş göstərişlərin araşdırlması hissəsində şərh olunmuşdur.
53. Həmin hissə üzrə kollegiya qeyd edir ki, məhkəmə araşdırmasını ilk növbədə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin hansı hissədə zəbt olunması təşkil edir. Bu səbəbdən də, məhkəmə kollegiyası ilkin məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın nəticələrini aldıqdan sonra ekspertin rəyi ilə kiafayətlənməyərək əlavə ekspetiza təyin etmiş, 1 saylı Bakı Ərazi İdarəsinin X1 isə mütəxəssis qisimində işə cəlb etmişdir. Ekspertizanın nəticələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli rəyində öz əksini tapmışdır.
54. Həmin ekspert rəyində məhkəmənin suallarına cavab olaraq qeyd olunmuşdur ki, idiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin ərazi hüdudları, təmas xətti və sərhədləri mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir.
55. Ekspertin istinad etidiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin sxematik planına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin sxematik planda yol kimi istifadə edilən torpaq sahəsinin, mübahisələndirilən və zəbt olunmuş torpaq sahəsinin, habelə iddiaçı və cavabdehin faktiki istifdəsində olan torpaq sahələrinin ölçüləri və koordinatları qeyd edilmişidir.
56. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki mübahisəli torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunan sxematik planda verilmiş koordinatlar üzrə zəbt edilib və həmin koordinatlar üzrə cavabdeh tərəfindən boşaldılmalıdır.
57. Növəti araşdırlımış hal isə birinci instansiya məhkəməsinin qətnaməsinin nəticəsində qeyd olunan “torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması” hisəsidir. Hansı ki, həmin hissə qeyri-müəyyəndir və özündə hansı mənanı ehtiva etdiyi anlaşılmır.
58. Bu bardə məhkəmə kollegiyası izah edir ki, “torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması” tələbi hələ iddiaçı məhkəməyə müraciət edərkən onun tərəfindən iddia ərizəsində qeyd edilmişdir. Birinici instansiya məhkəməsi isə həmin tələbin dəqiqləşdirilməsi üçün zəruri hərəkətlər etməmiş, yəni qeyri-müəyyən tələbin müəyyənləşdirilməsi üçün iddiaçıya öz təkliflərini verməmiş, yekunda elə həmin tələbi də, təmin etmişdir.
59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
60. Göründüyü kimi, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbi birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmasına hazırlanması mərhələsində, qanunla müəyyən olunmuş hallarda isə məhkəmə baxışı gedişində dəyişdirilə bilər. İddia tələbinin apellyasiya icraatında dəyişdirilməsinə yol verilmir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının hüquqi maraqlarını nəzərə alaraq belə hesab edir ki, “torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması” ifadəsi “torpaq sərhədlərini ayıran hasarların əvvəlki vəziyyətinə qaytarılması” kimi qiymətləndirilməlidir.
61. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, tərəflərin torpaq sahələri dört tərəfdən hasarlanmış, lakin hasarlanma hüquq müəyyənedici sənədlər üzrə ölçülərə uyğun aparılmamışdır. Həmin hasarlanmış ərazinin 16.0 kvadrat metri hüquq müəyyən edici sənədlərə əsasən cavabdehin mülkiyyətində deyil və cavabdeh tərəfindən faktiki hasar zəbt edilmiş torpaq sahəsində inşa edilmişdir. Belə olan halda torpaq sərhədlərinin əvvəlki vəziyyətinə qaytarılması dedikdə cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsi üzərində inşa edilmiş hasarın sökülməsi başa düşülməlidir. Belə ki, yalnız həmin hasarın sökülməsi nəticəsində sərhədlər faktiki olaraq əvvəlki vəziyyətinə qaytarıla bilər.
62. Odur ki, həmin hissə üzrə də, qətnamə dəyişdirilməli, torpaq sərhədlərini ayıran hasarlar əvvəlki vəziyyətinə qaytarılmalı, yəni zəbt olunmuş torpaq sahəsində inşa edilmiş hasar cavabdehin hesabına sökülməlidir.
63. Ali Məhkəmənin digər hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin torpaq sahəsini zəbt edərkən məqsədi evinə giriş-çıxış üçün yol açmaq deyil, həmin yolu genişləndirmək olmuşdur. Çünki, cavabdehin evinə əvvəllər də, giriş-çıxış üçün yol mövcud idi, lakin həmi yolun eni indikindən daha qısa olmuşdur. Bu hal həm iddiaçının iddia ərizəsindən, həm də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir. Belə olan halda zəbt olunmuş torpaq sahəsininin cavabdeh tərəfindən boşaldılması onun evinə giriş-çıxış üçün nəzərdə tutulmuş yolun tamamilə bağlanması ilə nəticələnmir.
64. Yuxarıda qeyd olunanlar, məhkəmə araşırması zamanı tədqiqi olunan sübutlar, habelə təyin edilmiş ekspertizaların nəticələri belə qərara gəlməyə əsas veriri ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh tərəfindən zəbt edilmiş bağ sahəsinin boşaldılması, torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması” hissəsində dəyişdirilməli, torpaq sahələrinin sxematik planında verilmiş koordinatlar üzrə zəbt edilmiş ərazi cavabdeh tərəfindən boşaldılmalı, torpaqların sərhədlərini ayıran hasar cavabdehin hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılmalıdır.
65. Bundan başqa məhkəmə kollegiyası yaranmış məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. Həmin Məcəllənin 124.1 maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
67. Odur ki, mülki iş üzrə aparılmış ilkin və əlavə ekspertizaların xərci, yəni 100 (bir yüz) manat tədqiqat dəyəri cavabdehdən tutulmalıdır.
68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(008)- 471/2020 nömrəli qətnaməsi qismən - cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki bağ sahəsinin boşaldılması, torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması hissəsində dəyişdirilsin. Torpaq sahələrinin sxematik planında verilmiş koordinatlar üzrə zəbt edilmiş ərazi cavabdeh tərəfindən boşaldılsın, torpaqların sərhədlərini ayıran hasar Cavabdeh hesabına sökülərək, əvvəlki vəziyyətinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2, KOD: 210005, VÖEN: 140155071, Mübir hesab: ******************** SWİFT Bik: CTREAZ22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.