Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-840/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-X1 ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “satılmış malın yenisi ilə əvəz edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi 2(001)-4532/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “satılmış malın yenisi ilə əvəz olunması, yeni kredit qrafikinin açılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4532/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Cavabdeh MMC-nin əməkdaşları qabaqcadan əlbir olub ümumiyyətlə işləməyən xarab televizoru “yeni, saz” adı ilə bilərəkdən ona kreditlə satmışlar. İşə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə-texniki ekspertizasının təyin edilməsi xahiş edilmiş və vəsatət təmin edilərək məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə komputer-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş imtinaya əsasən həmin sualın onların səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. Bundan sonra yazılı vəsatət verərək televizorun ekspertizasını keçirilməsini xahiş etsə də, vəsatət təmin edilməmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehin iştirakı təmin olunmadığı üçün isə xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh MMC nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iddiaçının izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin faktiki hallarına görə, iddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-nin Nərimanov filialından dəyəri 3999 manat olan “Samsung” markalı “UE65NU7400UXRU” modelli televizoru 300 manat ilkin ödəniş etməklə kreditlə almış, xx.xx.2018-ci il tarixdə cavabdeh şirkətin işçiləri tərəfindən televizor iddiaçının evinə çatdırılmış və onun oğlu Azər Mustafayev tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh şirkətin işçiləri kabel televiziyasında problem olduğu üçün televizorun quraşdırılmasının mümkünsüz olduğunu bildirmiş, buna baxmayaraq iddiaçının oğluna təhvil-təslim aktına imza etdirmişlər. Sonradan evə gələn iddiaçı televizoru işə saldıqda onun ekranında iri ləkə olduğunu görmüş, bunun üçün malı aldığı mağazaya gedib malın nasaz olduğunu bildirmiş və onun yenisi ilə əvəz edilməsini tələb etmişdir. Cavabdeh şirkətin 2 işçisi iddiaçının yaşadığı evə gələrək televizorda həqiqətən nasazlığın olduğunu təsdiqləmiş, lakin bu barədə akt tərtib etmədən televizorun servisə aparılmasından imtina etmişlər. Cavabdeh tərəfindən iddiaçının satılmış nasaz televizorun yenisi ilə əvəz olunması istiqamətində hər hansı hərəkətin edilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdi ki, İddiaçı iddiasında televizorun Cavabdeh MMC-nin Nərimanov filialı tərəfindən nasaz vəziyyətdə təhvil verilməsini göstərsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdehin nümayəndəsi məhkəməyə malın işlək vəziyyətdə təhvil verildiyini təsdiq edən təhvil-təslim aktını təqdim etmişdir. Aktdakı imzanın İddiaçı oğlu, Azər Mustafayevə məxsus olması, yəni televizorun iddiaçı tərəfindən deyil, onun oğlu tərəfindən qəbul olunması barədə iddiaçının nümayəndəsinin izahatına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hətta bu hal belə, televizorun nasaz vəziyyətdə təhvil verilməsini sübut etmir. Belə ki, televizorun cərəyana qoşulub müştəriyə təhvil verilməsi barədə akt iddiaçının ailə üzvləri tərəfindən də təsdiqlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan zəmanət talonunun surətindən görünür ki, İddiaçılunun aldığı “Samsung” markalı “UE65NU7400UXRU” modelli televizora 1 il müddətində zəmanət verimişdir. İşin mübahisəsiz halıdır ki, satılmış malda yaranmış və cavabdeh tərəfindən inkar edilməyən nasazlıq (iri ləkənin müşahidə olunması) televizorun alınmasından 1 gün sonra, yəni zəmanət müddəti ərzində baş vermişdir. Nəzərə alınmalıdır ki, televizorda nasazlıq malın uzunmüddətli və ya davamlı istifadə olunmasından deyil, malın alınmasından 1 gün sonra qoşulanda aşkar olunmuşdur ki, bu da həmin televizorun nasaz vəziyyətdə təhvil verilməsi qənaətinə gəlmək üçün əsas yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur (581.1). Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur (581.2). Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur (581.3). Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər (581.4). Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır (582.1). Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir (582.2). Qarantiya müddətinin axımı, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır (583.1). Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin (584.2). Həmin Məcəllənin tələblərinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (587.2). Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər (587.3). Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir (587.5). Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər (589.3). Yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər (589.6). Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir (596.1). Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, cavabdeh şirkətin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qarantiya müddəti ərzində istifadəyə yararlı olan əşya vermək vəzifəsi olsa da, bu vəzifəsini icra etməmiş və buna görə də alıcı ona verilmiş həmin əşyanın yararlılıq müddəti ərzində keyfiyyətli ola bilən başqa əşya ilə əvəz olunmasını tələb etmək məcburiyyətində qalmışdır. O ki qaldı cavabdehin “iddiaçının aldığı televizorun onun oğluna təhvil-təslim olunduğu üçün onun başqa əşya ilə əvəzlənməsinin qeyri-mümkünlüyü” barədə dəlilinə, mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə görə malı qəbul etmək alıcının vəzifəsi olaraq müəyyən edilmiş, lakin bu hal keyfiyyəti olmayan və yararlılıq müddəti ərzində istifadəyə yararlı olmayan, müvafiq keyfiyyətə cavab verməyən malın mütləq qəbul edilməsini və onun dəyişdirilməsi ilə bağlı alıcının heç vaxt müvafiq tələb irəli sürmək hüququnu məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının aldığı televizor cavabdeh şirkətin işçiləri tərəfindən təhvil-təslim verildikdən 1 gün sonra onda zəmanət talonu ilə qarantiya verilmiş yararlılıq müddəti ərzində aşkarlanan nasazlığın mövcudluğu işin mübahisəsiz halı olduğundan və həmin nasazlığın iddiaçının təqsiri üzündən yaranması və ya aradan qaldırıla bilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyindən alınmış əşyanın daha keyfiyyətli yeni əşya ilə əvəz etmək vəzifəsi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı iddiaçının “aldığı malın yenisi ilə əvəz olunması” barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının “yeni ödəniş qrafikinin açılması” barədə tələbi də əsas iddia tələbinə əlavə olaraq verildiyi üçün onun davamı olaraq həmin iddia tələbi də təmin olunmalıdır. İddiaçının “ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat pulun tutulması” barədə tələbinə gəldikdə isə məhkəmə kollegiyası iddiaçı tərəfindən ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasının əsaslandırılmadığı və özünün hansı şəxsi qeyri-əmlak hüquqlarının pozulmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, onun bu tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, bu mənəvi zərərin nədə təzahür etməsini (cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələndiyini, hansı psixi, mənəvi sarsıntı keçirdiyini) məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən, “satılmış malın yenisi ilə əvəz olunması və yeni kredit qrafikinin açılması” hissəsində təmin edilməli, qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binədədi rayon Məhkəməsinin 2(001)-4532/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh MMC-dən aldığı “Samsung” markalı “UE65NU7400UXRU” modelli televizorun eyni modelli, eyni konfiquryasiyalı yenisi ilə əvəz olunması və yeni kredit qrafikinin açılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-840/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-840/2020
12.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver