Məhkəmə qərarları › İş №2(103)-8403/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8403/2020

04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8403/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər «X8» MMC-yə, Cavabdeh2 və X4 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-4847/2018 saylı qətnaməsindən cavabdeh «X8» MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «X8» MMC-yə, Cavabdeh2 və X4 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)- 4847/2018 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi (vəkili) X2 apellyasiya şikayəti vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(103)-4407/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12072/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-4847/2018 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-4847/2018 saylı qətnaməsindən digər cavabdeh «X8» MMC-nin nümayəndəsi (vəkili) X6 apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib,iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, vəkil X6 cavabdeh «X8» MMC-nin nümayəndəsi (vəkili) kimi apellyasiya şikayətini imzalanmış, lakin apellyasiya şikayətinə müvafiq səlahiyyəti təsdiq edən etibarnamə əlavə olunmamış, işdə olan (iş vərəq 208) xx xxxxxxxx 2020-ci il tarixli etibarnamə isə özlüyündə kserosurət olmaqla yanaşı, orda məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 89.3-cü maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 74.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, .... məhkəmə aktından şikayət verilməsi …. ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmçinin, qeyd edilməlidir ki,X3 vəkil olması özü-özlüyündə apellyasiya şikayəti vermək (onu imzalamaq) səlahiyyətini ehtiva etmir. Çünki, MPM-in 68.3-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndəsi və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Göründüyü kimi, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi bu halı nəzərdən qaçırmış,apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilməsini yoxlamamışdır. Halbuki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Həmçinin,yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi artıq iki dəfə (iddiaçının və Cavabdeh2 verdikləri apellyasiya şikayətləri üzrə) apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərlə yanaşı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyini də nəzərə almaqla apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam və hərtərəfli yoxlamalıdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan,məhkəmə kollegiyası hesab edir ki,apellyasiya qeyri-mümkün hesab edilməli,mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər «X8» MMC-yə, Cavabdeh2 və X4 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-4847/2018 saylı qətnaməsindən cavabdeh «X8» MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar