Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8407/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçıya vurulmuş 13.500 (on üç min beş yüz) manat məbləğində maddi ziyan və 3.000 (üç min) manat məbləğində mənəvi ziyan, ümumilikdə 16.500 (on altı min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2 (103)- 5244/2022 saylı Qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasıya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı 21 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilən Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1423/2022 saylı, 18 mart 2022-ci il qətnaməsindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı 21 iyul 2022-ci il tarixli qərardadından narazı qalan Cavabdeh şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı 21 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1423/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsinin surəti Cavabdeh elektron kabinetinə 06 aprel 2022-ci il tarixdə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur. Həmçinin, iş materiallarından müəyyən olunur ki, cavabdehlərin həmin qətnamədən verdiyi apellyasiya şikayəti 17 iyun 2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan başqa, cavabdeh tərəfindən Azərbaycan Respublikası MPM-in 361-ci maddəsi ilə nəzərdə tutulmuş apellyasiya şikayətinin tərtib edilməsi qaydaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyator apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, maddi və prosessual hüquq pozuntularının nədən ibarət olmasını bildirməmişdir. Həmçinin, apellyasiya şikayətinin nəticə (xahiş olunan) hissəsi nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyator apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(006)-1423/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Yəni, cavabdehin etdiyi xahiş də qeyri-müəyyəndir, şikayətdə məhkəmənin qətnaməsinin hansı hissəsində və hansı səbəbdən əsassız olması, habelə yeni qətnamə çıxarılması ilə bağlı apellyatorun xahişi göstərilməmişdir. Qeyd olunan hallara görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5244/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı 18 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş həmin qərardadına əsasən geri qaytarılmışdır, belə ki, apellyasiya məhkəməsinin qeyd olunan qərardadı kassasiya qaydasında mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1423/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8407/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8407/2022
22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver