Məhkəmə qərarları › İş №2(103)-8415/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8415/2020

11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8415/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-711/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-711/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Şoşanova (Mustafayeva) Emma Ələkbər qızının ilk iddia üzrə Cavabdeh qarşı “təsərrüfat otağının boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Şoşanova (Mustafayeva) Emma Ələkbər qızına qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-711/2019 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət, məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-711/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmaqla, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-711/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-3712/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını və onun vəkilini dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardad ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyünə baxılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən, qeyd etmişdir ki, işə əlavə olunmuş poçt xəbərnaməsindən görünür ki, qətnamənin surəti xx xxx 2019-cu il tarixdə ilk iddia üzrə iddiaçı Şoşanova (Mustafayeva) Emma Ələkbər qızına təqdim olunmuş, sonuncu isə apellyasiya şikayətini şikayət vermə müddətini buraxdıqdan sonra – xx xxxx 2019-cu il tarixdə poçt vasitəsilə məhkəməyə yola salmışdır. Kollegiya hesab edir ki, məhkəmə apellyasiya şikayətini müddətin ötürülməsinə görə qaytarmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, həm iş materialları, həm də kassasiya instansiyası məhkəməsinin qərarından görünür ki, iddiaçı qətnamənin surətini xx xxx 2019-cu il tarixdə rəsmi qaydada (poçt vasitəsi ilə) əldə etmiş, həmin qətnamədən apellyasiya şikayətini rabitə orqanına xx.xx.2019-cu ildə təhvil vermişdir. Bu fakt mülki işin 203-cü vərəqində olan poçt zərfinin üzərinə vurulmuş ştampla müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, No2-11-1-17/5345 saylı arayışından görünür ki, Rauf Abdullayev tərəfindən xx.xx.2019-cu il tarixdə 9 saylı poçt şöbəsindən ünvanladığı SS574805596AZ saylı sifarişli xəbərnaməli məktub xx.xx.2019-cu il tarixdə 40 saylı poçt şöbəsi tərəfindən Suraxanı rayon Məhkəməsinin əməkdaşı Əliyevə təhvil verilmişdir. Lakin birinci instansiya məhkəməsi şikayətin dəlillərinə, apellyasiya şikayətinin vaxtında verilməsinə qiymət vermədən, şikayəti təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. Buna görə də, qərardad ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-711/2019 saylı qərardadı ləğv edilsin. İddiaçı tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 711/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar