Məhkəmə qərarları › İş №2(103)-8420/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8420/2022

22.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8420/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın paylı mülkiyyətçiləri arasında naturada bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5836/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5836/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın paylı mülkiyyətçiləri arasında naturada bölüşdürülməsi” tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-5836/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi 04 noyabr 2022-ci il tarixdə (i.v 83) iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Belə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü iddiaçılara münasibətdə 04 dekabr 2022-ci il tarixi hesab edilsə də, həmin gün qeyri-iş gününə təsadüf etdiyindən iddiaçılara münasibətdə apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 05 dekabr 2022-ci il tarix hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti 09 dekabr 2022-ci il tarixdə elektron kabinetə yüklənilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət 04 gün ötürülmüşdür. Eyni zamanda iddiaçılar birinci instansiya məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 17 noyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə İddiaçı2 çatdırılsa belə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə sənədləri elektron kabinet vasitəsi ilə həyata keçirildiyindən qətnamənin iddiaçılara çatdırılması müddəti məhz qətnamənin onların nümayəndəsinin elektron kabinetinə yükləndiyi tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5836/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti iddiaçılara qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5836/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti iddiaçılara qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar