Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8427/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair ilkin və Cavabdeh «xxxx» ASC-yə qarşı “avtomobilin faralarının ona qaytarılması” tələbinə dair qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-1349/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək subroqasiya qaydasında ona dəymiş ziyana görə 3185,80 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia təqdim edərək «xxxx» ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış Toyota Camry markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobiə vurulmuş zərərə əsasən avtomobilin iki farasının ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 1349/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “Toyota Camry” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin əvəzi 1420 manat və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq «xxxx» ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh «xxxx» ASC-yə qarşı avtomobilin faralarının ona qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində vəsaitnin Cavabdeh dövlət nəfinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Toyota Camry” avtomobil faralarınm yenisi ***-**** manat arası dəyişir. İkinci əldən satışı isə 500-700 arası dəyişir. Ekspertiziya rəyindən də görünür ki, “Toyota Camry” avtomobil faralarının hər ikisi də dəyişdirilib. Dəyişdirilən faraların xərci də ondan tutulduğu üçün ekspert rəyi elə yuxarı məbləğ yazıb. Faranın birinin dəyişdirilib yenisinin qoyulması ilə təmirinin arasında 600- 700 manat fərq var. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri qətnamənin əsaslığının cavabdehə münasibətdə yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, «xxxx» ASC-nin 1596/İ nömrəli, xx.xx.2019-cu il tarixli “xxxx” Sığorta Şirkəti ASC-yə ünvanladığı məktubundan görünürki, «xxxx» ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Toyota Camry” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərlə bağlı 8185,80 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yaranmış subroqasiya tələbi hüququna əsasən 5000 manat məbləğində vəsaitin «xxxx» ASC-nin bank hesabına köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. «xxxx» ASCnin 1907/İ nömrəli, xx.xx.2019-cu il tarixli Cavabdeh ünvanladığı məktubundan görünürki, «xxxx» ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Toyota Camry” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərlə bağlı 8185,80 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş məbləğin 5000 manat məbləğində vəsaitin «xxxx» ASC tərəfindən ödənildiyini əsas tutaraq 3185,80 manat məbləğində vəsaitin 15 gün ərzində «xxxx» ASC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli Sığorta Aktından görünür ki, 8285.80 manat zərər məbləği avtomobilin təmiri üçün “xxxx” MMC-nin hesabına keçirilmişdir. TP ******* saylı xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1270 nömrəli rəyinə əsasən, “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il buraxılışlı “Toyota Camry” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6420.00 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan **-UZ- *** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçı tərəfindən sığortalanmış avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Bundan başqa məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə iş materiallarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, “Toyota Camry” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilmiş əvvəlki faralarının iddiaçıda olmasını təstiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda faraların iddiaçıda olması iş materialları ilə təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia ərizəsini təmin etməmişdir. Həmçinin cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, ərizənin xahiş etdim hissəsində, cavabdehin tələbi yalnız 30 manat dövlət rüsumunun qaytarılması göstərilmişdir. Həmin hissədə iddianın təmin edilməsi xahiş olunsa da, iddianın nədən ibarət olması və hansı tələbinin təmin edilməsi göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə cavabdeh аpellyаsiyа şikayətinin əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmə araşdırmasında sübutа yetirə, şikayətin dəlillərini qanun nöqteyi-nəzərindən əsaslandıra bilməmişdir. Məhəkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiya qeyd edir ki, apellyasiya şikayətində irəli sürdüyü dəlillər yalnız formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi üçün MPM-in 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 1349/2020 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8427/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8427/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver