Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8431/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, «İddiaçı Sığorta» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1878/20 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, “X14” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1954 (bir min doqquz yüz əlli dörd manat 0 qəpik) manat sığorta ödənişi məbləğinin və 30,40 (otuz manat 40 qəpik) ödənilmiş dövlət rüsumu, cəmi 1984.40 (bir min doqquz yüz səksən dörd manat 40 qəpik) manatın Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, “«İddiaçı Sığorta» ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya tələbinin təmin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X14” markalı, 10 NM 06 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1954 (bir min doqquz yüz əlli dörd manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) dövlət rüsumu, cəmi 1984.40 (bir min doqquz yüz səksən dörd manat 40 qəpik) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə 20-ci sahə, Salyan şossesi ərazisində manevretmə qaydasını pozaraq X5 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “X14” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Mercedes Benz” markalı, ** CB ***. dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mülki işə baxarkən yol verdiyi prosessual pozuntuların və maddi normaları düzgün təfsir edə bilməməsinin məntiqi nəticəsi olaraq məhkəməyə təqdim edilmiş mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, sübutlara düzgün qiymət verməyərək əsassız qətnamə çıxarmışdır. İşə apellyasiya qaydasında baxan Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayətlə razılaşayraq, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020ci qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatlarnı dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi, vurulan ziyanın əvəzində 1954 manat sığorta ödənişi məbləğinin və 30,40 ödənilmiş dövlət rüsumu, cəmi 1984.40 (bir min doqquz yüz səksən dörd manat 40 qəpik) manatın Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinin xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Cavabdeh2 qətnaməni ona aid hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllini təmin etmədiyindən, mübahisənin düzgün həlli üçün əıhəmiyyəti olan halları araşdırmadığından qətnamə mübahisələndirilən hissədə qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin CYP 416415 saylı X10 Protokolunda öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin-yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “X14” markalı, 10 NM 06 dövlət qeydiyyat nişanlı avtomobilə 2254.50 (iki min iki yüz əlli dörd manat 50 qəpik) manat ziyan dəymişdir. MİP 120185-B24 saylı sığorta müqaviləsinin 009688 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 300 (üç yüz manat 0 qəpik) manat azadolma məbləği çıxmaqla 1954 (bir min doqquz yüz əlli dörd manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2014-cü tarixli nəqliyytat vasitələrindən istifadə edilməsi haqqında etibanamədən görünür ki, Cavabdeh2 X9 tərəfindən “Mercedes Benz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobii idarə etmək hüququ verilmişdir. Məhkəmə kollegyiasının iclasında çıxış edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, həmin avtomobili xx.xx.2008-ci ildə etibarnamə ilə Xəlilov Rövşən Rəhim oğlunun istifadəsinə vermişdir, Rövşən Xəlilov isə həmin avtomobili xx.xx.2008-ci ildə etibarnamə ilə X1, daha sonra, xx.xx.2008-ci ildə həmin avtomobil X4 etibarnamə ilə verilmiş, xx.xx.2009-cu ildə etibarnamə ilə X7 verilmiş, xx.xx.2013-cü ildə X6, xx.xx.2013-cü ildən xx.xx.2017-ci ilədək Cavabdeh1 etibarnamə ilə verilmişdir (satılmışdır). O, avtomobili etibarnamə ilə Rövşən Xəlilovun istifadəsinə verdikdən sonra əlavə beş nəfərə də etibarnamə ilə verilmişdir və o həmin şəxslərin kim olduqlarını bilmir. Hazırki mübahisə üzrə sözügedən sığorta hadisəsi törədilən zaman da avtomobil qanuni əsaslarla onun tanımadığı bir şəxsin Cavabdeh1 istifadəsində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüqiıquna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericilikdən də göründüyü kimi yüksək təhlükə mənbəyinin fəaliyyəti ilə bağlı vurulan ziyana görə məsuliyyəti, həmin mənbəni qanuni əsasla idarə edən, istifadə edən şəxs daşıyır. Deməli hazırki mübahisə üzrə delikt törədən şəxs qanuni əsasla avtomobili idarə edən digər Cavabdeh1 olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar ücün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərcəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya diqər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh2 məxsus “Mercedes Benz” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunla nəzərdə tutulmuş qaydada ona verilmiş etibarnaməyə əsasən idarə edərkən qəza törətmişdir. Birinci instansiya məhkəməsi MM-nin 1081-ci maddəsini tətbiq etməməklə ziyanı Cavabdeh2 tutulmasını qət etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi, vurulan ziyanın əvəzində 1954 manat sığorta ödənişi məbləğinin və 30,40 ödənilmiş dövlət rüsumu, cəmi 1984.40 (bir min doqquz yüz səksən dörd manat 40 qəpik) manatın Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinin xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi, vurulan ziyanın əvəzində 1954 manat sığorta ödənişi məbləğinin və 30,40 ödənilmiş dövlət rüsumu, cəmi 1984.40 (bir min doqquz yüz səksən dörd manat 40 qəpik) manatın Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinin xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8431/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8431/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver