Məhkəmə qərarları › İş №2(103)-8431/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8431/2021

25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8431/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Əjdər oğlunun iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2940/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 994/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh saylı Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 198 saylı MTK tərəfindən tikilmiş binanın birinci mərtəbəsində yerləşən boş olan 2 otaqlı mənzilin ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2940/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1991-ci il tarixdə ailəsi üçün mənzil əldə etmək məqsədi ilə adı çəkilən koperativin üzvülüynə daxil olmuşdur. Tikilməkdə olan mənzilin hələ tikintisi başlamamış kooperativ yaşayış bınasında düşəcək mənzilin dəyərinin 30%-ni, yəni 6000 rublu 12.11.1991-ci il tarixdə ödəmişdir. Tikinti işləri əvvəllər dayandırılmış, sonradan ona məlum olmayan vaxtda davam etdirilmiş, lakin ona məlumat verilməmişdir. Lakin mənzil hazır olduqdan sonra payçılara paylanılmış və bu barədə ona məlumat verilməmişdir. Payçı kimi qeydiyyata alınmamışdır. Lakin nəzərə almaq lazımdır ki, pulu məhz 198 saylı MTK-ya ödəmişdir. Mənzilin ayrılması ilə bağlı MTK rəhbərliyinə müraciət etmiş, 30 faiz ödədiyini və mənzilin real dəyərinin qalan məbləğini də ödəməyə hazır olduğunu bildirmişdir. Sonradan ona müxtəlif bəhanələr gətirərək bildirdilər ki, guya ona rəsmi məlumat göndərilmiş və ölkə hüdudlarından kənarda olduğu üçün məlumatlar ona çatmamışdır. 1992-ci il tarixdən hazırda yaşadığı ünvanı dəyişdirməmişdir və ünvanına heç bir teleqram və məktub göndərilməmişdir. Halbuki, dəflərlə MTK sədrinin yanında olmuş, əlaqə nömrəsi və ünvanı barədə məlumat vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərüfatı İdarəsinə məktubla bağlı müraciət etmişdir. Lakin ona cavab verilmişdir ki, BŞİH-nin MKT İdarəsində olan 198 saylı MKT-nın payçılar siyahısında adı aşkarlanmamışdır. Göründüyü kimi 198 saylı MKT-nin rəhbərliyi tərəfindən əsassız olaraq payçılar siyahısından heç bir əsası olmadan çıxarılmışdır. MTK-nın bu hərəkəti qanunsuzdur. Çünki, heç vaxt payçılar siyahısından çıxarılması barədə məlumat verilməmiş, ümumiyyətlə payçıların yığıncağına dəvət olunmamışdır. Göründüyü kimi, MTKnın rəhbərliyi onu əsassız olaraq payçılar siyahısından çıxarmışdır. Lakin əlində ödədiyi qəbz vardır. Ödəniş 198 saylı MTK-ya ödənilmişdir. Qalan məbləği, yəni mənzilin dəyərinin 70%-ni ödəmək istəyir. Lakin mənzil ayrılmadığı üçün o, öz payını ödəməkdə çətinlik çəkir. Mənzilin mülkiyyətinə verilməsini istəyir. Pay haqqının qalan məbləğini tam şəkildə ödəməyi öhdəsinə götürür. Cavabdeh “198" saylı MTK iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı özünün “198" saylı MTK-nın payçısı kimi təqdim etsə də, iddia ərizəsinə əlavə edilən sənədlər də bunu təsdiq edən hər hansı sübut olmamışdır. Etiraza əlavə edilən “198" saylı MTK-nın nizamnaməsindən görünür ki, İddiaçı həmin MTK-nın payçıları sırasında deyildir. Cavabdehin qeyd etdikləri tam əsassızdır və böhtan xarakterlidir. Qəsdən öhdəliyi yerinə yetirməmək üçün, öhdəliyin icrasından yayınmaq üçün onu siyahıdan çıxarmışlar. O, məhkəmə iclasında iddia ərizəsində qeyd edilənləri bir daha təsdiq edərək bildirdi ki, tikilməkdə olan mənzilin hələ tikintisi başlamamış kooperativ yaşayış binasında düçəcək mənzilin dəyərinin 30%-ni, yəni 6000 rublu 12.11.1991 - ci il tarixdə ödəmişdir. Bu illər ərzində binanın tikilməsi barədə ona məlumat verilməmişdir. Daha sonra o son illərdə növbədə duran şəxslərə MTK tərəfindən evlərin verilməsini eşidib ev tələbinə dair şifahi qaydada MTK-ya müraciət etmişdir. O zaman MTK rəhbərliyi binanın 1-ci mərtəbəsində iki otaqlı boş mənzilin olmasını bildirərək, həmin mənzilin qarşılığında ondan 40000 manat pul ödənilməsini təklif etmişdir. Lakin həmin vaxt imkanın kifayət qədər olmadığından tələb edilən məbləği gec toplayıb bir il yarım sonra MTK-ya təkrar müraciət etdi. Bu dəfə isə mənzilə görə ondan 50000 manat tələb edilmişdir. Düzdür kooperativin payı üçün 6000 rubl ödədiyi mənzil o zamankı Darvin küçəsində tikilsə də, hazırki “198" saylı MTK pul ödədiyi Cavabdehsaylı kooperativin hüquqi varisi olduğundan onun öhdəlikləri üçün də məsuliyyət daşıyaraq onu mənzillə təmin etməlidir. Məhkəmə tərəfindən təqdim edilmiş qəbzlərin surətindən tərəfindən MTK- ya 6000 rubl məbləğində vəsait köçürməyi təsdiq olunsa da, payçılar və Kooperativin 55 nəfər üzvü sırasında adının olmaması, iddia müddətin ötürülməsi əsas gətirilərək iddia tələbin təmin edilməmişdir. Məhkəmə iddia müddətini tətbiq edə bilməzdi. Çünki, məhkəmə cavabdeh təşkilatın bu günləri binada olan mənzilləri tam təhvil verməsini araşdırmadı. Əgər araşdırsa idi həmin binadakı mənzillərin tam təhvil verilmədiyinin şahidi olardı. Əgər bina tam təhvil verilmədiyi halda hansı iddia müddətindən söhbət gedə bilərdi. Eyni zamanda onlar məhkəmədə iddia edirdilər ki, onlar pulu ödədiyi təşkilat deyillər. Amma məhkəmədə onlar məhz onun pulu ödədiyi MTK-nın varisi olmaları öz təsdiqini tapdı və artıq iddianı etiraf etmələri kimi qəbul olunmalı idi. Çünki, əvəlki məhkəmələrdə onlar onun pulu ödədiyi MTK-nın varisi olmalarını inkar edirdilər. Onun mənzillə təmin etmələri mütləq idi. Onların münasibətləri göründüyü kimi davam edən münasibətlərdir. Belə olan halda da iddia müddətinin tətbiq edilməsi əsassız olardı. Eyni zamanda onun adının payçılar siyahısından çıxarılması və nizamnamədə adının payçı kimi olmaması ona məhkəmədə məlum olduğundan iddia müddəti tətbiq oluna bilməzdi. Bundan əlavə, İddiaçı Cavabdeh saylı Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 198 saylı MTK-nın koorperativ üzvü kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir . Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-994/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1991-ci ildə ailəsi üçün mənzil əldə etmək məqsədi ilə adı çəkilən kooperativin üzvlüyünə daxil olmuşdur. Tikilməkdə olan mənzilin hələ tikintisi başlamamış kooperativin yaşayış binasında düşəcək mənzilin dəyərinin 30%- ni, yəni 6000 rublu 12.11.1991-ci il tarixdə ödəmişdir. Tikinti işləri əvvəllər dayandırılmış, sonradan ona məlum olmayan vaxtda tikinti yenidən davam etdirilmiş, lakin ona bu haqda məlumat verilməmişdir. Dəfələrlə mənzillə bağlı müracət etdikdə cavabdeh təşkilat ona mənzillə təmin olunacağını bildirsə də bu vədinə əməl etməmişdir. Lakin mənzil hazır olduqdan sonra payçılara paylanılmış və bu barədə ona məlumat verilməmişdir. Sonradan ona məlum oldu ki, saxta yollarla payçılar siyahısından çıxarılmışdır. Yəni, saxta nizamnamə tərtib edərək onu siyahıdan qanunsuz yolla çıxarmışlar. Halbuki, o, payçı kimi pul ödəmişdir. Onun pulu ödədiyi MTK-nın varisi olduğu nizamnamə ilə təsdiq olunur. Guya o, Payçı kimi qeydiyyata alınmamışdır. Əslində onu özləri qəsdən payçıların siyahısından çıxarmışlar. Lakin pul məhz Cavabdeh saylı MTK-ya ödənilmişdir. Mənzilin ayrılması ilə bağlı MTK rəhbərliyinə müraciət edib 30% məbləğin ödədiyini və mənzilin real dəyərinin qalan məbləğini də ödəməyə hazır olduğunu bildirsə də buna əhəmiyyət verilməmişdir. Sonradan ona müxtəlif bəhanələr gətirilərək bildirilmişdir ki, guya ona rəsmi məlumat göndərilmiş və ölkə hüdudlarından kənarda olduğu üçün məlumatlar ona çatmamışdır. Əgər saxta yollarla adını nizamnamədən payçı kimi çıxarmışlarsa, onda ona necə xəbər etmişlər. 1992-ci il tarixdən hazırda yaşadığı ünvanı dəyişdirməmiş və ünvanına heç bir teleqram və məktub göndərilməmişdir. Halbuki, dəfələrlə MTK sədrinin yanında olmuş, əlaqə nömrəsi və ünvanı barədə məlumat vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə məktubla bağlı müraciət etmişdir. Bununla bağlı ona cavab verilmişdir ki, BŞİH-nin MKT İdarəsində olan “198’' saylı MTK-nın payçıları siyahında onun adı aşkarlanmamışdır. Göründüyü kimi Cavabdeh saylı MKT-nin rəhbərliyi tərəfindən əsassız olaraq payçılar siyahısından heç bir əsas olmadan çıxarılmışdır. MTK-nın bu hərəkəti qanunsuzdur. Çünki heç vaxt ona payçılar siyahısından çıxarılmağı barədə məlumat verilməmiş, ümumiyyətlə payçıların yığıncağına dəvət olunmamışdır. Göründüyü kimi MTK-nın rəhbərliyi onu əsassız olaraq payçılar siyahısından çıxarmışdır. Lakin hal-hazırda onda ödədiyi məbləğlə bağlı qəbzlər mövcuddur. Ödəniş Cavabdeh saylı MTK-ya ödənilmişdir. O, hələ 198 saylı MTK-ya pay hüququnun qalan məbləğini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırki 198 saylı MTK-nın hüquqi varisi 198 saylı Mənzil Koooperativi onu siyahıya salmayaraq, onun hüquqlarını məhudlaşdırmış, onun öhdəliyini yerinə yetirməyinə süni əngəllər törətmişdir. Göründüyü kimi, MTK-nın onunla söhbət zamanı gətirdiyi dəlillər verdiyi sözlər əsassız olmuşdur. Onun payçılar siyahısında adının olmaması, qəsdən çıxarılması ona yeni məlum olmuşdur. Bu barədə başqa bir məhkəmə mübahisəsi zamanı tərəfin məhkəməyə təqdim etdiyi nizamnamədən ona məlum olmuşdur. 198 saylı Mənzil Kooperativi 198 saylı MTK-nın hüquqi varisi olduğuna görə onun əvvvəlki MTK-da olan pay hüququ nəzərə alınmalı və digər payçılarla eyni hüquqdan istifadə etməlidir. Lakin bu günə kimi bu barədə ona məlumat verilməmişdir. Kooperativin nizamnaməsində açıq qeyd olunmuşdur ki, Kooperativin üzvləri hansı halda üzvlükdən çıxarıla bilər. Lakin onun hansı səbəbən üzvlükdən çıxarılmağı barədə məlumatı qarşı tərəf təqdim etməmişdir. Təqdim edə də bilməz çünki belə bir sübut yoxdur. Ancaq saxta yollarla o, Kooperativin payçıları siyahısından çıxarılmışdır. Nizamnamənin 5.6-cı maddəsinə əsasən kooperativ üzvlərinin hüquqlarından biri könüllü daxil olmaq və üzvlükdən könüllü qaydada çıxmaqdır. Lakin o, könüllü qaydada üzvlükdən çıxmamışdır. Nizamnamənin 1.2 bəndinə əsasən 198 saylı Mənzil Kooperativi Bakı şəhər XDS İK-nin 27.03.1991-ci il tarixli 3/103 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış 198 saylı Mənzil Tikinti Kooperativinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. O, ödənişi yəni pay haqqını 12.11.1991-ci il tarixdə ödəmişdir Məhkəmə iddia müddətini tətbiq edə bilməzdi. Eyni zamanda onlar məhkəmədə iddia edirdilər ki, onun pulu ödədiyi təşkilat deyillər. Amma məhkəmədə onlar məhz onun pulu ödədiyi MTK-nın varisi olmaları öz təsdiqini tapdı və artıq iddianı etiraf etmələri kimi qəbul olunmalı idi. Çünki, əvəlki məhkəmələrdə onlar onun pulu ödədiyi MTK-nın varisi olmalarını inkar edirdilər. Onu kooperativ üzvü kimi tanınmağı mütləq idi. Onların münasibətləri göründüyü kimi davam edən münasibətlərdir. Eyni zamanda pay haqqı onun mülkiyyətidir. Mülkiyyətə dair də iddia müddəti tətbiq olunmur. Eyni zamanda qeyd etmək istəyir ki, o nizamnamədə adının olmadığını bundan əvvəlki məhkəmə mübahisəsi zamanı bilmişdir. Həmin vaxtı cavabdehin nümayəndəsi nizamnamənin surətini məhkəməyə təqdim edərkən məlumatı olmuşdur. Çünki, həmin vaxta kimi nizmanmə ona təqdim olunmamış və bu barədə ona məlumat verilməmişdir. Əgər ona məlumat verilsə idi məhkəmə müdafiəsindən istifadə edərdi. Göründüyü kimi nizamnamə barədə məlumatı olan kimi məhkəməyə müraciət etmişdir. Daha sonra qeyd etmək istəyir ki, Yasamal rayon məhkəməsində ədalətli məhkəmə araşdırmasının şahidi ola bilmədi. Çünku məhkəmə işə qərəzli baxdı. Daha çox cavabdehin mənafeyinə uyğun hərəkət edərək iddianı təmin etmədi. Məhkəməyə kifayət qədər sübutlar təqdim etsə də məhkəmə araşdırmadan ən asan yolu, yəni iddia müddətinin tətbiq edərək iddianı rəd etməyi üstün tutdu. Bakı Apellyasiya Məhkəməsin 17 avqust 2021-ci il tarixli 2(103)-774/2021 nömrəli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 hər iki apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 da hər iki apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi 2(004)-2940/2020 saylı iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə baxışında araşdırılmış sübutlarla İddiaçı 12.11.1991-ci il tarixdə 198 saylı MTK-nın hesabına 2 otaqlı mənzilə görə pay haqqının 30%-i miqdarında, yəni 6000 rubl məbləğində haqqı ödəməsi təsdiq olunsa da, onun həmin mənzil-tikinti kooperativinə üzv qəbul olunmaması, MTK tərəfindən binanın payçıların vəsaiti hesabına tikintisinə razılıq verilməsi, İddiaçı tərəfindən pay haqqının tam ödənilməməsi müəyyən edilmişdir. İddiaçı 198 saylı MTK-dan 2 otaqlı mənzil tələb etmək hüququ heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həmçinin, cavabdeh ərizə verərək iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, iddia tələbləri əsassız olduğundan, habelə, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Birinci instansiya məhkəməsi 2(004)-994/2021 saylı iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, təmin edilməməlidir. İşin materiallarından görünür ki, İddiaçı Cavabdeh saylı MTKya 6000 rubl məbləğində pulu məhz 12 noyabr 1991-ci il tarixində ödəmişdir. Belə ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (10 ildən çox müddət ötürülmüş) iddia ərizəsi ilə 19 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətlərinin obyektini birinci instansiya məhkəmələrinin qətnamələrinin tam hissəsi, yəni iddiaaların təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən mübahisələndirilən hissədə yoxlanılır. Hazırki iş üzrə, iddia tələblərinin faktiki əsası(faktiki hallar) tələblərin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətininin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, işdə olan Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərüfatı İdarəsinin 03 oktyabr 2014-cü il tarixli məktubu ilə(bax.i.v.8) iddiaçıya bildirmişdir ki, BŞİH-nin MTK İdarəsində olan 198 saylı MTK-nın payçılar siyahısında adı aşkarlanmamış, 198 saylı MTK-nın yaşayış binasının inşası MTK payçılarının öz vəsaiti hesabına aparılmışdır. Demək, iddiaçı 12.11.1991-ci il tarixli pay haqqı qismində 198 saylı MTK-nın hesabına 6000 rubl məbləğində vəsait köçürsə belə, iddiaçının nəinki mənzil tələb etdiyi hazırki binanın, eləcə də MTK-nın inşa etdiyi başqa binanın inşasına ödədiyi yaxud ödəməli olduğu vəsait sərf olunmadığından mənzil tələbi ilə bağlı iddiası təmin edilə bilməz. İddiaçı cavabdeh tərəfindən sənədlərin saxtalaşdırıldığını bəyan edirsə bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilər. İkincisi, işdə olan 198 saylı Mənzil Kooperativinin 09 noyabr 2006-cı ildə qeydə alınmış Nizamnaməsində göstərilən siyahıda payçı qismində iddiaçının adı qeyd olunmamışdır. İddiaçı hazırki cavabdehin onun pul ödədiyi MTK-nın hüquqi varisi olduğu üçün məsuliyyət daşımalı olduğunu, ancaq kooperativin payı üçün 6000 rubl ödədiyi mənzilin o zamankı Darvin küçəsində tikilməli olduğunu göstərsə də, hazırki iddiasında ünvan 1 ünvanında inşa edilən binada 2 otaqlı 6 saylı mənzili tələb edir və bu tələbini hər hansı bir formada əsaslandırmır. Bu cür tələbin özü də iddianın əsaslı olmadığına dəlalət edir. Üçüncüsü, iddiaçı digər iddiasında 09 noyabr 2006-cı ildə qeydə alınmış 198 saylı Mənzil Kooperativinin üzvü kimi tanınmasını tələb etmiş, əsas kimi yenə də pay haqqını 12.11.1991-ci ildə ödəməsi ilə əsaslandırmışdır. Ancaq yuxarıda da qeyd olunduğu kimi, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərüfatı İdarəsi də 198 saylı MTK-nın payçılar siyahısında iddiaçının adının aşkarlanmadığını təsdiq etmişdir. Bu cür vəziyyətdə iddiaçı həmin MTK-nın bazasında yaradılmış və hüquqi varisi olan 198 saylı Mənzil Kooperativinin də məhkəmə aktı ilə üzvü kimi tanına bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərin göstərdiyi dəlillər qətnamələrin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnamələrin həmin hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, bu hissədə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2940/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-994/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar