Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8433/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə iddiaçının vəkili (nümayəndəsi) Vəkil İmadəddin oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ayrı-ayrı vaxtlarda ondan aldığı pul məbləğinin qaytarılması məqsədi ilə 12.148,98 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı olan cavabdeh 2015-ci ilin iyul ayının əvvəlində iddiaçıya müraciət edərək bildirmişdir ki, X1 müxtəlif məişət avadanlıqlarının gətirilməsi üçün ona 4.000 manat pul lazımdır və həmin məbləğin ona borc verməsini iddiaçıdan xahiş etmişdir. Cavabdeh vəd vermişdir ki, borcu qaytaranda iddiaçıya əlavə pul da verəcək. İddiaçı cavabdehə etibar etdiyindən və cavabdehin vədinə inandığından, 08.07.2015-ci il tarixdə “X5”ın Bakı filialına müraciət edərək Bank ilə “Kredit müqaviləsi” bağlamış və Bankdan 4.000 manat kredit almışdır. Bu zaman iddiaçının atası Fərhad Əmirov, iş yoldaşları Şəhla Dadaşova və Orxan Hüseynov iddiaçının Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş, onlar ilə Bank arasında “Zaminlik müqavilələri” bağlanmışdır. Bankdan aldığı 4.000 manatı zaminlərin şahidliyi ilə iddiaçı cavabdehə vermişdir. 2015-ci ilin avqust ayının əvvəllərində cavabdeh iddiaçı ilə görüşərək X3 gedib qayıtdığını, oradan müxtəlif mallar gətirdiyini, yaxın günlərdə gəlir əldə edəcəyini bildirmiş və eyni şərt ilə 7.000 manat məbləğində pulun da ona borc verilməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı cavabdehə etibar etdiyindən və cavabdehin vədinə inandığından, 28.08.2015-ci il tarixdə "xxxx" Bank Olmayan Kredit Təşkilatına müraciət edərək BOKT ilə “Kredit müqaviləsi” bağlamış və oradan 7.000 manat kredit almışdır. Bu zaman iddiaçının iş yoldaşı Şəhla Dadaşova iddiaçının BOKT qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş, onun ilə BOKT arasında “Zaminlik müqaviləsi” bağlanmışdır. BOKT-da aldığı 7.000 manatı iddiaçı Şəhlanın yanında cavabdehə vermişdir. 2015-ci ilin dekabr ayına qədər cavabdeh iddiaçının həm Banka həm də BOKT-a ödəməli olan aylıq borcları vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh ödənişləri vaxtında apardığından iddiaçının ona inamı qalmışdır. Bu səbəbdən 2015-ci ilin dekabr ayında, iddiaçı, baldızının adına olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satmaq üçün evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Reyestrdən çıxarış” almaq üçün cavabdehə müraciət etmiş və bu işdə ona yardımçı olmağı xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, 5.000 manatın müqabilində bu işi həll edə bilər. İddiaçı cavabdehin təklifi ilə razılaşaraq Rusiya Federasiyasında yaşayan bacısı Samirə Əmirovaya müraciət etmiş və sonuncu, 03.12.2015-ci il tarixdə pul köçürmə sistemi vasitəsi ilə iddiaçının adına 5.158 manat pul göndərmiş, iddiaçı da, 5.000 manat pulu cavabdehə vermişdir. Buna baxmayaraq “Reyestrdən çıxarış” alınması məsələsi uzanmışdır. İddiaçının səbri tükəndiyindən, iddiaçı, 2016-cı ilin mart ayının sonunda cavabdehə müraciət edərək ona verdiyi sənədlərin və pulun geri qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq, cavabdeh yalnız sənədləri qaytarmış, pulu isə tez bir zamanda qaytaracağını bildirmişdir. 2016-cı ilin avqust ayının ortalarına kimi hələdə də pulu qaytara bilməmiş cavabdeh iddiaçıya təklif etmişdir ki, onun iddiaçıya olan borcunu müqavilə ilə rəsmiləşdirsinlər. İddiaçı cavabdehin təklifi ilə razılaşmış və 20.08.2016-cı il tarixdə cavabdeh ilə birlikdə Bakı Şəhəri 27 saylı Notariat Kontoruna getmiş və orada onların arasında “Borcun etirafı barədə müqavilə” bağlanmışdır. Bankdan götürülmüş borc cavabdeh tərəfindən gecikmələr olsa da, ödənilsə də, BOKT-da götürülmüş borca görə cavabdeh 2.339 manat pulu ödəniş cədvəlinə uyğun ödəmiş, lakin sonradan ödənişləri etmədiyindən BOKT tərəfindən borca külli miqdarda faiz və cərimə borcu hesablanmışdır. Beləliklə də, qismən edilmiş ödənişlər nəzərə alınmaqla cavabdeh iddiaçıya, iddiaçıdan aldığı 5.000 manat və BOKT tərəfindən hesablanmış cərimə, dəbbə nəzərə alınmaqla 7.148,98 manat, cəmi isə 12.148,98 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.04.2021-ci il tarixli qətnamə ilə iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən 9.661 manat məbləğində pul vəsaitin iddiaçının xeyrinə tutulmasını, iddianın məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun bir hissəsinin cavabdehə aid edilməsini, bu məqsədlə 23 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclası barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Əgər cavabdeh məhkəmə baxışı iclasına dəvət olunsa idi, onda Rayon Məhkəməsinə bildirə bilərdi ki, iddiaçının eyni məzmunlu şikayət ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsində araşdırılmış və müəyyən edilmişdir ki, şikayət əsassızdır. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Cavabdehin gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh Sığorta Şirkətinin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, Sığorta Şirkəti də iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın bir qismi təmin edilməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı bu nəticə ilə razılaşmışdır. Cavabdeh isə verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir. Bunu və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10.08.2017-ci il tarixli “cinayət təqibinə xitam verilməsi barədə” qərardan görünür ki, cinayət işi 21.12.2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə başlanmışdır. İstintaq zamanı iş üzrə şahid qismində dindirilmiş (hazırki iş üzrə cavabdeh) Cavabdeh ifadəsində göstərmişdir ki, 2006-ci ildə mütəmadi olaraq təxminən ayda 1 dəfə X2 Dubay şəhərindən minik avtomobilləri, avtomobil ehtiyat hissələri, müxtəlif məişət əşyaları və parfumeriya alıb özü ilə Azərbaycan Respublikasına gətirmiş, bəzən isə Dubaydan karqo vasitəsi ilə göndərmişdir. 2015-ci ildə 3-4 dəfə, 2016cı ildə isə cəmi 1 dəfə Dubay şəhərinə gedib oradan müxtəlif məişət avadanlıqları və qızıl məmulatları alıb gətirmişdir. Onları qohumlara, qonşulara fərdi qaydada satmışdır. 2015- 2016-cı illər ərzində Dubay şəhərinə gedərək, oradan aldığı malları hər dəfə üçün dəyəri təxminən 3.000-5.000 ABŞ dolları məbləğində olmuşdur. (İş üzrə iddiaçı) İddiaçı ilə 2015ci ilin yay aylarından tanışdır. Günayla söhbət edərkən biznesinin genişləndirmək istədiyini bildirmiş və xahiş etmişdir ki, ona bankdan 4.000 manat kredit götürməsində köməklik etsin. Heç bir yerdə işləmədiyindən, Günay isə rəsmi olaraq “Rabitəbank”ın əməkdaşı olduğundan krediti öz adına götürməsini istəmişdir. Günay razılaşmış və kredit götürmək üçün “X5”nın Bakı filialına müraciət etmişdir. X4 razılıq verildiyindən, 08.07.2015-ci il tarixində Bankın getmişlər. Həmin vaxt Günayın atası və Orxan, Şəhla adlı iş yoldaşları zamin durmaqla, 24 aylıq kredit müqaviləsi imzalanmışdır. Nəticədə Günaya 4.000 manat kredit verilmişdir. Bankdan çıxdıqdan sonra onun idarə etdiyi maşına oturmuşlar və maşında Günay 4.000 manat pulu ona vermişdir. Pulu Günaydan aldıqdan təxminən 5-10 gün sonra həmin məbləği ABŞ dollarına çevirmiş və Dubay şəhərinə gedib oradan müxtəlif məişət əşyaları gətirmiş və qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzildə saxlamışdır. Müştəri tapdıqca malın satışını həyata keçirmişdir. 2015-ci ilin avqust ayında təkrarən Dubaya getmək istəmiş və Günaydan bankdan kredit götürməsini xahiş etmişdir. Günay nə qədər kredit götürmək istədiyini soruşduqda o, 7.000 manat pula ehtiyacı olduğunu demişdir. Həmin pula nə edəcəyini soruşduqda isə yenə, həmişəki kimi məişət avadanlıqları və əlavə olaraq isə qızıl məmulatları gətirəcəyini demişdir. Günay kreditin götürülməsinə razılaşmış və "xxxx" BOKT-a müraciət etmiş, 28.08.2015-ci il tarixdə pulu götürüb ona vermişdir. Bir neçə gün sonra Dubaya gedib oradan 70-100 qram çəkidə qızıl məmulatları, telefon, televizor, şampun və digər əşyalar alıb Bakıya gətirmişdir. Qızıl əşyalarını “Moskva Univermağı”nda satmışdır. Digər əşyaların isə fərdi qaydada satışını həyata keçirmişdir. Günay onun üçün 2 dəfə bankdan pul götürdüyündən və həmin pulları tam ödəyib qurtarmadığından Günay onun üçün kredit götürə bilməmişdir. Pul əldə etmək üçün Rusiyada yaşayan bacısna müraciət etmişdir. 03.12.2015 bank köçürmə yolu ilə Günayın bacısı Ayanın adına pul göndərildiyindən birlikdə “Expressbank” getmişlər. Günay qəbul etdiyi 5.000 manat pulu bankın qarşısında ona vermişdir. Həmin pulu aldıqdan sonra İranın Təbriz şəhərinə gedib, ətir, çay, şampun və digər məhsullar alıb Bakı şəhərinə gətirmişdir. Fərdi qaydada satışını həyata keçirmişdir. Günayın onun üçün “X5” Bankından götürdüyü kreditə görə müvafiq olaraq 195-286 manat olmaqla 9 ay ödəniş etmişdir. Sonradan maddi imkanı yaxşı olmadığından ödənişləri edə bilməmiş, lakin sonradan bankın ödənişləri etməyə başlamışdır. Günay yaşadığı evə çıxarış almaq istədiyindən ondan xahiş etmişdir ki, yaşadığı evə çıxarışın verilib-verilməməsinin mümkün olub olmamasını araşdırsın. Ona görə də, təxminən 2016-cı ilin fevral, ya da mart aylarında Xırdalan şəhərində yerləşən DƏDRX-nin Ərazi İdarəsində işləyən Anar adlı tanışına zəng edib Günayın yaşadığı Sulutəpə qəsəbəsində yerləşən və çıxarışın alınmasının mümkün olub-olmamasını maraqlanmışdır. Anar da ona demişdir ki, həmin ərazidə yerləşən fərdi yaşayış evlərinə çıxarış verilməsi prosesi dayandırılmışdır. O, bu barədə isə Günaya məlumat vermişdir. Bundan başqa Günayın yaşadığı, baldızının adına olan evə çıxarış alınması ilə əlaqədar başqa heçkəslə maraqlanmamışdır. Nə də ki, buna görə evin sənədlərini, yaxud hər hansı məbləğdə pulu Günaydan almamışdır. Dubay və Təbriz şəhərindən gətirdiyi məhsulların satışı ilə məşğul olmasını məhsul satdığı şəxslər də təsdiq edə bilər. Gətirdiyi malları gah özü, gah da ki, ailə üzvləri satmışdır. Günaydan pulu sadəcə biznesini genişləndirmək üçün almışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli qətnaməsindən (İş № 2(001)-3679/2018) görünür ki, "xxxx" BOKT MMC-nin İddiaçı qarşı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə MMC arasında bağlanmış 28.08.2015-ci il tarixli BAKU3- 7744-4697 saylı “Kredit müqaviləsinin” vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər İddiaçı və (zamin) Şəhla Dadaşovadan müştərək qaydada 6.022,32 manat əsas, 339,66 manat faiz, 787 manat cərimə, cəmi 7.148,98 manat borcun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. "xxxx" BOKT MMC tərəfindən verilmiş 29.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, onunla MMC arasında bağlanmış 28.08.2015-ci il tarixli BAKU3-7744-4697 saylı “Kredit müqaviləsi” üzrə sonuncu dəfə 29.01.2021-ci il tarixində ödəniş etmişdir. Bununla da, onun həmin “Kredit müqaviləsi” üzrə borcu qalmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20.08.2016-cı il tarixli “Borcun etirafı haqqında müqavilədən” görünür ki, cavabdeh etiraf etmişdir ki, iddiaçıdan 5.000 manat məbləğində borc aldığını etiraf etmiş və borcu 30.08.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, apellyasiya şikayətində cavabdeh Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı iddiaçının ona qarşı olan tələblərinin əsassız olmasının müəyyən edildiyini bildirsə də, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10.08.2017-ci il tarixli qərarından görünür ki, o, polis orqanına verdiyi ifadəsində iddiaçıdan 08.07.2015-ci il tarixdə 4.000 manat, 28.08.2015-ci il tarixdə 7.000 manat, 03.12.2015-ci il tarixdə 5.000 manat (cəmi isə 16.000 manat) məbləğində pul almasını etiraf etmişdir. Eyni zamanda apellyasiya şikayətinin məzmundan müəyyən edilmir ki, cavabdeh iddiaçıya olan borcunu qaytarmışdır. İddiaçı, cavabdehin ona olan borcunun 12.148,98 manat məbləğində olduğunu iddia etsə də, məhkəmə baxışı zamanı etiraf etmişdir ki, cavabdeh ona olan borcundan (4.000 + 2.339=) 6.339 manat qaytarmışdır. Bunu müəyyən etmiş Rayon Məhkəməsi (16.000 – 6.339=) 9.661 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan və ödənilməmiş qalan borcu 9.661 manat məbləğindədir. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 428.4-cü maddəsinə görə, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 31.05.2016-cı il tarixədək qüvvədə olmuş redaksiyada 740-cı maddəsində qeyd edilmişdir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçı qarşısında üzərinə götürdüyü borcun qaytarılması barədə öhdəliyi icra etməmiş cavabdeh iddiaçıya olan borcu qaytarmalıdır. Başqa sözlə, Rayon Məhkəməsi hazırki apellyasiya baxışının predmeti olan nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclası barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə bildirir ki, qeyd edilən bu dəlili də əsassızdır. Belə ki, iş üzrə cavabdeh 16.02.2021-ci il tarixdə Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmişdir. Həmin iclasda Rayon Məhkəməsi işin mahiyyəti üzrə baxılmasına hazır olduğunu nəzərə alaraq məhkəmə baxışı iclasını 16.03.2021-ci il tarixə, saat 12:00 təyin etmiş və cavabdeh məhkəmə bildirişini qəbul etmişdir. Buna baxmayaraq o, həmin tarixdə məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Rayon Məhkəməsi məhkəmə baxışı iclasını 13.04.2021-ci il tarixə, saat 15:00-a təxirə salmış, bu barədə cavabdehə həm kağız formatında həm də, elektron formatda məhkəmə bildirişini göndərmişdir. 12.04.2021-ci il tarixdə cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək 13.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. Rayon Məhkəməsi məhkəmə baxışı iclasını 29.04.2021-ci il tarixə, saat 15:30-a təxirə salmış və bu barədə cavabdehə həm kağız formatında həm də, elektron formatda məhkəmə bildirişini göndərmişdir. Buna baxmayaraq o, həmin tarixdə məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi MPM ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi MPM-nin 185.5-ci maddəsinin tələbindən çıxış edərək işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8433/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8433/2021
10.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver