Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8437/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1452/2020 saylı qərardadının icraatın dayandırılmasına dair hissəsindən Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ziyana görə 17500 manatın, həmçinin dəymiş mənəvi ziyana görə 5000 manatın, ümumilikdə 22500 manat və 30 manat dövlət rüsumu əvəzi xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1452/2020 saylı qərardadı ilə, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə icraat rəy alınana qədər dayandırılmışdır. Qərardaddan Cavabdeh şikayət verərək, iş üzrə icraatın dayandırılmasının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1452/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən, iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə iş üzrə ekspertiza təyin edə bilər.(MPM. mad.97.1) Məhkəmənin bu sahədə xüsusi biliyi olsa belə, bu hal onun ekspertiza təyin etmək hüququnu istisna etmir. Çünki, prosessual qanunvericiliyin tələblərinə riayət etməklə işə baxılması qaydasını məhkəmə özü müəyyən edir. Buna görə də, öz təşəbbüsü ilə ekspertiza təyin edən məhkəməyə bu prosessual hərəkəti etməyi hər hansı bir formada məhdudlaşdırmaq yaxud qadağan etmək prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin tələblərinə görə iş üzrə ekspertiza təyin edildikdə hakim öz təşəbbüsü ilə icraatı dayandıra bilər. Bu əsasla icraatı dayandırmaq hakimin vəzifəsi deyil hüququdur. Hazırkı halda birinci instansiya məhkəməsinin hakimi həmin hüquqdan istifadə etmişdir. Qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin tələblərinə riayət etməklə işə baxılması qaydasını, o cümlədən zəruri olan prosessual qərarları məhkəmə özü qəbul edir. Əlbətdə, proses iştirakçılarının da icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət vermək hüquqları vardır. Lakin bu şikayət əsaslı olmalıdır. Şikayət verən şəxs şikayət etdiyi qərardadın ləğv olunmasını xahiş edərkən arzu etdiyi nəticəyə bunun nə kimi təsiri olacağını şikayətində açıqlamalıdır. Hazırki, şikayətdə isə şikayət verənin məqsədi anlaşılan deyil. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri ekspertiza təyin edilməsi və icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1452/2020 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1452/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8437/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8437/2020
16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver