Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-845/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1988/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra, cavabdeh) qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi zərərə görə 550 manat, mənəvi zərərə görə 6000 manat, vəkillə (nümayəndəyə) çəkilən xərcə görə 130 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 80 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hər il öz işi ilə əlaqədar Türkiyə Respublikasının İzmir şəhərində keçirilən gəlinlik paltarlarının nümayişində iştirak edir. Bu il də, yəni 2023-cü il 16-21 oktyabr tarixində İzmir şəhərində həmin sərgidə “Fuarizmir” gəlinlik paltarlarının nümayişində iştirak etməsi nəzərdə tutulmuş, övladı X6 üçün də bilet almış, özü ilə birlikdə səfərə aparmaq niyyətində olmuşdur. Bununla bağlı səfər üçün bütün zəruri tədbirləri görmüş, yəni öz vəsaiti hesabına gediş-gəliş bileti almış, səfər üçün otel xərclərini qarşılamış, səyahət sığortası üçün müəyyən olunmuş vəsaiti ödəmişdir. Beləliklə, 16 oktyabr 2023-cü il tarixində təyyarə ilə yola düşməsi nəzərdə tutulmuş, lakin iki gün qalmış, yəni 14 oktyabr 2023-cü il tarixdə xoşagəlməz hadisə nəticəsində iddiaçı həm maddi, həm də mənəvi zərərə düçar olmuşdur. Belə ki, övladı X1 yoldaşları ilə “Dəniz Moll” adlanan alış-veriş Ticarət Mərkəzinin nəzdində olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus əyləncə mərkəzində baş tutan ad günü mərasimində iştirak etmiş, təəssüflər olsun ki, həmin Cəmiyyət tərəfindən təhlükəsizlik tədbirlərinə lazımi qaydada riayət edilməməsi, habelə uşaqların nəzarəti üçün ayrılmış əməkdaşların məsuliyyətsizliyi nəticəsində övladı orada mövcud olan batud qurğusunun üzərindən tullanarkən yıxılmış, sol ayağının sonuncu barmağı sınmışdır. Hadisənin baş verməsinə səbəb isə həmin qurğudan istifadə qaydalarının uşağa və ya valideynlərə izah edilməməməsi, təlimatlandırılmaması olmuşdur. Hadisədən dərhal sonra X6 atası tərəfindən xəstəxanaya götürülmüş və həkimin diaqnozu ilə uşağın sol ayaq pəncərəsinin V barmağının sınması müəyyən olunmuşdur. Eyni zamanda, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə də məlumat verilmişdir. Araşdırma nəticəsində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı tərəfindən 19 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunsa da, məhkəmə tibbi ekspertizasının 627 saylı 15 noyabr 2023-cü il tarixli rəyinə əsasən azyaşlı Hikmət Abdullayev almış olduğu xəsarətlər sol ayaq pəncərəsinin V barmağının proksimal falanqasının distal başında yerini dəyişməyən qapalı sınıq və barmağın yumşaq toxumalarının şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənməyi müəyyən olunmuşdur. Qeyd edilir ki, baş vermiş hadisə səbəbi ilə xəsarət almış övladı X12 Respublikasına yola düşə bilməmiş və onun son anda səfərinin təxirə salınması nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin təqsiri ucbatından ölkə xaricinə yollanmaq məqsədilə nəqliyyat xərcləri, yəni gediş-dönüş olmaqla ümumilikdə 450 manat təyyarə biletinə və övladının aldığı xəsarətlə əlaqədar tibbi xidmətə görə 100 manat məbləğində maddi zərərə düşmüşdür. Bununla yanaşı, övladının ayağında olan ağrıları uzun müddət davam etmiş, bununla da həm özü, həm də valideynləri ağır stres keçirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1988/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsinə uyğun əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, sübutların düzgün qiymətləndirilməməsi, məhkəmənin qərəzli yanaşaraq yalnız cavabdehin nümayəndəsinin mövqeyindən çıxış etməsi, işdə olan sübutlara, faktlara münasibət bildirmədən qanuna zidd qətnamə qəbul etməsi, cavabdehin hərəkətləri nəticəsində uşağın təhsildən yayınması, onun fiziki və mənəvi əzab çəkməsi, bununla da ona maddi və mənəvi ziyan dəyməsi, məhkəmənin yalnız cavabdehin təqsirinin müəyyən olunmamasına istinad etməsi və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsindən verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh hüquqi şəxsin fəaliyyəti, habelə orada quraşdırılmış batud və digər əyləncə obyektləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Batudun quraşdırılması ilə bağlı bütün sənədləri iddiaçının şikayəti üzrə araşdırma aparan hüquq mühafizə orqanına təqdim etmişlər. Araşdırma zamanı da bu sahədə hər hansı qanun pozuntusu müəyyən olunmamışdır. Bununla yanaşı, uşaqlar batuda buraxılan zamanı valideyn təlimatla tanış olmuş, bunu özünün imzası ilə təsdiq etmişdir. Batudda hər hansı nasazlıq və ya nöqsan olmamışdır. Bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İddiaçının övladının barmağından xəsarət alması özünün ehtiyatsızlığı nəticəsində olmuş, bunda cavabdehin təqsiri olmamışdır. Bu səbəbdən, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xidmət çek siyahılarından görünür ki, xx.xx.2023-cü il tarixdə xəstə Hikmət Abdullayevin müayinə və müalicəsi ilə bağlı 33.07 manat və 72.04 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2023-cü il tarixli konsultasiya vərəqindən və xx.xx.2023-cü il tarixli, 0806 nömrəli tibbi arayışdan görünür ki, X3 müayinə zamanı Sol ayağın 5-ci barmağın proksimal falanqasının kondil sınığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən diaqnostika nəticə hesabatından görünür ki, barmağın proksimal falanqasının distal metafizar nahiyyəsinin yerini dəyişməmiş sınığı izlənilir. Oynaq yarıqları dəyişməyib. Sümüklərin forma və quruluşu normaldır. Oynaq səthləri hamar və aydın konturlara malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X20 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 703/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Mediland Hospital”da X2 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Sol ayağın V barmağın proksimal falanqasının kondil sınığı” diaqnozu təyin edilmiş və “Buddy taping” sarğısı qoyulmuşdur. Sınıq aşkarlandığı an müalicəsi təxirəsalınmaz aparılmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, İddiaçı müraciəti əsasında qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Əyləncə mərkəzinin ziyarət qaydalarından görünür ki, valideyn X16 əyləncə mərkəzinin ziyarət qaydaları ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Birinci instansya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçıya dəymiş maddi və mənəvi ziyanın vurulmasında qarşı tərəfin (cavabdehin) təqsirli hərəkətlərinin mövcudluğu və törədilmiş təqsirli hərəkətlə ziyanın vurulması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi hadisə baş verən gün uşaqlar əyləncə məkanına daxil olmamışdan öncə uşaqları həmin əyləncə məkanına aparan digər uşaqlardan birinin valideyni, yəni X16 əyləncə mərkəzinin ziyarət qaydaları ilə (ziyarətçilərə nələrin qadağan olması, təhlükəsizlik qaydaları, cavabdehin ziyarətçilərin burada olduqları zamanı aldıqları zədələrə görə məsuliyyət daşımaması və s.) tanış edilmiş, Əliyeva Nuray həmin qaydalarla tanış olmasına dair təlimatı öz imzası ilə təsdiq etmişdir (məhkəmə iclasında Ə.Nuray özü də bunu təsdiq etmişdir). Göründüyü kimi təlimatda birbaşa olaraq qeyd edilmişdir ki, cavabdeh burada ziyarətçilərin aldıqları zədələrə görə məsuliyyət daşımır. Uşağın oyun oynadığı zaman hansı hündürlükdən tullanması, hansı şəkildə tullanması və ya bu zaman düşdüyü yeri və s. (üçüncü şəxsin izahatına görə uşaq tərs tullandığı zaman barmağı trampilinin arasında qalmışdır) cavabdeh müəyyən edə bilməzdi. Bu hallar konkret olaraq uşağın həmin an istəyi nəticəsində yaranmı hərəkətləri ilə bağlı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, əyləncə məkanında cavabdehə məxsus oyun avadanlıqlarının texniki cəhətdən nasaz olması halı da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq işin mübahisəsiz halı kimi müəyyən olunur ki, 14 oktyabr 2023-cü il tarixində İddiaçı övladı X1 yoldaşları ilə “Dəniz Moll” adlanan alış-veriş Ticarət Mərkəzinin nəzdində olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus əyləncə mərkəzində baş tutan ad günü mərasimində iştirak etmişlər. X6 orada mövcud olan batud qurğusunun üzərindən tullanarkən sol ayağının sonuncu barmağı sınmışdır. “Mediland Hospital”da X2 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Sol ayağın V barmağın proksimal falanqasının kondil sınığı” diaqnozu təyin edilmiş və “Buddy taping” sarğısı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 385.1. və 386.1-ci maddələrinə əsasən (bundan sonra MM) öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM-in 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki hüquq pozuntusunun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi; 3) zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması və 4) hüquqpozan şəxsin təqsirinin olması. Hazırkı iş üzrə iddiaçı oğlunun cavabdeh QSC-nin əyləncə məkanında oyun oynadığı zaman batut qurğusunun üzərindən tullanarkən yıxılması, sol ayağının sonuncu barmağının sınması və uşağın xəsarət almasında cavabdehin təqsirinin olduğunu, nəticədə ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu iddia etsə də, lakin məhkəmə tərəfindən hazırda iddiaçıya dəymiş maddi və mənəvi ziyanın vurulmasında qarşı tərəfin (cavabdehin) təqsirli hərəkətlərinin mövcudluğu və törədilmiş təqsirli hərəkətlə ziyanın vurulması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi hadisə baş verən gün uşaqlar əyləncə məkanına daxil olmamışdan öncə uşaqları həmin əyləncə məkanına aparan digər uşaqlardan birinin valideyni, yəni X16 əyləncə mərkəzinin ziyarət qaydaları ilə (ziyarətçilərə nələrin qadağan olması, təhlükəsizlik qaydaları, cavabdehin ziyarətçilərin burada olduqları zamanı aldıqları zədələrə görə məsuliyyət daşımaması və s.) tanış edilmiş, sonuncu bunu öz imzası ilə təsdiq etmişdir (N.Əliyeva birinci instansiya məhkəməsində verdiyi izahatında da bunu təsdiq etmişdir). Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, azyaşlının oyun zamanı hansı hündürlükdən tullanması, hansı şəkildə tullanması və ya bu zaman düşdüyü yeri və s. (üçüncü şəxsin izahatına görə uşaq tərs tullandığı zaman barmağı trampilinin arasında qalmışdır) cavabdeh müəyyən edə bilməzdi. Bu hallar konkret olaraq uşağın həmin an istəyi nəticəsində yaranmış hərəkətləri ilə bağlı olmuşdur. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, İddiaçı müraciəti əsasında cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə sorğusuna əsasən əldə olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi materiallarının təsdiq edilmiş surətləri tələb edilərək onlara baxış keçirmiş, materialda olan sənədlərdən əyləncə məkanında cavabdehə məxsus müvafiq qurğunun texniki cəhətdən nasaz olması müəyyən edilməmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.. Eyni zamanda, iddiaçı xəsarətin məhz cavabdehin əməkdaşlarının nəzarətsizliyi və ya təhlükəzislik qaydalarının pozulması şəraitində baş verməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə də, baş vermiş hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulmasında cavabdehin hər hansı təqsirli hərəkətinin mövcudluğu müəyyən edilməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X7rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan (maddi zərər cəmi 550 manat təşkil etmiş, mənəvi zərər isə maddi zərərdən irəli gəlmişdir) qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1988/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1988/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-845/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-845/2025
11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver