Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8456/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Hunday Grandeur minik” markalı ** UT *** dövlət nömrə nişanlı avtomobillə 10.03.2020-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Ziya Bünyatov prospektində hərəkət edərkən Cavabdeh1 məxsus olmaqla Cavabdeh2 tərəfindən idarə olunan “VAZ-21074” minik markalı **-GV-*** dövlət nömrə nişanlı avtomaşının onun avtomobilini vurduğunu, hadisə nəticəsində avtomobilinə xeyli miqdarda ziyan dəydiyini, Cavabdeh2 barəsində 10.03.2020-ci il tarixdə nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyini və onun 40 manat cərimə olunduğunu, hadisədən 1 gün sonra, yəni 11.03.2020-ci il tarixdə “Hyundai Avto Azərbaycan” servis mərkəzinə müraciət etdiyini, servisin vurulmuş maddi ziyanın məbləğini ümumilikdə 8947 manat müəyyənləşdirdiyini, Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortası olduğundan “Atəşgah” Sığorta şirkəti tərəfindən ona digər şəxsə dəymiş ziyan da nəzərə alınmaqla 2300 manat ödəniş həyata keçirildiyini, qalan 6647 manat vəsaiti özünün ödəyərək avtomobilinə dəymiş ziyanı aradan qaldırdığını bildirmiş, avtomobilinə vurulmuş 6647 manat maddi ziyanın əvəzinin, 5000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun, yəni cəmi 11 677 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh2 maddi ziyanın əvəzi kimi 5043 (beş min qırx üç) manatın və ödənilmiş dövlət rüsumunun 12,90 (on iki manat 90 qəpik) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 43 (qırx üç) manat hissəsinin Cavabdeh2, 57 (əlli yeddi) manat hissəsinin İddiaçı dövlət nəfinə tutulması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, iddiaçıya dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi səbəbindən iddianın əsassız olduğu, məhkəmənin işi ədalətli araşdırmadığı, ziyan məbləğinin şişirdildiyini nəzərə almadığı, onun törətdiyi yol-nəqliyyat hadisəsi ilə iddiaçıya dəymiş ziyan arasında səbəbli əlaqənin olub-olmadığının aydınlaşdırılması üçün ekspertiza təyin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması, eləcə məhkəmə xərclərinin bir qisminin Cavabdeh2 tutulması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, iradə ifadəsi faktiki olaraq sözügedən hissələrin ləğvinə yönəlmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi və məhkəmə xərclərinin bir qisminin iddiaçıya aid edilməsi bölüşdürülməsi ilə bağlı hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qətnamə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı olan maddi ziyan məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Əliyev X1 Elmir Mədət oğluna məxsus olan “VAZ-21074” minik markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobillə 10.03.2020-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Ziya Bünyatov prospektində hərəkət edərkən İddiaçı məxsus “Hunday Grandeur minik” markalı ** UT *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində İddiaçı avtomobilinə ziyan dəymiş, Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Hunday Grandeur minik” markalı avtomobilin rəsmi servisi olan “Auto Azərbaycan” şirkəti tərəfindən avtomobilə dəymiş zərərin məbləği ümumilikdə 8947 manat müəyyənləşdirilmiş, “VAZ-21074” minik markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığorta edildiyi “Atəşgah” Sığorta” Şirkəti ASC tərəfindən, hadisə nəticəsində Cavabdeh3 məxsus avtomobilə də ziyan dəydiyi nəzərə alınmaqla iddiaçının hesabına 2330 manat icbari sığorta məbləği köçürülmüşdür. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, 2012-ci il buraxılışlı “Hyundai Grandeur” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7343 manat təşkil edir. İddiaçının iddiasına görə, hadisə nəticəsində ona 8947 manat ziyan dəymiş, ziyanın 2300 manat hissəsi "xxxx" Şirkəti ASC tərəfindən ödənilsə də, qalan 6647 manat hissəsi ödənilməmiş qalmışdır və bu məbləğ məhz cavabdeh tərəfindən ödənilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu kontekstdə nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin Qanunun 20.5-ci maddəsinə görə, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi, yüksək təhlükə mənbəyi olan “VAZ-21074” minik markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobilin vurduğu zərərin qalıq hissəsini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu mübahisələndirilməyən Cavabdeh2 üzərinə qoymaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçının avtomobilinə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi səbəbilə iddianın rədd edilməli olması barədə apellyatorun irəli sürdüyü arqumenti isə kollegiya əsassız hesab edir: Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinə görə, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Apellyasiya baxışı zamanı "xxxx" ASC-dən və “İcbari Sığorta Bürosu”ndan əldə olunan sənədlərlə müəyyən olunmuşdur ki, Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində həm iddiaçının avtomobilinə, həm də Cavabdeh3 məxsus avtomobilə ziyan dəymiş, sonuncunun avtomobilinə dəymiş ziyan 5410 manat məbləğində hesablanaraq ona mütənasib hesab olunan 1950 manat adı çəkilən şəxsə ödənilmiş, iddiaçının avtomobilinə dəymiş ziyan onun özünün iştirakı olmadan ilkin olaraq 2465 manat qiymətləndirilmiş, hadisədə digər avtomobilin də iştirak etdiyi, lakin sığorta tələbi irəli sürmədiyi nəzərə alınaraq İddiaçı 2330 manat sığorta ödənişi həyata keçirilmişdir. Kollegiya hesab edir ki, iddiaçının avtomobilinə dəymiş real ziyanın məbləği olaraq onun təsdiq etmədiyi zərər aktında göstərilən rəqəm əsas götürülə bilməz; bu zaman həm də nəzərə alınmalıdır ki, əgər Cavabdeh3 məxsus avtomobilə dəymiş ziyanın 5410 manat olan məbləğinə mütənasib hissə 1950 manatdırsa, iddiaçıya ödənilən mütənasib hissənin daha yüksək rəqəm əsas götürülərək hesablandığı şübhəsizdir və “Hyundai Grandeur” markalı avtomobilə dəymiş ziyan məbləği sonradan avtomobilin rəsmi servisi tərəfindən hesablanmışdır. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləği müəyyənləşdirərkən səhvə yol vermişdir; çünkü apellyasiya baxışı zamanı iddiaçının hesabına sığorta şirkəti tərəfindən 2330 manat köçürüldüyü müəyyənləşdirilmişdir və buna görə də Cavabdeh2 5013 manat (7343 – 2330 = 5013) tutula bilər. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşaraq eyni zamanda hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də apellyatora aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-226/2021 saylı iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 maddi ziyanın əvəzi kimi 5043 (beş min qırx üç) manatın İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh2 İddiaçı xeyrinə maddi ziyanın əvəzi qismində 5013 (beş min on üç) manat tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8456/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8456/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver