Məhkəmə qərarları › İş №2(103)-8458/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8458/2020

25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8458/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Binəqədi rayon Polis İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Binəqədi rayon Polis İdarəsinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 8130 manat (6600 manat + 1200 manat + 330 manat real ziyan və itirilmiş gəlirlər), mənəvi ziyana görə 5000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, ümumilikdə 13.160 manatın dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 330 manat maddi, 1500 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 1830 manat zərərin əvəzinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı kirayələdiyi avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuş və gündə orta hesabla 50 manat qazanaraq ailəsini dolandırmışdır. Bu hesabla həbsdə olduğu müddətdə 6600 manat qazancından məhrum olmuşdur. Lakin məhkəmə, işin bu xüsusiyyətlərini nəzərə almamış və işsiz qaldığı müddətdə dövlət tərəfindən müəyyən edilmiş minimal təlabat həddində belə ona və ailəsinə kompensasiya ödənilməmişdir. Halbuki, şəxs həbs edildiyi halda dövlət orqanları tərəfindən onun himayəsində olan uşaqların və fəaliyyət qabiliyyəti olmayan digər şəxslərin dairəsi müəyyən edilməli və onların sosial təminat məsələsi həll edilməli idi. Bundan əlavə, həbsdə olduğu müddətdə yaxın qohumları ayda iki dəfə istintaq təcridxanasına gələrək, ona qida məhsulları gətirmişlər. Yol haqqı da nəzərə alınmaqla qohumlarının hər dəfə təcridxanaya gəlməsi orta hesabla 150 manat təşkil etmiş, bunun nəticəsində ailəsinə 600 manat maddi ziyan vurulmuşdur (150 manat x 4 ay x 2 = 1200 manat). Eyni zamanda, istintaq orqanının qanunsuz əməlləri nəticəsində o, mənəvi iztirablara məruz qalmış, şərəf və ləyaqəti ləkələnmiş, cəmiyyətdə olan nüfuzuna və təmiz adına xələl gəlmişdir. Lakin məhkəmə tərəfindən ona vurulmuş mənəvi ziyanın həcmi həddindən artıq ucuz dəyərləndirilmiş və cəmi 1500 manat ziyanın ödənilməsi qərara alınmışdır. Cavabdeh Maliyyə Nazirliyi də, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslər məhkəmə prosesinə cəlb olunmalı, onların təqsirinin müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar məhkəmə qərarında göstərilməli idi. Bundan başqa, qətnamənin əsaslandırıcı hissəsində cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının mənəvi iztirab çəkməsi qeyd edilsə də, iddiaçı tərəfindən məhkəməyə bununla bağlı dəlillər təqdim edilməmiş, məhkəmə də, iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 1500 manatın ödənilməsi qənaətinə gəlmişdir. Qətnamədə maddi zərərlə bağlı isə qeyd olunmuşdur ki, iş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, vəkillə müqavilə bağlanmış və müxtəlif vaxtlarda kassaya 330 manat ödənilmişdir. Qanunvericiliyə əsasən, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə haqqın məbləği yalnız tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Buna görə də, iddiaçının məhkəmə prosesinə iştirak üçün cəlb etdiyi hər hansı nümayəndə üçün ödənilən dövlət rüsumu maddi zərər kimi tanına bilməz. Hüquqi yardımla bağlı sənədlər işə əlavə olunmalı, hətta onların iddiaçıya qarşı cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi, cavabdehin apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını, iddiaçının apelyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçısını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı barəsində Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Eyni Məhkəmənin xx xxxx 2019-cu il tarixli hökmü ilə, İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Eyni zamanda, iş olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı, hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamış və müxtəlif vaxtlarda cəmi 330 manat pul ödəmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlarının vurduqları ziyanın Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməsini tələb etməkdə haqlıdır. Həmin maddəyə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə görə, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Kollegiya, iddiaçının apelyasiya şikayətinin maddi ziyan tələbinin təmin edilməyən hissəsi ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsinin iddianın bu hissədə təmin edilməməsi ilə bağlı gəldiyi qənaət əsaslıdır. Belə ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olduğunu, lakin qanunsuz həbsdə olduğu müddətdə işləmədiyindən zərərə məruz qaldığını bildirərək, buna görə orta hesabla 6600 manatın ödənilməsini tələb etsə də, məhkəməyə bu halları təsdiq edəcək hər hansı mötəbər və kifayətedici sübutlar təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Kollegiya, iddiaçının həbsdə olduğu müddətdə qohumlarının çəkdiyi ərzaq və yol xərclərinin maddi zərər kimi ona ödənilməsini tələbini də əsassız hesab edir. Ona görə ki, sözügedən xərclər həqiqətən mövcud olduğu halda belə, iddiaçı tərəfindən çəkilmədiyindən və onun əmlakının aktivində hər hansı azalmaya səbəb olmadığından, iddiaçının həmin xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ yoxdur. Cavabdeh isə, apelyasiya şikayətində qətnaməni maddi ziyan tələbinin təmin ediliyi (hüquqi yardımla bağlı xərclər) hissədə mübahisələndirərək, iş materiallarında olan mədaxil qəbzlərinin mötəbər olmadığını, bu faktın təsdiqi üçün iddiaçı barəsində başlanılmış cinayət işində məhz onu müdafiə etmiş müdafiəçi ilə bağlanılmış müqavilələrin təqdim edilməli olduğunu bildirir. Kollegiya, cavabdehin bu dəlilini əsaslı saymır ona görə ki, bəhs olunan mədaxil qəbzlərinin hər birində bağlanmış müavilələrin nömrəsi göstərilmiş və iddiaçı barəsində çıxarılmış bəraət hökmündən görünür ki, onların bağlandığı vəkil (X4) iddiaçının müdafiəçisi qismində məhkəmə proseslərində iştirak etmişdir. Bu səbəbdən də, sözügedən qəbzlər bu tələbin təmin olunması üçün kifayət etməklə, mötəbər hesab olunur. Kollegiya, həmçinin cavabdehin iddiaçıya mənəvi zərər vurulmasını təsdiq edən heç bir sübutun olmaması barədə mövqeyi ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı mənəvi zərərin ödənilməsi tələbinə də bu baxımdan yanaşaraq, Kollegiya, hesab edir ki, iddiaçının 4 ay 10 gün müddətində əsassız həbsdə qalması özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası, hər iki apelyasiya şikayətinin mənəvi zərərin məbləği ilə isə bağlı dəlillərinə münasibətdə isə bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan Kollegiya, iddiaçının yaşını, həbsdə qaldığı müddəti, keçirdiyi mənəvi iztirab və sarsıntıları və digər diqqətəlayiq halları nəzərə alaraq, rayon məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1500 manat məbləğində pulun tutulmasını əsaslı hesab edir. Odur ki, Kollegiya, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, apelyasiya şikayətlərinin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2311/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar