Məhkəmə qərarları › İş №2(103)-847/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-847/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-847/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər X5 və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı1 Cavabdeh X1 iştirakı ilə, İddiaçı1 cavabdehlər X5 və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1144/2023 tarixli, xx.xx.2023-cü il saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 63a, mənzil 123; yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 17, M2, m3 mənzilin mülkiyyətçisi İddiaçı1dur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X5 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərə görə İddiaçı1 2500 manat, İddiaçı2 isə 2000 manat və 500 manat mənəvi zərərin, iddia qaldırılarkən ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Nərimanov rayonu, G. Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 2-ci mərtəbədə olan 123 nömrəli mənzil İddiaçı1, Nərimanov rayonu, G.Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 4-cü mərtəbədə olan 129 nömrəli mənzil X6 məxsusdur. Bakı şəhəri Nərimanov rayonu. G. Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 5-ci mərtəbədə olan 132 nömrəli mənzil cavabdeh X2, Nərimanov rayonu. G. Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 6-cı mərtəbədə olan 135 nömrəli mənzil isə Cavabdeh1 məxsusdur. Cavabdehlər hazırkı hadisəyə qədər də dəfələrlə öz mənzillərinin su və kanalizasiya xətlərindən onların mənzilinə su və kanalizasiya suları axıtmaqla xeyli maddi və mənəvi ziyan vurmuşdur. Onlar qonşuluq və insanlıq qaydasına riayət edərək həmin zərərləri hər dəfə özləri ödəmiş və mənzillərini təmir ediblər. Lakin hər dəfə cavabdehlərə bu barədə məlumat vermiş və su xətlərinin düzəldilməsini tələb etsələr də cavabdehlər nə insanlıq, nə qonşuluq qaydalarına riayət etmiş, nə mənzillərinin su xətlərinin düzəldilməsini təmin etmiş, nə də hər dəfə çəkdikləri xərcləri ödəmişlər. Halhazırda onların artıq maddi durumları mənzillərə və mebellərə, məişət əşyalarına vurulmuş zərəri ödəməyə imkan vermir. Onlar artıq nəmişlikdə müxtəlif xəstəliklər tapmış və hər an qısaqapanma ilə mənzilin yanması və kafellərin üzərlərinə aşması təhlükəsi ilə qorxu içində yaşayırlar. Cavabdehlərin vurduğu zərər nəticəsində onlara xeyli maddi və mənəvi zərər dəymişdir. Belə ki, onların əməlləri nəticəsində onların mənzillərinin, mətbəxlərinin, qonaq otaqlarının, dəhlizlərinin, vanna otaqlarının təmiri, elektrik xətləri və mənzilimizdə olan əşyalar-mətbəx mebeli, kreslolar, servant və digər əşyalar tamamilə yararsız vəziyyətə düşmüşdür. Onlar həmin zərəri aradan qaldırmaq üçün 36 saylı MKİS-nə müraciət etdikdə onlar akt tərtib etməkdən imtina edərək, zərərin əvəzinin ödənməsinin cavabdehlərə aid olduğunu, könüllü ödəmədikləri təqdirdə məhkəməyə müraciət etməli olduqlarını bildirdilər. Mənzillərinin təmiri üçün usta çağırsalar da ustanın zəhmət haqqına, alınmalı tikinti materiallarına hər birinə 2000- 2500 manat lazım olduğundan onların buna maddi durumu imkan vermədi. Cavabdehlərin əməlləri nəticəsində onlar rütubətdən mənzillərində rahat yaşaya bilmir və səhhətlərində onun nəticələrini ağır şəkildə yaşayırlar. Belə ki, çəkdikləri stressdən və revmatizmadan müalicə almalı olmuşdurlar. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlardır. Cavabdehlər X5 və Cavabdeh1 tərəfindən İddiaçı1 2500 manat məbləğində, İddiaçı2 isə 2000 manat vurmuş olduqları maddi zərərin, 500 manat mənəvi zərərin və məhkəmədə iddia qaldırarkən ödədikləri 70 manat dövlət rüsumunun, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 60 manatının əvəzi onlara ödəməlidir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1144/2023 tarixli, xx.xx.2023-cü il saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər X5 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun İddiaçı1 Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1144/2023 tarixli, xx.xx.2023-cü il saylı qərardadına əsasən İddiaçı1 və İddiaçı2 cavabdehlər X5 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə İddiaçı2 cavabdehlər X5 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mənzilinə ziyan dəyməsinə cavabdehlərin təqsirli əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) səbəb olması mülki işin materialları ilə təsdiq edilmir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı1 məhkəmədə artıq bir dəfə analoji iddia qaldırmış, həmin iddia tələbi qismın təmin edilmişdir. Belə olan təqdirdə 2-ci mərtəbədə yerləşən (iddiaçıya məxsus mənzilə) 3-cü mərtəbədə yerləşən mənzildən (birinci mülki iş üzrə cavabdehə məxsus mənzildən) su sızması faktı öz təsdiqini tapmışdır. 5-ci və 6-cı mərtəbədə yerləşən mənzil mülkiyyətçilərinin də iddiaçının mənzilinə baş vermiş su sızma nəticəsində mülki məsuliyyət daşıması ağlabatan deyil və mülki hüququn vicdanlılıq prinsipinə də ziddir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1096, 1097.1, 1097.3, 1111.2, 1115-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 217.3, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1144/2023 qərardadı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər X5 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı2 cavabdehlər X5 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi hissəsində baxılmamış saxlanıllmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1144/2023 tarixli, xx.xx.2023-cü il saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, dəfələrlə cavabdehlərə mənzillərindəki su sızmasının aradan qaldırmasını və ona vurduğu ziyanın ödənməsini tələb etməyinə baxmayaraq və bu halı bilmələrinə baxmayaraq heç bir addım atmadıqları halda məhkəmə iclasında suyun onlardan sızmadığını bildirməsi və məhkəmənin bu halı sübut sayaraq onların əməlini mülki hüquq pozuntusu saymaması tamamilə əsassız və qərəzlidir. İddiaçı kimi iddia tələbini əsaslandıran halları tam sübut edərək cavabdehin təqsiri ucbatından yenicə (ilk zərərin nəticəsini aradan qaldırdıqdan sonra) təmir etdiyi mənzilin təkrarən hazırki cavabdeh tərəfindən mənzilinin tavanının, işıq sisteminin, dəhlizin və sanitar qovşağının yararsız hala salınmasına görə vurulmuş zərəri tələb etməyinə baxmayaraq haqlı iddiasını təmin edilməmişdir. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyindən də göründüyü kimi onun mənzilinə vurulmuş zərər cavabdehlər tərəfindən olduğu və zərərin məbləği 494 manat müəyyən edildiyi təqdirdə hakim işi hərtərəfli, dəqiq və obyektiv araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş və onların qarşılıqlı münasibətlərinə uyğun əsalandırılmamışdır. Belə ki, işin inkar edilməz halı ondan ibarətdir ki, onun mənzilinə cavabdehlər tərəfindən zərər dəymiş və həmin zərər ekspert rəyi ilə sübut edilmişdir. Ekspertiza rəyi belə düzgün hesablanmadığı halda belə həmin məbləği belə məhkəmə cavabdehlərdən tutmamışdır. Cavabdehlərin təqsiri tam sübut edildiyi halda məhkəmənin "qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir" qeyd etməsi tamamilə əsassızdır. Məhkəmə iddianı rədd etməsinə baxmayaraq rədd etmənin əsasını formal mülahizələrlə əsaslandırmış və bu halları tam sübuta yetirə bilməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, rayon məhkəməsi düzgün araşdırılma aparılmamışdır. O bir gün səhər durub görüb ki, dəhlizə çirkab su yəni, kanalizasiya suyu axıb, eyni hal sanuzeldə də baş verib. 3-cü mərtəbəyə gedib bu barədə məlumat verib, ona deyiblər ki, yuxarı mərtəbədən axır, beləbelə 5-ci mərtəbəyə qalxıb. Cavabdehin mənzilinə qalxıb bu barədə bildirib, orada həmin zaman kirayəşin qalırdı. 6-cı mərtəbəyə də bu barədə deyib. Ona bildirilmişdir ki, yuxarıdan axır. 7 və 8-ci mərtəbələrə qalxıb baxıb, oralar təmiz idi. Dəfələrlə cavabdehlərə bu hadisənin qarşısının alınması üçün təbdir görməyi tələb edib. MKİS-ə gedib şikayət edib. Fotoşəkillər də çəkib ki, axıntılar cavabdehlərin mənzilindən axır. Digər cavabdeh ümumiyyətlə məhkəmə iclaslarına gəlmir. Su idarəsinə, kanalizasiya idarəsinə hətta, DİNə müraciət edib, amma heç biri nəticə verməyib. Evində əşyalar yararsız hala düşüb. Mətbəx və sanuzel pis vəziyyətdədir. Su nümunəsi götürüb yoxlamaya da verib, kanalizasiya suyu olduğu aşkar olub. Cavabdeh2 hadisədən 3 gün sonra, digər cavabdehin yoldaşı isə 4 gün sonra gəliblər. Xəbərləri belə yoxdur ki, mənzillərdə nə baş verir. Hakim ona iclasda söz belə vermədi, ona düzgün danışmadığımı bildirdi. Ekspertiza təyin edildi. Ekspert gəlib baxış keçirdi. Ekspert və cavabdehlər gəlib gördülər ki, ev pis gündədir. Ekspert 3-cü mərtəbəyə də qalxdı, orada da eyni vəziyyət idi. Ekspert yalandan rəy verib ki, 494 manat zərər deyib. 6-cı mərtəbədə ekspertə bildirdim ki, heç bir axıntı yoxdur, mənzil tər-təmizdir. 8-ci mərtəbədə axıntı olduğunu ekspert yalandan qeyd etmişdir. 4-cü mərtəbədə yaşayan Ələsgər müəllim məhkəmədə iştirak edəcəkdi, amma əməliyyat olunmuşdu deyə iştirak edə bilmədi. Onun nə qədər xərci çıxıb. Ona ən çox ziyan vuranlar bu iki cavabdehlərdir. Cəmi 2500 manat ona ziyan dəymişdir.

13. Cavabdeh X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 5-ci mərtəbənin sakinidir. 2 il bundan öncə pandemiya dövründə 8-ci mərtəbədən böyük su axıntısı oldu. 7-ci mərtəbə pis günə qalmışdı. Boruları düzəltdirdilər, işiqlarda kəsilmələr olurdu onu da düzəltdirdilər. 9 mərtəbəli bir binadır. İddiaçı 2-ci mərtəbədə yaşayır. Sakinlər hamısı iddiaçını tanıyır, iddiaçı üçün məhkəmələrdə iştirak etmək adi haldır. Onun heç bir günahı yoxdur. Ekspert mənzilə baxış keçirmişdir. Məsələ bitib, amma iddiaçı sırayla sakinlərə qarşı iddia ərizələri verir. Onun da mənzili yaxşı vəziyyətdə deyil. Mənzildə o yaşamır, Xətai rayonunda yaşayır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçı 1 ildir ki, məhkəmələrdə onları süründürür. Su axıntısı çirkab su da deyil, ana xəttin təmiz suyu idi. İddiaçı haradansa nümünə götürüb ki, guya ki, kanalizasiya suyudur. Su axıntısı 2 il əvvəl baş vermiş hadisəyə görədir.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iddiaçı hazırkı tələbində Bakı şəhəri, Nərimanov rayonu. G. Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 5-ci və 6-cı mərtəbədə yerləşən mənzillərdən su sızması nəticəsində vurulmuş ziyanın ödənilməsini xahiş edir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1877 nömrəli, 14 iyul 2023-cü il tarixli rəyində qeyd edilir ki, iddiaçıların mənzillərinə su sızmasının texniki səbəbini müəyyən etmək məqsədilə, həmin mənzilin yanında yerləşən, cavabdehin 132 və 135 saylı mənzillərə baxışın keçirilməsi təşkil olunmuşdur. Baxış zamanı həmin mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Mənzillərin mətbəxində və saniariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malatalı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçıların mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 123 və 129 saylı mənzillərə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehlərə məxsus olan 132 və 135 saylı mənzillərə baxış keçirilən zaman yuxarı mərtəbədə yerləşən mənzildən su sızılaraq mənzillərin tikililərinin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğu müəyyən edilmişdir.

24. Ekspert rəyindən göründüyü kimi, cavabdehlərə məxsus həmin binanın 8-ci girişində 5-ci mərtəbəsindəki 132 nömrəli mənzilə və həmin binanın 8-ci girişində, 6-cı mərtəbədə olan 135 nömrəli mənzilə yuxarı mərtəbədə yerləşən mənzildən su sızılması halı müəyyən edilmiş, bu su sızma nəticəsində iddiaçının mənzilinə su axıdılaraq ləkələr yaramışdır.

25. Göründüyü kimi, cavabdehlərin mənzilindən iddiaçıya məxsus mənzilə su sızması cavabdehlərin mənzilində yuxarı mərtəbədə yerləşən mənzildən su axıdılması ilə əlaqədardır.

26. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 cavabdeh X7 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh X9 tərəfindən İddiaçı1 məxsus ünvan 5 ünvanında yerləşən mənzilə (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 17, M2, m3) dəymiş maddi zərərin əvəzi olaraq 1818 manat məbləğində pul və 40 manat dövlət rüsumunun cavabdeh X3 alınaraq İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6374/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərtnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Həmin mülki iş üzrə araşdırması zamanı təqdim edilmiş 36 saylı MKİS-in 20 sentyabr 2022-ci il tarixli aktda qeyd edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 63a ünvanında yerləşən binanın 8 saylı girişi 126 saylı mənzildən su borusu partlaması nəticəsində İddiaçı1 məxsus 123 saylı mənzilin divarlarına, tavanına, döşəməsinə, mətbəx mebelinə və hamam kafellərinə ziyan dəymişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/7483 nömrəli rəyində qeyd edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 63a, 123 saylı mənzilin divarlarında və döşəmələrində olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu və həmin 36 saylı MKİS-in əməkdaşları tərəfindən 20 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, 123 saylı mənzilə 126 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amillər nəzərə alınaraq, 123 saylı mənzilə su sızması 126 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması səbəbindən baş verə bilər.

28. Göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 63a ünvanında yerləşən binanın 8 saylı girişi 123 saylı mənzilinə su sızmasının Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 63a ünvanında yerləşən binanın 8 saylı girişi 126 saylı mənzildən su borusu partlaması nəticəsində baş verməsi digər işin halları ilə öz təsdiqini tapmış, bununla bağlı dəymiş mənzilin mülkiyyətçisi X3 maddi zərərin əvəzi olaraq 1818 manat məbləğində pul tutulması qət edilmişdir.

29. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi cavabdehlərdən onun xeyrinə 2500 manat məbləğində pulun tutulmasıdır. İddianın qiyməti beş min manatdan aşağı olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsinə yol verilmir.

33. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1144/2023 tarixli, xx.xx.2023-cü il saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar