Məhkəmə qərarları › İş №2(103)-8494/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8494/2020

19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8494/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı20 və iddiaçıların nümayəndələri (vəkilləri) Vəkil iştirakı ilə İddiaçı10, İddiaçı9, İddiaçı18, İddiaçı22, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı2, İddiaçı6, İddiaçı14, İddiaçı4, İddiaçı23 oğlunun, İddiaçı1 və İddiaçı7 Cavabdeh MMC-yə qarşı “əmrin və bildirişlərin etibarsız hesab edilməsi, şagirdlərin təhsillərinin davam etdirilməsinin təmin olunması və cavabdehin üzərinə vəzifələr qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı10, İddiaçı9, İddiaçı18, İddiaçı22, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı2, İddiaçı6, İddiaçı14, İddiaçı4, İddiaçı23 oğlu, İddiaçı1 və İddiaçı7 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məktəbin Pedoqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarının, həmin tarixli 6 saylı əmrin və məktəbin valideynlərə ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişlərin məktəblə 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqaviləyə zidd və qanunsuz hesab edilərək etibarsız sayılması, övladlarının - şagirdlərin müqavilə şərtlərinə əsasən təhsllərinin Dünya Məktəbində davam etdirilməsinin cavabdeh tərəfindən təmin olunması, məktəbdə onlyan qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğunun valideynlərə təqdim edilməsi, onlyan qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, məktəbin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi və həmin ödənişin müqavilə şərtləri üzrə həyata keçirilmə vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda iddiaçıların nümayəndələri iddianı təmin etmə tədbirinə dair ərizə də təqdim edərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” iddiaçıların cavabdeh məktəblə bağlamış olduqları müqavilələrdə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi şərtilə 2020-2021-ci tədris ili üçün onların övladlarının - şagirdlərin Dünya Məktəbində icbari təhsildən kənarlaşdırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən ərizə təmin olunmuşdur. Həmin qərardaddan cavabdehin nümayəndəsi şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, məktəbin hər hansı şagirdi təhsildən kənarlaşdırmadığı, sadəcə olaraq valideynlərlə məktəb arasında bağlanmış müqavilələrin müddətinin uzadılmadığı və bunun müqavilə azadlığı prinsipinə uyğun olduğu, təhsil haqqı ilə bağlı məktəblə mübahisə edən valideynlərlə müqaviləni uzatmamağın məktəbin hüququ olduğu arqumentləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən İddiaçı20 və iddiaçıların nümayəndələri (vəkilləri) isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddiaçıların nümayəndələrinin iddianı təmin etmə tədbirinə dair ərizəsinin təmin edilməsinə dair yeni qərardad çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Qanunun göstərilən müddəalarının mənası baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Qeyd olunmalıdır ki, iddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə, habelə ərizədə cavabdeh kimi qoyulmuş şəxsə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Hazırki mübahisənin halları baxımından məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbləri iddiaçıların övladlarının konstitusion hüquqları olan təhsil hüququ ilə bağlıdır və iş materiallarından müəyyən olunur ki, onların övladları 2019-2020-ci təhsil ilində Cavabdeh MMC-də təhsil alsalar da, valideynlərlə məktəb arasında təhsil haqqının ödənilməsi ilə əlaqədar mübahisə yarandığından, məktəb növbəti tədris ili üçün müqavilələrin müddətini uzatmaqdan imtina etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, konkret mübahisədə cavabdeh müəssisənin müqavilə bağlamaq azadlığı hüququ ilə iddiaçıların övladlarının təhsil almaq hüquqları arasındakı mütənasiblik araşdırılacaqdır və belə bir mübahisəyə baxılıb yekun qərar qəbul edilənə qədər, konstitusion hüquq kimi təsbit edilən təhsil hüququnun üstünlüyü nəzərə alınmaqla müvafiq təmin tədbirinin tətbiqi zəruridir. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olmaqla onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Nəzərə alınmalıdır ki, insanların təhsil almaq hüquqları kommersiya maraqlarından daha üstündür və iddiaçıların uşaqlarının, onlarla cavabdeh məktəb arasındakı maddi mahiyyət kəsb edən mübahisə üzrə yekun məhkəmə aktı çıxarılanadək təhsildən kənarda qalmaları, sonradan aradan qaldırılması çox çətin olan problemlərin yaranmasına səbəb ola bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin tədbirinin tətbiqinə dair ərizəni təmin etdiyi zaman birinci instansiya məhkəməsi ümumən düzgün nəticəyə gəlmiş, lakin müvafiq təmin tədbirinin iddiaçıların nümayəndələrinin ərizəsində göstərdiyi şərtlərlə həyata keçirilməsini qərardadda qeyd etməməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4698/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçıların nümayəndələrinin iddianı təmin etmə tədbirinə dair ərizəsi təmin olunsun. İddiaçıların cavabdeh məktəblə “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlamış olduqları müqavilələrdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmələri şərtilə onların övladlarının - X17, X18, X12, X19, X24, X2, X25, X7, X3, X26, X20, X1, X21, X4, X22, X8, Şərbətov Kənan Rövşən oğlunun, X13, X9, X23, X38, X29, X27, X14, X15, X10, X11, X16, X30, X28, X5, X6, Möhsünlü Aydan Cəmil qızının, Möhsünlü Ayxan Cəmil oğlunun 2020-2021-ci tədris ili üçün Dünya Məktəbində icbari təhsildən kənarlaşdırılmaları "Cavabdeh” MMC-yə qadağan edilsin. Qərardad dərhal icra olunsun və onun icrası Bakı şəhəri Binəqədi rayon icra (probasiya) şöbəsinə, habelə "Cavabdeh” MMC-nə həvalə olunsun Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar