Məhkəmə qərarları › İş №2(103)-8497/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8497/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8497/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2019-cu tarixli, 2(006)-4050/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 140.000 (yüz qırx min) manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 140.030 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, X9 ilə rəsmi nikahdadır. Həyat yoldaşı X9 onların birgə mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 101 m2 olan qeyri-yaşayış sahəsini dostları Cavabdeh2 və Cavabdeh1 dostluq və qarşılıqlı etimad münasibətlərinə arxalanaraq etdiyi xahişlə 50.000 ABŞ dolları məbləğində kredit götürmək üçün banka girov qoyulmasına razılıq vermişdir. O və övladları mülkiyyətlərində olan əmlakın girov qoyulmasına etirazlarını dəfələrlə bildirsələr də, əri təkidlə öz dostlarına tam etimad etdiyini bildirmişdir. Sonradan Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC-dən 50.000 ABŞ dolları deyil, 100.000 manat kredit götürmüş, onlara məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 101 m2 olan qeyri-yaşayış sahəsini girov qoymuşlar. Lakin sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 götürülən krediti ödəyə bilməmiş və kreditin təminatı qismində ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 101 m2 olan qeyri-yaşayış sahəsi satılmış, cavabdehlərin əsas borc və müvafiq faizlə birgə 140.000 manat borcları ödənilmişdir. Qeyd etmişdir ki, sonradan İ.Rəhimov və H.Qasımov barəsində cinayət işi başlanmış, həmin cinayət işi üzrə əri də zərər çəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh1 ondan şikayətçi olmamaq üçün Cavabdeh3 təsisçisi olduğu "xxxx" MMC ilə aralarında müqavilə bağlanmasını təklif etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci və 306.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və əri ilə dostluq münasibətlərini əsas gətirərək onlara qarşı dələduzluq törətməsi, lakin ərinin onu bağışlayaraq şikayətçi olmaması Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10.11.2008-ci il tarixli 1(001)-118/2008 saylı hökmündən aydın surətdə görsənir. Maddi vəziyyətinin ağır, xəstəliyi ilə bağlı çıxılmaz vəziyyətdə olduğunu nəzərə alıb, çıxış yolunu həmin təklifi qəbul etməkdə görmüş, əllərindən çıxan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 101 m2 olan qeyri-yaşayış sahəsinin Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yaşayış evinin 7-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 70 m2 olan qeyri-yaşayış sahəsi ilə əvəz edilməsinə ümid bəsləyərək müqaviləni imzalamalı olmuşdur. Yəni, ödənilmiş 140.000 manat pulun müqabilində onunla "xxxx" MMC-nin direktoru Cavabdeh3 arasında 01 mart 2008-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə tikinti işləri başa çatdıqdan sonra müqavilənin predmeti olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yaşayış evinin 7-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 70 m2 olan qeyriyaşayış sahəsi (ofis) onların mülkiyyətinə verilməli idi. Həmin müqavilənin 1-ci hissəsinin 5-ci bəndinə əsasən müvafiq tikintini aparan hüquqi şəxs "xxxx" MMC olmuşdur. Həmin müqavilə üzrə öhdəliklər Cavabdeh3 tərəfindən yerinə yetirilməmiş, onların mülkiyyətlərinə heç bir obyekt verilməmişdir. Bununla bağlı o, "xxxx" MMC-nin yerləşdiyi yer üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə onun arasında bağlanan 01 mart 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 140.000 manatın qaytarılması tələbini irəli sürmüşdür. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli 2(007)-4056/2016 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, "xxxx" MMC ilə onun arasında bağlanmış 01 mart 2008-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, 140.000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 140.030 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra hərəkətlərinin həyata keçirilməsi zamanı müvafiq tədbirlər görülmüşdür. İcra qurumunun vergi orqanlarına sorğularına cavablar alınarkən məlum olmuşdur ki, "xxxx" MMC öz fəaliyyətini 2016-cı ilin noyabr ayından 2021-ci ilin noyabr ayınadək dayandırmış, eyni zamanda barəsində məcburi icra tədbirləri görmək üçün borc tələbinin yönələ biləcəyi əmlak yoxdur. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh3 oxşar əməllərə görə 2016-cı ildə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, hal-hazırda Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Bununla bağlı Bakı şəhəri Nizami rayon Məhkəməsindəki mülki işlə bağlı iclasda iştirak etməmişdir. Yuxarıda göstərilənlərdən məlum olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində ailəsinə 140.000 manat maddi ziyan vurulmuşdur. O, astma xəstəsidir, bununla bağlı daim müalicələr almalıdır, cihaza bağlı şəkildə ömür sürür. Oğlu isə onları dolandırmaq üçün çətin şəraitdə fəhləliklə məşğul olur. Düz 19 ildir ki, onlar kirayə evlərdə qalırlar. Əri yaşanan bütün bu çətinliklərdə onunla birgə olmamış, ailəni «dostluq» naminə saldığı bu müşkül vəziyyətdən çıxarmaq əvəzinə onları atıb getmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2019-cu tarixli, 2(006)-4050/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 140.000 (yüz qırx min) manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 140.030 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli, 2(103)- 1356/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2(006)- 4050/2019 saylı qətnaməsinin Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2791/2020 saylı, 03 iyul 2020-ci il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli, 2(103)-1356/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bundan sonra iş üzrə digər Cavabdeh1 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2019-cu tarixli, 2(006)-4050/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən proses barədə məlumatsız olduğundan, həmin işdə iştirak etməmişdir. Buna səbəb isə, mübahisələndirilən pul vəsaitinin iddiaçıdan hər hansı formada mənimsənilməsi ilə bağlılığının olmaması idi. Əsl borcalan digər cavabdehlər onu həmişə arxayın ediblər ki, bu işlə bağlılığı olmadığı üçün, ona qarşı heç bir halda iddia və s. olmayacaq. Onun bu işdə yeganə iştirakı işlədiyi avtomobil təmir servisində tanışlığından ibarətdir. İddiaçının mənzilini girov qoyub, götürülən kreditlə də onun heç bir əlaqəsi olmayıb. Belə ki, onun adından istifadə edib, iddiaçının həyat yoldaşı özü kredit götürüb, 50000 manatını özü, 50000 manatını isə digər cavabdeh İldırım götürüb. Bütün razılaşmalar sadəcə onun iş yerində olub və onlar yoldaş olaraq birlikdə hərəkət etmişlər. Məhz buna görədir ki, indiyədək Ovoda vurulmuş ziyanla bağlı əvvəllər onu heç kim narahat etməyib və heç kimə heç nə ödəməmişdir. İstintaqda və məhkəmələrdə Cavabdeh2 və Cavabdeh3 da həmişə etiraf edib ki, onun bu proseslərdə heç bir əlaqəsi yoxdur, götürülmüş kreditin heç bir hissəsini götürməmişdir. Birinci instansiya məhkəməsi prosessual normaları və hüquqi müəyyənlik prinsipi pozmuşdur. Belə ki, eyni predmet və tələblər bağlı əvvəllər çıxarılmış və qüvvəyə minmiş məhkəmə qərarı ola-ola, hakim yenidən eyni məzmunlu qərar qəbul edib. Belə ki, Nizami Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunmuş, 140000 manatın hazırkı iş üzrə Cavabdeh3 rəhbərlik etdiyi "xxxx" MMC-dən tutularaq ona ödənilməsi qət edilib. Həmin qətnamə qüvvədədir. İddiaçı həmin vəsaiti icra qaydasında "xxxx" MMC-dən ala bilmədiyini görüb, 2019-cu ildə hazırkı iş üzrə iddanı irəli sürüb. Məhkəmə isə həmin xüsusata əhəmiyyət vermədən, eyni pul vəsaitin ondan da tutulması barədə qətnamə çıxarıb. Belə çıxır ki, ondan da pulun alınması mümkün olmayacaqsa, iddiaçının bu pulu başqa şəxslərdən də almaq üçün başqa iddia qaldırmaq hüququ həmişə qalır. Halbuki, eyni məsələ ilə bağlı qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş halın başqa işə baxılarkən yenidən mübahisələndirilməsi preyudisiya prinsipinin, bu isə öz növbəsində hüquqi müəyyənliyin pozulmasıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, hazırki iş üzrə cavabdehlərdən olan Cavabdeh3 əvvəllər tanımamış, iddiaçıya hər hansı formada ziyan vurmamışdır. Barəsində çıxarılmış hökm isə Cavabdeh2 hərəkətlərinə görə olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, iddiaçı ona dəymiş ziyanla bağlı bir dəfə məhkəmədə iddia qaldırmış və təbi təmin edilmişdir, lakin qətnamə icra edilmədiyini görüb iddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, qətnamə qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh2 və Cavabdeh1 ərinin dostları olmuş və həmin dostluq münasibətindən istifadə edərək, mülkiyyətində olan evi banka girov qoymuşlar, nəticədə pul ödənilməmiş və aralarında evin başqa evlə əvəzləşdirilməsi barədə razılıq olmuş lakin həmin razılıq da həyata keçirilməmişdir. Bundan əvvəl iddia tələbi olsa da, həmin tələbindən icra qaydasında imtina etmişdir. Hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10.11.2008-ci il tarixli 1(101)-1118/2008 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 306.1-ci maddəsi; Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, müxtəlif cəzalara məhkum edilmişlər. Həmin şəxslərə qarşı irəli sürülmüş ittihamın bir epizodu onunla əlaqədardır ki, Cavabdeh2 Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək X6 qohumuna məxsus Bakı şəhəri Yasamal rayonu ərazisində özəlləşdirilmiş torpaq sahəsində gələcəkdə ticarət obyekti inşa edib, sonuncu ilə birlikdə şərik işlədəcəklərini vəd edərək onu aldadandan sonra, həmin obyektin inşası üçün tələb olunan 50.000 ABŞ dolları məbləğində pulu əldə etmək üçün 04.05.2007-ci il tarixdə X6 öz adına özəlləşdirdiyi ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakını ələ keçirib 19.12.2007-ci il tarixdə «Standartbank»a girov qoyaraq 100.000 manat məbləğində krediti ələ keçirərək X1 miqdarda ziyan vurmuşlar. X9 qeyd olunan iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır və ifadə verərək bildirmişdir ki, ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyindən onun Cavabdeh2 və Cavabdeh1 qarşı heç bir şikayəti və tələbi yoxdur və onları bağışlayır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31.05.2016-cı il tarixli 2(007)-4057/2016 saylı qətnaməsi ilə də İddiaçı "xxxx" MMC-yə qarşı tərəflər arasında bağlanmış 01.03.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və iddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa etdiyi çoxmərtəbəli yaşayış evinin 7-ci blokunda 1-ci mərtəbədə 70 m2 ölçüdə qeyri-yaşayış sahəsi üçün ödənilmiş vəsaitin əvəzi qismində 140.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası təmin edilmişdir. Həmin mülki işə Nizami rayon Məhkəməsində baxılarkən Cavabdeh2 şahid qismində dindirilərkən bildirmişdir ki, o, İddiaçı əri O.Ə.Əliyevlə Cavabdeh1 vasitəsi ilə tanış olmuşdur. Öz növbəsində isə Cavabdeh1la "xxxx" MMC-nin direktoru Cavabdeh3 iş birlikləri olmuş və bu səbəbdən də sonuncuların bir-birilərinə verəcəkləri olmuşdur. Bundan əlavə Cavabdeh1 və İ.Rəhimovun "xxxx" ASC-dən götürdükləri kredit öhdəliklərinin təminatı qismində O.Ə.Əliyev mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini həmin banka girov qoymuşdur. Lakin İ.Rəhimov və Cavabdeh1 bankdan götürdükləri krediti qaytara bilmədikləri üçün O.Ə.Əliyevin mülkiyyətində olmuş və kreditin təminatı qismində girov qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 101 m2 olan qeyri-yaşayış sahəsi satılmış, satışdan əldə olunan pul vəsaiti hesabına İ.Rəhimovun və Cavabdeh1 banka olan borcları ödənilmişdir. Buna görə İddiaçı və əri O.Ə.Əliyev həmin şəxslərdən pulunu tələb etməyə başlamışlar. Sonradan isə İ.Rəhimov və Cavabdeh1 barəsində cinayət işi başlanmış, həmin cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh1la iş birlikləri, bir-birilərinə verəcəkləri olduğu, İddiaçı sonuncudan şikayətçi olmaması üçün Cavabdeh3 təsisçisi olduğu "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa edilən çoxmərtəbəli yaşayış evinin qeyri-yaşayış sahəsi barədə müqavilə imzalanmışdır. Məhz bundan sonra İddiaçı şikayət ərizəsini geri götürmüşdür. Beləliklə, "xxxx" MMC İddiaçı qarşısında öhdəlik götürmüş və buna görə də, həmin öhdəlik də sonuncu tərəfindən yerinə yetirilməlidir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən göründüyü kimi, "xxxx" MMC İddiaçı qarşısında öhdəliyi İddiaçı şikayət ərizəsini geri götürməsi üçün bağlanmışdır. Qeyd olunan qətnamə ilə müəyyən edilmiş hallar hazırda mübahisələndirilə bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.09.2016-cı il tarixli 1(101)-410/2016 saylı hökmündən göründüyü kimi, Cavabdeh3 Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqdirli bilinərək, müvafiq cəzaya məhkum edilmişdir. Cavabdeh3 qarşı irəli sürülən ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o ("xxxx" MMC-nin təsisçisi və direktoru), vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuş, həmin əməli vətəndaşlar üçün ağır nəticələrə səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı vurulmuş 140.000 manat məbləğində zərər real olaraq ödənilməmiş, İddiaçı şikayətini geri götürməsi üçün onunla cavabdehlərin təşəbbüsü və maraqlarına əsasən "xxxx" MMC ilə müqavilə bağlanmış, İddiaçı şikayətini bu səbəbdən geri götürmüş, lakin nəticə etibarı ilə İddiaçı dəymiş zərər ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ilk olaraq "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və 140000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etmiş, hazırki iddia tələbi isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmişdir. Göründüyü kimi hazırki cavabdehler arasında eyni predmet barəsində mübahisə üzrə məhkəmə qətnaməsi mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsini cavabdeh X4 tərəfindən mübahisələndirilmiş və qətnamə son olaraq ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ərizə ilə Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31.05.2016-cı il tarixli 2(007)-4057/2016 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən cəmi 140000 manat tutularaq ona ödənilməlidir, hal-hazırda fiziki şəxslərə qarşı iddia qaldırdığından həmin iddia təmin edildiyindən qeyd olunan icra sənədi üzrə borcdan imtina edir və həmin icra vərəqəsinin məhkəmə geri qaytarılmasını xahiş etmiş və Nizami rayon İcra və Probasiya şöbəsinin 13 iyul 2020-ci il tarixli qərarı ilə icra sənədi geri qaytarılmışdır. Həmçinin qanuni qüvvəsini almış hökmlərlə müəyyən edilmişdir ki, Cavabdeh1la "xxxx" MMC-nin direktoru Cavabdeh3 iş birlikləri olmuş və bu səbəbdən də sonuncuların bir-birilərinə verəcəkləri olmuşdur. Bundan əlavə Cavabdeh1 və İ.Rəhimovun "xxxx" ASCdən götürdükləri kredit öhdəliklərinin təminatı qismində O.Ə.Əliyev mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini həmin banka girov qoymuşdur. Lakin İ.Rəhimov və Cavabdeh1 bankdan götürdükləri krediti qaytara bilmədikləri üçün O.Ə.Əliyevin mülkiyyətində olmuş və kreditin təminatı qismində girov qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 101 m2 olan qeyri-yaşayış sahəsi satılmış, satışdan əldə olunan pul vəsaiti hesabına İ.Rəhimovun və Cavabdeh1 banka olan borcları ödənilmişdir. Buna görə İddiaçı və əri O.Ə.Əliyev həmin şəxslərdən pulunu tələb etməyə başlamışlar. Sonradan isə İ.Rəhimov və Cavabdeh1 barəsində cinayət işi başlanmış, həmin cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh1la iş birlikləri, bir-birilərinə verəcəkləri olduğu, İddiaçı sonuncudan şikayətçi olmaması üçün Cavabdeh3 təsisçisi olduğu "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində inşa edilən çoxmərtəbəli yaşayış evinin qeyri-yaşayış sahəsi barədə müqavilə imzalanmışdır. Məhz bundan sonra İddiaçı şikayət ərizəsini geri götürmüşdür Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2019-cu tarixli, 2(006)-4050/2019 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar