Məhkəmə qərarları › İş №2(103)-8500/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8500/2021

29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8500/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(006)-1298/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin idarə etdiyi Süleyman Rüstəm küçəsi 61 ünvanda yerləşən, 4 binadan ibarət çoxmənzilli bina kompleksində sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakından, o cümlədən liftlərdən istifadə hüququnu məhdudlaşdıran hərəkətləri dayandırmağa, həmçinin sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakından istifadə hüququnu təmin etməyi cavabdehə məcbur edən qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ailəsi və ahıl anası ilə birlikdə şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yaşayırlar və onlara məxsus yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli bina kompleksi "xxxx" MMMC tərəfindən idarə olunur. Yuxarıda qeyd olunan çoxmənzilli bina izafi xərclərlə "xxxx" MMMC tərəfindən idarə olunur. İddiaçının və digər sahə mülkiyyətçilərinin haqlı etirazlarına rəğmən "xxxx" MMMC-nin İdarə Heyəti xərclərin optimallaşdırması üçün heç bir tədbir görmür, onlarla xidmət müqaviləsi bağlamır, xərclər barədə sahə mülkiyyətçilərinə məlumat vermir, xərcləri əsaslandırmadan və ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim etmədən 3 otaqlı mənzil mülkiyyətçilərindən 65 manat, 4 otaqlı mənzil mülkiyyətçilərindən 85 manat kommunal haqq toplayır, hesablaşmaların əksəriyyəti qanunazidd olaraq nağd aparılır, əmək müqaviləsi olmadan, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçilər işlədilir. İddiaçı isə müqavilə olmadığı üçün aylıq 50 manat kommunal xidmət haqqı ödəyir. Ödənişi vaxtında etməyən sahə mülkiyyətçilərinin liftlərdən istifadəyə imkan verən kartları deaktiv edilməsi barədə "xxxx" MMMC İdarə Heyətinin sədrinin şəxsində qərar verilmiş, özünü komendant kimi təqdim edən, əmək müqaviləsi olmadan çalışan Vasif adlı şəxs isə həmin qanunsuz qərarı icra edərək sahə mülkiyyətçilərinin liftdən istifadə hüququnu məhdudlaşdırmaqla öz mülkiyyətlərində olan müvafiq yaşayış sahələrinə giriş hüququnu məhdudlaşdırmışdır. Bundan əlavə, həmin kartların özbaşına tətbiqi sahə mülkiyyətçilərinin, o cümlədən iddiaçının və ailə üzvlərinin digər mərtəbələrdə yaşayan qonşuları ziyarət etmək imkanını, sahə mülkiyyətçilərinə gələn qonaqlarını qəbul etmək imkanını kobud şəkildə məhdudlaşdırır; əvvəllər sahə istifadəçilərinin hesabına quraşdırılmış damafon sistemini özbaşına sıradan çıxarmışdır. "xxxx" MMMC-nin özbaşınalığı nəticədə iddiaçı və ailə üzvləri dəfələrlə liftdən istifadə edə bilməmiş, o cümlədən ahıl anası 11-ci mərtəbədə yerləşən yaşayış sahəsinə piyada qalxmalı olmuşlar. Hazırda da iddiaçının və ailə üzvlərinin liftdən istifadəkartı deaktivdir, onlar liftdən istifadə edə bilmirlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(006)-1298/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən ünvan 2 ünvanda yerləşən, 4 binadan ibarət çoxmənzilli bina kompleksində İddiaçı çoxmənzilli binanın ümumi əmlakından, o cümlədən liftlərdən istifadə hüququnu məhdudlaşdıran hərəkətlərin dayandırılması, iddiaçının çoxmənzilli binanın ümumi əmlakından istifadə hüququnun təmin edilməsi qət olunmuşdur. Cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(006)- 1298/2021 saylı qətnaməsinin ləğv edilib, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məhkəmə iclası barədə heç bir məlumat verilmədən, iştirakı təmin edilmədən proses keçirilmiş və tərəfin özünü müdafiə etmək hüququ məhkəmə tərəfindən pozulmuşdur. Eyni zamanda iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Çünki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(006)-2619/2020 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(103)-3210/2021 saylı qətnaməsindən açıq şəkildə görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində mübahisə olmuşdur və sözügedən qətnamələr qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavədə qeyd olunanlara uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçının mənzili 4 otaqlı olduğundan, ümumi yığıncağın qərarına görə ayda 85 manat kommunal xidmətlərə görə ödəniş etməlidir. İddiaçı 1540 manat ödəniş etmişdir. Dövr üçün ödəniləsi məbləğ 3300 manat təşkil edir. Bu günə ödənilməmiş borc 1760 manat təşkil edir. İddiaçının borcu olduğu üçün liftdən istifadəyə görə kartı bloka salınıb. Lakin yuxarı mərtəbədən aşağı rahat surətdə düşə bilər. İddiaçının digər ümumi əmlakdan istifadəsinə heç bir maneə yaradılmayıb. Kommunal xidmətlərə görə haqq 4 otaqlı mənzilə görə 85 manat təşkil edir. 85 manat kommunal xidmətlərin kolkulyasiyası, yəni həmin məbləğə daxil olan xərclərin dəqiq məbləği müəyyən edilməyib. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, o, kommunal xidmətləri ödəyir, onun heç bir borcu yoxdur. Ümumi əmlakdan istifadənin məhdudlaşdırılması dedikdə, onun liftdən istifadəsi məhdudlaşdırılıb. Bundan əlavə uşaqlar həyətdə rahat oynaya bilmirlər. Lakin bununla bağlı MMMC-yə müraciət etməklə bağlı sübutu yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu, ünvanının dəyişməsi halları müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəf lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətlərinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 05.05.2012-ci il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61, mənzil 38 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin fəaliyyət predmeti və məqsədi - daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda "xxxx" MMMC-nin hesabına pul köçürülmüşdür. İş materiallarından "xxxx" MMMC-nin 27 iyun 2019-cu il tarixli ümumi yığıncağın protokolunun 5-ci bəndinə əsasən yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi ilə istifadə olunması təmin edilsin, kommunal haqlarını ödəməyən sakinlərin liftlərdən istifadəsi bu sistemin imkanları vasitəsi ilə məhdudlaşdırılsın. Həmin Protokolun 6-cı bəndinə əsasən kompleksdə, sakinlərə aşağıda göstərilən siyahı üzrə xidmətlər təşkil və təmin olunsun: təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və s. Bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən aylıq haqların məbləği 3 otaqlı mənzillər üçün -65 manat, 4 otaqlı mənzillər üçün -85 manat təyin olunsun. İş materiallarından cavabdeh tərəfindən təqdim olunmuş ərizədən görünür ki, iddiaçı 23.06.2030-ci ildə 200 manat, 23.07.2020-ci ildə 50 manat, 27.08.2020-ci ildə 50 manat, 30.09.2020-ci ildə 50 manat, 29.10.2020-ci ildə 50 manat, 03.12.2020-ci ildə 240 manat, 22.12.2020-ci ildə 200 manat, 31.12.2020-ci ildə 300 manat, 10.02.2021-ci ildə 100 manat, 19.02.2021-ci ildə 100 manat, 09.08.2021-ci ildə 200 manat, cəmi 1540 manat ödəniş olunmuş, dövr üçün ödənilməli məbləğ 3300 manat, bu günə olan borc 1760 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 61 saylı evin, 38 saylı mənzilinin mülkiyyətçisidir. "xxxx" MMMC-nin 27 iyun 2019-cu il tarixli ümumi yığıncağın protokolunun 5-ci bəndinə əsasən yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi ilə istifadə olunması təmin edilsin, kommunal haqlarını ödəməyən sakinlərin liftlərdən istifadəsi bu sistemin imkanları vasitəsi ilə məhdudlaşdırılması qərara alınmışdır. Həmin Protokolun 6-cı bəndinə əsasən kompleksdə, sakinlərə aşağıda göstərilən siyahı üzrə xidmətlər təşkil və təmin olunsun: təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və s. Bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən aylıq haqların məbləği 3 otaqlı mənzillər üçün -65 manat, 4 otaqlı mənzillər üçün -85 manat təyin olunmuşdur. Göründüyü kimi, kommunal xidmət 4 otaqlı mənzil üçün 85 manat təşkil etməklə, həmin xidmətin tərkibi, dəqiq kolkulyasiyası, yəni hər bir xidmətin dəqiq məbləği müəyyən olunmamışdır. İddiaçı tərəfindən kommunal xidmətlərə görə 23.06.2030-ci ildə 200 manat, 23.07.2020-ci ildə 50 manat, 27.08.2020-ci ildə 50 manat, 30.09.2020-ci ildə 50 manat, 29.10.2020-ci ildə 50 manat, 03.12.2020-ci ildə 240 manat, 22.12.2020-ci ildə 200 manat, 31.12.2020-ci ildə 300 manat, 10.02.2021-ci ildə 100 manat, 19.02.2021-ci ildə 100 manat, 09.08.2021-ci ildə 200 manat, cəmi 1540 manat ödəniş olunmuş, dövr üçün ödənilməli məbləğ 3300 manat, bu günə olan borc 1760 manat təşkil edir. Onun etdiyi ödənişlərin konkret olaraq kommunal xidmətlərə daxil olan hansı xidmətlərə silinməsi bəlli deyil. Belə olan halda iddiaçının borcuna görə onun liftdən istifadəsinin məhdudlaşdırılması, onun ümumi paylı mülkiyyət hüququnun məhdudlaşdırılması deməkdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Qanunvercilikdən göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan lift ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Belə olan halda, iddiaçının mülkiyyətçi kimi çoxmənzilli binanın ümumi əmlakından (liftdən) istifadə edə bilməməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən ünvan 2 ünvanda yerləşən, 4 binadan ibarət çoxmənzilli bina kompleksində iddiaçının çoxmənzilli binanın ümumi əmlakı olan liftlərdən istifadə hüququnu məhdudlaşdıran hərəkətlər dayandırılmalı, iddiaçının çoxmənzilli binanın ümumi əmlakı olan liftdən istifadə hüququ təmin edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının digər ümumi əmlakdan istifadə hüququnun məhdudlaşdırılması müəyyən edilmədiyindən, iddiaçı tərəfindən bununla bağlı sübutlar təqdim olunmadığından, iddia qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Eyni zamanda cavabdeh tərəfə izah olunmalıdır ki, iddiaçının kommunal xidmətlərə görə yaranmış borcuna görə məhkəməyə müraciət oluna bilər. Kollegiya apellyatorun istinad etdiyi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(006)-2619/2020 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(103)-3210/2021 saylı qətnaməsinə əsasən qeyd edir ki, qeyd olunan qətnamələr eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından, qeyd olunan dəlil əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(006)-1298/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən ünvan 2 ünvanda yerləşən, 4 binadan ibarət çoxmənzilli bina kompleksində İddiaçı çoxmənzilli binanın ümumi əmlakı olan iftlərdən istifadə hüququnu məhdudlaşdıran hərəkətlər dayandırılsın, onun liftdən istifadə hüququ təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar