Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8509/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh "xxxx" X4 nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" X2rşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz 190” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ona dəymiş zərərə görə 800 manatın, ekspertiza xərcinə görə 120 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 13.07.2019-cu il tarixdə saat 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 190” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanda yerləşən “Yaşıl Bazar”ın qarşısında saxlayarkən orada olan işıq dirəyi həmin avtomobilin üzərinə düşmüş, nəticədə avtomobilin arxa şüşəsi, baqaj qapısı, arxa bufer zədələnmi, avtomobilə 800 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng edib hadisə ilə bağlı məlumat vermiş, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı tərəfindən yerində araşdırma aparılmış, fotoşəkillər çəkilərək protokol tərtib edilmiş, 23 iyul 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış və hadisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. “Mercedes Benz 190” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə "xxxx" ASC-dən 800 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, avtomobilə dəyən zərərlə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 dekabr 2019-cu il tarixli 27526 saylı ekspert rəyi verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq "xxxx" ASC-dən vurulmuş zərərə görə 790 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla 820 manatın tutularaq ona ödənilməsi, 120 manatın "xxxx" ASC-dən tutulması qət edilmişdir. "xxxx" ASC apellyasiya şikayəti verib əsaslandırmışdır ki, qeyd olunan mülki işdə cavabdeh "xxxx" X5malıdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən sorğu göndərilmiş, "xxxx" X4 03 iyul 2020-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanda yerləşən işıq dirəyi dövlət mülkiyyətindədir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə 2011-ci il tarixdən etibarən "xxxx" X4 balansına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.08.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia rədd edilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manatın ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəmişdir və hesab edir ki, həmin vəsait cavabdehdən alınıb ona verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, maddi ziyana görə 790 manat, 120 manat ekspertiza xərci və 30 manat dövlət rüsumunun "xxxx" X3 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən "xxxx" X4 nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, işıq dirəyinin iddiaçının avtomobilinin üzərinə düşməsində müəssisənin təqsirinin olmadığını, dirəyin 8 bal gücündə güclü küləyin təsirindən avtomobilin üzərinə aşdığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" X4 nümayəndəsi Ruslan Hüseynov apellyasiya şikayətini şikayətin məzmununa uyğun izahat verməklə müdafiə etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına görə, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 190” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil onun oğlu X8 idarəetməsində olarkən, 13.07.2019-cu il tarixdə saat 19.00 radələrində avtomobilin üzərinə işıq dirəyi düşmüş, nəticədə avtomobilə ziyan dəymişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, hadisə ilə bağlı Bakı şəhəri Nərimanov RPİ 18-ci PB-də təhqiqat aparılmış, 23 iyul 2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, X9 hadisənin mülki xarakterli olduğu bildirilərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 23.11.2019-cu il tarixli qüsur aktından və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2019-cu il tarixli 27526 saylı rəyindən görünür ki, “Mercedes Benz 190” markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə 790 manat ziyan dəymiş, ekspertiza tədqiqatının dəyəri olan 120 manat İddiaçı tutulmuşdur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçının avtomobilinə zərər dəyməsi ilə nəticələnən hadisənin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyinin sübuta yetirilmədiyini nəzərə almaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının məruz qaldığı ziyandan məhz "xxxx" X4 məsuliyyət daşıdığı qənaətinə gəlmişdir və qətnamənin ləğvi üçün hər hansı əsas mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: "xxxx" X4 nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2506/2021 saylı iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu "xxxx" X6 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8509/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8509/2021
26.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver