Məhkəmə qərarları › İş №2(103)-8515/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8515/2021

03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8515/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-1025/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.11.2019-cu il tarixdə **********34-05101-093089 nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14 aprel 1998-ci il tarixli 254 saylı Sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin balansında olan ünvan 1 ünvanında yerləşən ailəvi yataqxana (hazırkı ünvan 2ci mikrorayon ev 76 mənzil 5) Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansına verilmişdir. Həmin sərəncama əsasən göstərilən ailəvi yataqxananın sakinlərinin yaşadıqları mənzillərin onların adına rəsmiləşdirilməsi üçün Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinə müvafiq komissiyanın yaradılması tapşırılmışdır. Tapşırığa uyğun olaraq yaradılmış mərkəzi komissiyanın 22 noyabr 2003-cü il tarixli 18 saylı Sərəncamına əsasən mübahisə edilən 7-ci mikrorayon Xarici dairəvi küçəsi ev 76 mənzil 5 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin (39,2 kv.m) daimi çıxarışının İddiaçı adına verilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa yaşayış sahəsinin istismara icarəsi üçün 22 sentyabr 2002-ci il tarixli müqaviləyə əsasən icarəçi Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon Xarici dairəvi küçəsi, 76 saylı binada yerləşən mənzili 2002-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayına qədər İddiaçı icarəyə vermişdir. İddiaçı 24.01.2019-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Səhhəti ilə əlaqədar iddiaçı bir müddət oğluna məxsus evdə yaşamış, 2020-ci ildə qeydiyyatda olduğu mənzilə dair çıxarış almaq istədikdə ona məlum olmuşdur ki, qeyd olunan mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Buna görə də həmin çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-1025/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş eti. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)- 1025/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14 aprel 1998-ci il tarixli 254 saylı Sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olan 7-ci mikrorayon 4 №-li binada yerləşən 9 №-li ailəvi yataqxanasının Sənayeləşdirilmiş evtikmə istehsalat birliyinin balansından Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilməsi qərara alınmışdır. Yaşayış sahəsinin istismara icarəsi üçün birtipli 22 sentyabr 2002-ci il tarixli müqaviləyə əsasən, icarə verən Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti Bakı şəhəri 7-ci mikrorayon Xarici dairəvi küçəsi, 76 saylı binada yerləşən 2 otaqdan ibarət yaşayış sahəsi 39.2 kv.m olan 5 nömrəli mənzili 2002-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayına qədər İddiaçı icarəyə vermişdir. Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 22 aprel 1998-ci il tarixli 50 saylı Sərəncamı ilə yaradılmış mərkəzi komissiyanın 22 noyabr 2003-cü il tarixli 18 saylı Sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olan Bakı şəhəri 7-ci mikrorayon Xarici dairəvi küçəsi, 76 saylı binada yerləşən 2 otaqdan ibarət yaşayış sahəsi 39.2 kv.m olan 5 nömrəli mənzilə görə İddiaçı çıxarışın verilməsi qərara alınmışdır. AZE seriyalı 19168365 №-li şəxsiyyət vəsiqəsindən, habelə DİN-in 31.08.2020-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından müəyyən edilir ki, İddiaçı 24.01.2019-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 noyabr 1999-cu il tarixli 813 saylı Sərəncamından görünür ki, Bakı şəhəri 7-ci mikrorayon Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzilə dair Cavabdeh2 ailə tərkibi 4 nəfərlə daimi order verilməsi qərara alınmışdır. 11 noyabr 1999-cu il tarixli 040589 №-li mənzilə dair orderin surətindən görünür ki, Bakı şəhəri 7-ci mikrorayon Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzili Cavabdeh2 və ailə üzvlərinə verilmişdir. X1 və X5 ərizələrindən görünür ki, Bakı şəhəri 7-ci mikrorayon Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzilinin Cavabdeh2 adına özəlləşdirilməsinə razılıq vermişlər. Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 068067 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Xarici dairəvi küçəsi, 76 saylı evin 39,2 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət kimi 22.03.2001-ci il tarixdə qeydiyyatdan keçmişdir. Ərizələrdən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Xarici dairəvi küçəsi 76 saylı evin 5 nömrəli mənzilində qeydiyyatda olan şəxslər – X2, X8 və X4 həmin mənzilin Cavabdeh2 tərəfindən satılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. 19 mart 2014-cü il tarixli AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri 7-ci mikrorayon Xarici dairəvi küçəsi 76 saylı binada yerləşən 2 otaqdan ibarət yaşayış sahəsi 39.2 kv.m olan 5 nömrəli mənzili Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********34-05101- 093089 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil 14.11.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-5054-1221 №-li məktubunda qeyd edilmişdir ki, İddiaçı 24.01.2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınaraq Binəqədi RPŞ tərəfindən AZE seriyalı 19168365 №-li şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, həmin vəsiqənin verilməsinə əsas olan sənədlər polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətində aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ləğv olunmasını tələb etdiyi ünvan 2ci mikrorayon ev 76-da yerləşən 5 saylı mənzilə dair Cavabdeh1 Ələkbər oğlunun mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən 14.11.2019-cu il tarixli **********34-05101-093089 nömrəli çıxarış Cavabdeh2 ilə Cavabdeh1 Ələkbər oğlu arasında bağlanmış 19.03.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən verilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququnu və bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmədən birbaşa daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ---subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci l tarixli 4 saylı Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-1025/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar