Məhkəmə qərarları › İş №2(103)-855/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-855/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-855/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzilindən axıdılan suyun qarşısının alınması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5a/8 saylı binanın 3-cü mərtəbəsində yerləşən 9 saylı mənzilə həmin binanın 4-cü mərtəbəsində yerləşən və cavabdehə məxsus 12 saylı mənzildən suyun axıdılması nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 31 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları binada iddiaçının mənzili 3cü mərtəbədə, cavabdehin mənzili isə 4-cü mərtəbədə iddiaçının mənzilinin üstündə yerləşir. Cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilinin təmiri yararsız hala düşmüşdür. Bu ilk dəfə deyil, əvvəllər də belə hallar olmuşdur. Suyun axıdılması hələ də davam edir. Cavabdeh suyun onun mənzilindən axıdılmasını inkar edir. Cavabdehin mənzilində özü qalmır, kirayəçilər qalır. Bununla bağlı, iddiaçı 80 nömrəli Mənzil Kommunal-İstismar Sahəsinə məlumat vermiş və cavabdehin mənzilinə baxış keçirilərkən suyun məhz cavabdehin mənzilindən axıdıldığı müəyyən edilmişdir. İddiaçı mənzilin təmiri üçün cavabdehdən dəymiş maddi ziyanın əvəzinin ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 31 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat

3. İş üzrə cavabdeh Rayon Məhkəməsinin iclaslarında iştirak etməmiş və iddiaya dair yazılı münasibətini Rayon Məhkəməsinə təqdim etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.253 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə rədd edilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mənzilində aparmış rekonstruksiya nəticəsində iddiaçının mənzilinə su axmış, nəticədə iddiaçının mənzilinin təmiri yarasız hala düşmüş, bunla da iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, suyun axıdılması nəticəsində iddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün 1.253 manat məbləğində pul vəsaiti tələb olunur. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə iddiaçının mənzilinə susızmanın səbəbi dəqiq müəyyən edilməmişdir. Ehtimala əsaslanan ekspert rəyində şübhəli məqamlar cavabdehin xeyrinə həll olunmalıdır. Lakin Rayon Məhkəməsi əsassız olaraq ziyanın əvəzinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. e) apellyasiya baxışının hədləri barədə məlumat

8. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.

9. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin ləğv edilməsinə yönəlmişdir.

10. Odur ki, göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslılığını yoxlamamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

11. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

12. Apellyasiya baxışında iştirak etmiş iddiaçı şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki işdə olan sənədlərdən görünür ki, iddia ərizəsində göstərilən ünvandakı yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 9 saylı mənzil iddiaçıya məxsusdur.

15. Həmin binanın 4-cü mərtəbəsində yerləşən 12 saylı mənzilin cavabdehə məxsus olmasını təsdiq edən sənədlər iş materiallarında olmasa da, 12 saylı mənzilin cavabdehə məxsus olması iş üzrə tərəflər arasında mübahisə doğurmur. Cavabdeh həmin mənzilin ona məxsus olmadığını apellyasiya şikayətində iddia etmir.

16. Qeyd edilən binaya xidmət göstərən Binəqədi Rayon 80 saylı MKİS-nin əməkdaşlarının – mühəndis M.İbrahimbəylinin, sahə nəzarətçisi Q.Qaracayev, fəhlə X.İsgəndərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, onlar iddiaçının müraciəti əsasında iddiaçıya məxsus 9 saylı mənzilə baxış keçirərək müəyyən etmişlər ki, mənzilə üst mərtəbədə yerləşən və cavabdehə məxsus 12 saylı mənzildən su axıdılmış, bunun nəticəsində iddiaçıya məxsus mənzildə yerləşən otağın tavanının künc hissəsi saralmış, divarın hər iki tərəfində divar kağızı qopmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 10/2746 nömrəli rəydən görünür ki, iddiaçıya məxsus və binanın 3-cü mərtəbəsində yerləşən 9 saylı mənzilə su axıdılmış, nəticədə iddiaçının mənzilinin mətbəxinin və dəhlizinin təmirində qüsurlar əmələ gəlmişdir. Həmin binanın 4-cü mərtəbəsində, yəni iddiaçının mənzilinin üstündə yerləşən və cavabdehə məxsus mənzilin sanitar qovşağı tikilisi təmirli olduğundan, eyni zamanda su kanalizasiya xətlərinin üzərində qüsurlar olmadığından 9 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair amillər nəzərə alındıqda demək olar ki, 9 saylı mənzilə su sızması 12 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş vermişdir. İddiaçıya məxsus mənzildə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin dəyəri təqribən 1.253 manat təşkil edir.

18. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, o, ekspertiza tərəfindən verilmiş həmin rəyi ilə razılaşmır və hesab edir ki, Rayon Məhkəməsi iş üzrə yuxarıda qeyd edilən nəticəyə gələrkən həmin rəyə əsaslanmaqda haqlı olmamışdır, çünki susızmanın onun mənzilindən baş verməsi rəydə birmənalı olaraq qeyd edilməmişdir.

19. Bununla bağlı olaraq Məhkəmə qeyd edir ki, MPM-in 102-ci maddəsinə görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər (maddə 102.1.). Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (maddə 102.2.). Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (maddə 102.3.).

20. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz. Çünki ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və iddiaçının mənzilinə susızmanın məhz cavabdehin mənzilindən baş verdiyini müəyyən etməyə əsas vermək üçün yetərli sübutdur. Cavabdeh tərəfindən ekspert rəyini şübhə altına ala biləcək hər hansı sübut və əlavə və ya təkrar ekspertiza təyin edilməsi barədə əsaslandırılmış yazılı vəsatət verilməmiş, cavabdeh özü apellyasiya baxışı iclasında iştirak etməmişdir.

22. Odur ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehin müzakirə edilən bu dəlili əsassızdır.

23. Ekspert rəyində aydın ifadə olunmuşdur ki, iddiaçının mənzilinə kənar yerdən susızmanın səbəbi cavabdehin mənzilindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Ekspert tərəfindən başqa kənar təsir ehtimalı göstərilməmişdir.

24. Bu baxımdan MPM-nin 102-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədiyindən Məhkəmə öz təşəbbüsü ilə də təkrar və ya əlavə ekspertiza təyin edilməsinə zərurət görməmişdir.

25. Belə olan halda, Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mənzilində aparmış rekonstruksiya nəticəsində iddiaçının mənzilinə su axmış, nəticədə mənzilə maddi ziyan vurulmuşdur.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır (maddə 1096.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.).

27. Cavabdeh apellyasiya şikayətində iddiaçının mənzilinə vurulmuş ziyanın miqdarına münasibət bildirməmişdir.

28. Buna baxmayaraq Məhkəmə hesab edir ki, ekspert rəyi ilə dəymiş ziyanın miqdarının 1.253 manat olduğu öz təsdiqini tapdığından, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə, apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil edə bilməz. g) apellyasiya baxışının nəticəsi

29. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, cavabdehin özünə aid edilməlidir.

33. Bundan başqa Məhkəmə bildirir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki apellyasiya baxışının predmeti olan hissədə iddianın qiyməti beş min manatdan azdır. MPM-in 402.1-ci maddəsinə görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2023-cü il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar