Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8551/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(006)-3301/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisinə və "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən onun şəxsi mülkiyyətində olan və "xxxx" BOKT MMC ilə onun arasında 23.07.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılmasına dair icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(006)-3301/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC arasında 23.07.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı olaraq onun şəxsi mülkiyyətində olan ünvan 1-da yerləşən 38 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. O, kredit üzrə ödənişləri həyata keçirmiş, lakin sonradan pandemiya ilə bağlı işsizlik yarandığı üçün həmin ödənişləri apara bilməmiş və ona heç bir güzəşt tətbiq etməyən cavabdeh bank arasında bağlanmış ipoteka müqaviləsini əsas tutaraq həmin müqavilənin rəsmiləşdirildiyi cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisindən icra qeydi əldə etməklə Sumqayıt şəhər İcra İdarəsinə təqdim etmiş və hazırda icra məmuru ondan bankın tələb etdiyi pulu dərhal ödəməyi, əks təqdirdə isə icra qeydi əsasında mənzili hərraca çıxaracağını bildirir. Halbuki o götürmüş olduğu kreditdən ödənişlər etmiş və onunla cavabdeh "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqaviləsi hələ də qüvvədədir, yəni həmin müqavilə müddəti 2022-ci ildə başa çatır, bundan başqa həmin təşkilat ona 30000 manat kredit verdiyi halda, hətta tərəfindən aparılmış ödənişləri belə nəzərə almayaraq hazırda ondan böyük məbləğdə vəsait tələb edir. Yəni, istədiyi qaydada hesablama aparmaqla onun mülkiyyətində olan mənzili satdıraraq həmin pulu ondan almaq və ona vermiş olduğu pul müqabilində böyük məbləğdə gəlir əldə elmək qərarına gəlmişdir. Lakin onun da fikrini öyrənmədən, bank qarşısında borcunun olub-olmadığını araşdırmadan cavabdeh Bakı şəhər 9 saylı Notariat Ofisi ipoteka müqaviləsində icra qeydinin verilməsi şərtləri, qaydası və müddəti ilə bağlı heç bir şərt olmadığı halda və onu xəbərdar eləmədən bu icra qeydini yazmış və sonda onun üzərinə böyk məbləğdə kredit yükü qoyulmaqla yanaşı o ağır bir öhdəliyə cəlb edilmişdir. Onunla bağlanmış ipoteka müqaviləsi bankdan götürmüş olduğu kreditin təminatçısı kimi çıxış etmiş və həmin müqavilə qüvvədə olduğu müddətdə belə bir icra qeydinin icra şöbəsinə göndərilməsi və onun da icra qeydini göndərən və ipoteka saxlayan tərəfindən tutmanın məhkəmə qətnaməsi olmadan ipoteka predmetinə yönəldilməsi ilə bağlı xəbərdar edilməməyi həmin icra qeydinin qanunsuz olmasına dəlalət edir və buna görə də həmin icra qeydi ləğv edilməlidir. İpoteka saxlayan-cavabdeh "xxxx" BOKT MMC tərəfindən ona 18.06.2020-ci il tarixdə göndərilmiş bildirişdə ona öhdəliyin icrası ilə bağlı məhkəməyə müraciət olunacağı və tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə qeyd vardır, lakin belə bir bildiriş göndərildiyi halda BOKT məhkəmə qətnaməsi olmadan və onun borc məbləği araşdırılmadan ipoteka ilə yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi ilə bağlı icra qeydi almaqla icra şöbəsinə təqdim etmişdir. Bütün bunlar həmin icra qeydinin qanunsuz olmasına dəlalət edir və onu da qeyd edir ki, notariat ofisi həmin icra qeydi verməmişdən qabaq onu dəvət etməmiş, hətta belə bir icra qeydinin verilməsi ilə bağlı onu xəbərdar etməmiş, o yalnız bir neçə gün bundan qabaq icra şöbəsinə dəvət edilərkən ona mənzilin hərraca çıxarılması ilə bağlı icra qeydinin daxil olması barədə məlumat verilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı səbəbini göstərmədən məhkəmə iclasına gəlməmiş, cavabdehlər isə nümayəndələrinin iştirakını təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, mülki iş üzrə İddiaçı Bakı şəhər 9 saylı Dövlət Notariat Kontorunu cavabdeh qismində qeyd edərək mülkiyyətində olan və "xxxx" BOKT MMC ilə onun arasında 23.07.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılmasına dair icra qeydinin ləğv edilməsini mübahisələndirir. Lakin iddia tələbi əsassızdır, belə ki, həmin tələbi irəli sürməkdə iddiaçı subyektiv hüquqa malik olmamışdır. Mübahisələndirilən 28.09.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi cavabdeh qismində göstərilən Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoru tərəfindən deyil, Sumqayıt şəhəri 4 saylı notariat ofisi (xüsusi notariusu X1) tərəfindən təsdiq edilmişdir. Qeyd edilən tələb bilavasitə iddiaçı tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı yönəldilməklə, sonuncu cavabdeh qismində müəyyən edilməli idi. Lakin məhkəmə iclaslarında iddiaçıya Sumqayıt şəhəri 4 saylı notariat ofisinin cavabdeh qismində müəyyən edilməsi təklif edilsə də, iddiaçı inadkarlıqla bundan imtina etmiş və hazırki mülki iş üzrə icra qeydinin ləğv edilməsi baxımından yeganə cavabdehin Bakı şəhər 9 saylı Dövlət Notariat Kontorunun olduğunu bildirmişdir. Bununla belə, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır, hazırki cavabdeh iddia tələblərinə cavab verən şəxs olmadığından iddia tələbinin təmin edilə bilməyəcəyi qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbi üzrə İddiaçı Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoruna qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı qeyd olunan tələb ilə müraciət edə bilərdi. Belə olan halda məhkəmə, İddiaçı iddia ərizəsinə məhz onun verdiyi tələblər üzrə baxmağı əsaslı hesab etmişdir. Bu isə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinin özlüyündə əsassız və qanunsuz olduğuna dəlalət edir. Məhkəmə belə qənaətə gələrkən, iddiaçının müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı subyektiv hüququnun olması ilə əlaqədar son olaraq qeyd etməyi zəruri hesab edir ki, onun cavabdehlər Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoruna və "xxxx" BOKT MMC-yə qarşı belə bir iddia qaldırması iddia ərizəsində və məhkəmə baxışı zamanı əsaslandırılmamışdır. Məhkəmə həmçinin hazırki mübahisə ilə bağlı digər cavabdeh "xxxx" BOKT MMC-yə münasibətdə qeyd edir ki, "xxxx" BOKT MMC-yə qarşı hər hansı tələb yönəlməmişdir. Bundan başqa məhkəmənin hazırki iddia tələbi üzrə ilk olaraq verilmiş icra qeydinin ləğv edilməsi üçün normativ-hüquqi baxımdan əsasların olub-olmaması müəyyən etməsi vacibdir. Belə ki, icra qeydinin ləğvi üçün əsaslar olacağı təqdirdə digər cavabdehə qarşı hazırkı mübahisə üzrə yönələn tələblərin əsaslı olub-olmaması araşdırıla bilər. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, prosessual qənaət prinsipi baxımından digər cavabdehə münasibətdə də idda tələbinin araşdırılmasına zərurət yoxdur. Yekun olaraq məhkəmə iddiaçıya izah etməyi zəruri hesab edir ki, o, iddia tələbi üzrə cavabdehi düzgün müəyyən etməklə, həmçinin faktları və tələbin qanuni əsaslarını dəqiqləşdirib yenidən məhkəməyə müraciət etmək hüququndan məhrum olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Hazırki iddia tələbi əsaslı olsa belə, bu tələb üzrə iddiaçının ərizəsində göstərdiyi Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən onun mülkiyyətində olan və "xxxx" BOKT MMC ilə onun arasında 23.07.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılmasına dair icra qeydinin ləğv edilməsi tələb edilə bilməzdi. Çünki, hazırki iddia üzrə cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi iddiaya cavab verməli olan şəxs olmadığından ona qarşı bu iddianın yönəlməsi də düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən və iddiaya cavab verməli olan şəxs(lər) cavabdeh qismində cəlb edilmədiyindən apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(006)-3301/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8551/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8551/2021
25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver