Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8554/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil, maraqlı şəxs X2, onun nümayəndəsi X3 və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1307/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Ərizəçi Cavabdeh1 itirilmiş məhkəmə icraatının bərpasına dair ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-1307/21) ərizə təmin olunmuşdur. Maraqlı şəxs X4 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 19.06.2007-ci il tarixli, 2-872/07 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oöluna və Cavabdeh4 qarşı “mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınma” tələbinə dair iddiası təmin edilməklə onun ünvan 1 ünvanına yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi qət edilmişdir. Həmin mülki prossesdə ərizəçi cavabdeh qismində iştitak etmişdir. Qətnamə ərizəçiyə və iş üzrə cavabdeh olan digər ailə üzvlərinə təqdim edilmədiyindən qətnamənin mövcudluğundan ərizəçinin xəbəri olmamışdır. Ərizəçinin müraciəti əsasında qətnamə yalnız 09.09.2020-ci il tarixdə rəsmi qaydada ona təqdim edilmiş və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi öz qərardadını əsaslandırarkən qeyd etmişdir ki, verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün məhkəməyə göndərilən materiallardan müəyyən edilir ki, materiallar mülki işin özü deyildir və həmin materiallar yalnız Səbail Rayon Məhkəməsiin 2-872/07 nömrəli, 19 iyun 2007-ci il tarixli qətnaməsi, məktublar, ərizə və hazırda verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərdən ibarətdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi hesab etmişdir ki, göndərilmiş materiallar əsasında apellyasiya şikayətinə baxılması mümkün deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ərizənin rədd olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin “itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” bölməsi məhz itirilmiş məhkəmə icraatı ilə bağlı münasibətləri tənzimləyir. Burada isə məhkəmə icraatının ləğv edilməsindən söhbət gedir. Məhkəmə işin hansı əsasla məhv edilməsi, burada hər hansı qanunsuzluqların ollub-olmamasına qiymət verməmişdir. İş materiallarına əsasən isə işdə kifayət qədər material, o cümlədən, qətnamə, icra vərəqəsi, qətnamənin icraya yönəldilməsinə dair məktub və digər sənədlər də vardır. Heç bir işin itirilməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə ərizəçi tərəfindən müraciətin hansı məqsədlə verilməsini göstərməmişdir. Müraciətin məqsədi göstərilmədikdə, məhkəmə ərizəni hərəkətsiz saxlamalıdır. Həmçinin, həmin qətnamə artıq qismən də olsa icra edilmişdir. İddiaçı ay yarım müddətinə mənzilə köçürülərək yaşamışdır. Ərizəçinin məqsədi guya həmin qətnamədən xəbəri olmaması və onu almamasıdır. O, MPM-nin verdiyi hüquqlardan sui-istifadə edərək, qəbul edilmiş və icra edilmiş qətnamədən 14 il sonra apellyasiya şikayəti vermək istəyir. Halbuki, həmin qətnamədən xəbəri vardır, iddiaçının mənzilə qeydiyyata düşməsi və qətnamədən sonra ay yarım müddətə həmin mənzildə yaşamasından xəbəri olmuşdur. Cavabdehlər iddiaçıya mənzildə yaşamağa imkan vermir, iddiaçının 3 uşaqla yaşamağa başqa yeri yoxdur. Maraqlı şəxs, onun nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Ərizəçinin nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Səbail Rayon Məhkəməsinin 2000-2010-cu illər üzrə saxlama müddəti keçmiş mülki işləri məhv edilmiş, həmin işlər üzrə qətnamə və qərardadlar isə çıxarılıb qovluqda saxlanılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2-872/2007 saylı mülki işi məhv edilmiş və yalnız çıxarılmış məhkəmə qətnaməsi və qətnamənin icraya göndərilməsinə dair məktub saxlanılmışdır. Həmin qətnamə təkrar icraya yönəldikdən sonra iş üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti əsasında məhv olunmuş mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-872/2007 saylı 19.06.2007-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarında mülki iş bərpa olunmadan apellyasiya şikayətinə baxılmasının mümkün olmadığı göstərilmişdir. Səbail Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 itirilmiş məhkəmə icraatının bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir Birinci instansiya məhkəməsi ərizəni əsaslı sayaraq təmin etmiş və qeyd etmişdir ki, məhv edilmiş məhkəmə icraatı ilə bağlı hüquq normasının olmaması işin baxılmasından imtina edilməsinə səbəb ola bilməz və MPM-nin «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» bölməsinin müddəaları anologiya üzrə tətbiq edilməlidir. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş Əlavənin 1-ci bəndinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavənin 1, 2, 10, 15-ci maddələri və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apelyator öz şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin, icra məktubunun olması, qətnamənin qismən icra olunması həmin işin mövcud olması anlamına gəlmir. İşin məhv edilməsi və həmin iş üzrə iddiaçı X1 Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı mənzilə köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması tələbinə dair iddiasının təmin olunması və iddiaçının ünvan 2 ünvana yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi barədə 19 iyun 2007-ci il tarixli qətnamənin qəbul edilməsi aşkardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8554/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8554/2021
03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver