Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8555/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Hüseynov Möhübbət Cavanşir oğluna qarşı “daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16oktyabr 2020-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürülmüş iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərmiş və “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. “Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizənin rədd edilməsini qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti, baxılması üçün, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi və bu ərizənin rədd edilməsi barədə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan verdiyi şikayəti onunla əsaslandırılır ki, o, səhhətində yaranmış problemlərlə əlaqədar uzun müddət rayonda müalicə almış, sonra isə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi müddəti tətbiq edildiyinə görə, o, yaşadığı rayondan Bakı şəhərinə gələ bilməmişdir. Göstərilən səbəblərdən isə o, apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Cavabdehin dəlilləri ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 363-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış prosessual müddətinin bərpası mümkündür, amma bunun üçün, prosessual müddəti buraxmış və onun bərpasını xahiş edən şəxs sübut etməlidir ki, müddətin ötürülməsi üzürlü səbəbdən baş vermişdir. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi cavabdehin qeydiyyatda olduğu ünvan 1 mənzil 48 ünvanına göndərilmiş və xx.xx.2020-ci il tarixdə poçt qəbzinə imza etməklə cavabdeh həmin qətnamənin nüsxəsini qəbul etmişdir. Yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələbi nəzərə alındıqda müəyyən edilir ki, qətnaməni xx.xx.2020-ci il tarixdə almış cavabdeh apellyasiya şikayətini xx.xx.2020-ci il tarixədək Rayon Məhkəməsinə və ya müvafiq post şöbəsinə verməli idi. Bu zaman nəzərə alınmalıdır ki, koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi tətbiq edilsə də, ölkə ərazisində yaşayan şəxslər gün ərzində əvvəlcə 2 saat, sonradan isə 3 saat ərzində yaşadıqları evi tərk edə bilirdilər və karantin tədbirlərinin tətbiq edildiyi dövrdə vəkil qurumlarının və poçt xidmətinin fəaliyyətinə məhdudiyyət qoyulmamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin kifayət qədər imkanı olmuşdur. Lakin o, apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə Rayon Məhkəməsinə təqdim etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, həmçinin səhhətində problemlərin yaranmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (müvafiq tibbi arayışı (arayışları)) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77-ci maddəsinə görə, bu halı məhkəmə qarşısında sübut etmək vəzifəsi prosessual müddətin üzürlü səbəbdən buraxılmasını bildirən cavabdehin üzərinə düşür. Göstərilənlərə əsasən müəyyən edilir ki, prosessual müddətin üzürlü səbəbdən buraxılması təsdiq edilmir. Bu hal müəyyən edildiyi üçün Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin təmin edilməsi və Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinə edilmiş və xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından yalnız o halda kassasiya şikayəti verilə bilər ki, qərardad apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə olsun. Qeyd edilənləri və MPM-nin 133, 134, 363 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh Hüseynov Möhübbət Cavanşir oğlunun şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8555/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8555/2020
20.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver