Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8574/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(011)-3018/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 180 manat məbləğində vurulmuş zərər və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(011)-3018/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. "xxxx" açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək qətnaməni ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, icbari qaydada sığortalanmış “Mercedes Benz V220” markalı 99-CF- 514 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə o, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tələbetmə hüququnu əldə etmişdir. Lakin Xətai Rayon Məhkəməsi yuxarıda qeyd edilən imperativ normanın tələblərini bir kənara qoyaraq, sadəcə “...Cavabdeh 10 sentyabr 2019-cu il tarixli icbari sığorta müqaviləsinə əsasən sığortalanmış “Mercedes Benz V220” markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi və ya qanuni sahibi olmamışdır" kimi “əsaslandrma” verməklə və iddiaçının sübutlarını nə üçün qəbul etmədiyinə dair dəlliləri göstərməməklə, MPM-in 220-ci maddəsində göstərilmiş vəzifəni yerinə yetirməkdən özünü kənarlaşdırmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, 10 sentyabr 2019-cu il tarixdə “Mercedes Benz V220” markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) növündə sığortalanmış və sığortanın müddəti 10 sentyabr 2019-cu il tarixdən başlamaqla 10 sentyabr 2020-ci il tarixdə bitmişdir. Qanunvericiliyin tələbinə görə icbari sığorta müqaviləsi sığortalı tərəfindən əmlakın mülkiyyətçisi və ya qanuni sahibinin mülki məsuliyyətini icbari sığorta etdirərək bağlanılırsa, bu zaman avtonəqliyyat vasitəsi sahibinin adı sığorta müqaviləsində göstərilməli idi. Cavabdeh 10 sentyabr 2019-cu il tarixli icbari sığorta müqaviləsinə əsasən sığortalanmış “Mercedes Benz V220” markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi və ya qanuni sahibi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, cavabdehlərə münasibətdə isə qətnamə yoxlanılmır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.3-cü maddəsinə əsasən iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalı Cavabdeh qarşı subroqasiya hüququ ilə sonuncunun icbari sığorta şəhadətnaməsində göstərilən avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi istismar etməsinə görə iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin Cavabdeh qeyd olunan avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ(sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanui əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xitməti əməkdaşlarını da buna aid etmək olar. Demək mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kimi qadağan edə bilməz. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə cavabdeh tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(011)- 3018/2021 nömrəli qətnaməsi, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8574/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8574/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver