Məhkəmə qərarları › İş №2(103)-8577/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8577/2021

02.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8577/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavadehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi X16 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X1 qarşı “bağ evindən çıxarılma, bağ evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.02.2021-ci il il tarixli, 2(008)-822/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, X8, X9, Cavabdeh4 qarşı bağ evindən çıxarılma, bağ evinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan X11 ilə aralarında bağlanmış 18.04.2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454 A saylı bağ evini (ümumi shəsi 240.5 kv.m, yaşayış sahəsi 146.9 kv.m, yardımçı sahəsi 93.6 kv.m olan bağ evini) və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evinin 0.12 ha torpaq sahəsini 125.000 manat ödəməklə X2 almışdır. Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda həyata keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evinə dair 13.05.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış 13.05.2017-ci il tarixdə ona təqdim edilmişdir. Daşınmaz əmlakın alqı-satqı Müqaviləsinin 8-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin çıxarış əsasında ona tam mülkiyyət hüququ verilməsinə, xüsusi mülkiyyətində olan bağ evinin alqı-satqısından xeyli müddət keçməsinə və bu barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh bağ evini təhvil verməkdən yayınmış, onun müraciətlərinə məhəl qoymamış və bununla da daşınmaz əmlakın üzərində onun mülkiyyət hüququnu pozmuşdur. Sabunçu Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli 2(008)-1121/2017 saylı qətnaməsi ilə X5 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evindən çıxarılması və həmin bağ evinin zərər yetirmədən tam şəkildə İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli 2(008)-1121/2017 saylı qətnaməsi qismən - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evindən cavabdeh X5 ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə cavabdeh X10 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-934/2019 saylı 23.07.2019-cu il tarixli icra vərəqəsinə əsasən X12 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evindən çıxarılmalı və həmin ev İddiaçı təhvil verilməlidir. Buna baxmayaraq, X5 ailə üzvləri Cavabdeh1, X13, X14 qanunsuz olaraq həmin bağ evinə daxil olmuş və həmin evdə yaşamaqla onun mülkiyyət hüquqlarını pozmuşlar. Odur ki, cavabdehlər Cavabdeh1, X6, X7, Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evindən çıxarılması və həmin bağ evi zərər yetirmədən tam şəkildə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(008)-822/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi işə düzgün hüquqi qiymət verməmiş, əsaslı sübutları tam tədqiq etməmişdir, buna görə də hesab edir ki, 2(008)-822/2021 saylı 11.02.2021-ci il tarixli qətnamə qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2( 103)- 934/2019 saylı, 07.05.2019-cu il tarixli qətnaməsinə əsasən Lətif Abdıyevin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 454A saylı bağ evindən cavabdeh Lətif Abdiyevin ailə üzvlərinin çıxarılması hissəsində qətnamə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə cavabdeh Lətif Abdiyevə münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Lətif Abdiyev Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasıya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6467/2019 saylı, 07.10.2019cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçının bağ evindən çıxarılma tələbinə dair iddia tələbində 2017-ci ildə irəli sürdüyü dəlilləri, hazırki iş üzrə bağ evindən çıxarılma, bağ evinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsində irəli sürdüyü dəlillərlə eynilik təşkil edir. Bu baxımdan hazırki iddia ərizəsində iddiaçının istinad etdiyi dəlillərin yenidən sübut edilməsi mümkünsüz olmaqla yolverilən deyildir. Göründüyü kimi, iddiaçının göstərdiyi faktlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi X16 oğlunun apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 13.05.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan Sabunçu rayon İcra və Probasiya şöbəsinin məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən X4 ailə üzvləri Cavabdeh1, X13, X14, Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evində yaşayırlar. İşdə olan Sabunçu Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli 2(008)-1121/2017 saylı qətnaməsindən görünür ki, X12 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evindən çıxarılması və həmin bağ evi zərər yetirmədən tam şəkildə İddiaçı təhvil verilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli 2(008)-1121/2017 saylı qətnaməsi qismən - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evindən cavabdeh X5 ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə cavabdeh X10 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqlarının mədafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Beləliklə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 454A saylı bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər isə heç bir hüquqi əsas olmadan bağ evində yaşamaqla iddiaçının mülkiyyətçi kimi hüquqlarını sərbəst şəkildə həyata keçirməsinə və öz əmlakından maneəsiz istifadə etməsinə mane olurlar. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisənin həlli ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia ilə əvvəllər də məhkəməyə müraciət etdiyini və həmin idiasının rədd edildiyini, bu səbəbdən də iş üzrə icraata xitam verilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X5 ailə üzvlərinin kimlər olması iddiada dəqiq göstərilmədiyindən iddia üzrə cavab verməli olan şəxslərin şəxsiyyəti dəqiq müəyyən edilməməsi səbəbi ilə iddia tələbi rədd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh olan şəxslər qeyd edilən məhkəmə mübahisəsi zamanı tərəf olmamışlar. Belə olan halda həmin iddia tələbinin hazırkı iş üzrə cavabdehlərə qarşı irəli sürülməsi iş üzrə icraata xitam verilməsinə səbəb ola bilməz. Belə ki, Azərbayjan Respublikası Mülki-Prosessual Məjəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(008)-822/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar